Naxçıvandan başlanan milli
dirçəliş yolu
3 sentyabr 1991-ci ildə
Naxçıvan MR Ali Məclisinin sədri seçilən, qərinədən
artıq bir dövrdə ölkəmizə
başçılıq edən, “Azərbaycan dünyaya
günəş kimi doğacaq” arzusu ilə yaşayan
ümummilli lider Heydər Əliyevin xatirəsi xalqın qəlbində
əbədi yaşayacaq
Roma imperatoru və filosofu M.A.Avreliy demişdir ki, insanlar
biri-biri üçün yaranır. Xoşbəxt o
insandır ki, varlığı ilə milyonların qəlbində
yer tapır, sevilir, daim xatırlanır, əməlləri ilə
yaşayır. Ümummilli lider Heydər
Əliyev kimi.
Əsrlər
boyu istiqlalına can atan Azərbaycan xalqını arxasınca
aparmağı bacaran liderləri olub. Onların
arasında tarixi şəxsiyyətlər kimi salnaməmizdə
özünəməxsus yeri olanlar tək-təkdir. Milyonların qəlbində xidmətləri ilə əbədiyaşarılıq
qazanan ulu öndər əsrdə bir dəfə yetişən
müdriklərdən olduğunu xalqına, vətəninə,
torpağına, yurduna bağlılığı ilə
sübut etmiş, gələcək nəsillərə də
örnək olmuşdur.
Azərbaycançılıq
məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər
Əliyev öz müdrik siyasəti ,
dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində
milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə,
müasir Azərbaycan dövlətinin qurulmasına və
xalqımızın müstəqillik arzusuna çatmasına
nail olmuşdur. Heydər Əliyev siyasi
dühası ilə Azərbaycanın müasir simasını
müəyyənləşdirərək xalqımızın
taleyində silinməz izlər qoymaqla müstəqilliyimizin əbədi
qarantı oldu.
Ulu
öndərin dövlətçilik təcrübəsinin və
müdrikliyinin nəticəsidir ki, ölkəmiz geostrateji,
iqtisadi və mədəni potensialından istifadə edərək
Şərqlə Qərb arasında etibarlı körpü
rolunu oynayır və dünyanın ən dinamik inkişaf edən
ölkələrindən birinə çevrilir, qüdrətli
respublikalar arasında daxili və xarici siyasəti, nüfuzu ilə
seçilir.
Azərbaycanı dünyaya tanıdan uğurların təməli
isə 3 sentyabr 1991-ci ildə qoyulmuşdur. Naxçıvanda az adam tapılar ki, Azərbaycanın müstəqillik
yolunun başlanğıcı adlandırılan həmin
gün baş verənləri xatırlamasın. ...Blokadada
qalan, iqtisadi çətinliklə üz-üzə dayanan
Naxçıvanı hər an gözləyən
təhlükədən xilas etməyin yollarını axtaran,
şəhər sovetinin binası qarşısına
toplaşan insanlar intizar içərisində idilər.
Naxçıvan MR Ali Məclisinə sədr seçkisinə
həsr olunmuş iclas uzun çəkdiyindən fasilələr
zamanı içəridən istədikləri xəbəri
gözləyənlər saatların ağır keçməsindən
belə “ gileylənirdilər.” Tarixə çevrilsə də müasir həyatımızın
önəmli səhifələri kimi yaddaşlara həkk
olunan bu tarix əbədiyyət rəmzi oldu.
Azərbaycanın
taleyində özünəməxsusluğu ilə seçilən
həmin günü “ Çox böyük
əziyyət və mənəvi əziyyət içərisindəyəm
ki, mənim razılığım olmadan məni sədr
seçdilər. Ancaq bu zamanın, dəqiqələrin, bu
saatın hökmünü nəzərə almaya bilməzdim”
sözləri ilə xatırlayan, yalnız xalqı
üçün yaşayan, insanların xoşbəxt gələcəyi
naminə çalışan ulu öndər Heydər
Əliyev vurğulayırdı ki, Azərbaycanın belə
ağır vəziyyətində, çətin günündə
deputatların, binanın qarşısında, ətrafında
toplaşan minlərlə naxçıvanlının tələbindən
imtina etmək, geri çəkilmək imdad diləyən
xalqın ümidlərini qırmaq deməkdir: “Ancaq eyni zamanda
mən öz taleyimi xalqa tapşırmışam və
xalqın iradəsini yəqin ki , indi, bu müddətdə, bu
çətin dövrdə yerinə yetirməliyəm.” Azərbaycanın
ulu öndərlə bağlı, qərinədən də
artıq bir dövrü əhatə edən illərinə nəzər
saldıqda bir reallığa inanırsan: ONU Azərbaycanın
memarı adlandıranlar bütün dövrlərdə
ümummilli lider Heydər Əliyevə sevgisini, inam və
hörmətini ifadə etməkdə
yanılmamışdır.
