Azərbaycan ilk onluqda
Ümumdünya
İqtisadi Forum tərəfindən hazırlanan 2014-2015-ci illərdə
dünya iqtisadiyyatlarının
rəqabətə davamlılıq reytinqində MDB-də
liderliyini qoruyan respublikamız dünya iqtisadiyyatının
daha rəqabətədavamlı ölkələri
sırasına daxil olub və 144 ölkə arasında 38-ci
yerə yüksəlib
Azərbaycanın dünya iqtisadi birliyində
nüfuzu,
kredit reytinqi artır və artacaqdır
İqtisadi inkişaf
dinamikasına görə Azərbaycanı dünya
iqtisadiyyatının ayrılmaz parçası adlandıran
Prezident İlham Əliyevin vurğuladığı kimi
mötəbər beynəlxalq maliyyə qurumları öz
proqnozlarını müəyyən edərkən, Azərbaycanın
bundan sonrakı uzun illər ərzində uğurlu
inkişafını qeyd edirlər: “Bizim islahatlarımız,
eyni zamanda, müxtəlif qurumların reytinqlərində də
özünü göstərir. Dünyanın aparıcı
reytinq agentlikləri bizim kredit reytinqlərimizi
artırırlar. Bu gün xarici maliyyə bazarlarından kredit
resurslarının cəlb edilməsi üçün bizdə
heç bir problem yoxdur. Əksinə, biz bu məsələyə
bir qədər təmkinlə yanaşırıq.
Çünki hesab edirik ki, daha çox daxili imkanlardan istifadə
etməliyik. Hesab edirəm ki, gənc müstəqil ölkə
üçün bu, çox böyük göstəricidir.”
Azərbaycanda iqtisadiyyatın yüksələn xətlə
inkişafı düşünülmüş siyasətin,
aparılan islahatların nəticəsidir.
Bu islahatlar sayəsində
Azərbaycanın dayanıqlı inkişafı mümkün
olmuş, planlı iqtisadiyyatı bazar iqtisadiyyatı ilə əvəz
edən ölkəmizdə özəl bölmə təkmilləşdirilmiş,
neftdən asılılıq böyük dərəcədə
aşağı düşmüş və ümumi daxili məhsulumuzun
xeyli hissəsi qeyri-neft sektorunda formalaşmışdır.
Davos Dünya İqtisadi Forumunun növbəti “Dünya ticarətinə
cəlb edilmə - 2014” hesabatına görə Azərbaycanın
irəliləyərək 138 ölkə arasında 77-ci pillədə
yerləşməsi ölkəmizdə yaradılan sağlam
biznes mühitinin və investisiya cəlbediciliyinin daha bir təsdiqi
idi.
“Daxili bazara
çıxış”, “Sərhəddə inzibati idarəetmə”,
“İşgüzar mühit”, “Nəqliyyat və kommunal
infrastruktur” kimi dörd əsasda tərtib olunan hesabatda qeyd
olunduğu kimi Azərbaycan bir çox nominasiyalar üzrə
irəliləyib. “Standart & Poor’s” kredit reytinqləri xidmətinin
Azərbaycanın uzunmüdətli və qısamüddətli
suveren kredit reytinqini “Sabit” proqnozla təsdiqləməsi
dövlətin düşünülmüş siyasətinin,
dinamik inkişafın nəticəsidir. “Standart & Poor^s”in
qiymətləndirmə prinsipində bu amil ölkə
iqtisadiyyatının ümumi mənzərəsinə təsir
edən amil kimi dəyərləndirilir. Özünü maliyyə
resursları ilə təminetməyə qadir olan ölkəmizə
iqtisadi islahatların aparılması üçün beynəlxalq
maliyyə təşkilatlarından ayrılan kreditlərin
müddətləri də fərqlidir. Ayrılan kredit vəsaitlərinin
8,1 faizi 10, 43,6 faizi 20 ilə qədər, 48,3 faizi isə 20
ildən artıq müddətə cəlb edilmişdir.
