l Avropa Oyunlarını bir

Azərbaycan brendi olacaq

 

Prezident İlham Əliyev: Azərbaycanda qoyulan standartlar

bundan sonra Avropa Oyunları üçün bir standart kimi qəbul ediləcək

 

Azərbaycanda idmanın inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasət bu sahədə böyük uğurların əldə edilməsi ilə nəticələnir. Dövlət başçısı İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət Azərbaycanın idman ölkəsi kimi nüfuzunu xeyli artırmaqla yanaşı, beynəlxalq federasiyaların seçim edərkən məhz ölkəmizə üstünlük verməsini təmin edib. Yəni, Azərbaycan müasir idman və digər infrastruktura, dünya arenalarında böyük uğurlar qazanan idmançılara sahib dövlət kimi seçim zamanı bir addım öndə olur.

Bu bir faktdır ki, hazırda Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib. Həqiqətən Azərbaycan idmanı müstəqillik illərində böyük inkişaf yolu keçib, perspektivli yeniyetmə və gənc idmançıların aşkar edilməsi üçün ölkəmizdə əlverişli şərait yaradılıb. Müstəqil ölkə kimi Atlanta Olimpiya Oyunlarında bir, Sidneydə üç, Afinada beş, Pekində yeddi medal qazanan ölkəmizin təmsilçiləri Londonda 10 medal qazanmaqla rekorda imza atıblar.

Artıq ölkəmiz bir sıra beynəlxalq yarışa yüksək səviyyədə ev sahibliyi edib və bundan sonra da edəcək. Son on il ərzində Azərbaycanda 300-ə yaxın beynəlxalq səviyyəli idman tədbiri yüksək səviyyədə keçirilib. Hətta, Bakıda şahmat üzrə 2015-ci il Dünya Kuboku yarışlarının və 2016-cı il Dünya Şahmat Olimpiadasının Azərbaycanda keçirilməsi ilə bağlı müqavilə də imzalanıb. Həmin vaxta qədər Bakıda müasir şahmat mərkəzinin inşası da nəzərdə tutulub.

Azərbaycanda vurğulanan beynəlxalq idman tədbirlərilə yanaşı, I Avropa Oyunları da keçiriləcək. Məlumat üçün bildirək ki, 2012-ci il dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında 2015-ci ildə I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilib. Avropa Olimpiya Komitəsinin üzvü olan 49 milli olimpiya komitəsindən 48-nin iştirakı ilə keçirilmiş gizli səsvermədə 38 ölkə lehinə, 8 ölkə əleyhinə, 2 ölkə bitərəf olmaqla I Avropa Oyunlarının Bakıda keçirilməsi təsdiqlənib.

Xatırladaq ki, Azərbaycan dövləti hər zaman olduğu kimi bu dəfə də üzərinə götürdüyü məsuliyyətin ağırlığını dərk edərək, dərhal hazırlıq işlərinə start verdi. Belə ki, 2013-cü ilin yanvarın 17-də Prezident İlham Əliyevin Sərəncamı ilə Avropa Oyunlarını yüksək səviyyədə keçirmək üçün Təşkilat Komitəsi yaradılıb və ötən il Təşkilat Komitəsinin toplantısı keçirilib. 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva bildirib ki, I Avropa Oyunlarının 2015-ci ilin iyun-iyul aylarında keçirilməsi nəzərdə tutulub. Bu oyunlarda Avropa Olimpiya Komitəsinin üzv ölkələrinin iştirakı gözlənilir. Avropa Olimpiya Komitəsi ilə əldə olunmuş razılığa əsasən, Bakıda keçiriləcək yarışlarda 5 min nəfərədək idmançının iştirakı nəzərdə tutulub.

Məlumat üçün bildirək ki, artıq I Avropa Oyunlarına hazırlığın ilkin mərhələsində yarışların keçirilmə yerləri müəyyən edilib. Yarışların Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Tofiq Bəhramov adına Respublika Stadionu, “Baku Crystal Hall”, “Sərhədçi” İdman Kompleksi, Əl Oyunları Sarayı, 8-ci Kilometr stadionu, Güllə atıcılığı stendi və Bakı Ekspo Mərkəzində keçirilməsi mümkündür. 2015-ci ilədək Olimpiya Stadionunun, Su İdman Növləri Mərkəzinin və Gimnastika Kompleksinin inşasının bitməsi planlaşdırılır və bu yeni qurulan idman sarayları da oyunlar zamanı istifadə olunacaq. I Avropa Oyunlarının rəsmi açılış və bağlanış mərasimlərinin Bakıda, Böyükşor gölünün yaxınlığında inşa olunan 65 min yerlik Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulub. Artıq demək olar ki, inşası nəzərdə tutlmuş olimpiya mərkəzləri və stadionlarda işlər yekunlaşmaq üzrədir.

