Neftçi əməyi
yüksək qiymətləndirilir
ARDNŞ-in
Geofizika və Geologiya İdarəsinin Kompleks Mühəndisi
Axtarış İB-nin rəisi Şəmil Məsimov Prezident
İlham Əliyevin Sərəncamı ilə ölkənin
neft sənayesinin inkişafındakı xidmətlərinə
görə “Tərəqqi” medalı ilə təltif olunub
1994-cü il sentyabrın 20-də dünyanın tanınmış neft şirkətləri ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin birgə işlənilməsi və hasilatın pay bölgüsü haqqında Sazişin imzalanması ölkəmizin müasir tarixində əsl dönüş nöqtəsinə çevrildi, bugünkü və gələcək inkişafın etibarlı təməlini qoydu.
Həyata
keçirilən genişmiqyaslı regional
və qlobal layihələr nəticəsində
ölkəmiz nəinki özünün enerji təhlükəsizliyini tam
həcmdə təmin etdi, həmçinin
neft, qaz, emal və neft-kimya məhsullarının
etibarlı ixracatçısı kimi
Avropanın enerji təhlükəsizliyi sisteminin vacib həlqələrindən birinə
çevrilməkdədir. Neft sənayemizin
flaqmanı olan Azərbaycan Respublikası
Dövlət Neft Şirkəti qalibiyyətli
inkişaf yolu ilə inamla irəliləyir.
Ölkə
iqtisadiyyatının tərəqqisinə töhfələrini
verən neftçilər bu
uğurların davamlı olması üçün
səylərini daha da
artırır, onlara göstərilən
etimadı əməli fəaliyyətləri ilə doğruldurlar. Dövlət
başçısı İlham Əliyev
və ARDNŞ rəhbərliyinin qayğısını
gündəlik həyatlarında, getdikcə müasirləşən,
ən yeni texnologiyalar
əsasında aparılan iş prinsiplərində
hiss edən neftçilər qeyd edirlər ki,
uğurlarımızın əsasında onlara
göstərilən diqqət dayanır. Dövlət
başçısı İlham
Əliyevin hər il neçə-neçə
qabaqcıl neftçini yüksək
dövlət mükafatı ilə təltif etməsi də
deyilənlərə əyani sübutdur. ARDNŞ-in Geofizika və Geologiya İdarəsinin Kompleks
Mühəndisi Axtarış İstehsalat
Bölümünün rəisi Şəmil
Məsimov da təltif olunanlar
arasındadır. Dövlət
başçısı İlham
Əliyevin Azərbaycan neftçilərinin peşə
bayramı ilə əlaqədar imzaladığı 19 sentyabr 2014-cü il tarixli Sərəncamı ilə ölkənin
neft sənayesinin inkişafındakı
xidmətlərinə görə Şəmil Məsimov “Tərəqqi”
medalı ilə təltif olunub.
Şəmil Məsimov
1964-cü ildə Şəki rayonunun Böyük Dəhnə kəndində
ziyalı ailəsində anadan olub. Orta məktəbi
bitirən Ş.Məsimov neft sənayesinə
böyük maraq
göstərir, 1981-1982-ci illərdə neft
operatoru üzrə peşə təhsili
alır. Hərbi xidmətini başa
vurduqdan sonra
1984-cü ildən Dənizdə Geoloji Kəşfiyyat
Kontorunda qazmaçı köməkçisi
kimi əmək fəaliyyətinə
başlayır. İşlədiyi müddətdə neftçi peşəsinin sirlərini öyrənə
öyrənə Şəmil müəllim
M.Əzizbəyov adına Azərbaycan Neft
və Kimya İnstitutunun
İqtisadiyyat fakültəsinə (Azərbaycan Dövlət Neft Akademiyası) daxil olur. 1991-ci ildən Kompleks
Dəniz Geoloji Kəşfiyyat İdarəsində
Mexaniki təmir emalatxanasının rəisi
təyin olunur. 1997-ci ildən həmin idarənin
rəis müavini vəzifəsində
işləyən Şəmil müəllim 2010-2012-ci illərdə
GGİ-nin Kompleks Geoloji
Kəşfiyyat və Topoqrafiya İdarəsinin
rəisi, 2012-ci ilin sentyabrından isə Geofizika və Geologiya
İdarəsinin Kompleks Mühəndisi
Axtarış Ekspedisiyasının rəisi işləyib.
