Ölkənin əsas
inkişaf dinamikasını
iqtisadi güc müəyyən
edir
Davos İqtisadi Forumunun 44-cü toplantısı Azərbaycanın uğurlarına bir daha işıq salacaq
Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası ötən ilin uğurları fonunda cari ilə baxış kimi dəyərləndirildi. Dövlət başçısı İlham Əliyev əldə olunan uğurları rəqəmlər əsasında diqqətə çatdıraraq bu inamı ifadə etdi ki, 2014-cü il də ölkə iqtisadiyyatı üçün uğurlu olacaq.
Bu inamı şərtləndirən
əsas amillərdən biri həyata keçirilən
islahatların zamanın tələbinə
uyğunlaşdırılmasıdır. Dövlət
başçısı İlham Əliyevin ölkəmizin 22
illik müstəqillik tarixində əldə etdiyi uğurlara
söykənərək təsdiqlədiyi “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasında yeni hədəflər
müəyyənləşdirilib və konkret olaraq həlli
yolları açıqlanıb.
2013-cü ilin statistikasına diqqət
yetirək. Ümumi daxili məhsul 6 faiz, qeyri-neft sektoru 9,8 faiz artıb. Əhalinin pul gəlirləri
8 faiz çoxalıb. İnflyasiya 2,4
faizdir. Ölkə iqtisadiyyatına 28 milyard
dollar investisiya qoyulub. Valyuta ehtiyatları
50 milyard dollar səviyyəsindədir. Bu,
ÜDM-nin 70 faizini təşkil edir. Təkcə ötən
il 110 min yeni iş yeri açılıb
ki, onlardan 80 mini daimidir. İşsizliyin səviyyəsi 5,
yoxsulluğun səviyyəsi 5,3 faizə
enib. Azərbaycanın xarici dövlət borcu
ÜDM-nin 8 faizini təşkil edir. Əmək
haqları və pensiyalar artırılıb. Reallıq bu faktı təsdiqləyir ki, iqtisadi tərəqqi
güclü sosial siyasətlə tamamlanır. Dövlət başçısı İlham
Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin
dəstəyini qazanaraq Prezident seçildiyi dövrdən bu
fikri hər çıxışında bəyan edir ki,
iqtisadi göstəricilər təkcə rəqəmlərdə
deyil, insanların gündəlik həyatında öz əksini
tapmalıdır. Buna əsas verən əsas
amil isə uğurlu sosial-iqtisadi islahatlardır.
Dinamik inkişafın konturlarını müəyyənləşdirərkən
regionların potensialından səmərəli istifadəni
vacib şərt kimi önə çəkən dövlət
başçısı İlham Əliyevin təsdiqlədiyi
regional inkişaf proqramları qarşıya qoyulan məqsədlərə
yüksək səviyyədə nail olmağa stimul verir. Bildirilir ki, Azərbaycanın hərtərəfli
inkişafını təmin etmək üçün
islahatlar regionlar üzrə, proqramlar əsasında həyata
keçirilməlidir. Ən əsası gələcək
planları gerçəkləşdirmək üçün
ilk növbədə maliyyə intizamı olmalıdır.
