20 Yanvar
faciəsi Azərbaycan
tarixində mühüm bir mərhələdir
1990-cı il yanvarın 20-də Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə, keçmiş SSRİ rəhbərliyinin Azərbaycanla bağlı apardığı qərəzli siyasətə, yerli rəhbərliyin xalqımızın mənafeyinə zidd mövqedə durmasına qarşı etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutmaq məqsədilə Bakıya və respublikanın digər rayonlarına sovet hərbi hissələri yeridildi. Dinc əhalinin kütləvi etiraz aksiyalarının ağır hərbi texnikanın köməyi ilə vəhşicəsinə dağıdılması təkcə süquta uğramaqda olan sovet siyasi sisteminin qorunması cəhdi kimi deyil, həm də azərbaycanlıların tarixi torpaqlarından sıxışdırılıb çıxarılması ilə bağlı Çar Rusiyasının əsrlərlə apardığı mənfur siyasətin yeni şəraitdə davamı idi.
Qanlı faciəni yetişdirən
siyasi-ictimai vəziyyət
Qeyd edək ki, 1980-ci illərin
sonlarında Azərbaycanda ictimai-siyasi vəziyyət
kəskinləşirdi.
20 Yanvar faciəsi törədilən zaman Azərbaycan xalqı ağır iflic vəziyyətinə və informasiya blokadasına salınmışdı,
radio, televiziya susdurulmuşdu, onun enerji bloku silahlı hərbiçilər
tərəfindən vəhşicəsinə
partladılmış, mətbuat vasitələrinin nəşrinə
qadağa qoyulmuşdu. Elə yanvarın 19-da axşam Azərbaycan Televiziyasının enerji bloku
partladıldı. 20 Yanvar faciəsini
araşdıran dövlət komissiyası tərəfindən
sübut edilib ki, həmin partlayış DTK tərəfindən
törədilərək həyata keçirilib.
Hakimiyyətin
mənbəyi sayılan və öz
hüquqları uğrunda
düşüncəsi, fikri, sözü, həmrəyliyi ilə mübarizəyə
qalxmış bir xalq
1990-cı il yanvarın 19-dan 20-nə
keçən gecə öz zəhmli ordusunun tankları, işıq saçan
zəhərli güllələri, xüsusi
təyinatlı hərbi dəstələri,
pozuculuq-təxribat işlərini təşkil edən çevik qrupları ilə üzləşdi.
Görünməmiş
qəddarlıqla keçirilən cəza tədbirləri nəticəsində
heç bir
günahı olmayan 131 dinc
sakin öldürüldü,
744 nəfər yaralandı, 841 nəfər qanunsuz
həbs olundu. Həlak olanların
arasında qadınlar, uşaqlar və qocalar olub. Bu
hadisə sovet rejiminin
törətdiyi ən qanlı faciələrdən biri və dinc əhaliyə
qarşı yönəlmiş vəhşi bir
cinayət hadisəsi idi.
Bakıda fövqəladə
vəziyyət tətbiq edilməsinə baxmayaraq,
yanvarın 22-də Azərbaycan xalqı şəhidləri ilə
vidalaşdı. Respublikada 3 gün matəm elan olunmuşdu.
Faciə xalqı yumruq kimi birləşdirdi
Beləliklə
də, keçmiş SSRİ rəhbərliyinin
Azərbaycan xalqının demokratiya və
milli azadlıq uğrunda
mübarizəsini boğmaq məqsədi
daşıyan vandal hərəkəti nəticəsində
1990-cı il yanvarın 19-dan 20-ə
keçən gecə Bakıda görünməmiş vəhşiliklərə
yol verildi, günahsız insanlar, o cümlədən
uşaqlar, qocalar,
qadınlar qətlə yetirildi, yüzlərlə
adam müxtəlif dərəcəli bədən
xəsarəti aldı. Böyük itkilərlə,
günahsız insanların qətli ilə nəticələnən
20 Yanvar faciəsi M.Qorbaçov
başda olmaqla cinayətkar
imperiya rəhbərliyinin Azərbaycana
qarşı xəyanətkar siyasətinə dözməyən,
öz azadlığına, müstəqilliyinə
can atan
xalqımızın həm də mübarizliyini,
əyilməzliyini, məğrurluğunu nümayiş
etdirdi. Məhz bunun nəticəsində
uzun illərdən bəri arzusunda
olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik
əldə etdi.
