Peşəkarlıq səviyyəsi
bütün
çağırışlara cavab verməlidir
Söz, fikir azadlığı demokratik cəmiyyətlərdə həmişə əsas prioritet kimi qəbul olunur. Bu gün müstəqil, azad respublikamızda da fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas şərtlərindən biridir. Bu sahədəki dövlət siyasəti Konstitusiyamızda əks olunmuş fikir, söz və məlumat azadlığının, vətəndaşların informasiya əldə etmək hüququnun ardıcıl və tam təmin edilməsinə yönəlmişdir.
Bu gün ölkəmizin dünya informasiya məkanına daxil olması və informasiya cəmiyyətinə keçidlə əlaqədar şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiya təhlükəsizliyinin təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. Buna görə də kütləvi informasiya vasitələrinin inkişafına və fəaliyyətinin təkmilləşməsinə dövlət dəstəyi müasir dövrümüzün tələbinə çevrilmişdir. Jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirmək üçün ölkəmizdə görülən işlərin, həyata keçirilən tədbirlərin demək olar ki, anoloqu yoxdur.
1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda söz və məlumat azadlığının təmin edilməsi, KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl qərarlar qəbul edilmiş, müvafiq fərman və sərəncamlar imzalanmışdır. Mətbuat üzərindən senzuranın götürülməsindən sonra 1998-ci ilin sonunda KİV-lərin maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə ölkə prezdentinin sərəncamı ilə qəzet redaksiyaları əlavə dəyər vergisindən azad edilmişdir. Vergi Məcəlləsində KİV-lərin inkişafının stimullaşdırılması, onların maliyyə durumunun yaxşılaşdırılması və maddi-texniki bazasının gücləndirilməsi üçün sərfəli güzəştlər nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il iyulun 20-də imzaladığı “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında” Fərmanla ölkəyə gətirilən qəzet kağızına gömrük rüsumları ləğv olunmuş, qəzetlərə uzunmüddətli və güzəştli kreditlər verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2002-ci il tarixli Sərəncamı ilə Sahibkarlığa Kömək Milli Fondundan KİV sahəsində layihələrin maliyyələşdirilməsi üçün 600 min manat vəsait ayrılmışdır. 2003-cü il yanvarın 9-da Azərbaycan Prezidentinin Sərəncamı ilə qəzetlərin “Azərbaycan” nəşriyyatına borcları 3 il müddətinə dondurulmuş, 2006-cı ilin martında isə onların 450 min ABŞ dolları həcmində borcunun dövlət büdcəsi hesabına ödənilməsi qərara alınmışdır.
2008-ci il iyulun 30-da Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nı təsdiq etmişdir. 2009-cu il aprelin 3-də isə Konsepsiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılmışdır. Fondun əsas vəzifəsi söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi üçün Konsepsiyada nəzərdə tutulmuş müddəaların həyata keçirilməsini, habelə KİV-lərin proqram, layihə və digər tədbirlərini maliyyələşdirməkdir. Fond müstəqil orqandır, onun fəaliyyətinə vətəndaş cəmiyyəti institutlarının təmsil olunduğu Müşahidə Şurası nəzarət edir. 2009-cu ildən sonrakı dövrdə KİV layihələrinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən Fonda 15 milyon manatdan artıq vəsait ayrılmışdır.
Dövlət başçısı İlham Əliyevin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” 2010-cu il 22 iyul tarixli sərəncamı ilə jurnalistlər üçün yaşayış binasının tikilməsi məqsədilə xüsusi vəsait ayrılmışdır.
Ölkədə 50-dən artıq jurnalist təşkilatı qeydiyyatdan keçib. 20-dən çox təşkilat söz və məlumat azadlığının inkişaf etdirilməsi, mətbuatın iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin hüquqlarının müdafiəsi, KİV-lərin informasiya əldə etmək imkanlarının genişləndirilməsi, cəmiyyətlə KİV arasında münasibətlərin tənzimlənməsi və digər məsələlərlə aktiv məşğul olur.