Neft gəlirlərinin idarə olunmasında
şəffaflıq prinsipinin qorunması mühüm
sosial-iqtisadi layihələrin həyata keçirilməsini
daha da sürətləndirir. Məhz bu
şəffaflığın, eyni zamanda kompleks tədbirlərin
nəticəsidir ki, bu gün paytaxt və bölgələr
arasında fərq müəyyən mənada aradan
götürülmüş, bölgələr arasında
sağlam rəqabət aparılaraq, quruculuq, abadlıq işlərinin
geniş vüsət alıb. Dövlət
başçısı İlham Əliyevin söylədiyi
“Yalnız bütün əhalimiz özünün daha
yaxşı yaşadığını hiss etdiyi bir vaxtda,
hökumətimiz vəzifəsini yerinə yetirmiş hesab edə
bilər. Budur, bizim məqsədimiz-vətəndaşlara
eyni şərait yaratmaq” kimi fikirləri hər bir dövlət
məmurundan məsuliyyətli olmağı, ölkənin
inkişafına, xalqın problemlərinin həllinə öz
töhfələrini verməyi tələb edir. Cənab
İlham Əliyev “Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın
icrasının dördüncü ilinin yekunlarına həsr
olunmuş konfransda əsas diqqəti məmur-vətəndaş
münasibətlərinə yönəldərək
bildirmişdir ki, hər bir icra başçısını vəzifəyə
təyin edərkən ona bir neçə əsas istiqaməti
göstərirəm: inkişaf, quruculuq, səmərəli
iş, təvazökarlıq və insanlara xidmət. Məhz
bu prinsiplərin vəhdətliyi fonunda ölkənin hərtərəfli
inkişafında əsas amil olan regionların tərəqqisi
təmin edilmiş, ötən il ikinci
dövlət proqramının icrası başa çataraq, bu
il üçün növbəti Proqramın qəbulu zərurətə
çevrilib. Dövlət
başçısı İlham Əliyev müşavirədə
ötən ilin iqtisadi uğurlarının ümumiləşdirilmiş
ifadəsi olaraq bildirdi ki, ölkəmizin əsas inkişaf
dinamikasını iqtisadi gücümüz müəyyən
edir və iqtisadi islahatların dərinləşməsində
Azərbaycan böyük uğurlara imza atıb.
Dayanıqlı
çoxtərəfli
əməkdaşılığın başlanğıcı
Ötən il eyni zamanda enerji
sektorunda da mühüm uğurların əldə olunması
ilə yadda qaldı. Bir əsas məsələni
qeyd etmək istərdik ki, ölkəmizdə yaradılan əlverişli
biznes mühiti dünyanın nüfuzlu maliyyə
qurumlarının hesabtlarında, həmçinin mətbuat
orqanlarında da geniş təhlil olunur və bu fikir xüsusi
vurğulanır ki, Azərbaycan hökuməti ölkəni
xarici sərmayədarlar üçün daha cəlbedici etmək
istiqamətində addımlar atır. Ötən ilin
mühüm uğurlarından olan, XXI əsrin müqaviləsi
kimi dəyərləndirilən “Şahdəniz-2” layihəsinin
perspektivlərindən bəhs edərkən ölkəyə
investisiya axınını daha da sürətləndiriləcəyi
daha çox önə çəkilir. “Şahdəniz-2”
investisiya Sazişi tarixi nailiyyət, tarixi qələbədir”
söyləyən dövlət başçısı
İlham Əliyev bildirir ki, bu layihə Azərbaycana
böyük dividentlər gətirəcək. Ölkəmizin nüfuzu, iqtisadi gücü artacaq,
böyük həcmdə investisiyalar cəlb olunacaq. Azərbaycan
“Cənub qaz dəhlizi”nin təşəbbüskarı
kimi liderlik funksiyasını öz üzərinə
götürdü və liderilk keyfiyyətlərini ortaya qoydu.
Ən əsası Avropanın enerji təhlükəsizliyi
məsələlərinin bir hissəsi Azərbaycan tərəfindən
irəli sürülmüş layihələr hesabına təmin
ediləcək. Gündəmə gətirilən,
eyni zamanda gerçəkləşdirilən hər bir layihə
yeni bazar deməkdir.
İnkişafın Azərbaycan modelinin
daha da zənginləşdirilməsi üçün dünya
bazarlarında yeni ünvanların əldə olunmasını
vacib hesab edən Prezident İlham Əliyev ölkəmizin
maraqlarına uyğun layihələrin həyata keçirilməsi
istiqamətində ciddi səylər göstərir. Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin
təminatında böyük imkanlara malik Xəzəryanı
ölkələrin karbohidrogen ehtiyatlarından istifadə məsələlərinin
müzakirəsində regionda geosiyasi cəhətdən daha əlverişli
məkanda yerləşən Azərbaycana üstünlük
verilməsi də siyasi cəhətdən sabit, sərmayələr
üçün etibarlı imkan olan ölkəmizə maraqdan
irəli gəlir. Prezident İlham Əliyevin
çıxışlarında xüsusi yer alan
“Heç bir beynəlxalq layihənin reallaşması Azərbaycanın
iştirakı olmadan mümkün deyil” fikri də Azərbaycanın
artan nüfuzuna və çəkisinə inamdan qaynaqlanır.
