Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı
yeni və dinamik inkişaf mərhələsində
Azərbaycan-Türkiyə
dostluğu və qardaşlığı əbədidir,
sarsılmazdır.
Biz
çalışacağıq ki, bu dostluğu,
qardaşlığı gündən-günə
möhkəmlədək
və yüksəklərə qaldıraq
Heydər Əliyev
Ümummilli lider
Müasir geosiyasi
şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı
olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib
daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin
mühüm tərkib hissəsidir. Hər iki
ölkənin dövlət və hökumət
başçılarının, eləcə də siyasi,
iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər
sahələr üzrə aidiyyəti qurumlarının rəhbərlərinin
qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın
inkişafında əhəmiyyətli rol
oynayıb və bütün sahələrdə əlaqələr
uğurla inkişaf edərək ölkələrimiz
arasında strateji tərəfdaşlıq münasibətlərinin
yüksək səviyyəyə qalxmasına səbəb olub.
Müstəqilliyin ilk illərində Türkiyə iki qardaş ölkə arasında qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini əsas tutaraq dövlət quruculuğu yolunda respublikamızın səylərini daim dəstəkləməklə hərtərəfli əlaqələrin inkişafına geniş yardım göstərib. Azərbaycanın dünya birliyinə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında, ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşmasında Türkiyə dövləti ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verən ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra bu istiqamətdəki kursun yüksələn xətt üzrə inkişafını təmin etdi.
1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi”nin xarici neft şirkətlərinin konsorsiumunda “Türk petrolları” şirkətinin təmsil olunması Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığın inkişafının ilk əsas təzahürü idi. Azərbaycan Prezidenti Heydər Əliyevin 1997-ci il mayın 5-8-də Türkiyəyə rəsmi səfəri zamanı keçirilən bütün görüşlərdə ölkəmizin Türkiyə ilə münasibətlərin daha da inkişafına xüsusi əhəmiyyət verdiyi göstərildi. Belə ki, səfər çərçivəsində “Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında strateji əməkdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə”, eləcə də iki ölkə arasında münasibətləri yüksək səviyyəyə qaldırmış və müxtəlif sahələri əhatə edən ümumilikdə 9 sənəd imzalandı.
Azərbaycan regionda həyata keçirilən qlobal iqtisadi layihələrin həyata keçirilməsində Türkiyənin yaxından iştirakına daim xüsusi diqqət yetirir. Avropa ilə Şərq ölkələri arasında nəqliyyat-kommunikasiya əlaqələrinin yaradılması sahəsində mühüm əhəmiyyət kəsb edən “Avropa-Qafqaz-Asiya Transqafqaz” nəqliyyat dəhlizi (TRASEKA) proqramının dəstəyi ilə 1998-ci il sentyabrın 7-8-də 32 dövlətin və 13 beynəlxalq təşkilatın iştirakı ilə tarixi “Böyük İpək Yolu”nun bərpasına dair Bakıda keçirilmiş beynəlxalq konfrans Azərbaycanla ilə Türkiyə arasında strateji tərəfdaşlığın genişlənməsinə yeni stimul verdi. Bu layihə ilə yanaşı, digər iqtisadi layihələrin həyata keçirilməsi istiqamətində atılan addımlar, xüsusilə Xəzərin enerji resurslarının dünya bazarlarına nəql olunması sahəsində Azərbaycan ilə Türkiyə arasında davamlı əməkdaşlığın genişləndirilməsi hər iki dövlətin regionda siyasi-iqtisadi və strateji maraqlarının təmin edilməsinə xidmət edir.
Azərbaycanın neft strategiyasının həyata keçirilməsi regional sabitliyin möhkəmləndirilməsi və qonşu dövlətlərlə, xüsusilə Türkiyə ilə strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsində mühüm əhəmiyyət kəsb edir. Xəzər regionunda fəal mövqeyi ilə seçilən və Azərbaycanın bütün məsələlər üzrə müttəfiqi hesab edilən Türkiyə dövləti əsas diqqətini respublikamızın neft ehtiyatlarının xarici bazarlara marşrutu üzərinə cəmləşdirib. Bu məqsədlə də Türkiyə hökuməti Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri marşrutunu irəli sürüb və kəmərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bir sıra təkliflərlə çıxış edib.