...Hakimiyyətinin
sovetlər dövrünə təsadüf edən birinci mərhələsində
Azərbaycanı əyalət respublikasından inkişaf
etmiş sənaye, neft diyarına çevirən müdrik
dövlət başçısı kimi xalqa bələdçilik
edən Heydər Əliyevin müstəqillik illərində
ölkəyə rəhbərliyinin əsasında doğma vətənini
dünyada qüdrətli dövlət kimi tanıtdırmaq istəyi
dayanırdı. Ulu öndər Heydər Əliyev zəkasının,
dövlətçilik təcrübəsinin zənginliyindən,
xalqın ONA olan etimadından qorxan, xoflanan, müdrik siyasətçinin
Azərbaycana qayıdışını özlərinin
iflası kimi başa düşən iqtidarsızlar ən
çirkin üsullara əl ataraq ulu öndəri respublikadan
uzaqlaşdırmağa çalışırdılar.
1990-cı
ildə Kremlin məkrli, ikili oyunlarına etirazını təqiblərə
baxmayaraq Moskvadan Bakıya qayıtmaqla bildirən, oradan isə
doğulub boya başa çatdığı Naxçıvana
gələn Heydər Əliyev bütünlükdə Azərbaycan
naminə çox böyük və əhəmiyyətli
tarixi hadisələrin əbədilik müəlliflik
hüququna imza atdı. ONUN Naxçıvan MR
Ali Məclisinə sədr seçildiyi gün tək muxtar
respublikanın deyil, bütünlükdə Azərbaycan
xalqının xilas günü kimi salnaməmizə
yazıldı. “O vaxt, 1990-cı illərin əvvəllərində
Bakıda rəhbərlikdə olan qüvvələrin
antinaxçıvan siyasətini biz yaxşı
xatırlayırıq. Onlar nəinki Naxçıvana
kömək etmir, hətta Naxçıvanı da
işğala məruz qoymağa hazır idilər. Nəyə görə? Çünki
Naxçıvana o vaxt Heydər Əliyev kimi dahi şəxsiyyət
rəhbərlik edirdi... Bir tərəfdən ermənilər,
erməni qəsbkarları Naxçıvana hucum edirdilər.
Digər tərəfdən Azərbaycan rəhbərliyində
oturan xainlər, milli satqınlar istəyirdilər ki,
Naxçıvanı Azərbaycandan tamamilə
ayırsınlar. Amma
naxçıvanlılar öz liderlərinin ətrafında
birləşmişdilər. Naxçıvanlılar
ermənilərə tutarlı cavab verdilər, onları yerlərində
oturtdular, öz torpaqlarını müdafiə etdilər”
söyləyən Prezident İlham Əliyev o dövrdə
baş verən hadisələrə aydınlıq gətirərək
bu gün də müstəqillimizi istəməyənlərə
qarşı Heydər Əliyev siyasi irsi, qətiyyəti,
ağlı, zəykası kimi yenilməz bir silaha sahib
olduğunu bildirir.
Biri-birini əvəz edərək tamamlayan
taleyüklü hadisələr isə gələcək
inkişafımızın təməli kimi möhkəmlənməkdə
idi.
...17
noyabr 1990- cı ildə keçirilən Naxçıvan MR
Ali Məclisinin iclasına ağsaqqal deputat kimi sədrlik edən
Heydər Əliyev söylədiyi “ Müstəqillik qədər
çətin yol yoxdur. Müstəqilliyin əldə
olunması nə qədər çətindirsə, onun
saxlanılması, daimi, əbədi olması bundan da çətindir”
sözlərini, illərdən bəri həyata keçirmək
istədiyi arzularını fəaliyyəti ilə
reallaşdırdı. Həmin sessiyada
Naxçıvan MSSR-nin adının dəyişdirilməsi,
dövlət atributları sayılan Azərbaycan
Respublikası Cümhuriyyətinin üçrəngli
bayrağının bərpası, himn və gerbi
üçün müsabiqə keçirilməsi barədə
qərar qəbul olundu.
