20 Yanvar-qürur və
qəhrəmanlıq tariximiz
“Biz Vətənin
azadlığı və müstəqilliyi uğrunda
canlarından keçmiş şəhidlərimizlə
fəxr edirik. Onların xatirəsi bizim qəlblərimizdə həmişə yaşayacaqdır”.
Heydər ƏLİYEV,
Ümummilli lider
20 Yanvar faciəsindən 24 il
ötsə də, o müdhiş
gecənin ağrı-acısı hələ də qəlblərimizi
göynətməkdədir. 1990-cı il
yanvarın 19-dan 20-nə keçən gecə Sovet
imperiyasının nəhəng hərb maşını Azərbaycanda
müstəqillik uğrunda aparılan
milli-azadlıq mübarizəsini
qan gölündə boğmaq
üçün bir
neçə istiqamətdən Bakı üzərinə yeridi. XX əsrdə
insanlığa qarşı törədilmiş
zorakılığın, qeyri-insani rəftarın,
işgəncələrin ən dəhşətlilərindən
biri olmaqla, hər birimizin yaddaşına “qanlı şənbə
gecəsi” kimi həkk olunan
bu hərbi təcavüz nəticəsində
yüzlərlə vətəndaşımız dillərində
azadlıq nəğməsi şəhidlik zirvəsinə
yüksəldi. Bu, yalnız yüzlərlə
insanlara edilən qəsd deyil,
bütövlükdə xalqımıza, millətimizə və
respublikamıza qarşı həyata keçirilən bir cinayət aksiyası idi.
Heç
bir xəbərdarlıq edilmədən
şəhərə yeridilən 66 min nəfərlik
sovet qoşun hissələri,
tanklar və BTR-lər Bakı
küçələrində qarşılarına
çıxan hər şeyi əzir, hər
yanı amansız atəşə tuturdular.
İnsanlar nəinki küçələrdə,
hətta avtobusda gedərkən, öz mənzillərində güllələrə
tuş gəlirdilər. Yaralıları aparmağa gələn “təcili yardım”
maşınlarını və tibb
işçilərini də atəşə tuturdular.
Həmin gecə Bakının müxtəlif
rayonlarında sovet əsgərləri tərəfindən
121 insan qətlə yetirildi,
700-dən artıq vətəndaş yaralandı və xəsarət
aldı. Sonrakı günlər də daxil
olmaqla 132 nəfər həlak olmuşdur ki, onlardan da 123-ü kişi, 5-i qadın, 4-ü uşaq idi.
20 Yanvar
faciəsində azərbaycanlılarla yanaşı, Bakıda yaşayan 6 rus, 3 tatar, 3 yəhudi həlak olmuşdur.
Həlak olanların arasında 4 milis işçisi, 1 həkim, 1 aspirant,
3 elmlər doktoru olub.
Qeydə alınan 700-dən çox
yaralının 25-i qadın, 20-si uşaq idi.
20 Yanvar faciəsindən dərhal sonra Ümummilli lider Heydər Əliyev həyatını təhlükədə
qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş,
Bakıda baş verənlərlə
bağlı həqiqəti bütün dünyaya çatdıraraq, bu
cinayətin birbaşa təşkilatçısı
olan o vaxtkı SSRİ rəhbərliyini əli
qana bulaşmış qatil
adlandırmışdır. Xalqımızın ümummilli lideri Heydər
Əliyevin 21 yanvar tarixli
bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi - özü də
imperiyanın mərkəzində, Moskvada...
20 Yanvar öz
torpaqlarının müdafiəsinə qalxmış,
haqsızlığa və ədalətsizliyə qarşı öz haqq səsini
ucaltmış, bunun müqabilində güclü və qansız düşmənlə
üz-üzə qalmış dinc, əliyalın
insanların mərdlik, rəşadət, qürur
və qəhrəmanlıq tarixidir.
Xalqımız
1990-cı ilin 20 Yanvarını həm
faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. Həmin gün
çətin sınaga çəkilən Azərbaycan
xalqı bu sınaqdan qəhrəmancasına,
üzüag, müstəqillik və
torpaqlarımızın bütövlüyü
ugrunda mübarizələrdən mətin bir döyüsçü
kimi çıxdı.
Azərbaycan
xalqının milli-azadlıq uğrunda
mübarizəsini boğaraq, ona mənəvi zərbə vurmaq
məqsədi daşıyan bu təcavüzkarlıq
aksiyası, milli azadlığı və
ölkəsinin ərazi bütövlüyü
uğrunda mübarizəyə
qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror
nəticəsində yüzlərlə
günahsız insanın qətlə yetirilməsi və
yaralanması totalitar sovet
rejiminin süqutu ərəfəsində
onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş
etdirdi. Düşmənlərimiz öz çirkin məqsədlərinə
çata bilmədilər. Azərbaycan
xalqı bu qəddar, misli
görünməmiş vəhşilik və
amansızlıqla həyata keçirilmiş
cəza tədbirindən nəinki qorxdu, əksinə
qəlbində uzun illər bəslədiyi
azadlıq arzularını bütün məhrumiyyətlərə
baxmayaraq həyata keçirdi.
