Uşaqlar nə istəyir?

 

Azyaşlı uşaqların telefondan istifadəsinin zərərli təsirlərinə yalnız şüalanma deyil, zərərli bir vərdişə çevrilməsi kontekstindən də yanaşılır

Uşaqların mobil telefon və kompyuterlərdən  asılı hala gəlməsində ana və ataların “böyük”  rolu övladlarını daha böyük təhlükə altına atır

Artıq dünyanı informasiya və kommunikasiya texnologiyalarının bəxş etdiyi yeniliklərsiz təsəvvür etmək qeyri-mümkündür. Ancaq bu yeniliklər uğurları ilə yanaşı, zərərləri ilə də həyatımıza daxil olmaqdadır.

 

Bu gün internet texnologiyalar azyaşlı uşaqlar, yeniyetmələr və gənclərin həyatının tam bir hissəsinə çevrilib. Eyni zamanda, uşaqlar da bütün kompyuter yeniliklərini - sosial şəbəkələri, onlayn oyunları, müxtəlif proqramları sürətlə mənimsəyərək onlara alışırlar. İlk baxışdan normal, hətta yaxşı işlərdir. Uşaqlarımız inkişaf edir, daha yeni, daha mütərəqqi və son texnologiyalardan yararlanmağı öyrənirlər. Bir sözlə, zəmanə adamı olurlar.

Gündəlik həyatımızda mobil cihazlardan və kompyuterlərdən istifadə son vaxtlar getdikcə daha da artmaqdadır. Onların yaydığı elektromaqnit dalğalarının insan sağlamlığı üçün təhdid yaratdığını deyən alimlər bildiriblər ki, bu təsirlərin inkişaf dövründəki uşaqlar üçün önəmli təsirləri var. Xüsusilə də hamilə qadınlar və uşaqlar elektromaqnit dalğalardan uzaq olmalıdırlar. Buna görə də 16 yaşından kiçik uşaqlar mobil telefondan istifadə etməməlidirlər.

Ekspertlər də belə hesab edirlər ki, azyaşlı uşaqların telefondan istifadəsinin zərərli təsirlərinə yalnız şüalanma deyil, zərərli bir vərdişə çevrilməsi kontekstindən də yanaşır. Müasir texnologiya kimi bundan istifadə edilir, kosmosdan dalğalar ötürülür və onun sürəti insan qulağından keçərək düşünmə, yaşama, həyatda mövcud olma mərkəzi olan beyində bir hüceyrəyə təsir edir ki, adi bir təsir, hüceyrənin özünün tərpənməsi, öz oxundan çıxması digər xəstəliklərə səbəb olur. Məsələn, sinir pozğunluğuna, digər somatik xəstəliklərə gətirib çıxara bilir. Bu baxımdan hesab edirəm ki, bu zərərli bir işdir.

Uşaqların texnologiyadan asılı hala gəlməsində ana və ataların böyük rolu var. Uşağın sakit dayanması və yaxud da yemək vaxtı onunçün maraqlı olan cizgi filmləri, videoçarxları izləmələri üçün dərhal iPad-də, telefonda, kompyuterdə “youtube” açırlar. Uşaq səndən yalnız bunları istəmir. Uşaq səndən özünə diqqət istəyir. Uşağın artıq yavaş-yavaş öyrəşir virtual yoldaşlarına, yəni izlədiyi filmlərə. Uşağı oraya sövq edən elə məhz valideynlərdir. Uşağın ruh sağlamlığı üçün zaman ayırmaq vəzifəmizdir.

Televiziya bu gün bir informasiya vasitəsi kimi evlərə geniş şəkildə nüfuz edərək ailələrin gündəlik vaxtının böyük hissəsini özünə cəlb edir. Belə ki, bir çox evlərdə televizordan istifadə vaxtı hətta 8-10 saatı keçərək, xüsusən uşaq və yeniyetmələrin əyləncə vasitəsinə çevrilib. Televiziyanın həm faydalı, həm də zərərli cəhətləri var. Televizordan istifadə vaxtlarının düzgün müəyyən edilməməsi bir çox mənfi təsirlərə səbəb olduğundan, bu məsələ daim valideynlərin diqqət mərkəzində olmalıdır.

Bunun üçünsə uşaqlarımızın, gənclərimizin baxdığı filmləri, internetdən necə istifadə etmələrini nəzarətdə saxlamalı, bəzilərinə isə onlarla birlikdə tamaşa etməliyik. Belə etsək, onlarda bəzi neqativ halların qarşısını da almış olarıq.

Dünyada aparılan araşdırmalar göstərir ki, mobil telefon və kompyuterlər uşaqları daha böyük təhlükə altına atır, hələ inkişaf etməmiş uşaq toxumalarına böyüklərdən 10 dəfə artıq mənfi təsirini göstərir. Dünya Sağlamlıq Təşkilatı mobil telefonun xərçəng və beyin şişinə səbəb olduğunu açıqlayıb. Hesabatda bildirilirdi ki, araşdırmalar nəticəsində 12 yaşından kiçik uşaqların mobil telefondan qətiyyən istifadə etməməsi, 13-20 yaşındakı yetkinlik yaşına çatan uşaqların isə sadəcə təcili durumlarda istifadə etməsi məsləhət görülür.

Həkimlərin sözlərinə görə, mobil telefonlardakı ən böyük təhlükə hər an insanın yanında olması və qulağa tutulduğundan beyinə daha yaxın olması risklidir. Mobil telefonla 6 dəqiqədən artıq danışdıqda qulaq və beyin toxumalarında isinmənin yarandığı və baş ağrılarına səbəb olduğunu düşündükdə təhlükəni təxmin etmək elə də çətin olmur. Buna görə də bu təhlükələrdən uşaqları mümkün qədər uzaq tutmaq lazımdır.

 

Orxan Vahidoğlu

 

İki sahil.- 2014.- 23 yanvar.- S.9.