Azərbaycan çox önəmli iqtisadi

və enerji tərəfdaşına çevrilib

 

“Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub qaz dəhlizi”nin təməlinin qoyulmasına həsr olunmuş təntənəli mərasimdə dövlət başçısı İlham Əliyev bir daha bu əminliyi ifadə etdi ki, enerji təhlükəsizliyi marşrutlarının şaxələndirilməsi, hasilatçı, tranzit və istehlakçı ölkələrin birgə fəaliyyəti uğur gətirəcək

 

“Enerji təhlükəsizliyi əslində hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Bu gün enerjini siyasətdən, iqtisadiyyatdan ayırmaq qətiyyən mümkün deyil. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində biz hamımız tərəfdaşlarımızla iştirak edəcəyik.” “Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub qaz dəhlizi”nin təməlinin qoyulmasına həsr olunmuş təntənəli mərasimdə dövlət başçısı İlham Əliyev son illər ölkəmizin öz enerji siyasətini ardıcıl şəkildə irəliyə apardığını önə çəkərək keçirilən mərasimi görülən işlərin zirvəsi kimi dəyərləndirdi.

 

Son illərdə enerji layihələrinin coğrafiyasının genişləndirilməsi, şaxələndirmə siyasətinin iştirakçı dövlətlərin maraqları baxımından bir daha nəzərdən keçirilməsi, alternativ variantların gündəmə gətirilərək siyasi və iqtisadi əhəmiyyətinin beynəlxalq müzakirəyə çıxarılması bölgədə və dünya birliyində sabitlik və əmin-amanlığın möhkəmlənməsinə yönəlmiş qlobal məsələlərin danışıqlar vasitəsilə həllinə inamı artırır. Rəqabət qabiliyyəti baxımından MDB məkanında birinci olan Azərbaycanın iqtisadi uğurlarını təmin edən, regionda sülhün təminatı üçün səylərini artıran neft-qaz amilinin əhəmiyyəti bütün səviyyələrdə xüsusilə vurğulanır. Ölkə Prezidenti bildirir ki, biz öz enerji təhlükəsizliyimizi çoxdan təmin etmişik və bu gün başqa ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolumuzu oynayırıq. Bu rol müsbət roldur. Bunu bizim tərəfdaşlar qiymətləndirirlər. Azərbaycan heç vaxt öz enerji resurslarından başqa məqsədlər üçün istifadə etməmişdir. Bizim bu sahədəki fəlsəfəmiz və yanaşmamız ondan ibarətdir ki, enerji resursları əməkdaşlığı dərinləşdirməlidir, birliyi möhkəmləndirməlidir və əlbəttə ki, biz bu siyasəti apararaq öz milli maraqlarımızı təmin edirik. Bu gün həm bölgədə, həm dünyada bizim maraqlarımız təmin edilir.

Xatırladaq ki, Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun ölkəmizə səfəri çərçivəsində keçirilən görüşlərdə də bu inam ifadə edilmişdir ki, Azərbaycan Avropa İttifaqına mümkün qədər yaxın olmaq arzusundadır və bu əlaqələrin gələcəkdə böyük potensialı vardır. Üç il bundan öncə Azərbaycanla Avropa İttifaqı arasında imzalanan “Cənub qaz dəhlizi haqqında” Birgə Bəyannaməni əlaqələrin inkişafında başlanğıc kimi dəyərləndirən Avropa Komissiyasının sədri Azərbaycanın bu gün Avropa İttifaqının ən böyük və etibarlı enerji tərəfdaşlarından biri olduğunu bildirmişdir. Qeyd edək ki, 2011-ci ildə imzalanan Birgə Bəyannamədə ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında rolu yüksək qiymətləndirilərək, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın mövcudluğu bildirilmişdir. Dövlət başçısı eyni zamanda bu əminliyi ifadə etmişdir ki, imzalanmış sənədlər uğurla həyata keçiriləcək və Azərbaycan qaz potensialından öz xalqının rifahı, ölkəmizin gələcək inkişafı və Avropadakı tərəfdaşlarının enerji təhlükəsizliyinin təmin edilməsi üçün istifadə edəcəkdir. Bu tərəfdaşlıq nəinki illər, onilliklər boyu olacaq.

