Əsrin yeni layihələri
Azərbaycandan
başlayır
Azərbaycanın
müstəqillik dövrünün uğurlarla zəngin daha
bir ilinə qədəm qoyduq. Yola saldığımız
2013-cü ildə Azərbaycanın dinamik sosial-iqtisadi tərəqqisi
davam etmiş, ölkəmiz dünyanın inkişaf etməkdə
olan dövlətlərinin sırasındakı mövqeyini bir
qədər də möhkəmləndirmişdir.
Ən əsası isə
son 10 ildə makroiqtisadi
mühit göstəricisinə görə
dünya ölkələri arasında 8-ci
yerdə qərarlaşan Azərbaycan ən yaxşı inkişaf potensialı və inkişaf
siyasətinə malik olan
dövlətləri sırasına qoşulub.
Sevindirici haldır ki,
Azərbaycan bu gün
dünya birliyinə dinamik
inkişaf edən, yüksək orta gəlirli ölkə kimi
təqdim olunur.
Bütövlükdə
isə son illər dünyada
gedən iqtisadi proseslərin, nəhəng
enerji və nəqliyyat layihələrinin
təşəbbüskarı və fəal
iştirakçısına çevrilmiş
ölkəmizin Avropanın enerji təhlükəsizliyinin
təminatındakı rolu əhəmiyyətli
dərəcədə artır. Ötən il dünyanın bir sıra nüfuzlu beynəlxalq
təşkilatları Azərbaycanda gedən inkişaf
prosesini yüksək qiymətləndirmiş,
ölkəmizin kredit reytinqini
əhəmiyyətli dərəcədə
yaxşılaşdırmışlar.
Ölkəmizin iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun ilbəil artmasında ulu öndər Heydər Əliyevin rəhbərliyi
ilə işlənib hazırlanmış yeni
neft strategiyasının müstəsna əhəmiyyəti
var. Belə ki,
“Əsrin müqaviləsi” çərçivəsində ilkin neftin
çıxarılması Azərbaycanda neft
hasilatının sürətli inkişafına təkan verməklə
yanaşı, ölkəmizin siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsinə
imkan yaradıb. Yola saldığımız
2013-cü ildə “Çıraq” yatağından neft hasilatına başlanmasının
16-cı ili tamam oldu. Ötən dövrdə ölkə
üzrə neft hasilatı təqribən
5 dəfəyə yaxın artaraq 1997-ci
ildəki 9 milyon tondan
2013-cü ildə 43,5 milyon tona çatdırıldı.
Nazirlər
Kabinetinin 2013-cü ilin
sosial-iqtisadi inkişafının
yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət
başçısı İlham Əliyev
ötən ilin tarixdə uğurlu
il kimi
qaldığını bildirərək bu
inamı ifadə etdi ki,
əvvəlki illərdə qəbul edilmiş
qərarlar və
2014-cü ildə görüləcək işlər cari ili də uğurla başa
vuracağımıza imkan yaradacaq.
Ölkə
Prezidenti 2013-cü ilin
neft-qaz sektorunda
görülən işlər baxımından da
tarixdə qalacağını vurğuladı. Qeyd
etdi ki, keçən il Azərbaycanın neft-qaz
potensialının inkişafı və möhkəmləndirilməsi
üçün tarixi
sazişlər bağlanıb. 2012-ci ildə TANAP layihəsi ilə
bağlı sazişin
imzalanması buna gətirib
çıxardı ki, 2013-cü ilin iyun ayında Trans-Adriatik boru xətti əsas
marşrut kimi seçilib. Ondan sonra müvafiq kontraktlar bağlanıb. Artıq Azərbaycan
qazının 2018-ci ildən sonra Avropada satılması ilə bağlı bütün kontraktlar
imzalanıb: “Bu da çox önəmli bir
hadisə idi. Nəhayət, ilin sonunda - dekabrın 17-də
Bakıda “Şahdəniz-2” investisiya Sazişi bağlanmışdır. Bu tarixi nailiyyətdir, tarixi qələbəmizdir. Bu
layihə XXI əsrin layihəsidir. Bu layihə Azərbaycana böyük dividentlər gətirəcəkdir
- həm iqtisadi, həm siyasi.
Ölkəmizin nüfuzu, bizim
iqtisadi gücümüz
artacaqdır. Ölkəmizə böyük
həcmdə investisiyalar gətiriləcəkdir.
“Şahdəniz-2”, TANAP, TAP - yəni, bu məsələ
ilə bağlı olan layihələrin
icrası ancaq ilkin hesablamalara görə, 45 milyard
dollar investisiyanın cəlb edilməsinə
xidmət göstərəcəkdir.”