Ölkəmiz tərəfindən irəli sürülən
layihələrin heç birinin iflasa
uğramadığını, hər birinin gözəl nəticələrlə
sonuclandığını bildirən dövlət
başçısı İlham Əliyev TANAP, TAP layihələrinin
də əhəmiyyətini xüsusi olaraq diqqətə
çatdırır: “”Şahdəniz-2”, TANAP, TAP- yəni, bu məsələ
ilə bağlı olan layihələrin icrası ancaq ilkin
hesablamalara görə 45 milyard dollar investisiyanın cəlb
edilməsinə xidmət göstərəcəkdir. Nəzərə alsaq ki, artıq Azərbaycanda
tikinti sektorunda, infrastruktur layihələrinin icrasında,
neft-qaz əməliyyatlarının aparılmasında
böyük təcrübə toplamış həm dövlət,
həm özəl qurumlar, şirkətlər vardır, əlbəttə,
bu şirkətlərə böyük sifarişlər veriləcəkdir.
Beləliklə, bizim biznesimizdə qeyri-neft
sektorumuz yeni imkanlara çatacaqdır. Əlbəttə,
biz çalışacağıq və bunu artıq demişik
ki, harada mümkündür, harada bizdə standartlara uyğun
işlər görülür bütün kontraktlar Azərbaycan
şirkətlərinə verilsin və onlara şərait
yaradılsın.” Ölkə Prezidentinin
qeyd etdiyi kimi, dünyada böyük şirkətlər
sırasında tanınan ARDNŞ-in son illərdə
apardığı investisiya siyasəti ölkə
iqtisadiyyatının davamlı inkişafını təmin
edir, qurumun beynəlxalq nüfuzunu artırır. Şirkətin imza atdığı biri-birindən əhəmiyyətli
uğurların fonunda beynəlxalq qurumların, dövlətlərin
təmsilçiləri bildirirlər ki, ARDNŞ-i hər zaman
uğur izləyir.
Dövlət başçısı İlham Əliyev
müşavirədə bu əminliyi ifadə etdi ki, iqtisadi
inkişaf gələcək illərdə də təmin ediləcək:
“Hesab edirəm ki, əvvəlki illərdə qəbul
edilmiş qərarlar və 2014-cü ildə görüləcək
işlər imkan verəcək ki, biz cari ili
də uğurla başa vuraq.”
2014: Sənaye
ili
Dünya İqtisadi Forumunun, Dünya Bankının
hesabatlarında islahatçı respublika kimi təcrübəsi
təbliğ olunan, MDB ölkələri üzrə lider
dövlət statusunu, nüfuzunu qoruyan ölkəmizdə sənaye
potensialı gücləndirilmiş, yeni istehsal sahələri
yaradılmış, minlərlə yeni obyekt, bir milyondan
artıq iş yeri açılmış,
sahibkarlığın inkişafına dövlət dəstəyi
daha geniş şəkildə davam etdirilib. Hər il sahibkarlara həm siyasi, həm də iqtisadi dəstək
verilir və Sahibkarlığa Kömək Milli Fondunun xətti
ilə yüz milyonlarla ölçülən kreditlər
verilir. Azərbaycanın investisiya paketində
daxili investisiyaların üstünlük təşkil etməsi
də bu diqqət və qayğının bariz nümunəsidir.
Dövlət başçısı İlham Əliyevin sərəncamı
ilə 2014-cü ilin “Sənaye ili” elan edilməsinin əsaslandıran
amillər var ki, müşavirədə açıqlandı:
“Hesab edirəm ki, bu il ölkəmizin gələcək
inkişaf dinamikasını müəyyən edən sənaye
sahəsinə daha da böyük diqqət verilməlidir.
