Gəlin kitab oxuyaq!

 

Yaşlı nəslin nümayəndələri indisovet dövrü ilə müqayisədə bilik mənbəyi olan kitablara, eləcə də oxumağa və öyrənməyə münasibətin kəskin fərqləndiyini yada salır, asudə vaxtlarında necə böyük həvəslə kitab oxumalarından, mətbuatı izləmək vərdişlərindən ağız dolusu danışırlar.

Əksər evlərdə şəxsi kitabxanalar vardı, şagirdlər, tələbələr bayramlarda, ad günlərində bir-birinə kitab hədiyyə edərdilər. Metroda, avtobuslarda sərnişinlərin əksəriyyəti kitab, jurnal, qəzet oxuyardılar. İndi kitabxanaların oxu zalları universitetlərdə keçirilən semestr imtahanları müddəti istisna olmaqla digər vaxtlarda demək olar ki, tamamilə boş qalır. Hətta bəzən yüzlərlə qiymətli kitabın şəhərin küçələrinə, zibilliklərə atıldığının da şahidi olursan.

Təkcə Bakı şəhərində fəaliyyət göstərmiş 300-dən çox kitab mağazası özəlləşdirildikdən sonra əsasən müştəri qıtlığı səbəbindən öz profillərini dəyişərək ərzaq mağazası, iaşə obyekti, yaxud ofis kimi fəaliyyət göstərir. Onu da qeyd etmək lazımdır ki, anoloji vəziyyət təkcə Azərbaycanda deyil, digər MDB ölkələrində də yaşanmaqdadır. Avropa və digər inkişaf etmiş ölkələrdə isə istirahət günləri kitab oxumaq üçün ən yaxşı fürsət hesab olunur. Statistik məlumatlara görə 1 yapon 1 ildə 25, isveçli 10, fransalı 7 kitab oxuyur. Türkiyədə isə 7 nəfərə 1 kitab düşür. Qeyd olunan məlumatlar kitab oxumağa marağın həmin ölkələrin inkişaf səviyyəsi ilə birbaşa bağlı olduğuna əyani sübutdur.

Böyük Britaniyalı alimlər tərəfindən aparılan araşdırmaların nəticələrinə görə cəmi 6 dəqiqə kitab oxumaqla stress vəziyyətinin 3 dəfə azaldılmasının mümkün olduğu müəyyən olunmuşdur. Qiraət etməklə əzələlərin gərginliyi azalır, ürək döyüntüləri normallaşır. Kitab oxumaq eyni zamanda zehni məşq etdirmək üçün də ən yaxşı vasitədir. Daimi mütaliə yaddaşı yaxşılaşdırır, məntiqi gücləndirir, öyrənmə və qavrama qabiliyyətini artırır. Nəticədə insan hadisələri daha düzgün analiz edə bilir, gözəl nitq qabiliyyətinə sahib olur, məntiqlə danışmağı öyrənir. Kitab oxumaq uşaqların zehinlərinin, hisslərinin, danışıq qabiliyyətinin inkişafında, dünyagörüşünün formalaşmasında da önəmli rol oynayır. Müqəddəs Peyğəmbərimiz Həzrəti Məhəmməd oxumağı, öyrənməyi insanlara belə tövsiyyə etmişdir: “Mənim hümmətimdən hər bir ağıl sahibinə bu 4 şey vacibdir. Elmi eşitmək, onu öyrənmək, yaymaqona əməl etmək”, “Beşikdən məzara qədər elm öyrənin”.

Respublika Prezidentinin 30.12.2007-ci il tarixli sərəncamına əsasən “Dünya ədəbiyyatı kitabxanası”na daxil edilmiş 150 adda bədii əsər nümunələrinin latın qrafikası ilə çap olunması vaxtilə kiril əlifbası ilə oxuyanların bəhanəsinə son qoymalıdır.

Bir sözlə, faydalı nəsə öyrənmək istəyiriksə, bizə doğru yol göstərən kitablara olan münasibəti dəyişməliyik. Çünki, oxumaqla öyrənmək yaş həddindən asılı olmayaraq heç vaxt gec deyil.

 

Cavid Əkbərov

 

İki sahil.- 2014.- 29 yanvar.- S.10.