İqtisadi müstəqilliyimizin təməl
daşı
ARDNŞ-in Əmək Şəraiti
Normalarının İşlənməsi İdarəsinin
kollektivi “Əsrin müqaviləsi”nin 20 illiyi ərəfəsində
də mühüm işlər görərək neft sənayesinin
inkişafına töhfələrini verir
Ötən əsrin möcüzəsi kimi tarixə yazılan “Əsrin müqaviləsi”nin imzalanmasından 20 il ötür. Ümummilli lider Heydər Əliyev neft strategiyasını müəyyənləşdirməklə Azərbaycanın bugünkü inkişafının, iqtisadi müstəqilliyinin əsasını qoydu. Eyni zamanda bu müqavilənin imzalanması ilə ulu öndər Heydər Əliyevin uzaqgörən siyəsətçi olduğu bir daha təsdiqləndi. 1994-cü il 20 sentyabrda “Əsrin müqaviləsi”nin imzalanması mərasimində ümummilli lider Heydər Əliyev bildirmişdir ki, müqavilənin reallaşması Azərbaycanın taleyində yeni dövrün başlanması üçün təməl oldu. Bu o deməkdir ki, Azərbaycan xalqı öz taleyinin sahibinə çevrilir.
“Əsrin müqaviləsi” Azərbaycanın hərtərəfli inkişafı, qlobal enerji bazarına inamla daxil olması, dünya iqtisadi sisteminə inteqrasiyanın təmin edilməsi üçün münbit zəmin yaratmış və iqtisadiyyatımızın digər sahələrinin də tərəqqisinə güclü təkan vermişdir. “Əsrin müqaviləsi” çərçivəsində görülən işlər ölkəmizə yönəldilən iri həcmli xarici investisiyalara, neft sektorunun tamamilə yeniləşməsinə, texniki və texnoloji cəhətdən inkişaf etməsinə möhkəm əsas yaratmışdır. Bu barədə Əmək Şəraiti Normalarının İşlənməsi İdarəsinin (ƏŞNİİ) rəisi Telman Məhəmmədov fikirlərini bizimlə bölüşdü. “”Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi müstəqilliyinin təməl daşıdır” deyən T.Məhəmmədov vurğuladı ki, “Əsrin müqaviləsi”nin imzalanmasından artıq 20 il ötür. Arxada qalan illər ölkəmizin həyatında bir çox hadisələrlə yadda qaldı. Bu gün Azərbaycan müasir, zəngin, qüdrətli dövlət kimi tanınır və qəbul olunur. Bu uğuru Azərbaycana qazandıran ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti oldu. Hazırda bu xəttin Prezident İlham Əliyev tərəfindən davam etdiriməsi xalqımızda gələcəyə olan inamı daha da artırır. Yeni neft strategiyasının uğurla həyata keçirilməsi ölkəmizi iqtisadi tərəqqi yoluna çıxardı.
T.Məhəmmədov qeyd etdi ki, “Əsrin müqaviləsi”nin ölkəmiz üçün iqtisadi və siyasi əhəmiyyətini görmək, ən əsası düzgün qiymətləndirmək üçün həmin dövrdən ötən müddət ərzində Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər salmaq kifayətdir. Prezident İlham Əliyev bütün çıxışlarında neft gəlirlərində şəffaflığın təmin olunması məsələsinə diqqəti yönəldir, bunu vacib məsələ kimi qeyd edir. Yeni neft strategiyasında öz ümumi ifadəsini tapan “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın bazar iqtisadiyyatı yolunda irəliləməsi üçün zəmin yaratdı. “Əsrin müqaviləsi”nin imzalanmasından sonra çoxsaylı beynəlxalq müqavilələr imzalandı. Azərbaycan xarici investisiyalar üçün çox cəlbedici ölkə kimi özünü təsdiq etdi. “Əsrin müqaviləsi” ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmləndirilməsi üçün gözəl imkan yaradacaq.” Ulu öndər Heydər Əliyevin bu fikrini bir daha xatırladan Telman müəllim bugünkü uğurlarımızın gələcəyə böyük inamla baxmağa əsas verdiyini bildirdi. O, qarşıdan gələn 20 sentyabr - Neftçilər Günü münasibətilə ARDNŞ rəhbərliyini, Dövlət Neft Şirkətinin idarə və müəssisələrində çalışan çoxminli neftçi ailəsini təbrik etdi.
Daim Şirkət rəhbərliyinin etimadını doğrultmaq məqsədilə əlindən gələni əsirgəməyən Əmək Şəraiti Normalarının İşlənməsi İdarəsinin kollektivi “Əsrin müqaviləsi”nin 20 illiyi ərəfəsində də mühüm işlər görərək neft sənayesinin inkişafına öz töhfələrini verir. İdarənin fəaliyyətinin başlıca istiqamətini Müxtəlif növ işlərə texniki əsaslandırılmış əmək normalarının işlənməsi, iş yerlərində istehsalat amillərinin təhlükəli və zərərli parametrlərinin müəyyən edilməsi, iqtisadi təhlil və maliyyə modelləşdirilməsi üzrə işlərin yerinə yetirilməsi, əmək şəraiti üzrə normativ sənədlərin və metodik tövsiyələrin işlənib hazırlanması, müəssisə və təşkilatlarda mövcud olan əsas peşələr üzrə peşə modullarının hazırlanması, sosioloji tədqiqatların aparılması, anketləşdirmə əsasında təklif olunan məsələlər üzrə müəssisələrdə ictimai rəyin öyrənilməsi və s. təşkil edir. Telman Məhəmmədov vurğuladı ki, bu işlərin həyata keçirilməsində Dövlət Neft Şirkətinin rəhbərliyinin diqqət və qayğısı olduqca böyükdür. ARDNŞ rəhbərliyi bu işlərin getdikcə daha dəqiq, beynəlxalq standartlara və normalara uyğun olaraq aparılması kimi məsələləri daim diqqət mərkəzində saxlayır və ƏŞNİİ-ni tanınmış şirkətlərin istehsalı olan ən müasir avadanlıqlarla təmin edir.