Azərbaycanın şaxələndirilmə məsələsinə ilk yol açan bir ölkə rolunu oynadığını diqqətə çatdıran X.M. Barrozu bildirmişdir ki, ölkəmiz öz ixrac imkanlarını genişləndirməklə Avropanın enerji təhlükəsizliyinin təminatına töhfələr verir. “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş təntənəli mərasimə videomüraciətində Joze Manuel Barrozu bir daha bu reallığı qeyd etmişdir ki, bu gün Azərbaycan avropanın neft ixracatında mühüm rol oynayır. “Cənub” qaz dəhlizi yalnız kəmər deyil, XXI əsrin mühüm strateji, enerji dəhlizidir. “Cənub” qaz dəhlizi XXI əsrin layihəsi olacaq. Bu xüsusda layihənin hər mərhələsində Prezident İlham Əliyevin rəhbərlik qabiliyyətini vurğulamaq istərdim. Azərbaycan Avropa İttifaqına heç bir vaxt bu qədər yaxın olmayıb. Onun iqtisadiyyatı Avropa bazarları ilə sıx inteqrasiya olunub və bizim əlaqələrimiz daha geniş, təmaslarımız isə daha fəaldır. Avropa İttifaqı müasirləşmə islahatları ilə bağlı Azərbaycanın bütün təşəbbüslərini dəstəkləyir və müxtəlif sahələrdə daha da dərin münasibətlər yaratmaq istəyir.

Dünya əhəmiyyətli enerji layihələrinin reallığa çevrilməsi ilə regional iqtisadi inkişafın aparıcı qüvvəsinə və Avratlantik məkanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən, iqtisadi artımın sürətinə görə dünya dövlətləri arasında birinciliyini qoruyan Azərbaycanın inkişaf strategiyası qabaqcıl təcrübə kimi nümünə göstərilir. Enerji amilinin gündəlikdə prioritet məsələlərdən biri kimi dayandığını qeyd edən Prezident İlham Əliyev bildirir ki, enerji siyasəti dostluğa və əməkdaşlığa xidmət etməli, millətləri, xalqları bir-birinə birləşdirməlidir. Avropa İttifaqına daxil olan 27 dövlətin maraqlarına uyğun olan Azərbaycanın enerji siyasəti bolgədə regional əməkdaşlığın genişlənməsi üçün etibarlı təminatdır. Xarici ölkələrə səfərləri zamanı da Azərbaycanın iqtisadi imkanlarına diqqəti yönəldən, enerjinin nəql olunması sisteminin şaxələndirilməsində ölkəmizin rolunu xüsusi vurğulayan, gerçəkləşməsi çoxlarına əfsanə kimi görünən layihələrin reallaşması üçün təşəbbüskarlığını artıran Prezident İlham Əliyev bu mövqeyi açıqlayır ki, Azərbaycanın tərəfdaş, müəllif və təşəbbüsçü kimi iştirak etdiyi butun layihələrdə xalqın milli maraqları, dövlətin mənafeyi hər şeydən üstün tutulmalıdır.

Ölkəmizin qitə dövlətləri üçün etibarlı tərəfdaş olması dəfələrlə təsdiq olunmuş həqiqətdir. Prezident İlham Əliyev ölkəmizin daim marağında olan enerji layihələrinin şaxələndirilməsi prinsipinin diqqətdə saxlanılacağını vurğulamaqla qeyd edir ki, Avropa Azərbaycan qazı üçün mühüm bazara çevriləcək, eyni zamanda “Cənub” qaz dəhlizi enerji təhlükəsizliyinə xidmət edəcək önəmli layihədir. “Azərbaycandan Avropaya ixrac edilən qazın həcmi sırf “Şahdəniz-2” layihəsi ilə məhdudlaşmayacaq. Çünki bizim 2 trilyon kubmetrdən artıq təsdiqlənmiş qaz ehtiyatımız vardır.

Avropa ölkələrinin bəzilərinin enerji balansında Azərbaycan neftinin payı 30-40 faizə çatır” söyləyən Prezident İlham Əliyev respublikamızın enerji təhlükəsizliyinin təminatındakı rolunun artmasını neft strategiyasının uğuru kimi dəyərləndirir.

TAP Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi ilə İtaliyaya çatdıracaq. Dəyəri 2,2 milyard dollar həcmində proqnozlaşdırlan, əsas mənbəyi “Şahdəniz”in ikinci layihəsi olan TAP-ın səhmdarları İsveçrənin “AXPO” ( 42,5 faiz) , Norveçin STATOYL (42,5 faiz) və Almaniyanın E.ON Ruhrqas ( 15 faizdir) şirkətləridir. Proqnozlara əsasən ikinci fazada 2016-cı ildə 10 milyard kubmetr mavi yanacaq Avropaya çatdırılacaq, sonra isə 20 milyard kubmetrədək artırılacaq.

