Ölkəmizdə qanunun
aliliyi başlıca şərtdir
Bir
qrup “hüquq müdafiəçisi”nin Avropa Şurası
Parlament Assambleyasının prezidenti Ann Broşurla
görüş zamanı quruma ünvanladıqları
müraciətdə L.Yunusun xəyanətkar əməllərini
Avropa Şurasının dəyərlərini müdafiəsi
adı altında pərdələməyə
çalışmaları riyakarlıqdır
Bu fikir hər zaman önə çəkilir ki, siyasət real məsələlər, görülən işlərdir. Bu konteksdən yanaşsaq, ölkəmizin hər sahədə böyük inkişaf, tərəqqi yolunda olduğunu görərik.
Bütün fəaliyyətləri
boyu şəxsi maraqlarının quluna çevrilərək
xarici dairələrin diktəsi əsasında oturub-duran,
ictimai fikri çaşdırmaq üçün
reallığı inkar yolunu tutan daxili bədxahlarımız
bu gün də ənənələrinə sadiqlik
nümayiş etdirməkdədirlər. “Freedom Hause”, “Amnesty
İnternasional” kimi təşkilatların, eyni zamanda Avropa
Parlamentinin özlərinin verdiyi əsassız məlumatlar əsasında
tərtib etdiyi hesabat və qətnamələri “istinad mənbəyi”
kimi qəbul edən bu ünsürlər ölkəmizi
demokratik inkişaf baxımından “zəif” ölkə kimi
beynəlxalq ictimaiyyətə təqdim etməyi sanki bir “qəhrəmanlıq”
kimi dəyərləndirirlər. Amma unudurlar ki, bu kimi
addımlar simasızlıq, mənəviyyatsızılıq,
xəyanatkarlıqdır. Bu günlərdə Avropa
Şurası Parlament Assambleyasının prezidenti Ann
Broşurun ölkəmizə səfəri çərçivəsində
vətəndaş cəmiyyəti nümayəndələri
ilə görüşü, görüşdə bu
ünsürlərin quruma müraciətində səsləndirdikləri
fikirlər bir daha onların hansı məqsədə xidmət
etdiklərini açıqladı. Azərbaycanda insan
hüquqlarının qorunması sahəsində ciddi prrobolemlərin
olduğunu bildirərək, bunu qeyri-ciddi, əsassız fikirlərlə
sübut etməyə çalışan daxili bədxahlarımız
hər halda reallığın onların apardığı təbliğatdan
fərqli olduğunun fərqindədirlər.
Ölkəmizdə
demokratik inkişafın, insan hüquq və
azadlıqlarının qorunmasının hansı səviyyədə
olduğu göz qabağındadır. Avropa Şurası
Parlament Assambleyasının prezidenti Ann Broşurla vətəndaş
cəmiyyəti nümayəndələrinin
görüşünə qurum rəhbərliyinə təqdim
olunan müraciətdə əksini tapan fikirlərə diqqət
yetirsək, çirkin niyyətlər qabarıq şəkildə
özünü büruzə verəcək. Avropa
Şurasından Azərbaycan hakimiyyətinə təzyiq
göstərilməsini xahiş edən görüş
iştirakçıları Leyla Yunus kimi vətənə xəyanət
yolunu tutan “hüquq müdafiəçisi”nin Avropa
Şurasının dəyərlərini müdafiə etdiyinə
görə həbs olunduğunu bildirmələri ikrah hissi
doğurur. Yalanları ilə reallıqları
ört-basdır etməyə çalışan bu
ünsürlər hər halda Leyla Yunusun həs olunma səbəblərindən
daha yaxşı xəbərdardılar. Vətənə xəyanət
nə zamandan Avropa dəyəri olub? Leyla Yunusun fəaliyyətini
izləyən hər kəs yalnız və yalnız bu
reallığın şahidi olub ki, onun üçün vətəndaşlıq
təəssübkeşliyi, dövlət marağı arxa
plandadır. Müxtəlif tərkibli “siyasi məhbus”
siyahıları da yəqin Avropa Şurasının dəyərlərinə
“sadiqliyindən” irəli gəlir. Xatırladaq ki, AŞPA rəhbərliyi
dəfələrlə bu məsələnin
qapandığını bəyan etdiyi halda, Leyla Yunus müxtəlif
tərkibli “siyasi məhbus” siyahısı ilə gündəm
oldu. “Siyasi məhbus” məsələsindən biznes kimi
yararlanan “hüquq müdafiəçisi” AŞPA rəsmiləri
tərəfindən tənqid olunsa da, bundan nəticə
çıxarmaq barədə düşünmür. Bir
“hüquq müdafiəçisi” “mən öz
maraqlarımı arxa plana keçirə bilmərəm”
söyləyirsə, ondan Avropa Şurasının dəyərlərini,
dövlət maraqlarını müdafiə etməyi gözləmək
sadəlövlük olar.