Həmçinin, I Avropa Oyunlarının rəsmi açılış və bağlanış mərasimlərinin təşkili ilə bağlı dünyanın bu sahədə böyük təcrübəyə malik aparıcı şirkətləri ilə danışıqlar aparılıb, Avropa Oyunları tarixinə ilk atributlar kimi daxil olacaq I Avropa Oyunlarının loqotip və şüarının müəyyən edilməsi, simvolun seçilməsi və himnin bəstələnməsi istiqamətində işlər görülüb. Artıq I Avropa Oyunlarının loqotipi də müəyyənləşdirilib.

Qaydalara uyğun olaraq Avropa Oyunlarında qalib idmançılara təqdim olunan medallar ev sahibi olan ölkənin Milli Olimpiya Komitəsi tərəfindən hazırlanır və Avropa Olimpiya Komitəsi ilə razılaşdırılır. Oyunlarda iştirak edəcək idmançıların yerləşdirilməsi məqsədi ilə Atletlər Kəndi yaradılır. Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri Media Kəndində yerləşdiriləcəklər. Bu ərazidə yaradılacaq mərkəzdə və “Baku Crystal Hall”dakı Media Mərkəzində onlara tələb olunan şərait yaradılacaq.

Əlbəttə ki, Oyunların keçiriləcəyi müddətdə - 2015-ci ilin iyun, iyul aylarında Bakıya çoxsaylı qonaqlar gələcək. Artıq idmançıların, rəsmi nümayəndə heyətlərinin, turistlərin və qonaqların yerləşdirilməsi üçün Bakı və Abşeronda mövcud olan otellərin sayı və tutumu dəqiqləşdirilib. Seçim imkanını artırmaq üçün şəhərə yaxın istirahət düşərgələri və yeni inşa olunan otel komplekslərindən də istifadə olunacaq.

I Avropa Oyunları ilə əlaqədar olaraq, bir sıra idman obyektləri beynəlxalq standartlara uyğunlaşdırılır. Həmin idman obyektləri həm müasir, həm də beynəlxalq federasiyaların texniki tələblərinə uyğun vəziyyətə gətirilir. Bu tələblər, eyni zamanda, məşq prosesinin təşkil edilməsinə də aiddir. Təcrübə göstərir ki, iştirak edən idmançılar məşq zallarının yarış keçirilən arenaların texniki şərtlərinə və şəraitlərinə uyğun olmasını istəyirlər. Bunu da qeyd etmək vacibdir ki, media nümayəndələri idmançıların məşq proseslərini daha çox izləyir və məşq zallarında olan şərait ümumi rəyə ciddi təsir edir.

Vacib sahələrdən biri yarışlar zamanı idmançıların və məşqçilərin, eyni zamanda qonaqların qidalanması, tibbi xidmət və nəqliyyat məsələləridir. Atletlər kəndində xüsusi poliklinika və yeməkxana yaradılır. Eyni zamanda, yarış yerlərində xüsusi qonaqlar üçün VİP salonlar, yarışda iştirak edən idmançıların qidalanması və tamaşaçılar üçün iaşə obyektləri şəbəkəsi formalaşdırılır.

Həmçinin, atletlər kəndində idmançılar, məşqçilər və yardımçı heyət üçün nəzərdə tutulan yaşayış, inzibati, rəsmi və təsərrüfat təyinatlı otaqlar və sahələr müvafiq mebel, avadanlıq və ləvazimatla təchiz edilir. Eyni zamanda, atlet kəndində yerləşəcək bütün kateqoriya qonaqlar üçün müvafiq infrastruktur o cümlədən trenajor zalları, hovuz, xidmət sahələri, bank, foto, kimyəvi təmizləmə, bərbərxana, poçt məntəqəsi, internet klub, kafe, asudə vaxtın keçirilməsi üçün yer və s. yaradılır.

Yarış günlərində şəhərin nəqliyyat sisteminin təkmilləşdirilməsi ilə yanaşı, idmançıların, rəsmi nümayəndə heyətlərinin, jurnalistlərin və digər qonaqların şəhərdə, atletlər kəndi-idman obyektləri marşrutu ilə maneəsiz və fasiləsiz hərəkətini təmin etmək üçün kiçik və irihəcmli nəqliyyat vasitələrinin alınmasına ehtiyac var. Bunun üçün isə Nəqliyyat Nazirliyi tərəfindən kompleks tədbirlər planı hazırlanıb. Bu mənada, 49 ölkənin iştirak edəcəyi bu tədbirdə rəsmi heyətlərin ölkəyə gəlişi və gedişi üçün əsas nəqliyyat bağlantıları olaraq Heydər Əliyev Beynəlxalq Hava Limanı, Bakı Dəmir Yolu Vağzalı, avtomobil nəqliyyatı strukturları nəzərdə tutulur. Qonaqların əksəriyyətinin gəliş və gedişi Heydər Əliyev Beynəlxalq Hava Limanı vasitəsilə nəzərdə tutulur ki, bu da proqnozlara görə iştirakçıların 90 faizə qədərini əhatə edəcək. Nəqliyyat xidmətlərinin göstərilməsində rəsmi heyətlər xüsusi yer tutur. Onlara ayrıca nəqliyyat vasitələrinin ayrılması təmin ediləcək. Olimpiada vaxtı bu şəxsləri, həmçinin idmançıları və onları müşayiət edənləri olimpiya şəhərciyindən olimpiya stadionuna və idman oyunlarının keçiriləcəyi digər obyektlərə, həmçinin turistlərin daşınması həyata keçiriləcək.

