AZƏRBAYCANIN
BEYNƏLXALQ İNTEQRASİYASINDA
NƏQLİYYAT
FAKTORUNUN ROLU
Dünya birliyinə
inteqrasiya hər bir suveren, müstəqil dövlətin
inkişafının əsas hədəflərindən,
başlıca məqsədlərindəndir. Məhz bu proses
milli dövlətlərə dünyanın qabaqcıl və
qüdrətli ölkələrinin yüzillər ərzində
topladıqları təcrübəni qarşılıqlı əməkdaşlıq
və tərəfdaşlıq şəraitində dərindən
əxz etmək, bu təcrübədən faydalanmaq
üçün geniş imkanlar açır.
Dövlət müstəqilliyinin bərpasından sonrakı dövrdə ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasi-strateji xətti sayəsində Azərbaycanın dünya birliyinə regional və qlobal inteqrasiyasının dəqiq və düzgün istiqamətləri müəyyənləşdirilmişdir. Bu xəttin əsasında isə Azərbaycanın demokratikləşmə və sərbəst iqtisadiyyat yolu seçmiş dövlət kimi özünü təsdiq etməsi gerçəkliyi dayanır.
İnteqrasiya proseslərinin geniş vüsət alması İkinci Dünya müharibəsindən sonra Qərbi Avropanın yenidən qurulmasının xarakterik xüsusiyyəti olmaqla yanaşı, dünyanın əksər bölgələrinə yayılaraq, qlobal inkişafın mühüm amilinə çevrilmişdir. Bu prosesin tədqiqatçılarının fikrincə, müasir dövrdə siyasi və iqtisadi inteqrasiya prosesləri özünün vacibliyini və əhəmiyyətini daha çox dövlətlərin regional birlik və ittifaqlarının formalaşmasında göstərir.
Müstəqil dövlətçiliyin bərpasından sonra qısa tarixi dövr ərzində Azərbaycan Respublikası dünya təsərrüfat-iqtisadi sisteminə inteqrasiya sahəsində çox böyük nailiyyətlər əldə etmişdir. Demokratik dövlət quruculuğunun köklü iqtisadi islahatlarla paralel şəkildə aparılması ölkəmizə sosial-iqtisadi inkişafın özünəməxsus modelini yaratmaq və dünyanın diqqətini bu uğurlu modelə cəlb etmək imkanı qazandırmışdır.
Milli maraqların qorunması şərti ilə beynəlxalq maliyyə-kredit təşkilatları və iqtisadi qurumlarla əlaqələrin yaradılması müstəqil dövlətimizin xarici iqtisadi siyasətinin mühüm istiqamətlərindən biri olmuşdur. Bu siyasətin düşünülmüş şəkildə həyata keçirilməsi nəticəsində Azərbaycan Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı, Asiya İnkişaf Bankı və digər nüfuzlu beynəlxalq qurumlarla intensiv əməkdaşlığa nail olmuşdur.
Xüsusən ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən yeni neft strategiyası Azərbaycanın dinamik sosial-iqtisadi inkişafına təkan verməklə onun dünya birliyinə inteqrasiyasında, qlobal enerji təhlükəsizliyi sistemində önəmli yer tutmasında, beynəlxalq nəqliyyat layihələrinin lokomotivinə çevrilməsində mühüm rol oynamışdır. Məhz bu amil Azərbaycanı beynəlxalq inteqrasiya proseslərinin fəal iştirakçısı mövqeyinə çıxarmışdır. Özü də müstəqil dövlətimiz iqtisadiyyatla yanaşı, sosial-mədəni, intellektual sahələrdə də özünün inteqrativ potensialını ortaya qoymağı bacarmışdır.