2014-cü ilin yanvarından GGİ-nin Geofizika və Geologiya İdarəsinin Kompleks
Mühəndisi Axtarış İstehsalat
Bölümünün rəisi vəzifəsinə
təyin olunub və bu
günə kimi həmin vəzifəni icra edir.
Peşəkar
fəaliyyəti dövründə özünü
bacarıqlı və təcrübəli mütəxəssis kimi göstərən, öz
peşəsinə məsuliyyətlə yanaşan
Şəmil müəllim əmək məhsuldarlığının
yüksəldilməsi, nizam-intizamı, tələbkarlığı
heç vaxt diqqətdən
qaçırmayıb. Şəmil müəllimin iştirakı və rəhbərliyi
ilə Xəzərin Azərbaycan, Rusiya,
Qazaxıstan və Türkmənistan sahillərində Kompleks Mühəndisi Axtarış İB
mühəndisi geoloji axtarış
işlərini uğurla yerinə yetirib. Son dövrlərdə Ş.Məsimov “Ümid”
sahəsində, “Z.Vəliyev”, “Ə.Əmirov” adına gəmilərlə
Xəzərin Qazaxıstan sektorunda, “Xərə-Zirə”,
“Qərbi Abşeron” sahələrində,
Ələtdə tikiləcək yeni dəniz
limanında mühəndisi geoloji işlərə
rəhbərlik edib. Həmçinin
Şəmil müəllimin quruda
aparılan mühəndisi axtarış işləri nəticəsində
mürəkkəb mühəndis qurğularının tikiləcəyi
ərazilərin mühəndisi geoloji
şəraitin öyrənilməsi işlərində -
Bakı Olimpiya stadionu,
ARDNŞ-in yeni inzibati binasının, “Azərsu” ASC-nin yeni
binasının tikintisi, o
cümlədən dənizdə platformaların, özüllərin
və digər hidrotexniki qurğuların
tikintisində mühəndisi geoloji
işlərdə xidmətləri olduqca böyükdür. Bu kimi
tikililərin mühəndisi geoloji şəraitinin,
kəsilişi təşkil edən süxurların fiziki, mexaniki və
davamlılıq xüsusiyyətlərinin öyrənilməsi,
lokal qaz
yığımlarının varlığının dəqiqləşdirilməsi,
tektonik pozulma və
qırılmaların mövcudluğunun
öyrənilməsində və düzgün layihə qərarlarının
çıxarılması işlərində Şəmil Məsimovun
xidmətləri olduqca böyükdür.
Nailiyyətlərin əldə
olunması həm ölkə Prezidenti, həm
də ARDNŞ rəhbərliyi tərəfindən diqqətdən
kənarda qalmayıb. Belə ki,
Dövlət Neft Şirkətinin Geofizika və Geologiya
İdarəsinin Kompleks Mühəndisi
Axtarış İstehsalat Bölümünün
rəisi Şəmil Məsimov dövlət
başçısı İlham
Əliyevin Azərbaycan neftçilərinin peşə
bayramı ilə əlaqədar imzaladığı 19 sentyabr 2014-cü il tarixli Sərəncamı ilə ölkənin
neft sənayesinin
inkişafındakı xidmətlərinə görə “Tərəqqi”
medalı ilə təltif olunub. Şəmil
müəllim neftçilərə fəxri adların verilməsi
haqqında sərəncamı çoxminli
neftçilər ailəsinin əməyinə verilən qiymət
kimi dəyərləndirir. “Bu mükafatı ARDNŞ-in GGİ-nin, o cümlədən Kompleks
Mühəndisi Axtarış İB-nin bütün əməkdaşlarına göstərilən
diqqət və qayğı kimi dəyərləndirir,
möhtərəm Prezidentimiz İlham Əliyevə dərin minnətdarlığımı
bildirirəm. Qazanılan nailiyyətlərdə Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin
prezidenti Rövnəq Abdullayevin
neftçilərə göstərdiyi diqqət və
qayğının böyük rolu vardır. Həmçinin Geofizika
və Geologiya İdarəsinin rəhbərliyinin
göstərdiyi etimadı yüksək qiymətləndirirəm.
Bu qayğıya cavab olaraq bundan sonra
da neft sənayesinin
inkişafı naminə səylə çalışacaq, əlimizdən
gələni edəcəyik.”
Orxan Vahidoğlu
İki sahil.- 2014.- 26 sentyabr.- S.16.