Azərbaycan demokratik, hüquqi dövlət
quruculuğu yolunda
inamla irəliləyir
Ölkəmizdə insan
hüquqlarının guya kobud şəkildə pozulduğunu
iddia edən daxili və xarici bədxahlarımız
yaxşı olar ki, bir dəfə də olsun bir milyondan
artıq soydaşımızın pozulmuş
hüquqlarını dilə gətirsinlər.
Müasir dövrdə
qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyəti
quruculuğu və ölkənin demokratikləşməsi
prosesinin vacib institutlarından birinə çevrilib. Belə şəraitdə dövlət orqanları
ilə qeyri-hökumət sektorunun bərabərhüquqlu
tərəfdaşlıq prinsipləri əsasında sıx əməkdaşlığı
vətəndaş cəmiyyətinin inkişafı,
demokratiyanın dərinləşməsi, qanunvericiliyin
beynəlxalq standartlara
uyğunlaşdırılması və milli
maraqların qorunması üçün böyük əhəmiyyət
kəsb edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri qeyri-hökumət təşkilatlarının birinci forumunun iştirakçılarına təbrik məktubunda dövlət başçısı İlham Əliyevin söylədiyi fikirləri xatırlatmaq istərdik. Cənab İlham Əliyev bildirmişdir ki, qloballaşma meyillərinin və demokratik dəyişikliklərin geniş vüsət aldığı müasir dövrdə vətəndaş cəmiyyəti institutlarının lokal, regional və beynəlxalq miqyasda cərəyan edən proseslərə təsir imkanları xeyli artmışdır. Onlar sülhün və təhlükəsizliyin qorunmasında, xalqlar arasında əlaqələrin güclənməsində, habelə irimiqyaslı layihələrin həyata keçirilməsində özünəməxsus rol oynayırlar. Forumun keçirilməsində də əsas məqsəd məhz quruma üzv ölkələrin QHT-ləri arasında əməkdaşlığın əlaqələndirilməsi, regionda reallaşdırılan layihələrə ictimai dəstək verilməsi, qarşılıqlı əlaqələrə, münaqişələrin aradan qaldırılması təcrübəsinə vətəndaş cəmiyyəti institutlarının potensialının sərf edilməsi idi. Təbii ki, bu diqqət ölkələrin hərtərəfli inkişafında qeyri-hökumət təşkilatlarının roluna verilən önəmin göstəricilərindəndir. Forumun sonunda qəbul edilən Bakı Bəyannaməsində də demokratiyanın inkişafı və insan haqlarının qorunması məsələləri QHT-lərin diqqətinə çatdırılaraq bildirilmişdir ki, üzv ölkələrdə demokratiyanın inkişafı, insan hüquqları və azadlıqlarının qorunması naminə bu dəyərləri bölüşən bütün beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi region QHT-ləri tərəfindən daim təşviq edilsin və onların bu yöndə həyata keçirdikləri layihələr dəstəklənsin.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə keçirilən “QHT əməkdaşlığının nailiyyətləri və perspektivləri” mövzusunda beynəlxalq konfransda da bu fikir xüsusi qeyd edilmişdir ki, belə tədbirlərin təşkilində məqsəd Azərbaycanın beynəlxalq aləmdə QHT-lərlə əməkdaşlığının qiymətləndirilməsi, sülh və regional təhlükəsizlik, mədəniyyətlərarası dialoq, vətəndaş cəmiyyəti təşkilatları arasında gələcək əməkdaşlıq imkanları, insan hüquq və azadlıqlarının qorunması ilə bağlı yeni mexanizmlər ətrafında fikir mübadiləsi aparmaqdır. Azərbaycanda QHT sektorunun inkişafı istiqamətində atılan addımlar təqdir olunaraq qeyd edilir ki, artıq ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsi ənənə halını alıb. Bu da Azərbaycanın hər sahədə uğurlu inkişafından, inkişaf strategiyasının öyrənilməsinə maraqdan irəli gəlir. Bu gün dünya inkişafın Azərbaycan modelinin mövcudluğunu qəbul edib, öyrənilməsinin vacibliyini vurğulayırsa, bu, dövlətimizin düşünülmüş və məqsədyönlü siyasətinin göstəricisidir.
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti” məqaləsində də vətəndaş cəmiyyəti quruculuğu prosesində QHT-lərin rolu önə çəkilərək, bu istiqamətdə atılan addımlar geniş şərh olunmuşdur. Hazırda ölkəmizdə 4000-dən artıq qeyri-hökumət təşkilatının fəaliyyət göstərməsini ölkədə vətəndaş cəmiyyətinin formalaşmasının təzahürü kimi dəyərləndirən akademik R.Mehdiyev bildirmişdir: “ Qeyri-hökumət sektoru hakimiyyət ilə cəmiyyət arasında açıq və şəffaf dialoq formalaşdırmalıdır, bu isə yetərincə maliyyə imkanı və milli mənafelər naminə həyata keçirilən siyasətin şəffaflığı şəraitində mümkündür. Təəssüf ki, hüquq müdafiəçisi və ya QHT əməkdaşı adı altında gizlənənlər çox vaxt ölkənin hüdudlarından kənarda dəqiq hazırlanmış və formalaşdırılmış məqsəd və vəzifələri həyata keçirirlər. Lakin onlar başa düşməlidirlər ki, Azərbaycan demokratiya yolunu öz xalqının iradəsi ilə seçmiş bir ölkədir.”
QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsi şəffaflıq prinsipinin qorunmasında əhəmiyyətli rol oynayır, bu sahədə mövcud problemlərin həllinə öz müsbət təsirini göstərir. Bu fakt inkaredilməzdir ki, maliyyələşmədə gizli məqamların olması dövlətin, xalqın mənafeyinə, milli maraqlara zidd addımların atılmasına yol açır ki, bunun da nəticəsində qrant ayıran sifarişlərinin icrasını, bu vəsaiti mənimsəyən daxili bədxahlarımız isə öz maddi durumlarını yaxşılaşdırdıqlarını düşünsələr də zərbə dövlətə, xalqa dəyir. Belə ki, Azərbaycanın demokratiya təcrübəsi bu gün digər ölkələrə nümunə göstərildiyi, dövlətimizin həyata keçirdiyi siyasətin alternativsizliyi beynəlxalq səviyyələrdə qeyd edildiyi halda, bəzi antiazərbaycan dairələrin maliyyələşdirdikləri beynəlxalq qurumlar ölkəmizi “qeyri-demokratik ölkələr” sırasında qeyd edir, daxili bədxahlarımızın qeyri-ciddi fikirləri əsasında hazırladıqları sənədləri həqiqət kimi qəbul etdirməyə çalışırlar. Həmin hesabatlarda ölkəmizdə insan hüquqlarının guya kobud şəkildə pozulmasının, qeyri-hökumət təşkilatlarının fəaliyyətinə dövlət nəzarətindən narazılığın daha çox yer alması da mənbənin dağıdıcılar və onlarla birlik nümayiş etdirən “hüquq müdafiəçiləri” olduğunu təsdiqləyir. İnsan amilinin dövlət siyasətinin əsasını təşkil etdiyi bu ünsürlərə çox yaxşı bəllidir. Lakin şəxsi ambisiyalarının quluna çevrilmələri onları siyasi cəhətdən kor edib.
Dövlət başçısı İlham Əliyevin bütün çıxışlarında bəyan etdiyi kimi, ölkəmizdə vətəndaşlara bütün azadlıqlar verilib. İnsan hüquq və azadlıqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi dövlətin siyasətində əsas yer tutur. Milli Konstitusiyamızda əksini tapan maddələrin böyük əksəriyyəti, demək olar ki, üçdə iki hissəsi insan hüquqlarının qorunmasına xidmət edir.
Bu gün ölkəmizdə insan hüquq və azadlıqlarının qorunmasından, müdafiəsindən “narazılıqlarını” ifadə edən “hüquq müdafiəçilərimiz”ə diqqət yetirmək kifayətdir ki, onların bu canfəşanlığının kökündə hansı maraqların dayandığı bəlli olsun. Avropa Şurası rəsmiləri Azərbaycanla qurum arasında “siyasi məhbus” məsələsinin qapandığını bəyan etdiyi, hətta qurumun sessiyasında ölkəmizdə “siyasi məhbuslarla” bağlı hesabatın qəbul olunmadığı halda bəzi “hüquq müdafiəçiləri”nin “siyasi məhbus” siyahıları hələ də gündəmdədir. Bu, düşmən dəyirmanına su tökmək, ən əsası xəyanətkarlıq deyilmi? Belə “hüquq müdafiəçiləri” hansı haqla Azərbaycanda insan hüquqlarının qorunmasından narazılıqlarını ifadə edə bilərlər? AŞPA-nın Monitorinq Komitəsinin üzvü, ekspert Zmago Jelinchicin fikirləri bəzi qeyri-hökumət təşkilatlarına tutarlı cavab kimi dəyərləndirildi- Azərbaycanda 4 minə yaxın QHT fəaliyyət göstərdiyi halda bəzi beynəlxalq qurumların hesabatları yalnız 3-5 QHT təmsilçisinin məlumatı əsasında hazırlanır. O QHT-lər ki, fəaliyyətlərini Azərbaycanın dövlətçilik maraqlarına zidd addımların atılmasına yönəldiblər.
Azərbaycanın bugünkü reallığı budur ki, ölkəmiz demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunda inamla irəliləyir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, atılan addımlar hansısa dövlətə, təşkilata xoş gəlmək deyil, Azərbaycanın uğurlu gələcəyi üçündür. Bu fikir də xüsusi qeyd edilir ki, dünya dəyişir, cərəyan edən proseslər müxtəlif istiqamətlərdə inkişaf edir. Ancaq təbiətin ümumi qanunları dəyişmir. Müstəqil ölkə kimi Azərbaycan bu gün də müstəqil siyasət aparır. Bu siyasət, ilk növbədə, Azərbaycan xalqının iradəsinə əsaslanır.
Bu gün yeganə problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə də dünyanın ikili siyasətindən və bu yanaşmanın yaratdığı problemlərdən geniş bəhs olunur, yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurd-yuvalarından digərgin düşmüş bir milyondan artıq soydaşımızın hüquqlarının pozulması, onlara qarşı dünyada ikili standartların mövcud olduğu bir daha diqqətə çatdırılır. Bu gün Azərbaycanda insan hüquqlarının guya kobud şəkildə pozulduğunu iddia edənlər yaxşı olar ki, bir dəfə də olsun bir milyondan artıq soydaşımızın pozulmuş hüquqlarını dilə gətirsinlər. Sözsüz ki, beynəlxalq hüququn norma və prinsipləri bütün dövlətlərə eyni şəkildə tətbiq olunsa, münaqişəli məsələlər də öz ədalətli həllini tapar.
Yeganə Əliyeva
İki sahil.- 2015.- 2 aprel.- S.3.