Möhtərəm Prezident cənab İlham Əliyev Ulu Öndərin siyasi-strateji xəttini uğurla davam etdirərək, müstəqil dövlətimizin beynəlxalq aləmə inteqrasiyasını daha da genişləndirmişdir. İndi Azərbaycanın xarici ölkələrdə 57 səfirliyi, 9 beynəlxalq qurumda daimi nümayəndəliyi, 9 baş konsulu, fəxri konsulu vardır. Azərbaycanda isə 58 ölkənin səfirliyi, 4 baş konsul, 10 fəxri konsul və beynəlxalq təşkilatların 20 nümayəndəliyi fəaliyyət göstərir. Azərbaycan bütün beynəlxalq təşkilatlarda arzuolunan tərəfdaş kimi tanınır, dünya ictimaiyyəti dövlətimizi güclü şəkildə dəstəkləyir.
2012-ci ildə ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, 2014-cü ildə Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etməsi mühüm diplomatik uğur olmaqla yanaşı, müstəqil dövlətimizin qlobal inteqrasiya proseslərındə fəal iştirakına verilən qiymətin təcəssümüdür.
Bu gün Azərbaycan həm coğrafi, həm də mədəni və siyasi cəhətdən regional və kontinental inteqrasiyanın mərkəzi rolunu oynayır. Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun, Humanitar Forumun, mötəbər idman tədbirlərinin keçirilməsi, multikulturalizmin respublikamızın ictimai həyatının mühüm ünsürü kimi tanınması da bunu təsdiqləyir. 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi Azərbaycan paytaxtında böyük uğurla keçirilmişdir. Bu il birinci Avropa Oyunları, 2016-cı ildə Dünya Şahmat Olimpiadası Bakıda keçiriləcək. Eyni zamanda, 2016-cı ildə paytaxtımızda “Formula 1" yarışı, 2017-ci ildə isə İslam Həmrəylik Oyunları keçiriləcək. 2020-ci ildə futbol üzrə Avropa çempionatının dörd oyununun təşkilinin ölkəmizə həvalə edilməsi dünya dövlətlərinin bizə göstərdiyi etimadın sübutudur. Ümumilikdə isə, bütün bunlar ulu öndər Heydər Əliyevin Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasını sürətləndirmək xəttinin möhtərəm Prezident İlham Əliyev tərəfindən qətiyyət və ardıcıllıqla davam etdirməsinin nəticəsidir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev yazmışdır: “Heydər Əliyevin ölkənin mənafeyinə xidmət edən, dövlətin strateji maraqları üzərində qurulmuş, hərtərəfli düşünülmüş, özünün vəzifə və prinsipləri ilə seçilən bitkin, ardıcıl siyasəti bütün istiqamətlərdə bu gün də özünü doğrultmaqdadır. Azərbaycanın dünya birliyinə inteqrasiyası üçün apardığı çoxşaxəli fəal xarici siyasətin nəticəsidir ki, indi ölkəmiz dünyada gedən siyasi proseslərdə özünə layiqli yer tutmuş, nüfuzlu mövqe qazanmış, bütün dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı-faydalı əməkdaşlığa nail olmuşdur.
Qloballaşma dövründə biz inteqrasiyanın əlverişli meyillərindən istifadə etməli, ardıcıl siyasət yeritməliyik. Dövlətlərarası inteqrasiya məkanına ölkəmizin inkişafına, iqtisadiyyatın modernləşməsinə, cəmiyyətimizin mənəvi-əxlaqi əsaslarının təkmilləşməsinə kömək edən bütün qüvvələri səfərbər etməklə daxil olmalıyıq. Bu gün Azərbaycanın uğurları dünyanın ən qüdrətli dövlətlərinin və nüfuzlu beynəlxalq qurumlarının diqqətini bizə yönəltmişdir”.
Beynəlxalq interasiya proseslərini nəqliyyat sektorunun fəaliyyətindən kənarda təsəsvvür etmək mümkünsüzdür. Dünya iqtisadiyyatının inkişafında bir sıra social-iqtisadi amillərlə yanaşı, nəqliyyat faktoru da mühüm rol oynayır. Dünyada istər kommunikasiya məqsədləri, istərsə də təbii resurslardan istifadə zamanı müxtəlif nəqliyyat vasitələrindən istifadə edilir.