Qeyd edək ki, Azərbaycan
dövlətinin öz siyasətində iqtisadi və siyasi
islahatların vəhdətliyini yüksək səviyyədə
qoruması daim beynəlxalq səviyyədə təqdir olunur,
bu təcrübənin tətbiqinin gərəkliyi bildirilir.
İnsan hüquq və azadlıqlarının qorunması,
yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi
istiqamətində atılan davamlı addımlar da bunun təsdiqidir.
Məlum olduğu kimi, Prezident İlham Əliyevin 27 dekabr
2011-ci il tarixli sərəncamı ilə daha geniş
sferanı əhatə edən “Azərbaycan Respublikasında
insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini
artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” təsdiq
edilib. Ölkəmizdə həyata keçirilən demokratik
islahatları dəstəkləyən Avropa
Şurasının qəbul etdiyi “Azərbaycanda demokratik təsisatların
inkişafına dair” qətnamədə yüksək dəyərləndirilən
insan amilinə dəyər də bu Proqramda əksini tapıb.
Azərbaycan dünya birliyində insanların azad, sərbəst
yaşadığı tolerant ölkə kimi tanınır.
İlk dəfə olaraq Azərbaycanda ölüm
hökmünün ləğv olunması, amnistiya aktları və
əfv fərmanları ilə azadlıqdan məhrum edilmiş
minlərlə məhbusun cəzasının çəkilməmiş
hissəsindən azad olunması insan amilinə diqqətin
nümunəsi kimi dəstəklənir. Bu günə kimi 50-dən
çox əfv fərmanı imzalanıb. Bundan əlavə, həmçinin
amnistiya aktı həyata keçirilib. Bütövlükdə
bu sərəncamlar əsasında minlərlə məhkum əfv
edilib. Bu kimi sərəncamlar eyni zamanda vətəndaşların
qanunlara hörmət etməsinə müsbət təsir
göstərir və ulu öndərin humanizm siyasətinin
ölkəmizdə layiqincə davam etdirildiyini əks etdirir.
Bu gün ölkəmiz
demokratik təsisatlarla, beynəlxalq seçki institutları ilə
əməkdaşlıq edir, sivil qanunların respublikamızda
tətbiqi üçün təcrübə mübadiləsi
aparılır. Siyasi kampaniyalarda vətəndaşlara sərbəst
seçim hüququnun verilməsi, şəffaf seçkilərin
təşkili, obyektivliyin təminatı demokratik dəyərlərə
sadiqlik, Azərbaycan təcrübəsinin təbliği kimi dəyərləndirilir.
2009-cu ildə ölkədə keçirilmiş və əhali
tərəfindən dəstəklənmiş Konstitusiyaya əlavə
və dəyişiklikləri nəzərdə tutan referendumda
da məqsəd və ən çox diqqət yetirilən sahə
insanların azad, firavan, sərbəst yaşaması
üçün təkmil qanunvericilik bazasını
dövrün tələbinə, müasirləşən və
dünyaya sürətli inteqrasiya yolu ilə irəliləyən
Azərbaycanın inkişafına uyğunlaşdırmaq, zənginləşdirmək
idi.