Texnoparklar, yeni sənaye müəssisələri, ixrac
yönümlü sənaye məhsullarının istehsalı,
emal müəssisələrinin, böyük sənaye komplekslərinin
yaranması- bütün bu işlər ölkəmizin gələcək
inkişafını təmin edəcək, neft-qaz amilindən
asılılığı daha da azaldacaq və ölkə
iqtisadiyyatının dayanıqlı şəkildə
inkişafını müəyyən edəcəkdir.” Bir sözlə, sənayenin innnovasiyalar əsasında
inkişafını təmin edəcək imkanların
formalaşdırılması zərurətdir.
Beynəlxalq
baxış:
Ölkəmiz
haqqında təsəvvürlər
Cənubi Qafqaz regionunun
iqtisadiyyatının 85 faizinə sahiblik edən Azərbaycanın
uğurları beynəlxalq maliyyə qurumları tərəfindən
də yüksək dəyərləndirilir. Ümumdünya İqtisadi Forumunun “Qlobal Rəqabət
Qabiliyyəti İndeksi 2013-2014” hesabatında Azərbaycan 7
pillə irəliləyərək 39-cu yerə layiq
görüldü. Bu bir tərəfdən
ölkənin iqtisadi inkişafının düzgün istiqamətdə
aparıldığının təsdiqi, digər tərəfdən
xarici sərmayədarlar üçün bir fəaliyyət
istiqaməti göstəricisi oldu. Belə
ki, Avropada iqtisadi böhran fonunda Azərbaycan kimi ölkə
investisiyalar üçün yüksək gəlir vəd edən
bir iqtisadi məkan kimi təqdim olundu. Sərmayəlar
isə yüksək rəqabətqabiliyyətlilik məkanlarına
istiqamətləndirilir. Ona görə ki,
yüksək rəqabətqabiliyyətlilik yüksək gəlir
vəd edən amildir. Eyni zamanda bu
bütövlükdə Azərbaycan iqtisadiyyatında
olduğu kimi, o cümlədən Azərbaycanın özəl
sektorundakı şirkətlərin qiymətləndirilməsi
və beynəlxalq reytinqidir. Belə qiymətləndirmə
isə onlara olan beynəlxalq marağı artıra bilən
amillərdəndir. Prezident İlham
Əliyev iqtisadiyyatın modernləşdirilməsini,
bütün istiqamətlər üzrə yeni texnologiyaların
tətbiqini iqtisadi siyasətin prioritetlərindən biri kimi
elan edib. Artıq bu siyasət real nəticələrini
verir. Sözügedən hesabatda texnoloji səviyyə
üzrə indeks bu istiqamət üzrə Azərbaycanın
durumunun beynəlxalq səviyyədə etirafıdır.
Belə ki, hesabatda texnoloji səviyyə parmetri üzrə Azərbaycanın
148 ölkə sirasında 11 pillə yüksəlməsi
ölkə iqtisadiyyatına yeni texnologiyaların cəlbi siyasətinin
artıq müsbət nəticələr verməsinin
sübutudur. Bir əsas məqamı da qeyd edək ki, ötən
il ölkəmizdə “İKT ili” elan
edilmişdir. İlin bü sahədə
mühüm uğurlarından biri məhz Azərbaycanın
ilk süni peykinin orbitə çıxarılması oldu.
Ölkəmizin uğurları digər
maliyyə qurumlarının hesabatlarında da xüsusi yer
tutur. Belə ki, “Moodys”, “Fitch Raitings”, “Standard
and Poors” kimi aparıcı reytinq agentlikləri hətta
inkişaf etmiş ölkələrin maliyyə reytinqini
aşağı saldıqları halda, Azərbaycanın maliyyə
reytinqini ardıcıl olaraq yüksəldirlər. Azərbaycan BMT-nin İnkişaf Proqramının
insan inkişafı ilə bağlı hesabatına əsasən
də yüksək insan inkişafı ölkələri
qrupuna yüksəlib. Bu günlərdə ABŞ-ın
“Heritage” Fondu və “Wall Street Journal” qəzetinin birgə
hazırladığı “İqtisadi Azadlıq İndeksi-2014”
adlı hesabatda Azərbaycan 186 ölkə arasında 81-ci yeri
tutaraq iqtisadi cəhətdən azad ölkələr
sırasına daxil olub.