İqtisadi inteqrasiyada dəmir yolu, dəniz, hava və avtomobil nəqliyyatı, boru kəmərləri mühüm əhəmiyyət daşıyır. Nəqliyyatın inkişafı təkcə yük və sərnişin daşımaları baxımından deyir, həm də əhalinin işlə təmin olunması, quruda və suda olan zəngin təbii resursların istehsal dövriyyəsinə cəlb edilməsi, əhalinin məskunlaşması, şəhər, qəsəbə və kəndlərin formalaşması, mühüm sənaye və nəqliyyat qovşaqlarının, limanların inkişafına təkan verir.
Azərbaycanda
da nəqliyyat sisteminin inkişafına böyük diqqət
yetirilir. Milli iqtisadiyyatının infrastruktur sahələrindən
biri kimi nəqliyyat sektoru həm cəmiyyət həyatnın
tələbatını təmin edir, həm də dövlət
prioritetlərinin gerçəkləşdirilməsində
mühüm rol oynayır. Dövlət müstəqilliyinin bərpasından
sonra həyata keçirilən islahatlar nəqliyyat sektorunun tənzimlənməsində
köklü dəyişikliklərə səbəb olmuş,
nəqliyyat xidmətlərinin kəmiyyət və keyfiyyətinə
ciddi təsir göstərmişdir.
Azərbaycan
Respublikası Prezidentinin 1998-ci il 5 avqust tarixli 743 saylı Fərmanı
ilə Nəqliyyat Nazirliyinin yaradılması respublikada idarəetmə
sisteminin təkmilləşdirilməsi istiqamətində
aparılan məqsədyönlü struktur islahatlarının
tərkib hissələrindən biri olmuşdur. Nəqlyyat-yol
kompleksinin tərkib hissələri olan dəmir yolu, su,
avtomobil, mülki hava nəqliyyatı sektorları avtomobil
yolları sahələrində vahid dövlət siyasətini
formalaşdıran və həyata keçirən, sahələrarası
münasibətləri tənzimləyən mərkəzi icra
hakimiyyəti orqanının – Azərbaycan Respublikası Nəqliyyat
Nazirliyinin yaradılması nəqliyyat sektorunda səmərəli
islahatların aparılmasını sürətləndirmişdir.
Bu gün
Azərbaycan inkişaf etmiş nəqliyyat infrastrukturuna, bu
sektorun fəaliyyətini tənzimləyən mükəmməl
qanunvercilik bazasına malikdir. Respublikamız məhz
özünün nəqliyyat kommunikasiyaları resursları ilə
də beynəlxalq inteqrasiya proseslərinin fəal iştirakçısıdır.
Ölkəmiz beynəlxalq yük və sərnişin
daşımalarını uğurla və yüksək səviyyədə
yerinə yetirir. Azərbaycanın nəqliyyat müstəqilliyinin
genişləndirilməsi istiqamətində aparılan
davamlı və məqsədyönlü iş nəticəsində
nəqliyyat sisteminin inkişafına irihəcmli investisiyalar
qoyulur, müasir beynəlxalq standartlara cavab verən avtomobil
yolları inşa edilir və müasirləşdirilir. Dəniz
nəqliyyatının imkanları genişləndirilir, Ələt
qəsəbəsində Xəzərdə ən böyük
beynəlxalq dəniz ticarət limanı kompleksi tikilir. Hava nəqliyyatının
inkişafı üçün zəruri tədbirlər həyata
keçirilir, təyyarə parkı yenilənir, hava
daşımalarının həcmi artırılır.
Dəmir
yolu nəqliyyatı “Azərbaycan Respublikasında dəmir yolu
nəqliyyat sisteminin 2010-2014-cü illərdə
inkişafına dair Dövlət Proqramı” əsasında,
demək olar ki, yenidən qurulmuşdur. “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasında nəqliyyat
sektorunun perspektivləri müəyyənləşdirilmişdir.
Azərbaycannın
əlverişli geosiyasi mövqeyi, şimal-cənub və
şərq-qərb nəqliyyat marşrutlarının burada kəsişməsi
beynəlxalq inteqrasiya məsələləri baxımından
mühüm əhəmiyyət daşıyır. Üstəlik,
ölkəmiz özünün və bölgənin
karbohidrogen resurslarının Avropa bazarlarına
daşınmasında da geniş logistik imkanlara malikdir.
