Azərbyacanda peşə
təhsilini
inkişaf etdirmək günün tələbidir
Milli
Məclisin Sosial siyasət komitəsinin üzvü Rauf Əliyevin
www.yap.org.az saytına müsahibəsi
-
Rauf müəllim, Azərbaycanda təhsil sahəsində
davamlı islahatlar həyata keçirilir. Bu mənada peşə
təhsili sahəsində mövcud vəziyyət haqqında
fikirlərinizi bilmək istərdik...
- Bir neçə gün öncə, Azərbaycanda
yeni tədris ili başladı. Bu ərəfədə ölkəmizdə
xeyli sayda yeni məktəb binaları tikilib istifadəyə
verildi. Prezident İlham Əliyev və Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyeva bir sıra məktəblərin
açılışında iştirak etdilər. Bu məktəblər
ən müasir standartlara cavab verir. Bütün bunların
hamısı təhsilimizin inkişafının əyani
göstəricisidir. Eyni zamanda, təhsilin bütün pillələrinin,
istiqamətlərinin daha yüksək səviyyəyə
qaldırılması üçün islahatlar həyata
keçirilir. Bu mənada ali, orta, orta ixtisas təhsili üzrə
görülən işlər ciddi nəticələr verməkdədir,
təhsilimiz Avropa təhsil sisteminə inteqrasiya edir.
Peşə təhsilinə gəlincə, bu sahədə
də müvafiq addımlar atılır. Amma görülən
işləri sürətləndirmək, peşə təhsili
ixtisasına diqqəti daha da yüksəltmək
lazımdır. Çünki peşə ixtisas təhsilinin
inkişafı günün tələbidir. Bilirsiniz ki, bu
gün Azərbaycan sosial-iqtisadi cəhətdən sürətlə
inkişaf edir. Ona görə də, bizə müxtəlif
peşələr üzrə ixtisaslı kadrlar
lazımdır. Ölkəmizin hər yerində tikinti-quruculuq
işləri gedir, neft sənayesi inkişaf edir, turizm sahəsində
yeni-yeni nailiyyətlər qazanılır, regionlarda müasir
standartlara cavab verən müəssisələr
açılır və s. Bütün bunlar üçün
təbii ki, ixtisaslı kadrlara ehtiyac duyulur.
Sovetlər dönəmində texniki peşə
məktəblərində müxtəlif sahələr üzrə
kadrlar hazırlanırdı. Eyni zamanda, böyük müəssisələr
var idi ki, onların nəzdində peşə məktəbləri
fəaliyyət göstərərək kadrlar
hazırlayırdılar. Həmin məktəblərin
böyük emalatxanaları var idi. Eyni zamanda, Bakı şəhərində
o dövrlərdə «Gənc fəhlə» maqazini var idi ki,
orada peşə məktəblərinin istehsalı olan məhsullar
satılırdı.
Bu gün də texniki peşə məktəbləri
ölkə üzrə fəaliyyət göstərir. Amma
onlar müasir standartlara cavab verməlidir, emalatxanalar
yaradılmalıdır ki, ən müasir avadanlıqlarla təhciz
edilməlidir. Belə emalatxanalar olmasa, yüksək
ixtisaslı kadrların hazırlanması mümkün deyil.
-
Hazırda peşə təhsilinin inkişafı istiqamətində
görülən işlər günün tələblərinə
cavab verirmi?
- Əlbəttə ki, Azərbaycanda texniki
peşə təhsilinin inkişafı ilə əlaqədar tədbirlər
görülür. Təhsili Nazirliyinin məlumatına görə,
ölkə üzrə 100-ə qədər peşə təhsili
məktəbləri var. Həmçinin, ARDNŞ-in, Mədəniyyət
və Turizm Nazirliyinin bu tipli məktəbləri fəaliyyət
göstərir.
Bilirsiniz ki, 3 iyul
2007-ci ildə Azərbaycan Prezidentinin Sərəncamı
ilə təsdiq olunmuş «Azərbaycan
Respublikasında texniki peşə təhsilinin
inkişafı üzrə Dövlət Proqramı (2007-2012 -ci illər» icra edildi. Bu
proqramın məqsədi Azərbaycan Respubilkasında dinamik inkişaf edən
iqtisadiyyatın peşə-ixtisas kadrlarına tələbatının
daha dolğun odənilməsi,
əhaliyə gostərilən texniki
peşə təhsili xidmətlərinin gunun
tələbləri səviyyəsində qurulmasının təmin
edilməsindən ibarət idi. Təbii
ki, proqram müvafiq strukturlar tərəfindən
yerinə yetirildi.
