O ömür kitabını hələ yazmaqdadır

 

50 illik yubileyini qeyd edən Ramiz Quliyev bu günyorulmadan çalışır

 

Soyuq qış günlərinin birində anadan olan Ramiz Quliyev 50 yaşını xoş ovqatla yola salır. Yaşadığı illər ərzində neftçi peşəsi ilə nüfuz qazanan R.Quliyev 1964-cü il yanvarın 28-də Göyçay rayonunun Qaraməryəm kəndində dünyaya göz açıb. Ramiz müəllim uşaqlıqdan qabiliyyəti, iti ağlı, düşüncəsiylə seçilib. Bu səbəbdən idi ki, ailəsində onun gələcəyinə ümidlə baxırdılar. Təhsilə marağı onu Bakıda M.Əzizbəyov adına Azərbaycan NeftKimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) “Elektroenergetika” fakültəsinə aparıb. Ali məktəbi yüksək ixtisaslı, savadlı mütəxəssis kimi başa vurduqdan sonra 1986-cı ildə əmək fəaliyyətinə başlayan Ramiz müəllim ilk əmək fəaliyyətini belə xatırlayır: “Elə bilirdim ki, ali təhsil alıb təyinatla hara göndərsələr, dərhal mənə bir vəzifə verəcəklər. Sən demə, yanılmışam, əsl ali məktəb hələ qabaqda imiş. “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinə göndərildim. Sorğu-sualsız mənə elektrik montyoru işləyəcəyimi deyəndə təəccübləndim. Geriyə yol yox idi. Amma əfsanəvi Neft Daşlarında işləyəcəyim əsl neftçi olacağıma böyük inam yaratmışdı. Çünki bu qəhrəmanlar şəhəri həm həyatda, həm də neft sənayesində ağsaqqal yükünü öz çiyinlərində daşıya bilən neçə-neçə tanınmış neftçi yetişdirmişdi. Zəhmətə qatlaşacaqdım. Axı, gələcəyim irəlidə idi.”

Gənc yaşlarından işinin məsuliyyətini anlayan Ramiz Quliyev peşəsinin ağırlığını dərindən hiss edib, həyatını işinə həsr edib. Neft Daşlarında gücü 48 MVt olan Qazturbinli Elektrik stansiyasında çalışmağa başlayan Ramiz texnoloji quğuların prinsiplərini tez bir zamanda mənimsəməklə yanaşı, işlədiyi kollektivdə hörmət qazanmağı bacarıb. Özünə qarşı tələbkarlığı sayəsində hər işdə özünü doğrultdu, irəli çəkildi. 1988-ci ildə Qazturbinli Elektrik stansiyasında mühəndis-elektrik vəzifəsinə keçirildi. “Günəşli” yatağının işlənməsi layihəsinin həyata keçirilməsi ilə əlaqədar olaraq yeni yaradılan “28 May” adına Neft və Qazçıxarma İdarəsində baş energetik vəzifəsinə layiqli namizəd axtarılırdı. İxtisasını dərindən bilməsi, indiyədək əldə etdiyi bilik və bacarıq, təşkilatçılıq qabiliyyəti onun bu məsul vəzifəyə təyin olunmasında böyük rol oynadı. 1990-cı ildən həmin vəzifədə çalışmağa başlayan Ramiz Quliyev yaxşı anlayırdı ki, idarə təzə yaranmışdı və istismara verilən özüllər dənizin 80-100 metr dərinliklərində yerləşirdi. Özüllərin elektrik təchizatının təminatında spesifik xarakterli qurğuların layihələndirilməsi, quraşdırılması, işə salınması ilə əlaqədar kadrların seçilməsi kimi böyük məsuliyyət tələb edirdi. O, bu məsuliyyətin ağırlığını hiss edir, lakin heç nədən qorxmurdu. Əksinə, gənc yaşlarında rəhbərliyin ona göstərdiyi etimadı doğrultması üçün bütün bu işlərin öhdəsindən gəlməli idi. Ramiz Quliyev təcrübəli energetiklər və bu sahədə çalışan mütəxəssislərlə doğru münasibətini qurmağı bacardı, bütün potensialından məharətlə istifadə edərək ona həvalə olunan vəzifənin öhdəsindən layiqincə gələ bildi. “İlk anlarda elektrik enerjisinə olan tələbatın dərin dəniz özüllərində quraşdırılmış avtonom dizel elektrik stansiyalarından təchiz olunması həyata keçirilirdi. “Günəşli” yatağının genişləndirilməsi, neft-qaz hasilatının yüksəldilməsi qarşıda elektrik enerjisinə tələbatın artmasına və bu tələbatın ödənilməsi üçün energetiklər qarşısında yeni layihələrin həyata keçirilməsini tələb edirdi. Yatağın elektrik təchizatının yenidən qurulması layihəsinin mərhələ-mərhələ həyta keçirilməsinə start verildi. İlk növbədə Neft Daşları ilə 2 saylı özül arası quraşdırılmış 35kV-luq sualtı kabel və özüldə 35/6kV-luq alçaldıcı transformator yarımstansiyası işə salındı. Bundan sonra 2 saylı özüldə mövcud 35/6kV-luq alçaldıcı transformator yarımstansiyasından özüllər arasında 6kV-luq sualtı kabellərin çəkilməsinə başlandı. Bununla da “Günəşli” yatağının elektrik enerisininNeft Daşları”ndakı mövcud olan qazturbinli elektrik stansiyasından təmin olunmasına imkan yarandı və avtonom elektrik stansiyalarında il ərzində işlədilən 842 ton dizel yanacağına, eləcə də onun daşınma xərclərinə qənaət olundu.”