Son illər dünyada “mavi yanacağa” tələbat
getdikcə artmaqdadır. Məhz buna
görədir ki, Azərbaycanda qaz hasilatının yüksəldilməsi
istiqamətində ciddi işlər görülür. Təkcə onu qeyd etmək kifayətdir
ki, 2004-2013-cü illərdə ölkə
üzrə qaz hasilatı ilbəil
artırılaraq 5,5 milyard kubmetrdən
29,5 milyard kubmetrə
çatdırılıb. “Şahdəniz-2” layihəsinə dair yekun investisiya
sazişinin imzalanması Azərbaycana öz qazını birbaşa
Avropaya, həm də bazar
qiymətləri ilə çıxarmağa imkan yaradacaq. Bu isə ölkənin bir
bazardan asılılığının aradan qalxması və Bakının “mavi yanacaq” ixracatında
müstəqil siyasət yürütməsi deməkdir. Bununla həm də enerji
resurslarının ixracında çoxvariantlı marşrutlara sahib olan Bakı Avropa Birliyinin enerji təhlükəsizliyinə
mühüm töhfələr verəcək.
Nazirlər Kabinetinin
iclasında dövlət başçısı İlham Əliyev bir
faktı da vurğuladı ki,
son illər ərzində
yaratdığımız güclü iqtisadiyyat bu gün imkan verir ki, biz
bu layihələrdə də, qlobal xarakter daşıyan
layihələrdə də liderlik keyfiyyətlərimizi
ortaya qoyaq. “Bu gün Avropanın enerji təhlükəsizliyi məsələlərinin
bir hissəsi Azərbaycan tərəfindən
irəli sürülmüş layihələr
hesabına təmin ediləcəkdir.”
Özünün zəngin karbohidrogen
ehtiyatlarına arxalanan Azərbaycan
Respublikası bu sahədə müstəqil
siyasət yürüdərək təbii sərvətlərini
dünya bazarına çıxarmaq üçün şaxələndirilmiş ixrac neft və qaz kəmərləri sisteminin
yaradılmasına nail olub. Bu da
ölkəmizin enerji təhlükəsizliyini
təmin edib, Avropa və
digər uzaq ölkələrin enerji təminatı istiqamətində yeni perspektivlər açıb. Xam neftin şimal
istiqaməti üzrə ixracını nəzərdə tutan Bakı-Novorossiysk kəməri ilə
yanaşı, 1999-cu ildə Bakı-Supsa, 2006-cı ilin mayında isə Heydər Əliyev
adına Bakı-Tbilisi-Ceyhan kəmərləri istifadəyə
verilmişdir. Xatırladaq ki, XXI əsrin ən nəhəng neft ixracı marşrutlarından sayılan
Bakı-Tbilisi-Ceyhan boru kəməri
artıq neçə ildir ki,
dünyada enerji təhlükəsizliyinin
təminatı sahəsində uğurla fəaliyyət
göstərir. İllik ötürücülük
qabiliyyəti 60 milyon ton
olan bu kəmərlə
hazırda sutkada 1,2 milyon
barrel Azərbaycan nefti
Aralıq dənizi vasitəsilə dünya
bazarına çıxarılır. Onu da deyək ki,
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri istifadəyə veriləndən
indiyədək dünya bazarına təqribən
233 milyon ton Azərbaycan
nefti çıxarılıb.
Ölkə
başçısı yekun nitqində də
neft sənayesində əldə olunan uğurları bir daha vurğuladı. “Neft-qaz
sektorunda işlər yaxşı gedir. “Şahdəniz-2”, TANAP, Trans-Adriatik
boru kəmərləri layihəsi tarixi qələbəmizdir. Bu,
Avropanın ən böyük infrastruktur layihəsidir və bunun
icrası artıq başlanıbdır. Hesab
edirəm ki, bütün
işlər vaxtında görüləcəkdir.”
Sadalanan faktları əsas götürərək vurğulamaq olar ki, 2013-cü ildə də neftdən əldə
edilən gəlirlər hesabına ölkə
iqtisadiyyatının şaxələndirilməsi və bir sıra infrastruktur layihələrin
reallaşdırılması istiqamətində
genişmiqyaslı tədbirlər bu il də həyata keçiriləcək. Bütün bunlar isə ölkəmizin iqtisadi
qüdrətinin daha da
artmasına və xalqımızın həyat səviyyəsinin
yaxşılaşmasına geniş imkanlar yaradacaq.
Orxan Vahidoğlu
İki sahil.- 2014.- 16 yanvar.- S.9.