Hazırkı müstəqil və dinamik inkişafda olan, dünya dövlətləri arasında
sayılıb-seçilən Azərbaycan 20 Yanvar
gecəsi şəhid olan
soydaşlarımızın öz
canlarını əbəs yerə qurban
vermədiklərinə ən parlaq sübutdur.
Ümummilli lider Heydər
Əliyevin ikinci dəfə hakimiyyətə
qayıdışından sonra “20 Yanvar faciəsinin 4-cü ildönümünün
keçirilməsi haqqında” 5 yanvar
1994-cü il tarixlı fərmanı ilə
Milli Məclisə 20 Yanvar
hadisələrinə tam siyasi-hüquqi
qiymət verilməsi tövsiyə olundu. Milli Məclisdə
müzakirələrin yekunu olaraq 1994-cü il
martın 29-da “1990-cı il yanvarın 20-də
Bakıda törədilmiş faciəli hadisələr
haqqında” qərar qəbul edildi. Qərarda 1990-cı ilin qanlı
20 yanvar faciəsinə dövlət səviyyəsində
tam siyasi-hüquqi qiymət
verildi. 17 yanvar 2000-ci il tarixli növbəti fərmanla
isə 20 Yanvar təcavüzü
zamanı yüksək vətəndaşlıq nümunəsi
göstərərək həlak olmuş
Azərbaycan Respublikası vətandaşlarına “20 Yanvar şəhidi” fəxri adı verilmişdir.
Xalqımızın
azadlıq uğrunda dünyaya
səs salmış mübarizəsinin önündə
sumqayıtlılar da olmuş
və Sumqayıt şəhəri də bu
böyük azadlıq yolunda
şəhidlər vermişdir ki, onların arasında Azərbaycan kimya elmində xidmətləri olan
kimya elmləri doktorları İbrahim İbrahimov,
İsmayıl Mursaqulov və Svetlana Məmmədova
da olmuşdur. Onlar həmin ağır günlərdə
Bakıdan Sumqayıta işə gələrkən
maşınları Sovet tankı tərəfindən
qəzaya uğradılmışdır. Onların
şəhidlik zirvəsinə ucalmaları Azərbaycanın
düşünən beyninə, təfəkkürünə
qarşı törədilmiş ağır cinayət kimi qiymətləndirilməli, beynəlxalq hüquq təşkilatları Sovet
imperiyasının ölkəmizə qarşı törətdiyi
bu ağır cinayətlərə hüquqi qiymət verməlidirlər.
1990-cı ilin 20 Yanvarında şəhid olmuş
soydaşlarımız gənclərimiz üçün
qəhrəmanlıq, Vətənə sədaqət və rəşadət
rəmzidirlər. Onların qəhrəmanlığı gənclərimizdə
iradə, qorxmazlıq, doğma torpaq uğrunda hər an şücaətlə döyüşə
atılmaq kimi keyfiyyətlərin təşəkkül
tapmasında böyük rol
oynayır.
Möhtərəm Prezidentimiz İlham
Əliyev müharibə veteranlarına, şəhid ailələrinə,
əlillərə daim diqqət və
qayğı göstərir. Bu gün respublikamızda bu qəbildən olan vətəndaşlarımızın
problemlərinin dövlət səviyyəsində həlli mühüm vəzifə kimi
qarşıya qoyulub. Ölkəmizin iqtisadi cəhətdən qüdrətlənməsi
özünü bu
insanların həyat və məişətində daha qabarıq göstərir.
20 Yanvar
faciəsini respublikamız hər il ümumxalq hüzn günü kimi geniş qeyd edir. Dövlət başçısının
Şəhidlər Xiyabanı kompleksinin
yenidən qurulması ilə bağlı Sərəncamı
şəhidlərimizin xatirəsinə ehtiramın daha bir nümunəsidir. Bu gün Şəhidlər
Xiyabanı xalqımızın müqəddəs and yerinə, ziyarətgahına çevrilmişdir. Azərbaycan
xalqının imperializmə, çoxəsrlik əsarətə
qarşı vuruşunun təntənəsi
günü, keçmiş
SSRİ-nin süqutuna
ilk və ən güclü,
sarsıdıcı zərbənin vurulduğu
gün kimi tarixə
yazılmış 20 Yanvar səhidlərinin
nurlu xatirəsi hər bir
azərbaycanlının qəlbində əbədi
yasayacaqdır.
Muxtar Babayev,
Milli Məclisin deputatı
İki
sahil.- 2014.- 17 yanvar.- S.8.