Kəlbəcərin işğalından 22
il ötür
Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Kəlbəcər rayonu 1993-cü ilin aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işgal edilib.
Kəlbəcər rayonu Azərbaycan Respublikasının inzibati ərazi vahidlərindən biri olaraq 1930-cu ildə təşkil edilib. Strateji cəhətdən mühüm əhəmiyyətə malik olan Kəlbəcər rayonu coğrafi mövqe etibarilə Ermənistan və Azərbaycanın Dağlıq Qarabağ bölgəsi arasında yerləşən səddir. Kəlbəcərin əhalisi 1992-ci il 1 yanvar tarixə 58340 nəfər, ərazisi 1936 km2, Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 13 oktyabr tarixli 327 saylı Qərarına əsasən Ağdərə rayonu ləğv edilərək Kəlbəcər rayonunun tərkibinə daxil edildikdən sonra isə həmin rayonun ümumi sahəsi 3054 km2 təşkil etmişdir.
Qarabağın qala qapısı sayılan Kəlbəcərin faciəsi 1988-ci ildən ermənilərin Qarabağda başladıqları separatizm hərəkatı və Ermənistanda azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti ilə başlandı. Bütün çətinliklərə baxmayaraq 5 il-1988-1993-cü illərdə ermənilər tərəfindən ağır mühasirə şəraitində saxlanılan rayon əhalisi öz doğma torpaqlarını mərdliklə müdafiə edərək bir qarış torpağını düşmənə təslim etmədi. Hələ Sovet ordusu bu ərazidə əhalinin guya “təhlükəsizliyini qoruduğu” günlərdə onların gözləri qarşısında dəfələrlə Tərtər-Ağdərə-Kəlbəcər yolunda müşayiət etdikləri maşın karvanlarına erməni quldur dəstələri silahlı hücumlar təşkil edərək çoxlu sayda kəlbəcərli mülki sakinləri qətlə yetirirdilər. Həmin yol 1990-cı ildə tam bağlandıqdan sonra 3 il müddətində ağır mühasirə şəraitinə düşmüş Kəlbəcər əhalisi təbii-coğrafi cəhətdən olduqca təhlükəli və uzaq olan Tərtər-Ağdam-Ağcabədi-Beyləqan-Füzuli-Qubadlı-Laçın-Kəlbəcər və dəniz səviyyəsindən 3700 metr yüksəklikdə yerləşən Murov dağının keçilməz zirvələrindən çəkilmiş Kəlbəcər-Göygöl-Gəncə yolundan istifadə etməyə məcbur oldu. Rayon əhalisi 5 il elektrik enerjisinə də möhtac qaldı. Ermənilərin Kəlbəcəri mühasirəyə alaraq orada yaşayan dinc əhaliyə divan tutması və qətlə yetirməsinin əsas məqsədi Ermənistanla Dağlıq Qarabağı birləşdirən çox böyük strateji əhəmiyyətə malik ərazini-Laçın və Kəlbəcəri ələ keçirmək idi.
1991-ci ildən başlayaraq istər Dağlıq Qarabağdan, istərsə də Ermənistan ərazisindən rayonun yaşayış məntəqələrinə erməni silahlı qüvvələri tərəfindən hərbi təcavüzlər daha da intensivləşdi. Silahlı erməni quldur dəstələri 1992-ci il aprelin 8-də Kəlbəcərin giriş qapısı sayılan Ağdaban kəndinə hücum edərək orada silahsız dinc əhaliyə qarşı ağlasığmaz divan tutaraq dəhşətli soyqırımı törətdilər. Törətdikləri qanlı cinayətlərdən və cəzasızlıq şəraitindən daha da şirnikləşən erməni hərbi birləşmələri keçmiş Sovet ordusuna məxsus hərbi texnika və silahların köməyi ilə 1993-cü ilin 18-19 fevral tarixlərində Kəlbəcərin strateji yüksəkliklərini-Narışlar, Zağalar, Keçiliqaya, Çərəktar və Çıraq kəndlərini işğal etdilər, Basarkeçər və Kəlbəcər arasında yerləşən Qaraqaya yüksəkliyini ələ keçirdilər. Bununla da ermənilər rayonun müdafiəsini zəiflətdilər. Rayonun həmsərhəd rayonlarını yandırıb qarət edən, dinc əhaliyə divan tutan erməni quldur dəstələri keçmiş Sovet ordusunun və xarici ölkələrdən gətirilmiş muzdluların iştirakı ilə Kəlbəcər şəhərini 1993-cü ilin aprelin 1-də ələ keçirdilər. Bütövlükdə Kəlbəcər rayonunun ərazisi 1993-cü ilin aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Kəlbəcərin işğalı zamanı 511 nəfər dinc sakin qətlə yetirilmiş, 1231 nəfər girov götürülmüş, 2500 nəfər əlil olmuşdur. İşğal nəticəsində rayona təxminən 30,76 milyard ABŞ dolları həcmində maddi zərər vurulmuşdur.
Düz 22 ildir ki, Kəlbəcərin zəngin təbii ehtiyatları-İstisu, civə, qızıl, mərmər və digər faydalı qazıntılar, qiymətli materiallar erməni qəsbkarları tərəfindən vəhşicəsinə talan edilir, qədim tarixi abidələrimiz, maddi-mədəniyyət nümunələrimiz yer üzündən tamamilə silinir, qalanları isə özününküləşdirilərək xarici ölkələrə satılır. Ermənistanın bu işğalçılıq və insanlığa sığmayan əməlləri dəfələrlə nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən pislənsə də, ermənilər heç bir qınağa məhəl qoymur, təcavüzkar siyasətlərini bu gün də davam etdirirlər. BMT Təhlükəsizlik Şurasının 1993-cü il aprelin 30-da qəbul etdiyi 822 saylı Qətnamədə Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Kəlbəcər rayonundan dərhal çıxarılması tələbi də indiyə kimi yerinə yetirilməyib.
Kəlbəcərli məcburi köçkünlər dövlətimiz tərəfindən hərtərəfli qayğı ilə əhatə olunsalar da, doğma yurd həsrəti ilə yaşayırlar və inanırlar ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin milli mənafeyinə uyğun həll olunacaq, işğal altındakı bütün ərazilərimiz düşmən tapdağından azad ediləcəkdir. Bu gün Vətən həsrəti ilə yaşayan kəlbəcərlilər bir nəfər kimi torpaqlarımızın erməni işğalçılarından azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması üçün hər an silaha sarılmağa, ön cərgələrdə döyüşməyə hazırdırlar.
Cavid Əkbərov
İki sahil.- 2015.- 2 aprel.- S.18.