Sahibkarlığa dəstək iqtisadi

siyasətin əsasını təşkil edir

 

Azərbaycanda sahibkarlığa dəstək, onun inkişafını təmin edən islahatların həyata keçirilməsi daim prioritet vəzifələrdən olub və hazırda da davam edir.

 

Hazırki dövrdə bazar iqtisadiyyatının ən vacib komponentlərindən biri olan sahibkarlıq fəaliyyəti eyni zamanda ölkə iqtisadiyyatında həlledici rol oynayır. Təsadüfi deyil ki, dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri məhz özəl sektorun hərtərəfli dəstəklənməsi, onun daha da genişlənməsi üçün əlverişli mühitin yaradılması, bu sahədə müxtəlif yardım və təşviq mexanizmlərinin tətbiq edilməsidir.

Azərbaycan dövlət müstəqilliyini əldə etdiyi dövrdən yeni iqtisadi münasibətlərə keçidin əsasının qoyulması, özəl sektorun yaradılması və inkişaf etdirilməsi əlverişli maliyyə dəstəyi verə biləcək milli maliyyə qurumlarının yaradılmasını zəruri edirdi. Lakin o dövrdəki məhdud maliyyə imkanları tam şəkildə iqtisadi inqilaba imkan verməsə də, düşünülmüş iqtisadi strategiya qısa zamanda maliyyə resurslarının əldə olunmasına və onun iqtisadiyyata- əsasən də qeyri-neft sektorunun aparıcı sahələrinin inkişafına sərf olunmasına şərait yaratdı.

Ölkədə sahibkarlığa dəstək mühitinin formalaşdırılmasına müstəqillik əldə olunan illərdən başlanılmasına baxmayaraq, dövlət büdcəsinin vəsaiti hesabına güzəştli kreditlərin sahibkarlıq subyektlərinə çatdırılması mexanizmi düzgün işləmədiyindən, sözügedən kreditlərin əldə olunması problemə çevrilirdi.

Yalnız ümummilli lider Heydər Əliyevin Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin Azərbaycan iqtisadiyyatının inkişafının prioritetləri və mərhələlər üzrə həlli tələb olunan vəzifələrlə uzlaşdırılması, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və bu fəaliyyətin genişləndirilməsinin təmin edilməsini nəzərdə tutan 2002-ci il 27 avqust tarixli, 779 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi Qaydaları”nın təsdiq edilməsi ilə sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsi mexanizminin yenidən qurulması reallaşdı.

Bugünə kimi Azərbaycanda özəl bölmənin inkişafında, sahibkarlığa dövlət maliyyə dəstəyinin gücləndirilməsində istiqamətində görülən işlər sayəsində 23 260 sahibkar Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 1 404 610 151 manat vəsaitdən yararlanıb.

Bundan başqa Azərbaycanda sahibkarlıq fəaliyyətinin qeydiyyatının”vahid pəncərə” prinsipi ilə tətbiq olunması həm iqtisadi, həm də sosial əhəmiyyətə malikdir ki, nəticədə bu, həm də işsizliyin səviyyəsinin kəskin azaldılmasının səmərəli mexanizminə çevrilib.

Eyni zamanda ölkədə sahibkarlıq mühitinin yaxşılaşmasına xidmət etmək, bütövlükdə sahibkarların maraqlarının qorunması məqsədilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanundan irəli gələrək “Sahibkarlıq fəaliyyəti haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Texniki təhlükəsizlik haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Standartlaşdırma haqqında”, “Qiymətli kağızlar bazarında investorların hüquqlarının müdafiəsi haqqında”, “Qiymətli kağızlar haqqında”, “İnvestisiya fondları haqqında” qanun da daxil olmaqla bir neçə qanuna dəyişiklik təklif olunur.

Azərbaycanda sahibkarlığın inkişafına verilən dəstək beynəlxalq təşkilatların hesabatlarında da əks olunur. Dünya İqtisadi Forumunun 2014-2015-ci illəri nəzərdə tutan “Qlobal rəqabətqabiliyyətlilik hesabatı”ında dünyanın 144 ölkəsi arasında 38-ci yerə yüksəlməsi, habelə, biznesin qeydiyyatı üçün lazım olan prosedurların sayına görə 10-cu yerdə qərarlaşması buna bariz nümunədir.

Bu göstəricilər yerli investisiyaları artırmaqla bərabər ölkəyə xarici sərmayə axınını da stimullaşdırır. Nəticə etibarilə yaranmış əlverişli biznes mühiti Azərbaycan iqtisadiyyatının genişləndirilməsinə, eyni zamanda şaxələndirilməsinə imkan verir. Məhz bu amillərin nəticəsidir ki, Cənubi Qafqazın iqtisadiyyatının 75 faizi Azərbaycanda cəmləşib.

 

Ceyhun Piriyev

 

İki sahil.- 2014.- 25 sentyabr.- S.18.