Vətənpərvərlik, milli dövlətçiliyə sədaqət
KİV-lərin fəaliyyətinin başlıca prinsiplərini
təşkil etməlidir
Ramiz Mehdiyev: “Müxtəlif xarici
antiazərbaycan dairələrin və onların nəzarətində
olan daxili qrupların təxribatçı fəaliyyəti
heç zaman hakimiyyəti öz iradəsindən, müstəqil
siyasətindən çəkindirməyəcək, cəmiyyəti
müəyyən olunmuş inkişaf yolundan, strateji
seçimindən geri döndərməyə nail olmayacaq”
Bu gün özünün sürətli inkişaf dövrünü yaşayan Azərbaycan həyata keçirilən uğurlu daxili və xarici siyasi kurs nəticəsində dünya birliyində mövqeyini günbəgün möhkəmləndirir. Dünyanın inkişaf etmiş dövlətlərinin cəmləşdiyi Avropa Birliyi və s. beynəlxalq təşkilatların Azərbaycanla əməkdaşlığa can atması, bir çox regional, həmçinin qlobal iqtisadi layihələrdə ölkəmizin iştirakı bu amili bir daha təsdiq edir. Sözsüz ki, bütün bu uğurlar ölkə rəhbərliyinin həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasət sayəsində qazanılıb.
Bir faktı xüsusi olaraq vurğulamaq lazımdır ki, Heydər Əliyev ideyalarının daşıyıcısı cənab İlham Əliyevin 2003-cü ildə xalqın böyük səs çoxluğu ilə Prezident seçilərək ölkəyə rəhbərlik etməsindən sonra Azərbaycanın həyatında yeni inkişaf mərhələsi başlayıb. Təkcə onu vurğulamaq kifayətdir ki, 2004-cü ildən ötən dövr ərzində ölkə iqtisadiyyatı 3,4 dəfə artıb, yoxsulluğun səviyyəsi 5,5 faizə, işsizlik isə 4,8 faizə enib. Müasir sosial-iqtisadi infrastruktur yaradılıb, ölkənin enerji təhlükəsizliyi tam, ərzaq təhlükəsizliyi isə əsasən təmin olunub. Çoxlu sayda istehsal obyekti yaradılıb, müasir texnologiyalara əsaslanan zavod və fabriklər, texnoparklar istifadəyə verilib. Azərbaycan Cənubi Qafqazın və Xəzər hövzəsinin nəqliyyat-logistika mərkəzinə çevrilib. Regional inkişaf proqramlarının davamlı olaraq həyata keçirilməsi bölgələrin simasını əsaslı şəkildə dəyişib və müasirləşdirib.
Məhz Prezident İlham Əliyevin gərgin əməyi sahəsində Azərbaycan 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilib. Nəzərə almaq lazımdır ki, yüz illik müstəqillik tarixinə malik olan bir çox ölkələr nə qədər cəhdlər etsələr də BMT Təhlükəsizlik Şurasının tərkibinə düşə bilməyiblər. Ona görə də qeyd etmək lazımdır ki, bu, Azərbaycan üçün böyük uğurdur. Ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasını göstərən amillərdən biri də 2015-ci ildə birinci Avropa Oyunlarının məhz Azərbaycanda keçiriləcəyidir. Bu onu nümayiş etdirir ki, Azərbaycan dünya dövlətləri tərəfindən etibarlı tərəfdaş, güclü, qüdrətli ölkə kimi tanınır və qəbul edilir.
Dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri söz və mətbuat azadlığının yüksək səviyyədə təmin edilməsidir. Uzun illərdir ki, bu istiqamətdə mühüm addımlar atılır və müsbət nəticələr əldə edilir. Təkcə bir faktı qeyd edək. Məlum olduğu kimi, 2008-ci ildə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi” Konsepsiyası təsdiq olunub, 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu təsis edilib. Bu günə kimi media layihələrinin maliyyələşdirilməsi üçün fonda dövlət büdcəsindən 17 milyon manatdan artıq vəsait ayrılıb. Bununla yanaşı, ölkə Prezidentinin təşəbbüsü ilə 2013-cü ildə 156 jurnalist yeni mənzillə təmin edilib. Hazırda bu proses davam edir. Bu gün ölkəmizdə 5000-dən artıq KİV qeydiyyatdan keçib. 40-a yaxın gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzet, 100-ə yaxın jurnal, 52 televiziya və radio kanalı, 30-a yaxın informasiya agentliyi, 300-dən artıq elektron KİV, onlarla jurnalist təşkilatı fəaliyyət göstərir. Bütün bu faktlar Azərbaycanda söz və mətbuat azadlığının yüksək səviyyədə təmin olunduğunu göstərir.
Tam əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan sürətli tərəqqi dövrünü yaşayır, beynəlxalq nüfuzu gündən-günə yüksəlir, ölkədə demokratik islahatlar daha da dərinləşir, söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin inkişafı istiqamətində həyata keçirilən dövlət siyasəti uğurla davam edir. Qeyd edək ki, avqustun 29-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsi keçirilib. Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi ilə bağlı bir sıra aktual məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə Ramiz Mehdiyev bəzi vacib məqamlara toxunub.