Ölkənin
sosial-iqtisadi sahələrdə əldə olunan nailiyyətləri
beynəlxalq reytinq agentliklərinin (“Fitch Ratings”, “Moody’s”, “Standard
& Poor’s”) Azərbaycan iqtisadiyyatı ilə bağlı ildən-ilə
yaxşılaşan qiymətləndirmələrində də
öz əksini tapmışdır. Dünya Bankı və
Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən
hazırlanan “Doing Business” hesabatlarında Azərbaycan
mövqeyini yaxşılaşdırmış, Dünya
İqtisadi Forumunun “Qlobal Rəqabətlilik Hesabatı”nda
Müstəqil Dövlətlər Birliyi və region ölkələri
arasında lider mövqeyinə yüksəlmişdir.
İllərdən bəridir
ki, dünya təcrübəsində analoqu olmayan “bir pəncərə”
sisteminin tətbiqi ilə ölkədə biznes mühitinin
yaxşılaşdırılması istiqamətində həyata
keçirilən layihələrin əhəmiyyətinə
görə islahatçı ölkə elan olunan Azərbaycan
beynəlxalq səviyyədə daha bir uğur
qazanmışdır.
Azərbaycanda əlverişli
investisiya və biznes mühitinin olması beynəlxalq miqyasda
da xüsusilə qeyd edilir və aparıcı dünya təşkilatlarının
hazırladıqları hesabatlarda bu amil daim ön plana çəkilir.
Azərbaycan bu günlərdə açıqlanan Dünya
İqtisadi Forumunun “Qlobal rəqabətqabiliyyətlilik
hesabatı 2014-2015” adlı hesabatında daha bir pillə irəliləyərək
144 ölkə arasında 38-ci yerə yüksəlib. Hesabata əsasən,
biznesin qeydiyyatı üçün lazım olan
prosedurların sayına görə Azərbaycan 10-cu, biznesin
qeydiyyatı üçün tələb olunan vaxta görə
36-cıdır. ÜDM-in həcminə görə ölkəmiz
70-ci pillədə, inflyasiya səviyyəsinə görə
birinci yerdədir. Hesabatda həmçinin qeyd edilir ki, Azərbaycan
makroiqtisadi sabitlik göstəriciləri üzrə 9-cu, biznesə
dəstək üzrə 80-ci, əmək bazarının
effektivliyi üzrə 33-cü, infrastrukturun inkişafı
üzrə 70-ci, ali təhsil üzrə 90-cı, maliyyə
bazarının inkişafı üzrə 89-cudur. Habelə
ölkəmiz avtomobil yollarının keyfiyyətinə
görə 69-cu, dəmir yolu infrastrukturunun keyfiyyətinə
görə 37-ci, hava yolları infrastrukturunun keyfiyyəti
üzrə 44-cü yerdə qərarlaşıb. Rəqabətə
davamlılılıq indeksinə görə Azərbaycan
artıq altı ildir ki, MDB ölkələri arasında
liderliyini qoruyur. ÜİF-in açıqlanan yeni
hesabatında da ölkəmizin inkşaf dinamikası başqa
respublikalarla müqayisədə aydın görünür.
Hesabatda qeyd olundğu kimi rəqabətə davamlılıq
indeksinə görə Qazaxıstan 50-ci, Rusiya 51-ci,
Gürcüstan 69-cu Ukrayna 76-cı, Ermənistan isə 85-ci
yerdədir.
Azərbaycan əlverişli biznes
mühiti olan islahatlar ölkəsidir
Regionların
sosial-iqtisadi inkişafı Dövlət
Proqramılarının icrası nəticəsində
qarşıya qoyulan vəzifələrin nəzərdə
tutulduğu müddətdən də tez yerinə yetirməsini
məqsədyönlü və kompleks siyasətin uğurlu nəticəsi
hesab edən beynəlxalq təşkilatların Azərbaycan
iqtisadiyyatının inkişaf dinamikasına inamının
ifadəsi olan belə dəyərləndirmələr ölkədə
aparılan siyasi, iqtisadi, sosial islahatların zəngin
potensiala, təbii resurslara və etibarlı təmələ əsaslanmasının
göstəricisidir.