Respublikamız 7 neft və qaz magistral kəməri ilə zəruri
ixrac potensialını gerçəkləşdirir.
Azərbaycandan
keçən şərq-qərb nəqliyyat dəhlizi –
TRACECA (Transport Corridor Europe-Caucasus-Asia - Avropa
İttifaqının Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin təşkili
proqramı. 1993-cü ildə təsis edilmişdir. 13 üzv
dövləti: Azərbaycan, Türkiyə, İran,
Qazaxıstan, Özbəkistan, Qırğızıstan,
Tacikistan, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan,
Gürcüstan, Ermənistanı təmsil edir, qərargahı
Bakı şəhərində yerləşir) Avropa ilə
Asiyanı birləşdirən ən kiçik marşrut kimi
beynəlxalq iqtisadi inteqrasiya proseslərinin güclənməsinə,
kontinental inteqrasiyasının möhkəmlənməsinə
güclü təkan verir.
Ulu
öndər Heydər Əliyevin təşəbbüsü ilə
1998-ci ilin sentyabrında Bakıda Avropa İttifaqı
Komissiyasının təşkilatçılığı ilə
TRACECA Proqramına həsr edilmiş konfrans keçirilmiş,
Bəyannamə qəbul edilmiş, yekun sənəd kimi
"Avropa-Qafqaz-Asiya nəqliyyat-kommunikasiya dəhlizinin
inkişafına dair çoxtərəfli saziş
imzalanmışdır. Ulu Öndər bu sənədlərin
tarixi əhəmiyyəti haqqında demişdir: “...Onların
qəbul olunması Avropa, Qara dəniz, Qafqaz, Xəzər dənizi
və Asiya regionlarında ticarətin inkişafına, təbii
ehtiyatlardan istifadəyə və onların nəqlinə,
qarşılıqlı surətdə faydalı əməkdaşlığa
kömək edəcəkdir. Tarixi İpək yolunun bərpası,
yeni-yeni ölkələrin və regionların ona cəlb edilməsi
xalqlarımızın yaxınlaşması və
qarşılıqlı surətdə zənginləşməsi,
yeni müstəqil dövlətlərin istiqlaliyyətinin və
suverenliyinin möhkəmlənməsi, bu dövlətlərdə
demokratik islahatların, bazar islahatlarının uğurla
aparılması üçün güclü təkan verəcək,
hamı üçün sülhün, sabitliyin və təhlükəsizliyin
təmin olunmasına kömək göstərəcəkdir”.
Avropa-Qafqaz-Asiya
nəqliyyat dəhlizinin inkişafında Azərbaycanın
aparıcı rol oynaması onun beynəlxalq inteqrasiyasının
dərinləşməsinə geniş imkankar
açmışdır.
Beynəlxalq
inteqrasiyada Azərbaycan ərazisindən keçəcək
digər bir qlobal nəqliyyat xəttinin - cənub-şimal dəhlizinin
də çox mühüm əhəmiyyəti vardır. Bu
marşrut qonşu Rusiya və İran ərazisindən
keçməklə Yaxın Şərqdən və Cənub-Şərqi
Asiyadan Avropaya daşınan yükdaşımaların sürətini
bir neçə dəfə artıracaqdır. O, Süveyş
kanalı vasitəsi ilə Hindistandan Avropaya uzanan nəqliyyat
xəttindən 3 dəfə qısadır. Dəmir yolu, su nəqliyyatı
və avtomobil xətlərinin ehtiva olunduğu bu nəqliyyat dəhlizi
üzrə bütün zəruri infrastrukturun qurulması
şəraitində planetin Cənubundan Avropaya hər il orta
hesabla 15-20 milyon ton yükün daşınacağı təxmin
edilir.