TAP layihəsinin ölkələr arasında əlaqələrin inkişafına böyük töhfə verəcəyinə əminlik ifadə olunur. “TAP Azərbaycan, Yunanıstan, İtaliya və və Albaniya arasında münasibətləri daha da gücləndirəcəkdir. Biz Xəzər dənizi, Qafqaz və Avropanın yeni geniş regional əməkdaşlıq formatını yaradacağıq. Bu, bizim hamımıza fayda verəcəkdir. TAP layihəsinin reallaşması nəticəsində çoxlu işlər olacaq, minlərlə yeni iş yeri yaradılacaqdır. Bu da Azərbaycana Avropa bazarına enerjini təchiz etmək üçün yeni marşrutun yaradılmasından ibarət strateji məqsədləri tam yerinə yetirmək imkanını verəcəkdir” söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, biz bu məqsədə nail olacağıq, çünki bu günədək işlər qrafik üzrə gedir. İtaliya rəsmiləri də Azərbaycan qazının Avropaya nəqli üçün TAP-ın seçilməsini alqışlayaraq bildirmişdilər ki, bu, Avropanın enerji təhlükəsizliyi və rəqabət qabiliyyətinin gücləndirilməsi, eləcə də İtaliyanın aparıcı ticarət tərəfdaşlarından olan Azərbaycanla ikitərəfli münasibətlərin genişlənirilməsi yolunda mühüm addımdır.

Göründüyü kimi, dünya enerji bazarında mövqeləri möhkəmlənən, investisiya imkanları artan Azərbaycanın təşəbbüsləri dəstəkləndiyi kimi mövqeləri də möhkəmlənməkdədir. Dövlət başçısı bir məqamı da xüsusi qeyd edir: “Birinci böyük layihələrin icrası nəticəsində bizim şirkətlərimiz, demək olar ki, ayağa qalxa bilmişlər, kapital, təcrübə toplamışlar. Ondan sonra Azərbaycana investisiya qoymağa başlamışlar. Mən də onlara bunu tövsiyə edirdim və eyni zamanda, Azərbaycanda belə bir şərait yaratmışıq ki, buraya investisiya qoymaq ən sərfəli yoldur. İndi başqa ölkələrə investisiya qoymaq, əlbəttə ki, lazımdır və biz də dövlət kimi bunu edirik.” Qeyd edək ki, cari ilin ötən dövründə ölkə iqtisadiyyatına böyük həcmdə- 11,5 milyard dollar investisiya qoyulub. İnvestisiyaların həcminin ilin sonuna qədər 20 milyard dolları ötəcəyinə inam ifadə edilir. Bu fikir də hər zaman önə çəkilir ki, sabitlik iqtisadi inkişafın əsas məsələsidir: “Ölkədə çox gözəl ab-hava vardır. Çox gözəl ictimai-siyasi vəziyyət müşahidə olunur. Sabitlik tam şəkildə təmin edilir. Sabitliyin qarantı Azərbaycan xalqıdır və gördüyümüz işlərdir. Azərbaycan xalqının rifahı, cəmiyyətdə bərqərar olan ədalət, o cümlədən sosial ədalət və xoşagəlməz hallarla mübarizə bu müsbət meyilləri daha da gücləndirir.” Təbii ki, sabitlik olmasa, hansısa inkişafdan, ən əsası investorların ölkə iqtisadiyyatına böyük həcmdə vəsait qoymasından danışmaq mümkünsüzdür. 1995-ci ildən bu günə ölkə iqtisadiyyatına 160 milyard dollara yaxın investisiyanın qoyulması təbii ki, Azərbaycanın bu gününə və gələcəyinə olan inamdan irəli gəlir.

Ölkəmizin iqtisadi və maliyyə imkanlarının artmasının, eyni zamanda Azərbaycana olan inamın nəticəsidir ki, indiyədək BTC, BTƏ kimi neft-qaz kəmərləri ilə Türkiyədən keçməklə Avropa ölkələrinin enerji təhlükəsizlinin təminatında iştirak edən Azərbaycan daha yeni-yeni layihələrdə iştirak etməklə iki və çoxtərəfli əməkdaşlıqda maraqlı olduğunu təsdiqləyir: “Azərbaycanın öz böyük qaz ehtiyatları üçün iri bazarlara ehtiyacı vardır. Avropanın da yeni qaz mənbələrinə və marşrutlarına ehtiyacı vardır. Bizim icra etməyə başladığımız “Şahdəniz”, TANAP və TAP layihələri həqiqətən də şaxələndirmə layihələridir. Çünki bu, sadəcə Avropaya qazın təchizi üzrə yeni marşrut deyil, ən önəmlisi bu, yeni qaz mənbəyidir. Bu, çoxhəcmli mənbədir.”