Bu, da səbəbsiz
deyildir. Dövlət Proqramlarının həyata keçirilməsi
ilə ölkədə əsaslı islahatların
aparılması, ən mühüm infrastruktur layihələrinin
tətbiqi nəticəsində özəl bölmənin
formalaşdırılması və təkmilləşdiriləsi
istiqamətində həyata keçrilən kompleks tədbirlərin
həlli ilə diqqətə layiq uğurlar
qazanılmışdır.
On ildə ÜDM 3 dəfə
artan ölkə iqtisadiyyatında 85 faiz paya sahib qeyri-neft
sektorunun 10 faiz inkişafı yaradılan biznes mühinin şəffaflığın
təsdiqi, dövlətin iş adamlarına dəstəyin
ifadəsidir .
Belə ki, ötən
dövrlərdə sahibkarlığın inkişafına
dövlət dəstəyi hər il daha da gücləndirilmiş,
iş adamlarının hüquqlarının qorunması
üçün qanunvericilikdə dəyişikliklər
aparılmış, bizneslə məşğul olanların sərbəst
fəaliyyəti üçün qeyri-qanuni, lazımsız
yoxlamaların, müdaxilələrin qarşısı
alınmışdır. Qeyri-neft sənayesində olduğu
kimi aqrar sahədə yaradılan fermer təsərrüfatlarının,
taxılçılığın və
heyvandarlığın inkişafı da diqqətdə
saxlanılmışdır. Təkcə ötən il
iqtisadiyyatın müxtəlif sahələri üzrə 4.468
sahibkara 275 milyon manat güzəştli kredit verilmişdir ki,
bunun da 150 milyon manatını dövlət vəsaiti təşkil
edir. “Son 10 il ərzində, eyni zamanda sahibkarlığın
inkişafına çox böyük diqqət göstərmişik.
Xüsusilə sahibkarların ölkə iqtisadiyyatına sərmayə
qoyuluşunu təmin etmək üçün dövlət tərəfindən
konkret proqramlar icra olunmuşdur, maliyyə resursları cəlb
edilmişdir” söyləyən Prezident İlham Əliyevin
vurğuladığı kimi, bu müddətdə
Sahibkarlığa Kömək Milli Fondu hesabına iş
adamlarına bir milyard 200 milyon manat investisiya
ayrılmış, güzəştli şərtlərlə
kreditlər verilmişdir. Son 10 ildə xüsusilə bölgələrdə
istifadəyə verilən 1200-dən artıq obyektin
açılışında iştirak edən dövlət
başçısının başlıca tələbi daxili
bazarı yerli məhsullar hesabına təmin etməklə Azərbaycan
markası ilə məşhur olan məhsulların xarici
ölkələrdə tanıdılmasıdır. Hər il
sahibkarlara verilən 300 milyon manat həcmində güzəştli
kreditin 2018-ci ilədək 1,5 milyard manata
çatdırılması nəzərdə tutulur. Bəllidir
ki, yerli istehsalın gücləndirilməsi, idxaldan
asılılığımızı azaltmaqla
icracyönümlü məhsulların sayının
artırılmasını da şərtləndirir.
Qazanılan uğurlar gələcək inkişafın təməlidir
Nazirlər Kabinetinin
2014-cü ilin yarımillik yekunlarına həsr olunmuş
iclasında açıqlanan rəqəmlər sevindirici
olmaqla düşünülmüş siyasətin uğuru və
təntənəsidir. İclasda islahatların məntiqi nəticəsi
kimi dəyərləndirilən inkişafımızı
statistik rəqəmlərlə açıqlayan Prezident
İlham Əliyevin vurğuladığı kimi, bu
dövrü əhatə edən iqtisadi göstəricilərimiz
çox müsbətdir: “İqtisadiyyat 2,1 faiz
artmışdır. Dünyada, bölgədə və Avropada
yaşanan iqtisadi çətinliklər fonunda hesab edirəm
ki, bu, çox gözəl göstəricidir. Ən sevindirici
hal ondan ibarətdir ki, - mən bunu sevinc hissi ilə qeyd edirəm,
- son illər ərzində qeyri-neft sektorumuz uğurla artır
və qeyri-neft sektorumuzda inkişaf 7 faiz səviyyəsindədir.
Bu da əlbəttə ki, dediyim məsələlərin nəticəsidir.