Bu
marşrutun gerçəkləşməsi istiqamətində
əsas mərhələ Azərbaycanın Astara şəhəri
ilə İranın Ənzəli və Rəşt şəhərlərini
birləşdirən 300 kilometrlik dəmir yolu xəttinin
çəkilməsidir. Bu prioritet layihəyə qonşu
Rusiyanın iqtisadi marağı böyükdür. Layihənin
uğurla icra edilməsi region dövlətərinə iqtisadi
səmərə verməklə yanaşı, onların
arasında qarşılıqlı etimadı da artıracaq və
möhkəmləndirəcəkdir.
Bundan
başqa, Azərbaycan mühüm regional nəqliyyat
infrastruktur layihələrinin təşəbbüsçüsü
və stimullaşdırıcısı rolunda
çıxış edir. Trans Anadolu Boru Kəməri - TANAP,
onun davamı olan Transadriatik Qaz Kəməri -TAP ilə
yanaşı, nəhəng nəqliyyat şəbəkəsi
- Azərbaycanla Türkiyəni, bütövlükdə isə
Avropa ilə Asiyanı birləşdirəcək, müasir
dünyanın 100 iri layihəsi siyahısında yer alan
Bakı-Tbilisi-Qars dəmir yolu xətti qlobal və xüsusi
strateji əhəmiyyət daşıyır.
Tədqiqatçıların
və analitiklərin hesablamalarına görə, tezliklə
istismara veriləcək bu dəmir yolu xətti ilə hər
il milyonlarla ton yük daşınacaqdır. Gələcəkdə
isə bu xətt üzrə sərnişin
daşımalarının da həcmi xeyli artacaqdır.
Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının
istifadəyə verilməsi ilə Asiyanın ən ucqar şərqindən
Avropanın bütün nöqtələrinə polad relslər
vasitəsilə yük və sərnişin
daşımalarını həyata keçirmək
mümkün olacaqdır.
Bakı-Tbilisi-Qars
dəmir yolu xətti tarixi Böyük İpək yolu
marşrutunda yerləşir ki, bu da onun mövcud
coğrafiyadakı türkdilli ölkələrin
inteqrasiyasında rolunu yüksəldir.
Qəbələ
şəhərində Heydər Əliyev Konqres Mərkəzində
keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının III Zirvə toplantısında Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev demişdir:
“Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars
dəmir yolunu, xüsusilə qeyd etmək istəyirəm. Bu dəmir
yolu bundan sonra 100 illiklər ərzində xalqlarımıza
xidmət edəcək. Bu, böyük geosiyasi, geoiqtisadi və
əməkdaşlıq layihəsidir”. Həmin toplantıda
iştirak etmiş Türkiyənin keçmiş prezidenti
Abdullah Gül isə layihəni dəyərləndirərkən
demişdir: “Türkiyə Şərq və Qərb
arasındakı mövcud xətlərə alternativ və təhlükəsiz
dəmir yolları marşrutları məsələsi üzərində
çalışmaqdadır. Modern “İpək Yolu” və ya
“Orta dəhliz” adlandırılan bu layihənin ən
mühüm hissəsi Azərbaycan ilə birgə həyata
keçirdiyimiz Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir...
Tarixə nəzər saldıqda türk dövlətlərinin
güclü və təsirli olduğu dövrlərdə
“İpək yolu”nun dünya ticarətinin ana xətti olduğu
müşahidə olunur. Türk dünyası qlobal
iqtisadiyyatdan və dünya ticarət yollarından kənarda
qaldıqda isə siyasi və mədəniyyət sahəsinə
təsiri azalmışdır. Bunları tarixi oxuyanlar bilirlər.
Bu mənada “İpək yolu” türk dünyasının
iqtisadi rifahının və siyasi təsirinin
açarıdır. Ona görə “İpək yolu”nu yenidən
bərpa etmək strateji bir prioritet olmalıdır”.
Həmin
toplantıda çıxış edən
Qırğızıstan Prezidenti Almazbek Atambayevin fikrincə
isə“...Türkiyədən başlanan bu yol Azərbaycan,
Qazaxıstan, Qırğızıstan ərazisindən
keçərək Çinin Kaşqar əyalətinə qədər
davam edəcək. Əgər biz bu yolları çəksək,
xalqlarımız bir-birinə daha yaxın olacaq və gələcəyimiz
ortaq olacaqdır”.