Akademik Ramiz Mehdiyev qeyd edib ki, Azərbaycanın müasir inkişafı, güclü və yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilməsi, regionda aparıcı rolu, qlobal siyasətdə nümayiş etdirdiyi fəallıq müəyyən xarici qüvvələri, xüsusilə də Ermənistanı, erməni lobbisini və onun maraqlarını təmsil edən ayrı-ayrı dairələri ciddi narahat edir: “Azərbaycanın mövcud tolerant mühitindən, ölkədəki demokratik ab-havadan, hakimiyyətin humanist siyasətindən sui-istifadə edən bu dairələr və bəzi daxili qruplar cəmiyyəti çaşdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, ölkəmizin əldə etdiyi mühüm uğurları ləkələmək üçün ciddi səy göstərirlər.”
Məlum olduğu kimi, ötən ay Ermənistan-Azərbaycan dövlət sərhədində və qoşunların təmas xəttində bir müddət gərginlik müşahidə edildi. Düşmən tərəfi bir neçə dəfə təxribat törətməyə çalışdı. Dəfələrlə atəşkəs pozuldu və hər iki tərəfdən tələfatlar qeydə alındı. Nəzərə almaq lazımdır ki, bu gün müharibə tək hərbi sahədə yox, həm də informasiya sferasında həyata keçirilir. Ancaq nədənsə bəziləri bunun fərqinə varmırlar. Cəbhə xəttində gərginlik hökm sürən zaman bizi narahat edən əsas məqamlardan biri bəzi KİV-lərin qeyri-peşəkar şəkildə davranması oldu. Xüsusilə bir sıra elektron KİV-lər yeri gəldi-gəlmədi, yalan və doğru olub-olmamasından asılı olmayaraq reytinq xatirinə ağıl yox, ağızlarına gələn informasiyanı yaydılar. Akademik Ramiz Mehdiyev də müşavirədə çıxışı zamanı bu məqama xüsusi olaraq toxunub: “Avqustun əvvəlində Ermənistan-Azərbaycan dövlət sərhədində və qoşunların təmas xəttində müşahidə olunan gərginlik bəzi kütləvi informasiya vasitələrinin, xüsusilə internet resurslarının qanunvericiliyin tələblərinə zidd və qeyri-peşəkar fəaliyyətini, habelə aidiyyəti dövlət orqanlarının informasiyanın verilməsinə məsul olan struktur bölmələrinin öz funksiyalarını lazımi qaydada yerinə yetirə bilməməsini açıq nümayiş etdirib... Dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlar dövlət sirri kateqoriyasına şamil edilir və onların ictimailəşdirilməsi qanuna müvafiq məsuliyyət yaradır.
Akademik Ramiz Mehdiyevin sözlərinə görə, beynəlxalq praktikada belə hallarda qanunvericiliyin tələblərinə uyğun sanksiyalar tətbiq olunur: “Medianın ən mühüm funksiyalarından biri də milli maraqları hər şeydən üstün tutmaq, vətəndaşları, cəmiyyəti vahid məqsəd uğrunda səfərbər etməkdir. Vətənpərvərlik, milli dövlətçiliyə sədaqət, milli maraqlar uğrunda prinsipiallıq KİV-lərin fəaliyyətinin başlıca prinsiplərini təşkil etməlidir. KİV-lər cəmiyyətdə, xüsusilə gənc nəsil arasında Vətənə sevgi hissləri, insanlara mənəvi saflıq aşılamalı, onlarda əsl vətəndaşlıq mövqeyinin formalaşmasına dəyərli töhfəsini verməlidir. İV-lər ölkədə görülən işləri, Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu siyasəti daha geniş və obyektiv şəkildə işıqlandırmalıdırlar.”
Akademik Ramiz Mehdiyev bu əminliyi ifadə edib ki, müxtəlif xarici anti-Azərbaycan dairələrin və onların nəzarətində olan daxili qrupların təxribatçı fəaliyyəti heç zaman hakimiyyəti öz iradəsindən, müstəqil siyasətindən çəkindirməyəcək, cəmiyyəti müəyyən olunmuş inkişaf yolundan, strateji seçimindən geri döndərməyə nail olmayacaq.
Azərbaycan dövlətinin öz inkişaf konsepsiyası, gələcəyə hesablanan strategiyası mövcuddur. Bütün bunlar ölkəmizin milli maraqlarının, təhlükəsizliyinin qorunmasına xidmət edir. Əqidəsindən, peşəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı bu məqsəd uğrunda mübarizə aparmalıdır. Xüsusilə ölkəmiz müharibə şəraitində olduğu bir vaxtda bu məqama həssaslıqla yanaşmaq lazımdır.
Akademik Ramiz Mehdiyev çıxışında ümidvar olduğunu bildirib ki, vəziyyətin təhlili, nöqsanların müəyyənləşdirilməsi, onların aradan qaldırılması üçün verilən tövsiyələr qarşıdan gələn dövrdə həm informasiya sahiblərinin, həm də KİV-lərin qanunauyğun və səmərəli fəaliyyətinin tənzimlənməsinə öz müsbət təsirini göstərəcək: “Unutmaq lazım deyil ki, vəzifəsindən, mövqeyindən, sosial statusundan asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı vahid amal uğrunda-Azərbaycanın inkişafı, ümummilli problemlərin həlli, dövlət və milli maraqların təmin olunması üçün bütün qüvvəsini səfərbər etməyə və var gücü ilə çalışmağa borcludur.”
Rəhimzadə Nail.
İki sahil. – 2014.- 3 sentyabr. S. 5.