1999-cu il noyabrın 18-də ATƏT-in İstanbulda keçirilmiş Zirvə toplantısı çərçivəsində XX əsrin çox mühüm layihəsi hesab edilən və mübahisəli müzakirələrə səbəb olan “Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə Azərbaycan, Gürcüstan, Türkiyə ərazilərindən xam neftin nəql edilməsinə dair saziş”in Azərbaycan, Gürcüstan, Türkiyə və ABŞ prezidentləri tərəfindən imzalanması region ölkələrinin strateji əməkdaşlığı və Avropaya inteqrasiyası sahəsində mühüm addım oldu. Eyni vaxtda, adı çəkilən dövlətlərin prezidentləri tərəfindən bu qlobal layihəni müdafiə edən İstanbul Bəyannaməsinin qəbul edilməsi Azərbaycan dövlətinin, xüsusilə ümummilli lider Heydər Əliyevin yeni neft strategiyasının həyata keçməsi istiqamətində, eləcə də Türkiyə dövləti ilə dostluğun və əməkdaşlığın daimi olmasını təsdiq edən çox əhəmiyyətli bir sənəd idi.
Bundan əlavə, İstanbul Zirvə toplantısında regionda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində Azərbaycanın və Türkiyənin iştirakı ilə “Qafqaz paktı” yaradılması ideyası irəli sürüldü. Bu ideyanın həyata keçirilməsi üçün Azərbaycanın regional təhlükəsizliyə dair daha bir təşəbbüsü 2002-ci il aprelin 29-30-da Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin Türkiyənin Trabzon şəhərində keçirilən Zirvə görüşündə reallaşdı. Görüşün nəticəsi olaraq 3 dövlət arasında “Terrorizm, mütəşəkkil cinayətkarlıq, qanunsuz narkotik, psixotrop maddələrin qaçaqmalçılığı, silah, insan alveri və digər mühüm cinayətlərlə mübarizə haqqında müqavilə” imzalandı. Bununla yanaşı, “Şahdəniz” yatağından hasil olunan təbii qazın Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Türkiyəyə nəql olunması üçün qaz boru kəmərinin də inşasının həyata keçirilməsi haqqında qərar qəbul edildi. Heç şübhəsiz ki, bu layihənin reallaşması Azərbaycan və Türkiyənin sosial-iqtisadi inkişafında, regional təhlükəsizliyin möhkəmlənməsində, qarşılıqlı əlaqələrin genişlənməsində və hər iki dövlətin dünya birliyinə hərtərfli inteqrasiyası istiqamətində mühüm əhəmiyyət kəsb edir.
Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu novatorcasına, dinamik şəkildə və çox uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev qardaş Türkiyə dövləti ilə münasibətləri yüksələn xətt üzrə inkişaf etdirərək bu münasibətlərin strateji müttəfiqlik səviyyəsinə qalxmasında əhəmiyyətli rol oynadı. Belə ki, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında Prezident İlham Əliyevin 2004-cü il aprelin 13-15-də dövlət başçısı kimi ilk rəsmi səfəri zamanı iki ölkə arasında Birgə Bəyanat, mülki aviasiya və mədəniyyət sahələrində əməkdaşlığa dair protokollar, ümumilikdə isə 5 mühüm sənəd imzalandı.
2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan limanında Şərq-Qərb enerji dəhlizinin mühüm qolunu təşkil edən və ulu öndər Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. Bu hadisə Ümummilli Liderin uzaqgörən və düşünülmüş siyasətinin, eləcə də uğurlu neft strategiyasının nəticəsi və vaxtilə bəzi mütəxəssislərin inanmadığı üç dəniz əfsanəsinin reallığa çevrildiyi gün kimi tarixə düşdü.
Ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik şəkildə inkişafının göstəricisi olan qlobal iqtisadi layihələr – Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri regionda sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verməklə yanaşı, xalqlarımızın rifah halının yaxşılaşdırılması baxımından da böyük əhəmiyyətə malikdir. Bu mənada 2008-ci il iyulun 24-də Azərbaycan Prezident İlham Əliyevin Türkiyəyə səfəri zamanı Qars şəhərində Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə hissəsinin təməlinin qoyulması mərasimindəki nitqində dövlət başçısı Azərbaycanın beynəlxalq enerji və nəqliyyat dəhlizi ölkəsi olaraq yüksək potensialını göstərməklə yanaşı, bu dəmir yolunun ümumən regionda əməkdaşlığın genişlənməsi üçün çox önəmli layihə olduğunu bildirdi. Hazırda regionun ən böyük və mühüm layihələri hesab edilən hər üç layihənin Bakıdan başlanması təkcə Azərbaycanın neft və qaz ehtiyatlarına malik olması deyil, eləcə də ölkəmizin regionda ən böyük iqtisadi potensiala, gücə və həmin layihələrin reallaşmasını diktə etmək imkanına sahib olması deməkdir.
Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi dövlətimizin xarici siyasətinin çox mühüm tərkib hissəsidir. Bu günədək “bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edən münasibətlərin yüksək səviyyədə olduğunu bildirən Azərbaycan Prezidenti İlham Əliyev hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərinin ikitərəfli siyasi və iqtisadi əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynadığını bildirərək qeyd edib ki, “Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələr çox uğurla inkişaf edir. Bu əlaqələr dostluq-qardaşlıq əsasında qurulubdur. Bizim çox zəngin birgə tariximiz, ortaq dəyərlərimiz vardır. Bu gün Türkiyə ilə Azərbaycan arasında əlaqələr bu möhkəm təməl əsasında qurulur. Son iyirmi ilə yaxın müddətdə Türkiyə ilə Azərbaycan arasında əlaqələr daim yüksək səviyyədə olmuşdur. Bu gün bu gözəl ənənələr davam edir və bütün məsələlərdə əməkdaşlığımız yaxşı nəticələr verməkdədir”.
Hər iki dövlətin irəli sürdüyü yüksək səviyyədə Strateji Əməkdaşlıq Şurasının qurulması istiqamətində verilən qərar da Türkiyə ilə Azərbaycan arasında gələcəyi əhatə edən və ikitərəfli münasibətlərdə atılan ən mühüm addımlardan biridir. Bu baxımdan “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması haqqında Birgə Bəyannamə”nin imzalanması mühüm əhəmiyyət kəsb edir.
2011-ci il iyulun 27-də Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı Türkiyə-Azərbaycan əlaqələrinin hazırda ən yüksək səviyyədə olduğunun bir daha şahidi olduq. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransı zamanı söylədikləri fikirlər bunu bir daha təsdiq edir. Azərbaycan Prezidenti İlham Əliyev bu əlaqələrin strateji xarakter daşıdığını, dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını bildirərək qeyd edib ki, “Bizi birləşdirən həm tarixi köklər, həm mədəni əlaqələr, bizim keçmişimiz və bugünkü siyasi maraqlarımızdır. Biz çox şadıq ki, Türkiyə-Azərbaycan əlaqələri sürətlə inkişaf edir”. Bununla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə əlaqədar danışıqların son durumu haqqında müzakirələrin aparıldığını qeyd edən dövlət başçısı İlham Əliyev Türkiyəyə bu məsələ ilə bağlı tutduğu mövqeyə görə Azərbaycan xalqının və dövlətinin minnətdar olduğunu və bunu çox yüksək qiymətləndirdiyini bildirib. Baş nazir Rəcəb Tayyib Ərdoğan da Dağlıq Qarabağ məsələsində Türkiyənin hər zaman Azərbaycanın yanında olduğuna diqqəti çəkərək deyib: “Dağlıq Qarabağ mövzusundakı mövqeyimiz, düşüncəmiz, mübarizəmiz eynidir. Azərbaycan üçün Dağlıq Qarabağ mövzusu necə bir qanayan yaradırsa, bilinməlidir ki, bizim üçün də elə qanayan bir yaradır. Bundan fərqli bir düşüncə bizdə əsla ola bilməz. Bu məsələni də sona qədər təqib edirik və bundan sonra da təqib etməkdə davam edəcəyik”.