Qazaxıstan
Prezidenti Nursultan Nazarbayevin toplantıda söylədiyi fikirlər
də maraqlıdır. O demişdir: “Bakı-Tbilisi-Qars dəmir
yolunun tezliklə istifadəyə verilməsini gözləyirik.
Bundan əvvəl bizim nəqliyyat nazirləri və dövlət
başçıları bütün zəruri məsələləri
həll etməlidirlər. Müxtəlif maneələr var,
onları aradan qaldırmaq lazımdır. Bu marşrut bizim
üçün çox vacibdir”.
Bütövlükdə
davamlı inkişaf və təhlükəsizliyin təminatına
yönəlmiş, Xəzər hövzəsi regionunun və Mərkəzi
Asiya ölkələrinin Avropa ilə bilavasitə nəqliyyat
əlaqələrinin qurulmasına, yük və sərnişinlərin
Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən
keçməklə birbaşa Avropaya
çıxışına, nəticə etibarilə, Azərbaycanın
Avropaya inteqrasiyası prosesinin sürətləndirilməsinə
xidmət edən Bakı-Tbilisi-Qars dəmir yolu
bağlantısı layihəsi Azərbaycan üçün böyük
siyasi və iqtisadi əhəmiyyət daşıyır. Bu
amil nəzərə alınaraq, layihə üzrə maliyyə
və digər təşkilati məsələlərin həll
edilməsi və aidiyyəti dövlət orqanlarının fəaliyyətinin
əlaqələndirilməsinin təmin edilməsi məqsədilə
xüsusi komissiya yaradılmışdır.
Göründüyü
kimi, Bakı-Tbilisi Qars dəmir yolu xətti layihəsi region
dövlətlərinin səmərəli inteqrasiyası
baxımından böyük əhəmiyyət
daşıyır.
Təhlilçilərin
fikrincə, Asiyanın iqtisadi nəhəngi olan Çin öz
məhsullarının Avropaya daşınması məqsədilə
bu layihənin gerçəkləşməsinə yüksək
maraq göstərir. Proqnozlara görə, dəmir yolu işə
düşəndən sonra ilk ildə bu yol vasitəsi ilə
daşınan yüklər 3 milyon ton, sonrakı 5 ildə isə
10 milyon tona çatacaqdır.
Ekspertlər
Rusiyanın da Bakı-Tbilisi-Qars layihəsində iştiraka
maraq göstərməsini təbii sayırlar. Rusiya bu nəqliyyat
arteriyasına qoşulsa, Çindən tutmuş Avropa ölkələrinə
qədər müxtəlif dövlətlərdən yüklər
qəbul edə və ya əksinə göndərə bilər.
Əksər təhlilçilər tezliklə digər dövlətlərin
də bu layihəyə maraq göstərəcəyini
düşünürlər.
Bakı-Tbilisi-Qars
dəmir yolu Ermənistanın təcavüzü nəticəsində
nəqliyyat kommunikasiyaları bağlanmış
Naxçıvan Muxtar Respublikasının blokadadan
çıxarılmasında, onun nəqliyyat müstəqilliyinin
təmin edilməsində də vacib amil olacaqdır. Hazırda
muxtar respublikanın sərnişin daşınmaları əsasən
hava nəqliyyatının, yük daşınmaları
İran və Türkiyədən keçməklə avtomobil
nəqliyyatının üzərinə düşür.
Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsi ilə
bağlı növbəti plan Qarsdan Naxçıvana
ayrıca bir dəmir yolu qolunun çəkilməsini
aktuallaşdırmışdır.