Telman Məhəmmədov bildirdi ki, idarə tərəfindən 2014-cü ilin yeddi ayı ərzində və Neftçilər Günü ərəfəsində Şirkətin idarə və müəssisəsində iş yerlərində istehsalat amillərinin təhlükəli və zərərli parametrlərinin müəyyən edilməsi üçün 1181 iş yerində ölçmə işləri aparılıb. Nəticədə zərərli iş yerlərinin azaldığı qeydə alınıb ki, bu da Dövlət Neft Şirkətinin rəhbərliyi tərəfindən neftçilərin sağlamlığının qorunması istiqamətində genişmiqyaslı işlərin görülməsindən xəbər verir.
İdarə rəisi onu da bildirdi ki, ƏŞNİİ ötən müddət ərzində və “Əsrin müqaviləsi”nin 20 illiyi ərəfəsində bir sıra mövzular üzrə Şirkətin strukturlarında işləri davam etdirir. İnformasiya Texnologiyaları və Rabitə İdarəsi tərəfindən müəssisə və təşkilatlardakı elektron avadanlıqlara göstərilən xidmətlərə vaxt normaları, Quyuların yeraltı və əsaslı təmirinə vaxt normaları, “Azərikimya” İB-nin istehsalat sahələrində yerinə yetirilən müxtəlif növ işlərə vaxt normalarının işlənməsini və digərlərini misal göstərmək olar. “Quyularda yerinə yetirilən təmir işlərinin təsnifatı” məcmuəsi xidməti istifadə üçün “Azneft” İB-ə göndərilib. “Multibim çoxşüalı exolot və uzaqdan idarə olunan sualtı kəşfiyyat video sistemi avadanlıqları ilə yerinə yetirilən işlərə vaxt normaları” xidməti istifadə üçün Geofizika və Geologiya İdarəsinə göndərilib. “Quyu inşasında müxtəlif ölçülü texniki və istismar kəmərlərinin endirilməsinə, quyuağzı avadanlıqların yığılmasına və sökülməsinə vaxt normaları”, həmçinin “Müxtəlif ölçülü qazma borularının təmirinə və yüklənməsinə, boşaldılmasına və qəfəslərə yığılmasına vaxt normaları”, “ARDNŞ-in müəssisə və təşkilatlarında istifadəçilərin informasiya texnologiyaları və rabitə vasitələrinin keyfiyyəti və xidməti üzrə məmnunluq dərəcəsinin qiymətləndirilməsi” üzrə sorğu işləri başa çatdırılıb.
İdarə rəisi onu da bildirdi ki, ƏŞNİİ-nin fəaliyyət istiqaməti ARDNŞ rəhbərliyinin diqqəti nəticəsində müasir tələblərə uyğun olaraq genişləndirilib. Biznes proseslərinin optimallaşdırılması və tənzimlənməsi istiqaməti üzrə Əmək Şəraiti Normalarının İşlənməsi İdarəsində yaradılan Biznes proseslərinin optimallaşdırılması və tənzimlənməsi şöbəsinin əsas vəzifəsi İdarənin məqsəd və vəzifələrinə uyğun olaraq biznes proseslərinin optimallaşdırılması üzrə təlimatların, qaydaların, metodiki tövsiyələrin, mövcud optimallaşdırma prosesi üzrə tədqiqat işlərini yerinə yetirməklə müvafiq təklifləri hazırlamaq, tətbiq etmək və “Ernst & Young” beynəlxalq audit şirkəti ilə birgə əməkdaşlıqdan ibarətdir. Normativ məlumat bazalarının idarə edilməsi istiqaməti üzrə İdarədə Normativ məlumat bazalarının idarəedilməsi şöbəsinin əsas vəzifəsi ARDNŞ-in SAP BRP sisteminin MDG/MDM modulu üzərində Vahid Normativ Sorğu Məlumat Sisteminin (VNSMS) qurulması və idarə edilməsini təşkil etməklə, maliyyə - təsərrüfat fəaliyyətinin səmərəliliyinin artırılmasına nail olmaqdır. İşlərin səmərəli və beynəlxalq standartlara uyğun yerinə yetirilməsi məqsədilə “SAP BRP”, “PWC” və “İntertex” şirkətləri ilə əməkdaşlıq edir.
Telman Məhəmmədov sonda vurğuladı ki, ARDNŞ rəhbərliyinin qayğı və dəstəyini daim hiss edən Əmək Şəraiti Normalarının İşlənməsi İdarəsinin kollektivi qarşıya qoyulan məsul vəzifələrin yüksək səviyyədə icrası məqsədilə bundan sonra da “Əsrin müqaviləsi” ilə təməli qoyulan neft strategiyasının həyata keçirilməsində səy və bacarığını əsirgəməyəcək.
Vahidoğlu Orxan.
İki sahil. – 2014.- 2
sentyabr. S. 20.