Çünki əgər biz vaxtilə neft kapitalını
insan kapitalına, infrastruktur layihələrinə yönəltməsəydik,
bu gün qeyri-neft sektorumuz bu qədər arta bilməzdi. Bəlkə
də tənəzzülə uğrayardı və onda biz
ancaq neft amilindən asılı ola bilərdik. Gələcək
illərdə ayrılan vəsait və aparılan islahatlar
qeyri-neft sektorunun daha da böyük çəkiyə malik
olmasına gətirib çıxaracaqdır.”
Hər ölkənin
gələcəyə təminatının, qüdrətinin,
iqtisadi inkişafının və əhalinin sosial müdafiəsinin
barometri olan inflyasiya Azərbaycanda 1,6 faiz təşkil edir.
İqtisadiyyatın inkişafına yönələn daxili və
xarici investisiyaların həcmi artır. Davamlı diqqət
yetirilən əməkhaqqı siyasətinə uyğun
maaşlar, pensiyalar ildən-ilə artır, sovet vaxtından
qalmış əmanətlər kompensasiya şəklində,
MDB-də ən böyük əmsalla, ən qısa müddət
ərzində insanlara qaytarılmışdır -
bütün bu amillərə baxmayaraq, inflyasiya cəmi 1,6
faizdir. Əhalinin pul gəlirləri isə 4,7 faiz artıb, yəni,
inflyasiyanı 3 dəfə üstələyir. İstənilən
ölkə üçün bu, ən arzu olunan balansdır.
“Ona görə bu amillər, iqtisadiyyatımızın əsas
göstəriciləri bizə ümid verir deyək ki, biz bu
templəri ilin sonuna qədər saxlayacağıq. Ümid
edirəm belə də olacaqdır, ümumi daxili məhsul
daha da artacaqdır” söyləyən Prezident İlham Əliyevin
vurğuladığı kimi bu dinamika Azərbaycanın xarici
ticarət əlaqələrinə də müsbət təsir
edir. Ötən ilin 6 ayında Azərbaycanın xarici ticarət
dövriyyəsi 18,1 milyard dollar olmuşdur. Onun 13,8 milyard
dolları ixracın, 4,3 milyardı isə idxalın payına
düşür. Dünyanın 135 ölkəsi ilə ticarət
əlaqəsini inkişaf etdirən Azərbaycana 123 ölkədən
məhsul gətirilir. İxrac məhsulları arasında xam
neft, neft məhsulları, təbii qaz, qara metal və onlardan
hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik
aparatları, müxtəlif avadanlıqlar, nəqliyyat vasitələri
və onların hissələri, kənd təsərrüfatı
məhsulları üstünlük təşkil etmişdir.
Qeyri-neft məhsullarının ixracı müvafiq dövrlə
müqayisədə 12,9 faiz artmışdır.
Dünyanın enerji xəritəsini dəyişəcək
Azərbaycanın
enerji
diplomatiyası sabitliyə xidmət edir
Qlobal layihələrinin
şaxələndirilməsinə bütünlükdə
region, Avropa üçün vacib amil olaraq diqqət yetirən
Azərbaycan enerji təhlükəsizliyi baxımından qitə
üçün əvəzolunmaz tərəfdaşa
çevrilib. BTC və BTƏ enerji layihələrinin
davamı olan “XXI əsrin kontraktı” - “Şahdəniz 2”
sazişinin imzalanmasını tarixi nailiyyət adlandıran
Prezident İlham Əliyevin tövsiyələri bəllidir: “Əsrin
kontraktı”, yəni XX əsrin kontraktı uğurla icra
edilir, “XXI əsrin kontraktı” imzalanmış, Azərbaycan əsas
iqtisadi yükü və əsas məsuliyyəti öz üzərinə
götürüb.
Ölkəmizin enerji
potensialının yaradılması istiqamətində
çox ciddi addımlar atılmışdır. Azərbaycanda
10 il ərzində 17 elektrik stansiyası tikilmişdir ki, fəaliyyətə
başlayan 55 min sənaye obyektinin enerji ilə təminatı
enerji siyasətinin tərkib hissəsidir.