Uzaqgörən siyasətçi yaxşı bilirdi ki,
azadlıq, sərbəstlik olmayan yerdə inkişaf, yenilik nəinki
çətindir, hətta mümkünsüzdür. Bu
mühüm addımı ilə Azərbaycanın
süverenliyini təsdiqləyən məsələlərinin
həllini sürətləndirdi. 20 Yanvar
hadisələri törədiləndə Moskvadakı Azərbaycan
nümayəndəliyinə gedərək
qırğını müstəqil bir dövlətin
süverenliyinə qarşı törədilmiş siyasi təcavüz
adlandıran Heydər Əliyev Naxçıvanda işləyərkən
faciəyə siyasi qiymət verilməsini, günahkarların
cəzalandırılmasını qəti tələb etdi.
Kremldə baş verən oyunlardan xəbərdar
olan uzaqgörən siyasətçi “ittifaq müqaviləsini”
Qorbaçovun xalqları aldatmaq cəhdinin siyasi təzahürü
hesab edərək ona qəti etirazını bildirdi. “Yenidənqurma” oyununun pərdəarxası məqsədini,
onun təhlükəli nəticələrini də uzaqgörən
siyasəti ilə aydın dərk edirdi. O
, “nəticə” ki, Azərbaycana Dağlıq Qarabağ
boyda ürək ağrısı, əzab- əziyyət,
qaçqın, şəhid sözlərini “bəxş etdi.”
Yalan , saxta ideyalar əsasında formalaşan və xalqları
70 ildən artıq əsarətdə saxlayan kommunist rejiminə
etirazını KP sıralarından istefa verməklə bildirən
ulu öndər vurğulayırdı ki,
çoxpartiyalılıq olmayan cəmiyyətdə
demokratiyadan, inkişafdan söhbət gedə bilməz.
Ulu
öndərin Naxçıvandakı ən böyük xidmətlərindən
biri, insanlarda milli təfəkkür və məfkurəni
yaradan, diaspora fəaliyyətinin təməlini qoyan 31 dekabr- Dünya
Azərbaycan türklərinin milli həmrəylik və birliyi
barədə qərar qəbul olundu. Əhəmiyyətinə
görə daha böyük önəm daşıyan xidmət
150 ildən artıq bir müddətdə “sərhədlərimizi
qoruyan” SSRİ-nin 41-ci sərhəd dəstəsinin və 75
saylı mexanikləşdirilmiş moto-atıcı
diviziyanın muxtar respublikanın ərazisindən
çıxarılması barədə qərarın qəbulu
oldu. Azərbaycanda “qızıl ordu” hissələrinin
qaldığı bir vaxtda Naxçıvanda belə bir cəsarətli
addımın atılması, rus ordusuna məxsus silah-
sursatın, əmlakın, mülkü texnikanın yeni
yaradılan Milli Orduya və Azərbaycanın I Sərhəd Dəstəsinə
təhvil verilməsi düşünülmüş,
ağıllı siyasətin nəticəsində
mümkün ola bilərdi. Məhz o illərdə
yaradılan Naxçıvanın İnkişafı və
Müdafiəsi Fonduna yığılan vəsait Milli Ordunun
möhkəmlənməsinə sərf olundu.
Naxçıvan MR Ali Məclisinin sədri kimi Azərbaycan
üçün gördüyü xidmətlərdən biri də
respublikanın sərhədlərinin, Naxçıvanın
ermənilər tərəfindən işğalının
qarşısının alınmasına yönəldilmiş
Qars müqaviləsinin təzələnməsi oldu. Blokadada qalan
naxçıvanlıların çətin vəziyyətdən
çıxması üçün qonşu İran və
Türkiyə ilə əməkdaşlıq gücləndi.