Çox təəssüf ki, bəzi mətbuat orqanları, xüsusən internet media resursları onlara yaradılan şəraitdən, demokratik azadlıqlardan sui-istifadə hallarına yol verirlər. Belələri öz fəaliyyətlərində nəinki jurnalistlərin peşə-davranış qaydalarını pozur, obyektivliyə, qərəzsizliyə, tərəfsizliyə əməl etmir, hətta dövlət əhəmiyyətli, milli maraqlarımız baxımından xüsusi əhəmiyyət kəsb edən məsələlərdə tutduqları mövqe, yaydıqları yanlış informasiya ilə düşmən dəyirmanına su tökürlər. Belə media orqanlarında çalışan “jurnalistlər” “bazar prinsipləri” ilə hərəkət edərək öz saxta və zay məhsullarını cəmiyyətə sırıyarkən bütün müqəddəs dəyərləri “yaddan çıxarır” şər-böhtan xarakterli əsassız məlumatları yalançı manşetlərlə verməklə gündəmdə qalmaq istəyirlər.
Keçən ayın əvvəllərində Ermənistan-Azərbaycan sərhədində və qoşunların təmas xəttində baş verən hadisələr və müşahidə olunan gərginlik zamanı bəzi media orqanlarında çalışanların qanunvericiliyə zidd qeyri-peşəkarlığı, müəyyən dövlət orqanlarının informasiya verilməsinə məsul strukturlarının isə öz fəaliyyətlərini düzgün qura bilməməsi bunu bir daha təsdiq etdi. Həmin vaxt bəzi internet “jurnalistləri” hərbi hissələrimizin dislokasiyası və hərəkəti, həlak olmuş hərbçilərin sayının süni şəkildə şişirdilməsi və bu mövzuda müxtəlif spekulyativ informasiyaların yayılması, cəbhə bölgəsində yaşayan əhali və ölkə ictimaiyyəti arasında çaşqınlıq yaratmaq cəhdləri, düşmənin maraqlarına xidmət edən məlumatların sızdırılması sahəsində sanki yarışa girmişdilər. Əlbəttə ki, buna qətiyyən yol vermək olmazdı.
Təbii ki, bütün bunlar ictimaiyyəti və dövlətmizi narahat etməyə bilməzdi. Elə buna görə də keçən həftə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsi keçirildi.
Orada çox haqlı olaraq qeyd edildi ki, müxtəlif xarici antiazərbaycan dairələrin və onların nəzarətində olan daxili qrupların təxribatçı fəaliyyəti heç zaman hakimiyyəti öz iradəsindən, müstəqil siyasətindən çəkindirməyəcək, cəmiyyəti müəyyən olunmuş inkişaf yolundan, strateji seçimindən geri döndərməyə nail olmayacaqdır.
Akademik Ramiz Mehdiyev bundan sonra da Azərbaycanın milli maraqlarına və qanunvericiliyinə zidd fəaliyyətə görə müvafiq ölçü götürüləcəyi barədə ciddi xəbərdarlıq etdi. Beynəlxalq praktikada belə hallarda qanunvericiliyin tələblərinə uyğun sanksiyaların tətbiq olunduğunu diqqətə çatdıran akademik Ramiz Mehdiyev deyib: “Formasından və məzmunundan asılı olmayaraq Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu əleyhinə istənilən qəsdə və ya qəsd cəhdlərinə, o cümlədən cəmiyyətin informasiya təhlükəsizliyini və milli maraqlarını təhdid edən hallara qarşı hüquqi çərçivədə zəruri addımlar atılmalıdır və xəbərdarlıq edirəm ki, bundan sonra da atılacaq.”
Gerçəkdən də unutmaq olmaz ki, bu gün qloballaşan dünyamızda informasiya ən güclü silahdır. Və ölkədə fəaliyyət göstərən bütün media orqanları həmin silahı düşmənə çevrilməlidir. Cəmiyyətin səfərbər olunması, milli birlik ideyasının, azərbaycançılıq ideologiyasının təbliği, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi media orqanlarında çalışan jurnalistlərimizin əsl vətəndaşlıq borcu olmalıdır. Jurnalistlərimiz isə bu borca sadiq qalmalıdırlar. Unutmaq olmaz ki, yalançı “söz azadlığı” və medianın “bazar prinsipləri” fonunda əsil dəyərlər – milli mənlik şüuru, vətəndaşlıq borcu, Vətənə sədaqət, xalqa bağlılıq itməməli, fəaliyyətimizin başlıca meyarına çevrilməlidir.
Zahid Rza.
İki sahil. - 2014.- 2 sentyabr. S. 9.