Yeri gəlmişkən
qeyd edək ki, Azərbaycanın beynəlxalq inteqrasiya proseslərində
fəal iştirakı fonunda təcavüzkar Ermənistanın
mühüm strateji layihələrdən kənarda qalması
bu oyuncaq dövlətin özü-özünü tərəqqipərvər
bəşəriyyətdən təcrid etməsinin acı nəticəsidir
və onun üçün böyük itkidir. Türkiyə və
Azərbaycanın qonşuları ilə
qarçılıqlı faydalı iqtisadi-siyasi əlaqələri
dərinləşdirdiyi bir vaxtda Ermənistan qonşuları
ilə problem yaradır, onlara qarşı aqressiv münasibət
göstərir ki, bunun da zərərini, acı təsirini daim
hiss edəcəkdir. Ekspertlərin fikrincə, Azərbaycan,
Türkiyə və Gürcüstanın bölgədə
sürətlə inkişaf etdikcə Ermənistanın
suverenliyi zəifləyir və təhlükəli miqyasda
Rusiyanın əlinə keçir.
Türkiyə tərəfindən Bosfor boğazında dəmir yolu xəttinin tam istifadəyə verilməsi isə Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsi istiqamətində Bakı-Tbilisi-Qars layihəsinin əhəmiyyətini daha artırır. Bununla da yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılması etibarlı təmin olunaraq region ölkələrinin də Avropaya inteqrasiyasının genişlənməsinə təkan verəcəkdir. Bu imkanlardan qonşu Rusiyanın da istifadə edəcəyi gözlənilir.
Bakı-Tbilisi-Qars dəmir yolunun inşası Azərbaycan-Türkiyə iqtisadi və humanitar əlaqələrinin inkişafına da çox dəyərli əlavə stimullar verəcəkdir. Həm də o qeyd olunmalıdır ki, bu layihənin həyata keçirilməsi iqtisadi səmərəlilik, sürət və vaxt tezliyi, təhlükəsizlik və etibarlılıq baxımından böyük əhəmiyyət kəsb edir.
Layihənin meydana çıxması tarixi də onun regional və beynəlxalq inteqrasiya tələbatından irəli gəldiyini göstərir. Belə ki, Qars-Axalkalaki dəmir yolu xəttinin həyata keçirilməsi barədə danışıqlara 26-29 iyul 1993-cü ildə Türkiyə və Gürcüstan arasında nəqliyyat üzrə Qarışıq Komissiyasının Ankara şəhərində keçirilmiş iclasında başlanılmışdır. Bu ideya öz dəstəyini sonradan 1995-ci il 26 sentyabr tarixində BMT-nin Avropa İqtisadi Komissiyası (AİK) “Qafqaz və Orta Asiya Ölkələrinin Avropa Nəqliyyat Xətləri Şəbəkəsinə Birləşdirilməsi” mövzusunda İçveçrənin Cenevrə şəhərində keçirilmiş seminarında da tapmışdır. Belə ki, həmin seminarda Trans-Avropa və Trans-Asiya avtomobil və dəmir yolu şəbəkələrinin birləşdirilməsi üçün müxtəlif dəhlizlərin yaradılması təklifi irəli sürülmüşdür.
2002-ci il iyulun 20-21-də Türkiyə-Gürcüstan Nəqliyyat Nazirlərinin Türkiyənin İstanbul şəhərində keçirilmiş iclasında Qars-Axalkalaki dəmir yolu layihəsi yenidən müzakirəyə çıxarılmışdır. 2004-cü il iyunun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstana rəsmi səfəri zamanı Gürcüstandan Türkiyəyə dəmir yolu xəttinin çəkilməsinin vacibliyi vurğulamış və Azərbaycanın bu layihədə iştirak etməyə hazır olduğunu bildirmişdir. 2004-cü il avqustun 2-dən 5-dək Ankarada keçirilmiş Azərbaycan-Türkiyə nəqliyyat əlaqələrinin inkişafı və Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi üzrə danışıqlara həsr olunmuş görüşdə tərəflər, ilk növbədə, mühəndis-axtarış işlərinin aparılması və uyğunlaşma layihəsinin hazırlanması barədə razılığa gəlmişlər. 2004-cü il 28 dekabr tarixində layihə ilə bağlı növbəti görüş keçirilmiş və Birgə İşçi Qrupu yaradılmışdır.
