Şəhidlər
ölməz, Vətən bölünməz!
20 Yanvarın salnaməmizə
qara hərflərlə yazılan qəhrəmanlıq
tarixi olduğunu
yaşından asılı olmayaraq hər
kəs dərk edir. Hər il
bu tarix tək Azərbaycanda
deyil, dünyanın bir
çox ölkələrində milli hüzn kimi qeyd olunur.
Həmin gün dilimizə şəhidlik sözünü şücaətləri ilə
yazdıran, milli azadlıq yolunda
canlarından keçən 133 soydaşımızla
bağlı xatirələr yad olunur.
...24 il
bundan əvvəl rus
imperiyası xalqların milli oyanış
istəyini susdurmaq üçün
Alma-Atada, Vilnüsdə, Tbilisidə
sınaqdan keçirdiyi “qanlı,
qadalı təcrübəni” Bakıda da
tətbiq etdi. Qaniçən ermənilərdən,
peşəkar döyüşçülərdən təşkil
olunmuş “qızıl ordu”
zirehli hərbi maşınlarını,
tanklarını imperiyanın əsarətindən qurtarmaq üçün haqq səsini ucaldan dinc əhalinin üstünə yeritdi. Heç bir xəbərdarlıq edilmədən
insanlara qarşı vəhşiliklər
törədən “xilaskarlar” sovetlər birliyinin rəzil rəhbəri Qorbaçovun,
onun komandasında təmsil olunan Yazovun, Bakatinin birgə hazırladıqları planlar əsasında Bakıda qanlı
qırğınlar törətdilər. İnsanların
azadlıq, istiqlaliyyət, müstəqillik səslərini
güllələrin dili ilə susdurmağa çalışdılar. Amma unutdular ki, zalımın zülmü
olsa da, haqqın da bükülməz qolu,
dönməz üzü vardır.
Canlı sipər çəkməklə tankların
qarşısını kəsən, düşmənə meydan oxuyan
oğullarımız ölümləri ilə imperiyanın gücsüzlüyünü göstərdilər.
Bu
zülmə qarşı ilk
etirazını bildirən, o zaman Moskvada yaşayan xalqımızın müdrik
oğlu, Vətənini, xalqını
canından artıq sevən Heydər Əliyev təhdid və
təzyiqlərdən çəkinməyərək Azərbaycanın
Rusiyadakı səfirliyinə gedərək 20 Yanvar
qırğınlarını
ölkəmizin suverenliyinə qarşı törədilmiş
zorakılıq, təcavüzkarlıq adlandırdı. Ulu öndər faciə ilə bağlı Azərbaycan
xalqına teleqram göndərərək
insanları belə ağır məqamlarda birliyə, həmrəyliyə
çağırdı.
Azərbaycana
ordu yeridilməsinə bilavasitə imkan yaradan Vəzirov və
onun ətrafına toplaşmış Kremlin sadiq qulları təhlükənin,
qırğınların törədə biləcəyi faciənin
acı nəticələrini bildikləri halda
belə düşünməyərək dinc
insanların ölümünə səbəb oldular.
Yanvarın
19-da Sədərəkdə ilk
qurbanlarını- kiçik yaşlı
qardaşları şəhid verən Azərbaycan sonra daha böyük
qırğınlara məruz qaldı. Bakının sübh sükutunu pozan tankların və güllərin səsindən
hələ də nələrin baş verdiyini dərk etməyən insanlar inana bilmirdilər ki, illərdən
bəri özlərinə “ böyük qardaş” hesab edib, hər əmrlərinə müntəzir
olduqları imperiya qaniçənləri
belə qırğınlar törədə bilər.
Amma imperiyanı, dağılmaqda olan
sovetləri qoruyub saxlamaq
istəyən, sələfləri Pyotrun “parçala, hökm et” vəsiyyətinə sadiq
qalanlar üçün
SSRİ-nin “ qardaşlıq ailəsi”ndə
zorla saxlanılan xalqların azadılq,
müstəqillik çağırışları kabus kimi qorxulu
idi.
Xüsusilə təbii sərvətləri ilə zəngin olan Azərbaycanı itirmək imperiyanın şah damarının kəsilməsi idi. Buna görə də
nəyin bahasına olursa olsun
Bakıdan yüksələn azadlıq səslərini susdurmaq əmri verilmişdi.
24 il bundan əvvəl
törədilən qırğınlar məhz bu
məqsədlə həyata keçirilsə də Azərbaycan
xalqını güllələrin səsi ilə inamından
dönməyə cəhd edən, diz
çökdürməyə çalışanlar niyyətlərinə
çata bilmədilər. Unutdular ki, üstünə tanklar yeritdikləri, bu qəhrəman
oğullar heç vaxt düşmənə arxa
çevirməmiş, sıralarını, səflərini
pozmamışlar. 20 Yanvar
qırğınlarında Vətən yolunda
qurban gedən şəhidlərimiz
ölümləri ilə cəlladlarına qəhrəmanlıq
dərsi öyrətdilər. Əbədiyyətə qovuşmaqla ölməzliyin zirvəsinə qalxaraq Azərbaycan xalqının qəhrəmanlıq
tarixinə yeni səhifələr
yazdılar.
Bu gün həmin tarixi anları bütünlükdə Azərbaycan
xalqı üçün müqəddəs
olan Şəhidlər xiyabanında
sıralanan məzar daşları yaşadır.
Bakının ən yüksək, müqəddəs məkanında
uyuyan qəhrəmanlarımız
daşlaşmış şəkillərinin dili
ilə onları ziyarət edən soydaşlarımıza, qonaqlara “biz varıq,
olacağıq, həmişə qalacağıq” deyirlər.
Şəhidlər
ölməz, Vətən bölünməz. Tanrı bütün şəhidlərimizə rəhmət
etsin.
Xuraman
İsmayılqızı
İki sahil.- 2014.- 18 yanvar.- S.9.