Böyük şəxsiyyət olan Heydər
Əliyevin nüfuzu bu sahədə də özünü
doğrultdu. Naxçıvana hər iki
qonşu dövlətdən ərzaq, sənaye malları ən
başlıcası isə enerji verildi. Türkiyə
ilə qonşu dövlətlər arasında əlaqələrin
möhkəmləndirilməsi üçün “Ümid”
körpüsü salındı. Paytaxt
Bakı ilə yeganə nəqliyyat yolunun intensiv fəaliyyəti
üçün geniş imkanlara malik hava limanı, Bakıda
Naxçıvan nümayəndəliyi açıldı.
Azərbaycanın ictimai- siyasi həyatında
aparıcı rol oynayan, ölkənin gələcəyinə
böyük ümidlər vəd edən Yeni Azərbaycan
Partiyasının təsis konfransı keçirildi. Ulu öndərin şəxsi nüfuzunun nəticəsi
kimi ilk gündən YAP ətrafına yüz minlərlə
insan toplandı.
1992-ci ildə
hakimiyyətdə olan və səriştəsiz rəhbərlikləri
üzündən Azərbaycanı uçuruma aparan,
Naxçıvanda dövlət çevrilişinə cəhd
edən AXC-Müsavat iqtidarındakı bəylərin “ unitar dövlətdə muxtariyyat ola bilməz”
kimi səhv ideyalarına ulu öndər “ Mən həyatımdan
keçərəm, Naxçıvanı Azərbaycandan
ayırmaram” sözləri və xalqla həmrəyliyi ilə
tutarlı cavab verdi. Təcrübəli dövlət
xadimi Heydər Əliyev yaxşı bilirdi ki,
Naxçıvanın muxtariyyatının ləğv
olunması bu qədim Azərbaycan torpağının itirilməsi
demək idi. Məhz onun rəhbərliyi ilə
sonradan Azərbaycanın bütün rayonlarında tətbiq
olunan rentabelli işləməyən kolxoz və
sovxozların, torpaqların özəlləşdirilməsi
kimi aqrar islahatların təməli qoyuldu.
1993-cü ildə xalqın təkidli tələbi ilə
Bakıya gələn ulu öndər Heydər Əliyev
çox qısa zamanda uğurlu daxili və xarici siyasəti ilə
Azərbaycanı inkişaf yolu ilə irəliyə apardı. Xalqın iradəsi ilə
Prezident seçilən Heydər Əliyev perspektivləri bu
cür müəyyənləşdirirdi : “Dövlət
müstəqilliyini möhkəmləndirmək, süveren
dövlət yaratmaq və inkişaf etdirmək, ərazi
bütövlüyünü, təmin etmək, ölkəmizi
müharibə şəraitindən çıxarmaq,
respublikanın vətəndaşlarının rifahını
yaxşılaşdırmaq, onların yaşaması
üçün lazımi şərait yaratmaq- bu vəzifələr
mənim Prezident fəaliyyətimdə əsas istiqamətlər
olacaqdır və mən bunların həyata keçirilməsinə
çalışacağam.” 1992-ci ilə Naxçıvanda,
1994-1995-ci illərdə Bakıda xarici qüvvələrin təhriki
ilə törədilən dövlət çevrilişinə
cəhdlərin qarşısını müdrik siyasəti və
xalqla həmrəyliyi ilə alan Heydər
Əliyev çətin anlarda belə müstəqilliyimizi
qorudu.
Ölkəyə
rəhbərliyi dövründə əməkdaşlıq və
dostluq kəməri adlandırılan, ölkələri birləşdirən
“Əsrin müqaviləsi”ni reallaşdırmaqla Azərbaycanı
enerji diyarı kimi dünyada tanıdan Heydər Əliyevin
hazırladığı neft strategiyasının uğurlu həlli
ilə ölkəmizin iqtisadi inkişafının təməli
qoyuldu. Dünyanın enerji xəritəsində
Azərbaycanın önəmli yer tutması da ulu öndərin
xalqına göstərdiyi xidmətin nəticəsidir.
Prezident kimi fəaliyyətə başladığı
gündən “Heydər Əliyev siyasi kursu davam etdirilməlidir”
söyləyən cənab İlham Əliyev dünyada sabitlik
diyarı kimi tanınan Azərbaycanın iqtisadi qüdrətinin
artması üçün ulu öndərin müəyyənləşdirdiyi
dəst- xətti, islahatları davam etdirir.