Dəmir yolu xəttinin inşasının başlanması 2005-ci ildə nəzərdə tutulsa da, həmin dövrdə maliyyə mənbələrinin olmaması səbəbi ilə tikintinin başlanması ləngimişdir. ABŞ və Avropa İttifaqı dəmir yolu xəttinin Ermənistandan kənar keçdiyinə görə ona qarşı çıxmış və tikintinin maliyyələşdirilməsindən imtina edərək bunun əvəzində bağlı qalmış Qars-Gümri-Tbilisi dəmir yolu xəttinin açılmasını təkid etmişlər. Təbii ki, Azərbaycan ilə Ermənistan arasında olan Dağlıq Qarabağ münaqişəsi səbəbindən bu tələblər rədd edilmiş və dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsini Azərbaycan və Türkiyə öz üzərlərinə götürmüşlər.
AİK-in Daxili Nəqliyyat üzrə Komitəsinin 16 fevral 2005-ci il tarixdə Cenevrədə keçirilən 67-ci iclasında Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin Trans-Avropa və Trans-Asiya dəmir yolu magistrallarının birləşməsini təmin edən bağlantı kimi qəbul edilməsi təklif edilmişdir. Bu layihə AİK tərəfindən hazırlanan Trans-Avropa avtomobil yolları və Trans-Avropa dəmir yolları layihələrinə dair Baş Planın Yekun Hesabatına (2005-ci ilin mart buraxılışı) 1-ci dərəcəli prioritet layihə kimi 4,0 balla qiymətləndirilərək daxil edilmişdir.
2005-ci il mayın 25-də Bakı şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə respublikalarının prezidentləri Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsinin sürətləndirilməsi haqqında birgə bəyanat imzalamışlar. Hazırda layihə üzrə əsas mühüm işlər görülmüş və bu il onun tam başa çatdırılacağı gözlənilir.
Bakı-Tbilisi-Qars dəmiryolu region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, Avropa Qonşuluq siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafına, Azərbaycanın dövlət müstəqilliyi və suverenliyinin möhkəmlənməsinə, habelə ölkənin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcəkdir. Layihənin həyata keçirilməsi iqtisadi səmərəlilik, sürət və vaxt tezliyi, təhlükəsizlik, etibarlılıq baxımından böyük əhəmiyyət kəsb edir.
Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə intermodal və konteyner daşımalarının həcmini artıracağı proqnozlaşdırılır. Yeri gəlmişkən, ilk illərdə Azərbaycanın tranzitdən minimal illik gəlirinin 50 milyon dollar olacağı gözlənilir.
Beləliklə də, çox mühüm transmilli neft-qaz kəmərlərinə malik Azərbaycan Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin reallaşması ilə özünün nəinki regionda, bütünlükdə Avrasiya məkanında inteqrasiya proseslərində əhəmiyyətini daha da artıracaqdır. Bu layihə Azərbaycanın dövlət müstəqilliyinin gücləndirilməsində, iqtisadi qüdrətinin artırılmasında, dünya birliyinə inteqrasiyasında yeni mühüm strateji amilə çevriləcəkdir. Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının istifadəyə verilməsi nəinki Azərbaycana böyük iqtisadi dividentlər gətirəcək və onu tranzit daşımaların mərkəzinə çevrəcək, həm də Azərbaycanı regionda söz sahibinə çevirəcəkdir.
Möhtərəm Prezident cənab İlham Əliyevin böyük müdriklik və uzaqgörənliklə dediyi kimi, Avropanı Asiya ilə birləşdirən, böyük geosiyasi, geoiqtisadi və əməkdaşlıq layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu bundan sonra yüz illər ərzində bölgə xalqlarının inkişafına və tərəqqisinə xidmət edəcək, beynəlxalq inteqrativ prosesləri dərinləşdirməklə sülh və təhlükəsizlik faktoru olacaqdır.
Tağı
Əhmədov
YAP Yasamal rayon
təşkilatı
aparatının rəhbəri
İki sahil.- 2015.- 14 aprel.- S.16-17.