Qeyd olunan nəqliyyat xidmətlərinin təşkili üçün artıq nəqliyyat vasitələri, avtobuslar, minik və taksi avtomobilləri, metro vaqonları, mövcud nəqliyyat vasitələri, onların texniki vəziyyəti və təminat imkanları, nəqliyyat xidmətlərinin tam təminatı üçün nəqliyyat parkının yeniləşdirilməsi, Bakı şəhərində nəqliyyat infrastrukturu, gözlənilən sərnişin dövriyyəsinin təmin olunması üçün mövcud vağzalların və hava limanının imkanlarının araşdırılması və tədbirlərin görülməsi, Olimpiya stadionuna və digər idman obyektlərinə gedən əsas yolların genişləndirilməsi və bərpası, burada yeni bağlantıların və qovşaqların inşası, şəhərətrafı istirahət zonalarına gedən yolların genişləndirilməsi və yeni yolların tikintisi, bütün yolların xətlənməsi və yol nişanlarının qoyulması hətaya keçirilir və əsas magistral yolların tikintisi yekunlaşmaq üzrədir.

Bununla yanışı, əsas tədbir və oyunların keçiriləcəyi Bakı Olimpiya Stadionuna gedən yolların, bağlantıların tikintisi üzrə Ziya Bünyadov prospektinin yenidən qurulur və prospekt üzərində yol qovşaqlarının tikintisi davam etdirilir və işlər bu ilin əvvəllərində yekunlaşacaq. Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel olan Həsən Əliyev küçəsinin sonundan Keşlə stansiyasına və Ziya Bünyadov prospekti üzərindən Olimpiya Stadionuna birbaşa yolun tikintisinə başlanılıb. Bu isə 2015-ci ilin birinci rübündə yekunlaşacaq. Həmçinin, Buzovna-Mərdəkan-Qala, Qala-Zığ şosesi bağlantısı 2014-cü ilin birinci yarısında yekunlaşacaq. Şəfa stadionunun qarşısındakı tunel və yeraltı piyada keçidi, Maştağa-Buzovna yolu, Qələbə meydanı qovşağı istismara hazırdır.

Qonaqların gəliş-gedişinin təmin edilməsi və yüksək səviyyədə xidmətin göstərilməsi üçün Bakı dəmir yolu vağzalında yenidənqurma işləri davam etdirilir. Bakıda ictimai nəqliyyatın fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri davam edir, avtobuslarda elektron-ödəmə sisteminə keçid təmin edilir. Vətəndaşlarımıza və qonaqlara yüksək səviyyədə xidmət göstərilməsi üçün mövcud avtobus və taksi parkı da əsaslı şəkildə bərpa edilir və yeniləşdirilir.

Bir sözlə, I Avropa Oyunlarına hazırlıq işləri yüksək səviyyədə və sürətlə davam edir. Prezident İlham Əliyev yanvarın 9-da keçirilmiş Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib ki, biz Avropa Oyunlarına hazırlıq üçün həlledici ilə qədəm qoyuruq. Bütün aidiyyəti qurumlar görülən işlərə daha da böyük diqqət yetirməlidir ki, biz hazırlıq işlərinin əsas hissəsini bu il başa çatdıraq: “Təhlükəsizlik, nəqliyyat məsələləri, qonaqların, idmançıların yerləşməsi, Olimpiya şəhərciyinin yaranması və digər məsələlər çox ciddi diqqət tələb edir”.

Əlbəttə ki, dünya idmanının tarixində ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi etmək missiyasının Bakının üzərinə qoyulması dövlətimiz üçün böyük önəm daşıyır. Oyunlar zamanı paytaxtımıza 10 minədək idmançının, məşqçinin, rəsmi şəxsin, jurnalistin gələcəyi gözlənilir. Yarış günlərində Avropanın, eləcə də dünyanın aparıcı telekanalları Bakıdan xəbərlər yayacaq, paytaxtımız növbəti dəfə dünya idmanının mərkəzinə çevriləcək. Bundan başqa, Oyunlar Azərbaycanda turizmin, nəqliyyat infrastrukturunun və digər sahələrin inkişafına da böyük təkan verəcək. Avropa Oyunlarının keçirilməsində əldə edəcəyimiz təcrübə gələcəkdə digər mühüm yarışlara ev sahibliyi etməyimizə şərait yaradacaq və təcrübəmizi artıracaq. Ən əsası isə Yay Olimpiya Oyunlarına təşkilatçılıq etmək şanslarımız artacaq. Prezident İlham Əliyevin sözlərilə desək, biz bu Oyunları ən yüksək səviyyədə keçirəcəyik. Çünki, Azərbaycanda qoyulan standartlar bundan sonra Avropa Oyunları üçün bir standart kimi qəbul ediləcək.

 

Rəşad Bağırov

 

İki sahil.- 2014.- 16 yanvar.- S.5.