O həmişə zəhmətsevərliyi və prinsipiallığı ilə ona bəslənilən etimadı doğruldub. Əldə etdiyi zəngin istehsalat təcrübəsi və təşkilatçılıq bacarığı onu daim zirvələr fəth etməyə səsləyib. Ramiz Quliyev 2003-cü ildə “Azneftİstehsalat Birliyində Baş energetik, Nəzarət Ölçü Cihazları və Avtomatika şöbəsində rəis müavini vəzifəsinə çalışıb. İşlədiyi müddətdə sadə, təvazökar, işinə son dərəcə məsuliyyətlə yanaşan bir kadr kimi rəhbərliyin diqqətini cəlb edən Ramiz Quliyevin müsbət xüsusiyyətləri onun 2004-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Baş ofisində Mexanikaenergetika şöbəsinin rəisi vəzifəsinə təyin edilməsində həlledici amil oldu. O, bu gün də həmin vəzifədə yorulmaq bilmədən çalışır.

İnsanlarla işləmək, onlara qayğı ilə yanaşmaq, diqqət göstərmək, onların problemlərinin həlli üçün əlindən gələni əsirgəməmək Ramiz müəllimi səciyyələndirən ümdə xüsusiyyətlərdəndir. Məhz bu xüsusiyyətlərinə görədir ki, o, ARDNŞ-in Baş ofisində, eləcə də təmasda olduğu idarə və müəssisələrin kollektivlərində dərin hörmət qazanıb. ARDNŞ-in istehsalat müəssisələrində, o cümlədən “Azəriqaz” İB-nin “Hacıqabul” Qaz Kompressor Stansiyasında, “AstaraQaz Kompressor Stansiyasında, “QaradağQaz Kompressor Stansiyasında, “Azneft İB-ninQalmazQaz Kompressor Stansiyasında və “Qaradağ” Yeraltı Qazsaxlama Anbarlarında həyata keçirilən yenidənqurma işlərinin, “Neft Daşları” və “Günəşli” yataqlarının yeganə enerji mənbəyi olan Qaz turbinli İstilik Eelektrik Stansiyasının tikintisinin, eləcə də bu sahədə digər layihələrin həyata keçirilməsində Ramiz müəllimin danılmaz əməyi vardır. O, texnoloji qurğuların əsasını təşkil edən mexanikaenergetika avadanlıqlarının təchizatı, təmiri və istismarını əhatə edən ağır bir sahənin aparıcı mütəxəssislərindəndir. Ramiz müəllim ARDNŞ-in strukturuna daxil olanil ərzində 1 milyard kVt.saatdan artıq elektrik enerjisi sərf edən müəssisə və təşkilatların elektrik enerjisinə olan ehtiyaclarının ödənilməsi və yeni obyektlərin elektrik şəbəkəsinə qoşulması istiqamətində aidiyyatı qurumlarla səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında böyük əmək sərf edir, bu sahədə bilik və təcrübəsindən istifadə edir. Ramiz müəllimin əməyi hər zaman diqqət mərkəzində olub, neft sənayesinin inkişafındakı fəaliyyəti yüksək dəyərləndirilib. O, ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb. Ramiz müəllim bu günneft-qaz sənayesinin inkişafı naminə yorulmadan çalışır. O, ömür kitabını hələ yazmaqdadır. Artıq bu kitabın qayğıkeş ata, savadlı energetik, peşəkar kadr kimi fəsilləri hazırdır. Özünün dediyi kimi, ömür vəfa etsə, bu kitaba yeni-yeni fəsillər daxil ediləcək. İnanırıq ki, o, tükənməz enerjisini bundan sonra da neft-qaz sənayesinin tərəqqisinə sərf edəcək, ARDNŞ-in enerji təhlükəsizliyinin təmin olunması naminə daha məhsuldar çalışacaq.

İki sahil” qəzeti kollektivi olaraq Ramiz müəllimi anadan olmasının 50 illik yubileyi münasibətilə bir daha ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

 

Orxan Vahidoğlu

 

İki sahil.- 2014.- 28 yanvar.- S.19.