2004-2008,
2009-2013-cü illəri əhatə edən, artıq
üçüncü mərhələ üzrə davam edən
regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramlarının tətbiqi ilə əsası ulu öndər
tərəfindən qoyulan inkişafın müasir, modern
istiqamətlərini müəyyənləşdirən
Prezident İlham Əliyev qeyri-neft sektoruna diqqəti,
sahibkarlığa dövlət dəstəyini artırmaqla əhalinin
həyat tərzinin daha da yüksəlməsini təmin edir.
2004-2013-cu
illər ərzində ölkə iqtisadiyyatının 3 dəfə
artması dövlət büdcəsinin 26, valyuta
ehtiyatlarımız 54 milyard dollara çatdırılması
göstərdi ki, əsası ulu öndər tərəfindən
qoyulan inkişaf konsepsiyası qarşıdakı on illər
üçün də prioritetdir.
İqtisadi, maliyyə imkanları artan Azərbaycan
bölgədə ən qüdrətli və ən müasir hərbi
texnika ilə təchiz olunmuş nizami orduya malik
respublikadır. Ölkədəki başı pozuq
könüllü dəstələri ləğv etməklə
nizami ordu quruculuğu istiqamətində
düşünülmüş islahatlar aparan Heydər
Əliyevin siyasətinin davam etdirilməsinin məntiqi nəticəsi
xarici hərbi ekspertlərin müsbət rəylərində
ifadə olunur. Müdafiə Sənayesi Nazirliyinin
yaradılması ilə daha da güclənən, son aylarda erməni
silahlılarının hücumlarının
qarşısını qətiyyətlə alan
Azərbaycan ordusu sübut etdi ki, yenilməzdir, düşmənə
layiq olduğu cavabı verə biləcək qüdrətə
malikdir.
Həyata keçirilən enerji siyasətinin sistemli həlli
nəticəsində regionların yanacağa, enerjiyə təbii
qaza ehtiyacı tam ödənilmiş, elektrik və modul
stansiyalar istifadəyə verilmişdir.
Dünya iqtisadiyyatının ayrılmaz tərkib hissəsi
olan Azərbaycanın islahatlar ölkəsi
adlandırılması da Heydər Əliyev ideyalarının
gerçəkləşməsinin təzahürüdür. Son illərdə
bölgələrdə aparılan yenidənqurma işləri
və kommunikasiya layihələrinin tətbiqi ilə
işsizlik və əhalinin məşğulluq siyasətinin həlli
istiqamətində qazanılan uğurlardan da aydın olur ki,
Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi
inkişaf modeli alternativsizdir. Respublikanın iqtisadi və
maliyyə imkanlarının genişlənməsinin nəticəsidir
ki, yoxsulluğun səviyyəsi 5,3,
işsizlik 5 faizə endirilmiş, əhalinin pul gəlirləri
artmışdır.
“Azərbaycan dünyaya günəş kimi doğacaq”
arzusu ilə yaşayan ümummilli lider Heydər Əliyevin istəkləri
artıq reallaşıb. Qərblə Şərq arasında
körpü olan, sivilizasiyalararası dialoq mərkəzinə
çevrilən Azərbaycan həqiqətən dünya siyasətində
fərqlənən mövqeyi ilə diqqəti cəlb edir.
Ən möhtəşəm tədbirlərə ev sahibliyi edən Azərbaycan dünyada
sülhün -sabitliyin qorunması naminə səylərini əsirgəmir.
Beynəlxalq terrorizmə qarşı mübarizədə
öz sözünü əməli işi ilə təsdiqləyən
Azərbaycan haqq, ədalət tərəfdarı olduğunu dəstəklənən
xarici siyasəti ilə bəyan edir. Ölkəmizin
tolerantlıq sahəsində qazandığı təcrübə
dünya miqyasında təbliğ olunur. Elə
bir beynəlxalq tədbir, mərasim, idman yarışı,
musiqi müsabiqəsi yoxdur ki, orada Azərbaycan bayrağı
qaliblər sırasında dalğalanmasın. Bu uğurlar bir müdrikin, dahi şəxsiyyətin
uzaqgörən siyasətçinin, ideyalarının
gerçəkləşməsi, gələcək
üçün təməldir.
İsmayılqızı Xuraman
İki sahil. -2014.- 3
sentyabr. S. 4.