Enerji təhlükəsizliyimiz
daxili mənbələr və daxili resurslar hesabına,
artıqlaması ilə tam təmin olunur. Hazırda təxminən
600-700 meqavat həcmində ixrac potensialımız vardır.
Ölkəmizdə səfərdə olan Türkiyənin 12-ci
prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə
birliyinin, təşəbbüskarlığının məntiqi
nəticəsi olan enerji layihələrini region ölkələrinin
enerji təhlükəsizliyinə verəcəyi töhfələri
yüksək qiymətləndirməklə respublikamızda
görülən işləri də titanik inkişaf
adlandırmış, vurğulamışdır ki, TANAP daha
geniş beynəlxalq əməkdaşlıq tələb edən
layihədir. “Azərbaycanın xüsusilə son illərdəki
inkişafı, Azərbaycandakı infrastrukturun inkişafı
həqiqətən dünyanın da heyranlıqla izlədiyi
bir prosesdir.”
Bütün dünya
birliyinin etiraf etdiyi kimi “Cənub” qaz dəhlizi” TANAP, TAP Azərbaycanın
enerji sektorunda gücünü ortaya qoyması
baxımından çox mühüm layihədir. TANAP layihəsinin
icrası, demək olar ki, artıq başlamışdır.
Tikintiyə hazırlıq dövrü çox uğurla gedir.
Bu layihənin
icrası nəticəsində həm Azərbaycan, həm də
onun qonşuları və Avropa ölkələri böyük
fayda götürəcəklər. Azərbaycan bu sahədə
də liderlik rolunu göstərmişdir. “Şahdəniz-2”,
TANAP və TAP Avropanın enerji xəritəsini dəyişdirəcək,
Azərbaycanı çox önəmli iqtisadi və enerji tərəfdaşına
çevirəcək və ən vacibi, Azərbaycan
xalqının bundan sonra da iqtisadi və maliyyə məsələlərinin
həlli sahəsində rifahını təmin edəcəkdir.
“Enerji siyasətimiz bu
gün ümumi siyasətimizin tərkib hissəsidir, nəinki
bizim üçün, bütün ölkələr
üçün milli təhlükəsizlik məsələsidir.
Bölgədə, Avropada bu sahədə müşahidə
olunan hadisələr və müəyyən gərginlik bir
daha göstərir ki, enerji təhlükəsizliyi olmadan
heç bir ölkə özünü rahat hiss edə bilməz,
tam müstəqil siyasət apara bilməz” söyləyən
Prezident İlham Əliyevin qeyd etdiyi kimi təbii resurslardan səmərəli
və düşünülmüş şəkildə istifadə
ilə Azərbaycan enerji təhlükəsizliyini çoxdan təmin
etmiş və bu gün başqa ölkələrin enerji təhlükəsizliyinin
təmin edilməsində təşəbbüskarlığı
ilə aparıcı tərəf olduğunu təsdiqləyir.
Ən əsası
odur ki, enerji resurslarından başqa məqsədlər
üçün istifadə etməyən Azərbaycanın
enerji diplomatiyası bölgədə və dünyada əməkdaşlığı
dərinləşdirməsinə, milli maraqlarımızın
təminatına xidmət edir.
“Bir sözlə, bizim
enerji siyasətimiz bu yolla ölkə iqtisadiyyatının
inkişafına xidmət etməlidir, nəinki qazanılan
pulların sonra infrastruktur layihələrinə yönəldilməsi
ilə. Bu, təbii ki, olacaqdır. Bu layihələrin
icrası nəticəsində biz böyük miqdarda vəsait
əldə edəcəyik, o vəsaiti də ölkə
iqtisadiyyatının inkişafına, sosial məsələlərin
həllinə qoyacağıq. Ancaq kontraktların icrası nəticəsində
yerli şirkətlərin fəaliyyəti hesabına iş
yerlərinin açılması, yeni sənaye sahələrinin
yaradılması prosesi də sürətlə gedəcəkdir”
söyləyən Prezident İlham Əliyevin ən
başlıca tövsiyələrindən olan neft
kapitalının insan kapitalına çevrilməsi
üçün əlverişli mühitin
formalaşmasıdır.