2011-ci il oktyabrın 25-də İzmir şəhərində keçirilən Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan, eləcə də hər iki ölkə nümayəndə heyətlərinin üzvləri arasında danışıqlar aparılıb və Türkiyə ilə Azərbaycan arasında qaz tranziti, qaz təchizatı və qaz alğı-satqısına dair sazişlər imzalanıb. Qaz tranzitinə dair imzalanan saziş “Cənub” dəhlizi layihəsi çərçivəsində Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur. Bundan başqa, Azərbaycan və Türkiyə arasında hökumətlərarası enerji protokolu, investisiyaların təşviqi və qarşılıqlı qorunması, Anadolu Agentliyi ilə AZƏRTAC arasında, Xarici İşlər nazirliklərinin Diplomatik akademiyaları arasında, ailə və sosial siyasət sahəsində, meşəçilik, meteorologiya, mətbuat və informasiya, polisin təhsili sahələrində əməkdaşlıq haqqında sazişlər imzalanıb.
Azərbaycan və Türkiyə ikitərəfli iqtisadi əməkdaşlığı və sərmayələrə verdikləri böyük əhəmiyyət də ölkələrimizin inkişafını şərtləndirən amillərdəndir. Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 5 milyard dollardan çoxdur. 2020-ci ilədək Azərbaycanın Türkiyə iqtisadiyyatına yatıracaq sərmayələrin həcmi 20 milyard dollara çatacaq ki, bunun da 15 milyard dolları Dövlət Neft Şirkətinin payına düşəcək. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng layihələr Türkiyə ilə Azərbaycan əməkdaşlığının gələcək inkişafında xüsusi əhəmiyyətə malikdir. Adı çəkilən layihələrdən sonra 2012-ci il iyunun 26-da Prezident İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın imzaladıqları sazişlə həyata keçirilməsinə başlanılan Trans-Anadolu (TANAP) təbii qaz boru xətti layihəsi də ölkələrimizin regionda və dünyada nüfuzunu artırıb. Beləliklə də, yaxın beş ildə TANAP layihəsinin icrasına nail olunacaq və Azərbaycan Türkiyə üçün önəmli qaz təminatçısı olmaqla yanaşı, eyni zamanda, Azərbaycan qazı Türkiyə vasitəsilə Avropaya nəql ediləcək.
2012-ci il sentyabrın 11-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasının keçirilməsi Azərbaycan-Türkiyə münasibətlərinin yeni mərhələsi kimi qiymətləndirilə bilər. Belə ki, Azərbaycan ilə Türkiyə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 7 protokol imzalandı ki, bunun da hər iki dövlət üçün çox mühüm əhəmiyyəti var. Sənədlərin imzalanmasından sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın birgə keçirilən mətbuat konfransında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci toplantısının iki dövlət arasında genişlənən bu prosesi daha da sürətləndirdiyi bildirilib.
2013-cü il noyabrın 13-də Ankarada Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü iclası keçirilib və iclasda Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın bütün sahələrdə - siyasi, iqtisadi, enerji və digər sahələrdə dinamik inkişaf etdiyi, ikitərəfli layihələrin uğurla həyata keçirilməsinin əhəmiyyəti qeyd olunub. 2015-ci il yanvarın 15-də Ankarada Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 4-cü iclası keçirilib və Şuranın toplantısı çərçivəsində birgə fəaliyyətlər, iki ölkə arasında əlaqələr və əməkdaşlığın inkişafı müzakirə olunub.