Ölkədə həyata keçirilən uğurlu
sosial-iqtisadi islahatların nəticəsi kimi ötən il Dünya İqtisadi Forumunun Azərbaycanda
keçirilməsini də qeyd edə bilərik. Hər il ənənəvi
olaraq İsveçrənin Davos şəhərində
keçirilən və dünyanı maraqlandıran qlobal
problemlərin müzakirəsinə həsr olunan Dünya
İqtisadi Forumunun ötən ilin yanvarında keçirilən
topantısında Forumun həmin ilin aprelində ölkəmizdə
keçirilməsi barədə qəbul olunan qərar bir daha
Azərbaycanın artan nüfuzunun, siyasi çəkisinin təsdiqi
kimi dəyərləndirildi. Ümumdünya
İqtisadi Forumunun Bakıda keçirilməsinin perspektivləri
və nəticələri nəinki ölkə, dünya mətbuatında
geniş şərh olundu. Forum çərçivəsində
keçirilən müzakirələrdə inkişafın Azərbaycan
modelinin mövcudluğunun yüksək səviyyədə
qeyd olunması, dünyanı bürüyən maliyyə və
iqtisadi böhrandan ölkəmizin uğurla
çıxmasının təqdir edilməsi bir daha bu
gerçəkliyi ortaya qoydu ki,
düşünülmüş və məqsədyönlü
siyasət ölkəni inkişafa, tərəqqiyə
aparır, beynəlxalq nüfuzunu artırır. Azərbaycan iqtisadiyyatının möhkəm təməl
üzərində qurulması hər bir problemdən uğurla
çıxmasına stimul verir. Bu gün
dövlətimizin uğurla həyata keçirdiyi
iqtisadiyyatın şaxələndirilməsi siyasəti beynəlxalq
tədbirlərdə əsas müzakirə mövzusu olmaqla
yanaşı, dövlətin siyasətinin əsasında hərtərəfli
inkişafın əsas vəzifə kimi
dayandığını ortaya qoyur. Dünya
İqtisadi Forumunun Bakıda keçirilməsi Azərbaycan
reallıqlarına, eyni zamanda dünya ölkələrinə
bir baxış oldu. Azərbaycanın əldə
etdiyi uğurlara real baxış Davos İqtisadi Forumunun
hesabatında üstünlüyü qazanması ilə nəticələndi.
Davos
İqtisadi Forumunun keçdiyi yola
nəzər Azərbaycanın dünya birliyində
bugünkü yeri və roluna işıq salır
Davos İqtisadi Forumu isveçrəli
professor Klaus Şvebsin təşəbbüsü ilə 1971-ci
ildə yaradılıb. K. Şvebs 1971-ci ildə
İçveçrənin Davos şəhərində
Avropanın aparıcı 450 şirkətinin rəhbərlərini
toplayaraq dünya iqtisadiyyatının perspektivlərini
müzakirə etmək və ümumi strategiya hazırlamaq məqsədilə
birinci simpoziumu keçirib. 70-ci illərin ortalarından
forumun iclaslarına müxtəlif ölkələrin hakimiyyət
nümayəndələri və iş dünyasının
liderləri olan sahibkarlar dəvət olunub. 1987-ci
ildən etibarən DİF Dünya İqtisadi Forumu
adlandırılmağa başlanıb. Davos
forumu üçün ənənəvi şəkildə illik
keçirilən görüşlər xarakterikdir. Dünya İqtisadi Forumunun keçirilməsində
məqsəd dövlət və hökumət
başçılarını, beynəlxalq təşkilatları,
elm adamlarını, nüfuzlu siyasətçiləri,
iqtisadçıların, biznesmenlərin iştirakı ilə
yeni beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini
müzakirə və təşkil etməkdir. Ulu öndər Heydər Əliyev ilk dəfə
olaraq 1995-ci ildə Ümumdünya İqtisadi Forumunda
iştirak etmişdir. Bu iştirak Azərbaycanın
malik olduğu imkanların dünyaya təqdimatında əhəmiyytli
addım oldu. Ümummilli lider Heydər
Əliyev Azərbaycanın karbohidrogen ehtiyatları ilə zəngin
olduğunu və bu resurslardan dünyanın gələcək
inkişafı naminə istənilən ölkə ilə
qarşılıqlı maraqlar əsasında istifadə etmək
prinsiplərini özündə əks etdirən xarici iqtisadi
siyasət xətti tutduğunu bəyan etmişdir. Azərbaycanın bu forumda iştirakı bir sıra
mühüm görüşlərin keçirilməsi,
gündəmdə olan məsələlərlə
bağlı konkret rəylərin bildirilməsi ilə yadda
qalmışdır.