“Azərbaycan 2020: gələcəyə
baxış”
İnkişaf
Konsepsiyası: Nikbinliyə aparan yol
Dünya dövlətlərini
bürüyən iqtisadi və maliyyə böhranı illərində
proqnozlarını müəyyənləşdirən beynəlxalq
maliyyə qurumları araşdırmalarını müəyyən
edərkən ilk növbədə təhlil apardıqları
ölkənin qarşıdakı illərdəki
potensialına diqqət yetirirlər. Respublikamızda
regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramlarının icrası nəticəsində həyata
keçirilən islahatlar, qlobal layihələrin əhəmiyyəti
beynəlxalq kredit reytinqlərinin hesabatlarında da
özünü göstərir. MDB-də yeganə
respublikadır ki, dünyanın aparıcı reytinq agentlikləri
Azərbaycanın kredit reytinqlərini sabit dəyərləndirir,
artırırlar. Suveren dövlət kimi özünün
müstəqil iqtisadi, enerji, sosial inkişaf konsepsiyası olan
müstəqil Azərbaycanın xarici maliyyə
bazarlarından kredit resurslarının cəlb edilməsi
üçün heç bir problemi yoxdur.
Dövlətin bu sahədə
müəyyənləşdirdiyi fəaliyyət istiqamətləri,
ticarət əlaqələrinin coğrafiyası genişlənməkdədir.
“Azərbaycan 2020: gələcəyə baxış”
İnkişaf Konsepsiyasında qeyd olunduğu kimi biznes
mühitinin daha da yaxşılaşdırılması istiqamətində
görülən tədbirlərin davam etdirilməsi, xarici
ticarət prosedurlarının sadələşdirilməsi və
təkmilləşdirilməsi, beynəlxalq bazarlara
çıxışda sahibkarlara göstərilən dövlət
dəstəyinin artırılması istiqamətində tədbirlər
daha geniş sferada həyata keçiriləcəkdir.
Kiçik və orta sahibkarlıq subyektlərinin ixrac qabiliyyətini
artırmaq məqsədilə təşviqedici tədbirlər
həyata keçiriləcək, sahibkarlıq subyektlərinin
dövlət tərəfindən güzəştli kreditlərlə
təminatı yüksəldiləcək, daxili bazarın
qeyri- sağlam rəqabətdən qorunması
üçün beynəlxalq təcrübədə qəbul
olunmuş tədbirlər həyata keçiriləcəkdir. Hər
islahat, özəl sektorun inkişafına yönəldilmiş
qanunvericiliyin təkmilləşdirilməsi isə ölkəmizə
marağın artırılması üçün stimuldur.
Beynəlxalq təşkilatların
hesabatlarında qeyd olunduğu kimi investisiya cəlbediciliyinə
görə fərqlənən ölkəmizdə yaradılan
əlverişli biznes mühiti xarici iş adamlarının da
diqqətini cəlb edir. Azərbaycanda xarici iş
adamlarının müstəqil və yerli sahibkarlarla birgə
fəaliyyətini şərtləndirən möhkəm
iqtisadi, hüquqi baza formalaşmışdır. Azərbaycan
gələcəyə çox böyük ümidlərlə,
nikbinliklə baxır. Bunun əsas səbəbi isə iqtisadi
müstəqillik, iqtisadi güc və siyasi iradə və
lider qətiyyətidir. Regionda liderlik mövqeyini qorumaqla
qonşu dövlətlərin iqtisadiyyatının güclənməsində
aparıcı rola malik Azərbaycanın təşəbbüsləri
ilə reallaşan neft-qaz layihələrinin şaxələndirilməsi
ölkə sənayesinin dinamik inkişafını təmin
edir, respublikamızda iqtisadi, sosial isahatların paralel
aparılması üçün etibarlı maliyyə mənbəyi
yaradılır.
Son 10 ildə nəzərdə
tutulan infrastruktur layihələrinin reallaşması, Azərbaycanın
qazandığı nailiyyətlərə əlavə uğur
gətirən enerji potensialının möhkəmləndirilməsi
bütünlüklə iqtisadiyyatın tərəqqisinə xidmət
edir. ÜDM-si son illərdə 3 dəfə artan
respublikamızın əldə etdiyi nailiyyətlərin
dinamik inikşafının təminatı üçün
qeyri-neft sənayesinin inkişafına dövlətin maddi,
hüquqi dəstəyi artır.