1990-cı il 20 Yanvar hadisələri
Azərbaycan xalqının milli bütövlüyünü təsdiqləyən
ən böyük hadisələrdən biri kimi tarixin
yaddaşına əbədi həkk edildi.
Bu faciə
xalqı yumruq kimi birləşdirdi
və bütün dünya
azərbaycanlılarının gücünü
ifadə etdi. 20 Yanvar
faciəsi bütün dünyanı lərzəyə
gətirsə də, yerli hakimiyyət
orqanları baş verənlərin üzərindən
sükutla keçməyə üstünlük verir,
xalqın milli faciəsinə laqeyd münasibətlərini ortaya
qoyaraq Kremlin qəzəbinə
tuş gəlmək istəmirdi.
Lakin xalqın bu ağır günlərində,
yanvarın 21-də Heydər Əliyev Azərbaycanın
Moskvadakı daimi nümayəndəliyinə
gələrək, təşkil olunmuş
yığıncaqda çıxış edərək, xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə
siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd
olduğunu, mərkəzin və o
zamankı respublika rəhbərlərinin
günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu
göstərdi. O, baş vermiş faciə ilə əlaqədar
xalqımıza başsağlığı verdi
və mətbuat konfransı keçirib, başda Qorbaçov olmaqla Bakıdakı terror
aktına rəvac verən hakimiyyət nümayəndələrini
və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə
bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırdı və bu vəhşiliyə etiraz
əlaməti olaraq Kommunist
Partiyası sıralarından çıxdığını
bəyan etdi. Bu tarixi çıxışın mətni dünyaya, respublikaya geniş yayıldı. Xalqın qəlbində
ümid çırağı yandı.
Bu məqamda qeyd edək ki, sabiq SSRİ prezidenti M.Qorbaçov 1995-ci ilin aprel ayında Türkiyədə səfərdə olarkən 1990-cı il yanvar qırğınından bəhs edib, “Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımda ən böyük səhvim idi” deyərək öz günahını etiraf edib.
20 Yanvar hadisələrinə
ilk dəfə
siyasi-hüquqi
qiyməti Heydər Əliyev verdi
1990-cı
ilin iyulunda Moskvadan vətənə qayıdan Heydər
Əliyevin təşəbbüsü ilə həmin il noyabr ayının 21-də
Naxçıvan Muxtar Respublikasının
Ali Məclisində 20 Yanvar
faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul
edildi.
Naxçıvan Ali Məclisində
qəbul edilmiş və 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət verən, eyni zamanda Azərbaycan
xalqının ümumi rəyini
özündə təcəssüm etdirən bu
qərar Heydər Əliyev qətiyyətinin təzahürü
kimi tarixə düşdü.
Sənəddə respublika səviyyəsində
20 Yanvar faciəsinə siyasi-hüquqi
qiymətin verilməsi respublika rəhbərliyindən
tələb edilirdi.
Ölkəmiz
müstəqillik qazandıqdan sonra da 1993-cü ilə qədər iqtidarda olanların heç
biri faciə ilə bağlı əsil həqiqəti
aşkar etməyə özündə cəsarət
tapmadı. Ayaz Mütəllibov
iqtidarı, sonra isə AXC-Müsavat
qaragüruhu 20 Yanvar
hadisələrinə siyasi-hüquqi qiymət
vermək barədə
düşünmədi. Baxmayaraq ki, hadisəyə siyasi-hüquqi
qiymətin verilməsi istiqamətində çox
iş görmək olardı. O illərdə
hakimiyyətdə olanların cəsarətsizliyi və xəyanətinin
nəticəsi kimi az qala bu faciə də unudulurdu, onu törədən
cinayətkarlar da.