Qeyd olunanlar bir daha bu reallığın təsdiqidir ki, neft-qaz layihələrimiz, kəmərlərimiz Azərbaycanı dünya miqyasında çox önəmli enerji hasilatçısı kimi ciddi ölkəyə çevirib. “Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş təntənəli mərasimdə nitqlərdən və təbriklərdən də Azərbaycanın bu gününə və gələcəyinə inamı özünü qabarıq şəkildə büruzə verir. Bolqarıstan prezidenti Rosen Plevneliev bildirmişdir ki, Azərbaycan bütün dövrlərdə çox etibarlı və dəyərli tərəfdaş olub. Bu gün tarixi bir addım atılır ki, Avropanın enerji təhlükəsizliyi təmin edilsin. Bu, yalnız əlavə qaz kəmərinin, dəmir yolu xətlərinin inşası deyil. Bu gün biz regional əməkdaşlığı genişləndiririk.

Amerika Birləşmiş Ştataları Dövlət katibi Con Kerri təbrik məktubunda bildirir ki, “Əsrin müqaviləsi” keçmiş Sovet ittifaqında ilk böyük Qərb sərmayəsi olub. Son 20 il ərzində ABŞ enerji ehtiyatlarının istismarı, Avropa və dünya enerji təchizatına töhfə, güclü və müstəqil dövlətə çevrilməsi istiqamətində Azərbaycanın əsl mənada tərəfdaşı olub. Bakı-Tbilisi-Ceyhan kəmərinin inşası ilə yanaşı, Azərbaycan Xəzər və Aralıq dərizləri arasında birbaşa əlaqə yaradaraq dünya bazarında mühüm neft təchizatçısına çevrilibi. Azərbaycan 2Cənub” qaz dəhlizi vasitəsilə Avropa bazarlarının əlavə enerji təchizatı marşrutlarında və regionun enerji təhlükəsizliyinin möhkəmlənməsində mühüm rol oynayıb. Azərbaycan 96 il öncə universal dəyərlərə sadiqliyini ifadə edən ilk müsəlman ölkəsi kimi insan hüquqları və fundamental azadlıqların təmin edilməsində xalqın və hökumətin nümayiş etdirdiyi lider rolunu yenidən üzərinə götürüb.

BP şirkətinin baş icraçı direktoru Robert Dadlı bildirir ki, 1994-cü ildən indiyədək son dərəcədə böyük nailiyyətlər əldə olunub. Buna görə də mən Prezident İlham Əliyevə və onun hökumətinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Biz birlikdə tərəfdaşlığın nəyə qadir olduğunu nümayiş etdiririk. Bugünkü tarix sadəcə bir müqavilənin imzalanmasının ildönümü deyil. Bu, həm də Azərbaycanın neft sənayesinin dirçəlişində əlamətdar bir gündür. Odlar yurdu Azərbaycan həqiqətən də neft və qaz sənayesinin beşiyidir və 1994-cü ildə ölkə həmin sənayenin yenidən dirçəlişinin şahidi oldu.

Azərbaycanın bu gün beynəlxalq münasibətlər sistemində yeri və rolunun hansı səviyyədə olmasına, eyni zamanda “Əsrin müqaviləsi”ndən ötən dövr ərzində uğurlarımıza və “Cənub” qaz dəhlizinin əhəmiyyətinə işıq salan çox sayda fikirləri qeyd edə bilərik. Ümumi rəy bundan ibarətdir ki, Azərbaycanın gələcəyə hesablanmış inkişaf strategiyası daha böyük uğurlara stimul verir. Dövlət başçısı İlham Əliyevin “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş mərasimdə söylədiyi “Bu günə qədər bizim qaz və neft layihələrimizdə ancaq 3 ölkə iştirak edirdi- Azərbaycan, Gürcüstan və Türkiyə. Bu gündən sonra biz geniş beynəlxalq əməkdaşlıq prosesinə qədəm qoyuruq. Azərbaycan qaz istehsalçısı kimi öz resurslarını dünya bazarına çıxaracaq. Ondan sonra Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, gələcək mərhələdə Monteneqro, Xorvatiya və digər ölkələr bu layihəyə qoşula bilərlər. Ona görə, burada əlaqələndirmə işləri çox yüksək səviyyədə aparılmalıdır. Mən hesab edirəm ki, bu gün bu sahədə- neft-qaz sahəsində yeni beynəlxalq komanda formalaşır. Komandanın bütün üzvləri bu gün salondadırlar. Əminəm ki, bizim birgə fəaliyyətimiz uğurlu olacaq və komandamız qələbə qazanacaqdır” fikirləri də uğurlarımız, birgə əməkdaşlıq fonunda gələcəyə inamın təsdiqidir.

 

Yeganə Əliyeva

 

İki sahil.- 2014.- 25 sentyabr.- S.5.