Eyni zamanda, bu yöndə Təhsil Nazirliyinin də layihələri var. Nəzərə alsaq ki, peşə məktəblərinin böyük əksəriyyəti bu nazirliyin tabeliyindədir, onda görülən işlərə dəstək verməliyik. Mən təhsil nazirimizin peşə təhsilinin inkişafı ilə bağlı fikirləri ilə tanışam və bunu alqışlayıram. Sadəcə, bütün ictimaiyyət bu məsələyə diqqət göstərməli və bu sahənin inkişafına dəstək verilməlidir. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində ilk peşə-ixtisas təhsilinin statusunun artırılması istiqamətində son illər bir sıra mühüm qərarlar qəbul edilib. Ölkə iqtisadiyyatının sürətli inkişafı prosesinin uğurla davam etdirilməsi ixtisaslı kadrlara olan tələbatı daha da artırıb. Peşə təhsili sisteminin əhatə dairəsinin genişləndirilməsi və kadr hazırlığı prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə Təhsil Nazirliyi Müasir Azərbaycan Peşəkarları Layihəsinin icrasına başlayıb. Bu layihə çərçivəsində müasir tipli pilot peşə təhsili komplekslərinin yaradılır. Bu yöndə pilot layihələri də həyata keçirilir. Eyni zamanda, Azərbaycan Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda ilk peşə-ixtisas təhsili sahəsində cəmiyyətin tələblərinə uyğun səriştə əsaslı ilk peşə-ixtisas təhsili standartları və kurikulumlarının hazırlanması, müasir təminatlı peşə tədris mərkəzlərinin və komplekslərinin yaradılması nəzərdə tutulub. Bu istiqamətdə aparılan islahatlar nəticəsində peşə məktəblərinin müasir tələblər səviyyəsində inkişafına nail olmaq lazımdır.
- Peşə təhsilinin inkişafı gənclərə nə verəcək? Gənclər üçün bu təhsilin üstünlükləri nədən ibarətdir?
- Təbii ki, bu məktəblərdə
təhsil almaqla gənclər ilk növbədə peşə qazanırlar,
sənət sahibi olurlar.
Belə bir deyim var: pis sənət yoxdur, pis sənətkar var. Düşünürəm ki,
gənclərin peşə təhsilinə marağını daha da artırmaq
lazımdır. Bunun üçün
ilk növbədə, bütün
peşə məktəblərində müasir
avadanlıqlarla təhciz olunmuş emalatxanalar olmalıdır. Əgər bu olmasa, təkcə nəzəriyyəni
öyrənməklə ciddi nəticələr
qazanmaq olmaz. Bu gün müasir
avadanlıqlarla, texnologiyalarla işləməyi
bacaran peşə sahibləri yetişməlidir.
Əgər belə olarsa, xaricdən işçi qüvvəsinə də ehtiyac qalmayacaq. Eyni zamanda, yaradılan böyük müəssisələr peşə
məktəblərinə kadr sifarişləri
verməlidir.
Bilirsiniz, hamı
ali təhsil
ala bilmir. Ona görə də,
bu sistemi inkişaf etdirmək lazımdır ki, gənclərimiz müxtəlif
peşələrin kamil
bilicisi olsunlar. Yuxarıda qeyd etdiyim kimi
ölkəmizin sürətli
inkişafı fonunda savadlı peşə sahiblərinrə ehtiyac
var. Kimlərsə peşə
təhsilini prestijli hesab etmir. Amma yanılırlar. Çünki əsl sənətkarlara hamının ehtiyacı olur. Hamının işini yaxşı bacaran dülgərə, bənnaya, qaynaqçıya
və s. peşə sahiblərinə ehtiyacı
var və bir iş görəndə
peşəkarları axtarırıq.
Elə götürək, nəqliyyat
sahəsini. Bizə peşəkar
avtobus sürücüləri
də lazımdır.