Yalnız
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkə rəhbərliyinə
qayıdışından sonra 1994-cü ilin 20 Yanvar hadisələrinin
hüquqi müstəvidə əsil mahiyyəti
açıqlandı. 1994-cü il
yanvarın 12-də keçirdiyi
müşavirədə Ümummilli Lider Heydər Əliyev bu
barədə deyirdi: “Xalqa təcavüz olunmuş, günahkarlar isə
hələ müəyyənləşdirilməmişdir. Görünür ki,
ötən yaxın illərdəki Sovetlər Birliyi,
respublika rəhbərliyi, məsul şəxslər
öz mənafeləri naminə bu böyük faciənin əsil
mahiyyətini xalqa bəyan etməmişlər”.
Ulu Öndərin 20 Yanvar faciəsinin 4-cü
ildönümünün keçirilməsi ilə
bağlı 1994-cü il yanvarın 5-də
imzaladığı Fərmanda həm də Milli Məclisə
hadisəyə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə
olunurdu. Bu
qiymət xalqımızın müstəqillik yolunda
çarpışmasının dolğun
mənzərəsini əks etdirməli idi.1994-cü il mart ayının 29-da respublika parlamenti
“1990-cı il yanvarın 20-də Bakıda
törədilmiş faciəli hadisələr haqqında” qərar
qəbul etdi. Beləliklə də 20 Yanvar faciəsi
məhz Ümummilli Lider
Heydər Əliyevin prinsipial və
ardıcıl mübarizəsindən sonra
öz hüquqi-siyasi
qiymətini aldı.
Prezident İlham Əliyev 1990-cı ilin yanvarında şəhid olmuş
oğul və qızlarımızın
xatirəsinin əbədiləşdirilməsi,
adlarının uca tutulması, onların
ailələrinin, övladlarının sosial
müdafiəsinin gücləndirilməsi üçün
mühüm sənədlər
imzalayıb. Dövlət
başçısının 19 yanvar
2006-cı il tarixli “20
Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis
edilməsi haqqında” Fərmanı da bu məqsədə xidmət edir.
Bu gün Bakının
ən yüksək nöqtələrindən birində hər
bir azərbaycanlı üçün
müqəddəs and yerinə çevrilmiş bir ünvan var. Bu, 20 Yanvar faciəsi
qurbanlarının və Ermənistanın hərbi təcavüzünə
qarşı döyüşlərdə həlak olanların dəfn
edildiyi Şəhidlər
Xiyabanıdır. Azərbaycan Prezidenti Cənab
İlham Əliyevin təşəbbüsü
ilə Şəhidlər Xiyabanında əsaslı təmir və
yenidənqurma işləri aparılıb, həmçinin, 20
Yanvar şəhidlərinin xatirəsinə
kompleks də ucaldılıb.
20 Yanvar
xalqımızın tarixində
bir qəhrəmanlıq səhifəsidir
Azərbaycan
xalqı azadlıq uğrunda
canlarını qurban edən şəhidlərimizin
və cəsur Vətən övladlarının qəhrəmanlıq
mübarizəsini çox böyük
hörmət və ehtiramla əziz tutur, onların igidliyini
yüksək qiymətləndirir. Şəhidlərimizin
qanı bahasına qazanılan müstəqilliyimizi qanımızla və
canımızla qorumalı, Ümummilli Liderimiz Heydər Əliyevin dediyi
kimi, onu daimi, əbədi və dönməz etməliyik.
Çünki 20 Yanvar
hadisələri Azərbaycanın azadlığı və ərazi
bütövlüyü uğrunda
mübarizə tarixinə həm də qəhrəmanlıq səhifəsi
kimi yazılıb. Bu
mənada 20 Yanvarın Azərbaycanın tarixində ölkəmizin
azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda
mübarizədə qəhrəmanlıq salnaməsi kimi böyük əhəmiyyəti
var. Həmin gün öz ölkəsinin, xalqının
azadlığını, şərəf və ləyaqətini
uca tutan vətən
övladları canlarından keçərək şəhidlik
zirvəsinə ucaldılar. Vətənin azadlığı, suverenliyi uğrunda özlərini
qurban verən şəhidlərin xatirəsi
həmişə qəlbimizdə yaşayacaq.
“Səs” Analitik Qrupu
İki sahil.- 2014.- 18 yanvar.- S.10.