Enerji layihələrinin
reallaşması ilə ölkəyə investisiya
axının sürətlənməsi, neft gəlirlərindən
çox səmərəli istifadə olunması, bu sahədə
şəffaflığın təmin edilməsinin nəticəsidir
ki, ölkədə infrastruktur layihələrinin icrası
sürətlənir, bütün bölgələri əhatə
edir, şaxələnir.
Dövlət büdcəsi
(26 milyard dollar), valyuta ehtiyatları ( 54 milyard dollar) artımla
müşahidə olunur. Son 10 ildə milli iqtisadiyyata 170
milyard dollardan artıq sərmayə yatırılması
dinamik inkişafı şərtləndirən amil kimi daim diqqətdə
saxlanılır. Təkcə keçən il Azərbaycan
iqtisadiyyatına 28 milyard dollar sərmayə qoyulmuşdur. Son
illərdə isə ölkədə biznes mühitinin daha da
yaxşılaşdırılması üçün
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
müxtəlif layihələrin reallaşması
üçün iş adamlarına bir milyard 200 milyon manat
investisiya ayrılmış, maliyyə resursları cəlb
edilmişdir. Sevindirici haldır ki, əvvəlki illərdə
iş adamlarına verilən kreditlər artıq
qaytarılır ki, bu da özəl bölmənin
inkişafının göstəricisidir.
Cari ilin altı
ayında iqtisadiyyat 2,1 faiz artmış, qeyri-neft sektorunda
inkişaf 7 faiz səviyyəsindədir. Bu da əlbəttə
ki, düşünülmüş siyasətin nəticəsi,
liderlik bacarığının fəlsəfəsidir.
Əhalinin sosial müdafiəsi istiqamətində
ciddi
islahatlar
aparılır, şəffaflıq təmin edilir
“Azərbaycan-2020: gələcəyə
baxış” İnkişaf Konsepsiasında strateji baxış
və əsas prioritetlər kimi davamlı iqtisadi artım və
yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi
və qanunun aliliyi, insanların bütün hüquq və
azadlıqlarının tam şəkildə təmin
olunması və vətəndaş cəmiyyətinin ölkənin
ictimai həyatında fəal statusu ilə səciyyələnən
inkişaf nəzərdə tutulur. Əhalinin 4,7 faiz artan pul gəlirləri
ilə müqayisədə inflyasiyanın birrəqəmli -
1,6 faiz olması ölkə vətəndaşlarının
sosial müdafəisinin daha da
yaxşılaşdırılmasını ifadə edən
göstəricidir. Bu müddətdə 65 min yeni iş yeri
açılmışdır ki, onlardan 52 mini daimidir.
2003-cü ildən bu günə qədər 1 milyon 300 min
iş yeri açılmışdır ki, onlardan təqribən
1 milyonu daimidir. Dünya birliyi dövlətləri
üçün sosial bəla olan işsizlik ölkəmizdə
minimum həddə - 5 faizə, yoxsulluq 4,6 faizə
endirilmişdir. Sənayeləşmə, kənd təsərrüfatı,
yüksək texnologiyalar, digər sahələr sürətlə
inkişaf edir, insanlar iş yerləri ilə təmin olunur.
Sosial məsələlərin həlli diqqət mərkəzində
saxlanılır. Davamlı olaraq həyata keçirilən əmək
haqqı siyasəti dövrün tələblərinə cavab
verir. Orta əməkhaqqı 440 manat və ya 560 dollar təşkil
edir.
Zamanın çağırışına uyğun hədəflər bəllidir
Uzunmüddətli məşğulluq
konsepsiyasının hazırlanması, sənayeləşmə
və kənd təsərrüfatı, yüksək
texnologiyalar, digər sahələrin sürətli
inkişafı ilə işsizliyin aradan qaldırılması,
2018-ci ilədək infrastruktur və sosial layihələrin tam
həllinə nail olmaq.