Bu gün Azərbaycan həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, dünyanın qlobal enerji bazarında ciddi rol oynayan ölkədir. Bir sıra Avropa ölkələrinin qaz bazarında Azərbaycanın payı 40 faizədək artıb. 2012-ci ildə Türkiyə və Azərbaycan siyasi rəhbərliyinin fəaliyyəti nəticəsində Trans-Anadolu kəmərinin tikintisi ilə bağlı razılıq əldə edilib. Azərbaycanın müəllifi olduğu və Türkiyə ilə birlikdə reallaşdırılan TANAP layihəsi həyata keçirildikdən, yəni 2017-ci ildən sonra Avropanın təbii qaz bazarında ölkənin rolu daha da yüksələcək. Bu layihə bizim uzunmüddətli inkişafımızı, onilliklər ərzində Azərbaycanın iqtisadi və digər maraqlarını təmin etmək üçün ciddi vasitə olacaq. Azərbaycanın mövcud qaz ehtiyatları bundan sonrakı 100 il ərzində respublikanın və tərəfdaş dövlətlərin mavi yanacağa olan tələbatının ödənməsinə imkan verəcək. Bununla yanaşı, 2013-cü ildə TAP layihəsi - Trans-Adriatik kəmərinin əsas ixrac marşrutu kimi seçilməsi də tarixi hadisə olub.
Hazırda beynəlxalq əməkdaşlıq məkanına çevrilmiş Xəzər hövzəsi malik olduğu zəngin karbohidrogen ehtiyatları hesabına bir sıra qlobal enerji layihələrinin reallaşdırıldığı mərkəz kimi diqqət çəkir. Bu baxımdan Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağı xüsusi əhəmiyyət kəsb edir. 2013-cü il dekabr ayının 17-də Bakıda layihə üzrə yekun investisiya qərarının imzalanması ilə “Şahdəniz” yatağının tammiqyaslı işlənməsi həlledici mərhələyə qədəm qoydu. Azərbaycan Prezident İlham Əliyevin bəyan etdiyi kimi “Şahdəniz- 2” enerji layihəsi dünyanın ən iri enerji layihələrindən biridir. Bu layihə enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir. Azərbaycan 20 il əvvəl “Əsrin müqaviləsi”ni imzalamaqla Xəzər dənizini xarici sərmayələrə açıb və ölkəmizin uğurlu iqtisadi inkişafını təmin edib. Həmin müqavilə “XX əsrin müqaviləsi” adlandırılmışdısa, “Cənub” qaz dəhlizi layihəsi XXI əsrin ən iri enerji layihəsidir.
2014-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin 20-ci ildönümünü qeyd edildi. Simvolik haldır ki, məhz həmin gün “Cənub” qaz dəhlizinin təməli qoyuldu. “Cənub” qaz dəhlizi Avropanın ən böyük infrastruktur layihəsidir və bu nəhəng transmilli layihənin icrasında ölkəmiz öz liderlik keyfiyyətlərini bir daha nümayiş etdirdi. Məhz Azərbaycanın uzun illər ərzində apardığı uğurlu enerji siyasəti nəticəsində bu böyük layihə artıq reallaşır. “Şahdəniz-2”, TANAP və TAP Azərbaycan üçün nadir və əvəzolunmaz layihələrdir və uzun illər, onilliklər bundan sonra bizim milli maraqlarımızı, iqtisadi və siyasi maraqlarımızı təmin edəcək. Azərbaycan beynəlxalq əməkdaşlıq məsələlərində olduğu kimi, bu layihələrdə də liderliyi öz üzərinə götürüb.
Nəhayət, 2015-ci il martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin iştirakı ilə Trans-Anadolu qaz boru kəməri – TANAP-ın təməlinin qoyulması münasibətilə təntənəli mərasim keçirildi. Bu tarixi mərasimdə layihəyə Azərbaycan, Gürcüstan və Türkiyə ilə yanaşı, bütün Avrasiya coğrafiyasının ehtiyacı olduğu qeyd edilərək bildirildi ki, layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa İttifaqında bir neçə kəmərlə əlaqələndirəcək. Beş il ərzində reallaşması nəzərdə tutulan layihə bir neçə mərhələdə həyata keçiriləcək və ilk mərhələ 2018-ci ildə başa çatacaq. 2020-ci ildə bu kəmərlə nəql olunacaq qazın həcmi ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək. Bu tarixi hadisə Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının yeni və dinamik inkişaf mərhələsi kimi qiymətləndirilə bilər.