Bunların hamısı isə
peşə məktəblərində
hazırlanmalıdır. Mən demirəm ki, belə peşəkarlar bu gün yoxdur
və heç kimi də tənqid
etmək fikrində deyiləm. Sadəcə demək istədiym
oldur ki, bu sahəni daha da inkişaf
etdirmək lazımdır.
Bu məsələ hamının marağında
olmalıdır, çünki
bütün ailələr
təhsilə bağlıdır.
Əgər gənclərimiz
yaxşı peşə
təhsili alsa və bu iş
sistemli təşkil olunsa, o, özünə
iş tapacaq, ailəsini dolandıracaq. Eyni zamanda, gənclər seçim etmək imkanı qazanacaqlar. Bununla yanaşı qeyd etmək istəyirəm ki, yaxşı ustaları peşə məktəblərinə cəlb
etmək lazımdlır
ki, gəncləri öyrətsinlər. Onları da
bu işə həvəsləndirmək lazımdır.
- Milli Məclis bu prosesə necə dəstək verə bilər? Bu barədə hanısa təkliflərlə çıxış
etməyi düşünürsünüzmü?
- Bəli, mən
üzv olduğum Sosial siyasət komitəsində bu məsələ ilə əlaqədar öz təkliflərimi verəcəyəm.
Bilirsiniz
ki, təhsil haqqında qanunda da peşə təhsili ilə bağlı müddəalar
var. Bu müddəların tələblərindən
irəli gələrək
bizim üzərimizə
nə düşürsə,
onu icra etməyə, dəstək
göstərməyə hazırıq.
Hesab edirəm ki, qanunverici orqan da lazım gələrsə
bu sahənin inkişafına öz səlahiyyətləri çərçivəsində
hər cür kömək göstərməyə
hazırdır. Çünki peşə təhsilinin inkişafı və bunun nəticəsində də gənclərin müxtəlif ixtisaslara yiyələnib fəaliyyət
göstərmələri bilavasitə
sosial məsələdir.
Ona görə də, Sosial siyasət komtəsində bu haqda fikirlərimi bildirəcəyəm.
- Rauf müəllim, bu sahənin inkişafı ilə əlaqədar dünya ölkələrinin təcrübəsini
öyrənmək və
tətbiq etmək nə dərəcədə
zəruridir?
- Əlbəttə ki, beynəlxalq təcrübənin öyrənilməsi
vacibdir. Bəzi
Avropa ölkələrində
gəncləri ali məktəbə peşə məktəblərindən
də götürürlər.
Çünki həmin gənc
özü üçün
ixtisas alır, peşə məktəbi vasitəsilə müəyyən
peşəyə yiyələnir.
Ali məktəbdə isə hüquqşünas
təhsili alır.
Amma nə qazanır? Əgər hüquq sistemində çalışa bilməsə
də, onun peşə ixtisası var.
Və ixtisası üzrə çalışacaq.
Mənim
bildiyimə görə,
Almaniyadakı sistem ən yaxşı sistemdir. Bu ölkədə
peşə təhsili
ikipilləlidir. Həm nəzəriyyə,
həm də praktika. Orada gənclər vaxtının
çoxunu emalatxanada keçirir. Çünki təcrübə olmasa, təkcə kitab oxumağın mənası
yoxdur. Hesab edirəm ki, Almaniyanın peşə təhsili sistemi bizim üçün də model ola
bilər.
Bir
faktı da xatırladım. Bu yaxınlarda Rusiya mətbuatından oxudum ki, Çelyabinskdə fəaliyyət göstərən
bir peşə məktəbi İsveçrədən
öz emalatxanaları
üçün müasir
avadanlıqlar alıb
və qaynaqçı
hazırlayır. Və
məktəbdə müxtəlif
sifarişlər qəbul
edib iş görürlər. Həmin yeni
texnologiyanın tətbiqi
nəticəsində də
məktəbə qəbul
6-7 dəfə artıb.
Yəni bu faktları göstərməklə, demək
istəyirəm ki, dünya ölkələrinin
qabaqcıl təcrübəsindən
istifadə etməklə
biz bu sahəni inkişaf etdirə bilərik. Hesab edirəm ki,
biz tədricən ölkəmizə
bu sahənin inkişafını da arzuladığımız səviyyəyə
çatdıra biləcəyik.
İki sahil.- 2014.- 23 sentyabr.- S.21.