Bu gün ölkəmizdə
insan hüquq və azadlıqlarının qorunmasından,
müdafiəsindən “narazılıqlarını” ifadə
edən “hüquq müdafiəçilərimiz”ə diqqət
yetirmək kifayətdir ki, onların bu canfəşanlığının
kökündə hansı maraqların dayandığı,
maliyyələşmələrində gizli məqamlar bəlli
olsun. Yazının əvvəlində fəaliyyətindən
bəhs etdiyimiz Sülh və Demokratiya İnstitutunun direktoru
Leyla Yunus erməni müdafiəçisi olduğunu hər
addımında nümayiş etdirir. Onun Böyük
Britaniyanın Azərbaycan və Ermənistandakı səfirliklərinin
dəstəyi əsasında Ermənistandakı “Region”
Araşdırma Mərkəzi ilə birgə sayt yaratması
artıq çox məqamlara aydınlıq gətirmişdir.
Hansı ki, həmin sayt ermənilərin müdafiəsinə
xidmət edir. Hər dəfə bu fikir beynəlxalq ekspertlər
tərəfindən də bəyan edilir ki, xarici təşkilatlar
öz hesabatlarını hazırlayanda, yaxud bu və ya digər
beynəlxalq qurumun təmsilçiləri ölkəmizdə
səfərdə olanda nədənsə ancaq Sülh və
Demokratiya İnstitutunun direktoru L.Yunusla görüşə
maraq göstərir, onun məlumatlarını “etibarlı”
hesab edirlər. NATO PA-nın Bakıda keçirilən “Cənubi
Qafqaz: Çağırışlar və imkanlar” mövzusunda
86-cı Rouz-Rout seminarında L.Yunus erməni sevgisini bir daha
ortaya qoymuşdur. Ermənilərlə işbirliyində
olduğunu açıq-aşkar etiraf edən bir şəxsdən
Azərbaycanın xeyrinə hansısa addımı gözləmək,
yaxud ölkəmiz haqqında hansısa ürəkaçan
bir fikri eşitmək nə dərəcədə real
görünə bilər?
Bu kimi faktları xeyli sayda sadalamaq olar. Ölkə
ictimaiyyəti hər zaman L.Yunusun dövlətin mənafeyinə
zidd hərəkətlərinin şahidi olub. “Hüquq
müdafiəçisi” bu “xidmətlərinin”
qarşılığında aldığı külli miqdarda
vəsaiti müxtəlif ölkələrdə mülklər
və s obyektlər əldə etməyə xərcləyir.
Şəxsi maraq milli mənafeni üstələyirsə, o
şəxsdə vətən, xalq təəssübkeşliyindən
danışmaq qeyri-mümkündür. L.Yunus beynəlxalq təşkilatların
təmsilçiləri tərəfindən də antimilli
ünsür kimi tanınır. Bu gün daxili bədxahlarımızın
L.Yunusun Avropa Şurasının dəyərlərini
müdafiə etdiyinə görə həbs edildiyini dilə gətirmələri
və bununla bağlı quruma müraciət
ünvanlamaları riyakarlıqdır. Demokratiya
anlayışının mahiyyətini dərk etməyən
“hüquq müdafiəçisi”nin Avropa dəyərlərinə
sadiqlikdən danışması gülüncdür. Hadislərə
ən böyük dəyəri zaman özü verir. Bir
reallığı da unutmayaq ki, zaman baş verən hadisələrin
düzgün dəyərlərilməsi üçün
yaddaşdır. L.Yunus kimilərin keçmişini vərəqləyən
hər kəs onun üçün “Leyla Yunus dəyərlərinin”
olduğunu görər. O dəyərlər ki, hər zaman Azərbaycan
dövlətinin əleyhinə xidmət edib.
Yeganə Əliyeva
İki sahil.- 2014.- 25 sentyabr.- S.19.