Qeyd edək ki, 2015-ci il aprelin 24-də Çanaqqala şəhərində türk ordusunun qəhrəmancasına qələbə qazanmasının 100 illiyi ilə bağlı keçiriləcək təntənəli mərasimdə Azərbaycan Prezidenti də iştirak edəcək. Bunu iki qardaş ölkənin liderləri 2015-ci il yanvarın 15-də Ankarada keçirdikləri mətbuat konfransında bəyan ediblər. Türkiyədə Çanaqqala zəfərinin 100 illiyinin qeyd edilməsinə dair qəbul olunmuş qərar qardaş ölkənin ərazilərinin düşmən əsarətindən qurtuluşunda həlledici rol oynamış tarixi hadisənin, böyük dönüş məqamının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir. Bu, Türkiyədə və ümumiyyətlə, türk dünyasında müstəqil dövlətçiliyin, vətənpərvərliyin daha da qüvvətlənməsinə təkan verəcək mühüm hadisə olacaq. Çanaqqala zəfərinin yüksək səviyyədə anılması həmin tarixi proseslərdə əsl qardaşlıq nümunəsi göstərmiş, böyük qurtuluş savaşında könüllü iştirak etmiş və Anadolu torpaqlarında şəhid olmuş Azərbaycan oğullarının da xatirəsinə ehtiramın bir ifadəsidir.
Azərbaycan Prezidenti İlham Əliyevin Çanaqqala zəfərinin birlikdə qeyd olunması barədə qəti mövqeyi Türkiyə və Azərbaycan dövlətlərinin və xalqlarının bütün tarixi dövrlərdə olduğu kimi, bu gün də bir yerdə və həmrəy olduqlarını, həmin tarixi savaşından çıxan ibrət dərslərinin hər iki ölkə üçün çox mühüm əhəmiyyət daşıdığının dünya ictimaiyyəti qarşısında nümayişinə xidmət etməklə yanaşı, işğal altında olan torpaqlarımızın azad ediləcəyinə birgə inamın da təcəssümüdür.
Bunun bariz nümunəsini biz 2015-ci il martın 17-də Qarsda Heydər Əliyev adına Anadolu Texniki-Peşə Liseyinin açılışında Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışında da gördük. Türkiyə dövlətinin başçısı bildirdi ki, “Azərbaycan bizim üçün sadəcə dövlətlərdən bir dövlət, azərbaycanlı qardaşlarımız da millətlərdən bir millət deyil. Biz eyni dili danışan, eyni inanca mənsub, ortaq bir tarixi keçmişi olan, sözdə deyil, əməldə qardaş, bir millət, iki dövlətik. 1918-ci ildə Bakını işğaldan azad edən Qafqaz İslam Ordusunun yarısı Anadolu xalqından, yarısı da Azərbaycan xalqından ibarət idi. Bakını, Gəncəni, Dərbəndi, Dağıstanı düşməndən bu qardaşlar çiyin-çiyinə verərək yan-yana şəhid olaraq azad ediblər. Bu gün də Dağlıq Qarabağda zülmə məruz qalan azərbaycanlı qardaşlarımızın dərdini, inanın, Anadolu torpaqlarındakı hər qardaşımız ürəyində hiss edir. Bizim nəzərimizdə Qarsdakı, İğdırdakı, Ərzurumdakı vətəndaşımızla Naxçıvandakı qardaşımız arasında heç bir fərq yoxdur. Bizim üçün İzmir, İstanbul, Ankara, Antalya nədirsə, Bakı da elədir”.
Ümumiyyətlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən Türkiyə dövləti daim Azərbaycanın haqlı tələblərini ardıcıl müdafiə edib, mütəmadi olaraq Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxması tələbi ilə çıxış edərək, ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində səylər göstərib. Münaqişənin həlli yolunun yalnız Azərbaycanın razılaşacağı şərtlər çərçivəsində qəbul edəcəyini bildirən Türkiyə bu məsələ öz ədalətli həllini tapmayana qədər Ermənistan ilə diplomatik münasibətlər qurmayacağı və heç bir iqtisadi əlaqə yaratmayacağı barədə öz prinsipial mövqeyindən dönməyəcəyini ən yüksək dövlət və hökumət nümayəndələri səviyyəsində dəfələrlə bəyan edib.
Türkiyə dövləti beynəlxalq aləmdə Azərbaycanın fəal tərəfdarı kimi çıxış edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün Azərbaycanın göstərdiyi bütün səyləri həmişə müdafiə edib. Belə ki, hələ SSRİ-nin mövcud olduğu dövrdə Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və hərbi təcavüzünün genişlənməsi zamanı Azərbaycan xalqının haqq səsi məhz Türkiyə vasitəsi ilə dünyaya çatdırıldı. Bu işdə Türkiyənin rəsmi şəxslərinin mövqeyi, eləcə də kütləvi informasiya vasitələrinin əhəmiyyətli rolu xüsusilə qeyd edilməlidir. 1993-cü il aprelin əvvəllərində Ermənistanın hərbi təcavüzünün daha da genişlənməsi və Kəlbəcər rayonunun işğalı ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyi bəyanatla çıxış etməklə yanaşı, Türkiyə hökuməti BMT Təhlükəsizlik Şurasından təcili iclasının çağırılmasını da xahiş edib. O zaman Türkiyə dövləti Azərbaycanı dəstəkləyərək Ermənistandan işğalçılıq siyasətinə son qoymasını tələb etdi və bu işğalın davam etməsi səbəbindən Ermənistanla sərhədini bağladı.
Bütün dövrlərdə Türkiyə-Azərbaycan münasibətləri həm iki ölkə üçün, həm də region üçün çox önəmli rol oynayıb. Bu gün ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur və bütün sahələrdə əlaqələrimiz uğurla inkişaf edir. Bu səbəbdən Azərbaycanın dövlət başçısı İlham Əliyev bəyan edib ki, bölgədə Türkiyə-Azərbaycan əməkdaşlığı, işbirliyi olmadan heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz. Bununla yanaşı, Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçılarıdır. Hər iki dövlət özünün iqtisadi və enerji imkanlarından, eləcə də geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli surətdə istifadə edir. Bu gün bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan və iki ölkə arasındakı münasibətlərin çox vacib elementlərindən olan neft və qaz kəmərləri təkcə regionda deyil, eləcə də bütün dünyada dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Bu layihələr Azərbaycanın, Türkiyənin, eləcə də digər ölkələrin enerji təhlükəsizliyi üçün böyük təminat verir. Eyni zamanda, iki dövlət arasında genişlənən əməkdaşlıq və strateji tərəfdaşlıq regionda sabitliyin göstəricisinə çevrilib.
Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunda Türkiyə ilə münasibətlərin inkişafına yönəlmiş ardıcıl və məqsədyönlü xəttin dövlət başçısı İlham Əliyev tərəfindən daha da inkişaf etdirilməsi sayəsində ölkələrimizin strateji tərəfdaşlığının daha da dərinləşməsinə nail olunub.
Elçin Əhmədov
Azərbaycan Respublikasının
Prezidenti yanında
Dövlət
İdarəçilik Akademiyasının dosenti,
“Azərbaycan
Respublikası Dağlıq Qarabağ
bölgəsinin
Azərbaycanlı İcması” İctimai Birliyinin
Əlaqələndirmə
Şurasının sədri,
Qarabağ
Araşdırmalar Mərkəzinin rəhbəri
İki sahil.- 2015.- 4 aprel.- S.13; 15.