Ötən il nə qədər qaz emal edilib?
Ölkəmizdə
iqtisadi inkişafın əsas hərəkətverici qüvvələrindən
biri olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin
(ARDNŞ) bütün idarə və müəssisələri
kimi, Qaz Emalı Zavodu (QEZ) da 2013-cü ili yüksək
texniki-iqtisadi göstəricilərlə başa vurub. Neft-qaz sənayesinin
inkişafına öz töhfəsini verən zavod bu gün
tam gücü ilə fəaliyyət göstərir.
Qaz Emalı Zavodunun direktoru Aqşin
Paşayevdən aldığımız məlumata görə,
2013-cü ildə emaldan sonra
təhvil verilmiş təmizlənmiş
təbii qazın həcmi 3702995,5 min kubmetr olub. Hər 1000 kubmetr təbii qazın emalı zamanı itkilər
planlaşdırılan səviyyədən aşağı olaraq 4,36 kubmetr əvəzinə
2,33 kubmetr olub. Ötən il təbii qazın
emalı prosesində
1148,419 ton absorbent istehsalata verilib. Absorbent kimi QBAQ-larda ortadövrlü və azdövrlü dizellər üçün
A markalı motor yanacağı istifadə olunub. Zavodda təbii qazın emalı prosesində 1-ci pillə absorbsiyada təbii qazın tərkibində olan propanın 14,92 küt. faiz,
butanların 27,67 küt.
faiz, pentanların
45,44 küt. faiz,
heksan və yüksəklərin 68,04 küt.
faiz çıxarılıb.
A.Paşayevin sözlərinə
görə, 2013-cü ildə
zavodda emala daxil olan təbii
qazda C3+ komponentlərin
kütlə faizi 5,961
faiz təşkil edib ki, bu
da təqribən
166871 ton C3+ deməkdir. Hesabat dövründə
təbii qazdan qeyri-sabit qaz benzininin çıxım
faizi 1,796 küt.
faiz təşkil
edib. Ötən dövrdə təbii qazın emalı nəticəsində zavoda
daxil olan xam qazın emalından 18668 ton texniki butan və 31047,6 ton qaz benzini
istehsal edilib. Hesabat ilində emala 50181,4 ton qeyri-sabit qaz benzini verilib. Hesabat ilində “Azneft” İB ilə Qaz Emalı Zavodu arasında bağlanılmış xidmət,
komissiya və ticarət agenti müqavilələri çərçivəsində
198752 ton texniki butan və 30123,7 ton qaz benzini yüklənilib. İstehsal edilmiş texniki butanın 93,2 faizi daxili,
6,8 faizi isə xarici bazarda satılmaq üçün
yüklənib. 2013-cü ildə
təkrar emal məqsədi ilə “Azərikimya” İB-yə
20280,4 ton qaz benzini göndərilib.
2013-cü ildə orta
gündəlik emal məhsuldarlığı 10325,6
min kubmetr təbii qaz olub. İl
ərzində 1 nömrəli
qurğu 322 gün, 2 nömrəli qurğu 329 gün, 3 nömrəli qurğu 291 gün, 4 nömrəli qurğu 336 gün, 5 nömrəli qurğu 329 gün istismarda olub.
QEZ-in texnoloji qurğuları, əmtəə
parkı və aralıq əmtəə parkı, təmizləyici
qurğular və məşəl təsərrüfatı
sahələri, onlar üçün təsdiq
olunmuş texnoloji xəritələrə uyğun
normal texnoloji rejimdə
işləyib. Texnoloji xəritələrdən
kənarlaşmalar olmayıb.
2013-cü ildə zavodda
əmək şəraitinin
yaxşılaşdırılmasına, texniki təhlükəsizlik
qaydalarına nəzarətin
artırılmasına, avadanlıqların
qəzasız və təhlükəsiz işləməsinə,
bütün texniki təhlükəsizlik işlərinin
vahid sistemin tələblərinə uyğun
qurulmasına, istehsalat
sahələrinin, binaların,
iş yerlərinin müasir standartların tələblərinə uyğun
səviyyədə yenidən
qurulmasına ciddi fikir verilib. Tərtib olunmuş tədbirlər planına uyğun olaraq iş yerlərində əmək şəraitinin
yaxşılaşdırılması ilə bağlı tədbirlər tam həcmdə
yerinə yetirilib.