Kredit reytinqlərinin
artrılmasından da aydın olur ki, respublikamızda maliyyə
vəziyyəti sabitdir, zəngin maliyyə potensialı
mövcuddur. Dünya miqyasında adambaşına düşən
valyuta ehtiyatlarına (54 milyard dollar) görə Azərbaycan
aparıcı, yəni ən qabaqcıl yerlərdədir.
Avropa ölklərində xarici dövlət borcu ÜDM-nin 60,
bəzən 90 faizini təşkil etdiyi halda Azərbaycanda bu göstərici
8 faizdir.
Xarici iş
adamları Azərbaycanda yaranan əlverişli biznes
mühitindən razılıq edirlər. Adambaşına
düşən birbaşa xarici sərmayələrin
qoyuluşuna görə Azərbaycan MDB məkanında birincilər
sırasındadır. 2020-ci ildə iqtisadi və siyasi cəhətdən
inkişaf etmiş, bütün sahələrdə rəqabət
qabiliyyətli ölkə olan Azərbaycanın ən ucqar kəndlərində
belə, vətəndaşların rahat, gündəlik həyatı
üçün lazımi bütün kommunikasiyalar, səhiyyə
və təhsil xidmətləri təmin ediləcəkdir. Azərbaycan
əhalinin gəlirlərinin davamlı artan, işsizlik səviyyəsinin
minimum həddə olduğu, yüksək dərəcədə
inkişaf etmiş insan kapitalına, mühafizə edilmiş,
sağlam ətraf mühitə və hər bir vətəndaşı
üçün geniş imkanlara malik məkan olacaqdır.
Adambaşına düşən ÜDM-in həcmi iki dəfədən
çox artaraq 13000 dollara çatdırılacaq. 2020-ci ildə
Azərbaycanın Dünya Bankının adambaşına
düşən Ümumi Milli Gəlir təsnifatına görə
“yuxarı orta gəlirli ölkələr” arasında və
BMT İnkişaf Proqramının İnsan İnkişafı
ilə bağlı təsnifatına əsasən “yüksək
insan inkişafı” ölkələri qrupu”nda ilk sıralarda
yer almaq da hədəflərdəndir.
Göstərilən məqsədə
çatmaq üçün bazar iqtisadiyyatı şəraitində
sağlam rəqabəti təmin edən səmərəli
dövlət tənzimlənməsi, enerjidən səmərəli
istifadə və yüksək əlavə dəyər yaradan
ixrac yönümlü iqtisadiyyata transformasiya və
sosial-iqtisadi sahələrin inkişafına kompleks yanaşma
prinsipləri əsas götürüləcək. Konsepsiya
çərçivəsində ölkədə məhsuldarlığa
əsaslanan iqtisadiyyata nail olunacaq. İqtisadiyyatın rəqabət
qabiliyyətinin artırılması makroiqtisadi sabitliyin
qorunması, biznes mühitinin
yaxşılaşdırılması və özəl təşəbbüsün
dəstəklənməsi, maliyyə xidmətləri
bazarının inkişaf etdirilməsi, xarici ticarət və
investisiya siyasətinin təkmilləşdirilməsi kimi
istiqamətlərə diqqət artırılacaq. Gələcəkdə
də inflyasiyanın məqbul səviyyədə
saxlanılması, daha çevik məzənnə rejiminə
tədrici keçidin təmin olunması nəzərdə
tutulur. Yəni qarşıdakı illərdə də beynəlxalq
reytinq agentliklərinin Azərbaycanla bağlı rəyləri
məğbul, ürəkaçan olacaq. Bunun üçün
etibarlı baza, zəngin potensial, dövlət siyasətinin
başlıca istiqaməti olan insan amilinə diqqət və
qayğı, iqtidar-xalq birliyi və həmrəyliyi
mövcuddur. Kosmik sənayeyə malik Azərbaycan eyni zamanda
özünə məxsus brendi “ASAN xidmət”i ilə də
seçilir. Ölkəmizdə həyata keçirilən
bütün islahatların mərkəzində insan amili
dayanır və bu istiqmətə yönəldilir. Nəticədə
isə beynəlxalq sahədə artan nüfuzumuza yeni dəyərlər
əlavə olunur.
Xuraman İsmayılqızı
İki sahil.- 2014.- 5 sentyabr.- S.4; 13.