Prezident İlham Əliyevin Davos
İqtisadi Forumunda ilk iştirakı isə 2007-ci ildə olub. “Güclərin qlobal balansının yerdəyişməsi”
devizi altında keçirilən toplantıda enerji təhlükəsizliyi
məsələsində Azərbaycanın artan rolu yüksək
dəyərləndirilmişdir. Ənənəvi
olaraq keçirilən toplantılar aktual məsələlər
ətrafında fikir mübadiləsinin aparılması, səylərin
birləşdirilməsi baxımından əhəmiyyətli
olmaqla yanaşı, hər bir ölkənin malik olduğu
potensialın təqdimatında da mühüm rol oynayır.
Davos Ümumdünya İqtisadi Forumunun iqtisadi
mövzularda müzakirələr üçün
dünyanın əsas meydanlarından biri kimi dəyərləndirilməsi
də səbəbsiz deyil. Forumlar
üçün seçilən devizlərə diqqət
yetirdikdə dövrün çağırışlarına
istinad edildiyi aydın görünür. Məlum
olduğu kimi, yanvarın 22-dən İsveçrənin Davos
şəhərində ənənəvi İqtisadi Forum
öz işinə başlayıb. Sayca 44-cü olan, 100-dən
çox ölkədən təxminən 2500 nümayəndənin,
o cümlədən dövlət və hökumət
başçılarının, eləcə də
tanınmış şirkətlərin təmsilçilərinin,
iqtisadçıların, alimlərin, ekspertlərin, beynəlxalq
təşkilatların və KİV nümayəndələrinin
iştirak etdiyi builki forumda daha qlobal məsələlər
müzakirə olunacaq. Hər bir forumun özəlliyi
iştirakçıların say tərkibində, ən əsası
seçilən devizdə və müzakirəsi nəzərdə
tutulan məsələlərdə olsa da, əsas məsələ
səylərin birləşdirilməsi nəticəsində
qarşıya qoyulan məqsədlərə nail olmaqdır. Azərbaycanın yerləşdiyi coğrafi məkana,
eyni zamanda təşəbbüsçüsü və
iştrakçısı olduğu layihələrə görə
ölkələr, xalqlar arasında körpü rolu
bütün forumlarda önə çəkilir və dəyərləndirilir.
Düşünürük ki, Davos İqtisadi
Forumunun builki toplantısı əlaqələrin inkişafa
daha böyük töhfə olacaq. Azərbaycanın
ötən toplantıdan keçən dövr ərzində
imza atdığı uğurlar onun Forumda yeri və rolunu daha
da möhkəmləndirəcək, əlaqələrin
inkişafında yeni istiqamətlərin müəyyənləşdirilməsinə
öz müsbət təsirini göstərəcək.
“İki
sahil”in Analitik Qrupu
İki
sahil.- 2014.- 23 yanvar.- S.8-9.