2013-cü ildə müəssisədə işləyən
3 rəhbər işçi
və 11 mütəxəssis
müxtəlif ixtisasartırma
kurslarına göndərilib. Onlardan TS EN İSO OHSAS 18001 ƏMTT standartı, TS EN İSO 14001 ətraf
mühitin mühafizəsi
standartı, İSO 9001 Keyfiyyəti
İdarəetmə standartı
və s. maarifləndirmə
kurslarında iştirak
edərək beynəlxalq
sertifikatlara layiq görülüb. Bundan əlavə,
fəhlə işçilərdən
26 nəfər peşə
hazırlığı keçib,
onlardan 4-si ikinci peşəyə öyrədilib,
22-i yenidən hazırlanıb.
Yenidən hazırlanan işçilərdən
7-nin tarif dərəcəsi
artırılıb.
Bunlarla yanaşı,
zavodda əməyin təşkili və ödənilməsi sahəsində
bütün işlər
Əmək Məcəlləsinə,
əməyin ödənilməsi
normalarını, qayda
və şərtlərini
tənzimləyən digər
qanunvericilik aktlarına
və “Azərbaycan Respublikası Dövlət
Neft Şirkətində
işçilərin əməyinin
ödənilməsi haqqında”
Əsasnaməyə və
ona edilmiş dəyişikliklərin tələblərinə
uyğun aparılıb.
İşlərin tarifləşdirilməsi, peşə və vəzifə adlarının,
o cümlədən, ixtisas
dərəcələrinin müəyyən
edilməsi və əmək müqavilələrində
əmək funksiyalarının
müəyyənləşdirilməsi qüvvədə olan vahid tarif ixtisas
sorğu kitablarına
ciddi riayət edilməklə aparılıb.
Qeyd
edək ki, zavodun layihəsi 1958-ci ildə “Qiproazneft” İnstitutu tərəfindən
işlənib. QEZ-in tikintisinin birinci mərhələsində 1961-ci ildə 5-6 saylı texnoloji sexlərin qazdan benzin ayıran
qurğuları (QBAQ), 7 saylı
texnoloji sexin qaz kondensatını sabitləşdirmə və
qeyri-sabit qaz benzinini fraksiyalaşdırma
qurğusu və bütün yardımçı
sahələr istismara
buraxılıb.
QEZ-in tikintisinin ikinci
mərhələsində, 1963-cü ildə 3-4 saylı texnoloji sexlərin QBAQ-ları, üçüncü
mərhələdə-1964-cü ildə
1-2 saylı texnoloji sexlərin QBAQ-ları istismara buraxılıb. 7 saylı texnoloji
sexin fəaliyyəti üçün xammalın
çatışmazlığından
1978-ci ildə “Dənizneftqazlayihə”
İnstitutunun layihəsi
əsasında 20 dayaqlı
dəmir yolu doldurub-boşaltma estakadası
inşa edilib. Doldurub-boşaltma dəmir yolu
estakadası tutum təsərrüfatının inşası
olmadan, istehsalatın texnoloji formalaşdırılması
layihəsinə əsasən
tikilib. Qaz kondensatının dəmir yolu vasitəsilə gətirilməsini
istisna etmək, qurğunu istehsal səviyyəsinə qədər
yükləmək və
kondensatın itkilərini
azaltmaq məqsədilə
1981-ci ildən zavoda
“Bulla-Dəniz” yatağından
hasil edilən qeyri-sabit qaz kondensatından istifadə
olunurdu.
QEZ-in 7 saylı texnoloji sexində yeni xammalın səmərəli emalı
üçün bəzi
texniki və texnoloji dəyişikliklər
edilib. 1983-cü
ildən mədəndə
olan texniki səbəblər üzündən
zavod “Bulla-Dəniz” yatağının sabit qaz kondensatını istifadə edirdi. 1993-cü ildən “Daşgil-QEZ” qaz kondensatı kəməri əsaslı təmirə
dayandırılıb və
həmin tarixdən qaz kondensatı QEZ-ə qəbul edilmir. 1986-cı ildə QBAQ-nın rekonstruksiyası başa çatdırılıb.
Nəticədə zavodun
qaz emalı üzrə gücü 4,5 milyard kubmetrdən
6,5 milyard kubmetrədək
artırılıb. Müvafiq
olaraq hər bir qurğu üzrə illik güc 750 milyon kubmetrdən 1083,3 milyon kubmetrə qədər çoxalıb.
Nail Rəhimzadə
İki sahil.- 2014.- 16 yanvar.- S.6.