BİZ DƏ
TARİX YAZACAĞIQ!..
...Ağcabədidə faşizm üzərində Qələbənin 70 illiyinə ad olan tədbirdəydim. Rayon İcra Hakimiyyətinin qarşısında qələbəlik artmaqdaydı...
Yerişi əsasına söykənən ağsaqqalı görüncə ayaq saxlayıram; gözlərimi sinəsində 70 ilin o üzündə qalanların təltifləri çəkir...
Arada dayanır, nəfəsini dərir. Qəlbindən nələr keçdiyi bilinməz. Duya bilsən duymalısan. Ömür getdi, gün getdi təəssüfünü o da yaşayır. Bu çarəsiz təəssüfdə bir şükranlıq da sezilir. Əlini gözünün üstünə qoyub göy üzünə boylanır...
Müharibədə həlak olanların şəkillərinə baxır. Qaşları düyünlənib. Gözlərini şəkil-oğullardan üzə bilmir. Kimi arayır şəkillər arasında - komandirinimi, dostunumu, özünümü? Özünü tapa bilməyəcək. Onlar davadan qayıtmayıb, özü el-obasındadı... Niyəsə, tərəddüd edirəm; veteranı düşüncələrindən ayırmağı bacarmıram. “Üç addımlığında” ayaq saxlayıram...
Görəsən yaddaşı illərin sınağından necə çıxıb, çıxa bilibmi? Kövrək xəyalı onu 70 ilin o üzünə aparıb...
Baxışlarımız görüşür...
Söhbətə “körpü salmaq” üçün” 93 yaşlı ağsaqqala “Atam da müharibə iştirakçısıydı. Son nəfəsinəcən o illəri unutmadı...” - deyirəm. Üz-gözünü anlaşılmaz bir ifadə bürüyür. Üzümə baxır. İncik baxışlarından sıxılıram.
- Unutmazdı, qətiyyən unutmazdı - deyir Nəriman kişi. - Atan da çəkdiyi əziyyətləri dilə gətirməzdi, döyüşçü dostlarını isə heç vaxt unutmazdı...
Səsi titrəyir. O ürkəcək titrəyişi ürəyimdə hiss eləyirəm...
Kəlmələr düşüncələrimi “tərpədir”. Son məqsəd naminə - qələbə naminə döyüşənlərin heç biri o illərdə hər an ölüm təhlükəsi yaşadığından danışmır. Heç birindən özünə ad olan əzab-əziyyət yüklü kəlmə eşitməmişəm. Söz düşəndə, ağrı-acı dilləndirəndə ürək ağrısı ilə döyüşçü dostlarından danışıblar...
O illərdə müharibəyə gedənlərin hamısının “əyninə ölüm paltarı biçilmişdi”. Gedənlərdən gələn gəldi, səssiz-izsiz qeyb olanların ata-anası, bacısı-qardaşı, oğul-uşağı son nəfəsinəcən yol gözləyir. Yaşayanlar indiyəcən gözləməkdədi...
...1940-cı il. Nəriman Məmmədov Ağcabədidən Bakıya yola düşür - əsgərliyə gedir...
Nəriman Məmmədov Ukraynada, Xarkov şəhərində xidmət edir...
...Müharibə başlayıb. Almanlar SSRİ-nin daxilinə doğru sürətlə irəliləyir; minlərlə əsgərimiz həlak olur...
Nəriman Məmmədov da döyüşən ordu sıralarındadı. Cəsarətlidi, qətiyyətlidi. İlk döyüşdən sonra bu günəcən təkrarladığı bir qənaəti pıçıldayır döyüşçü dostu Şotaya: “Güllə qorxaqları tez tapır...”...
...1942-ci ilin payızıdı. Nəriman kəşfiyyat qrupundadı...
...İki gündü ciddi döyüşlər olmur. komandanlıq bunu düşmənin hücuma hazırlaşmasına yozur. Əks-hücuma keçilməlidi. Bunun üçün kəşfiyyat məlumatlarına əsaslanmağı vacib sayır...
Batalyon komandiri dörd döyüşçü ilə Nərimanı da kəşfiyyata göndərir. 73 il keçəndən sonra düşünürəm: “Komandir bu qərarı əsgərinin hansı keyfiyyətlərini nəzərə alaraq verib?”. Onu digərlərindən fərqləndirməsəydi, inanmasaydı, qabiliyyətinə, iç dünyasına bələd olmasaydı belə əmr verməzdi, şübhəsiz. Şübhəsiz ki, komandir əsgərinin iç dünyasına da bələd imiş, döyüşçü xarakterinə də...”
...Gecədir. Soyuqdur. Müşahidə aparacaqları əraziyə yaxınlaşıblar. Bir qədər də irəliləyəcək, uyarlı mövqe seçib qarşı tərəfi diqqətlə nəzərdən keçirəcəkdilər...
Geri qayıdırdılar. Qəflətən yan-yörələrini güllələr didişdirdi; almanlar onları görübmüş...
Atışa-atışa geri çəkilirdilər. Sağında-solunda atəş səsləri kəsildi. Nəriman Məmmədov tək qalmışdı. Məlumatları qeyd elədikləri kağız parçası Saşadaydı...Onu götürməyə macal tapdı...
Sol qolundan yaralanmışdı. Canını dişinə tutub dözürdü, atışa-atışa geri çəkilirdi...
Dan yeri sökülürdü...
...Səhərisi hücuma keçdilər. Nəriman Məmmədovun komandirə çatdırdığı məlumatlar əsasında hazırlanmış hücum mühüm mövqe qələbəsini təmin etdi. Almanlar son dərəcə mühüm strateji əhəmiyyətli dörd mövqedən geri çəkilməyə məcbur oldular. Ordu komandanlığına sıravi Nəriman Məmmədovun təltif edilməsi üçün təqdimat göndərildi...
Nəriman Məmmədov daha
neçə-neçə döyüşdə də fərqlənir.
Müxtəlif orden-medallarla
təltif olunur...
...Berlin ətrafında yaralanır.
Səhra hospitalında
müalicə olunur...
Qələbə! Böyük qələbə!
Həlak olanların qanı bahasına qazanılan qələbə!
İllərlə çəkən
döyüşlərin sonu!..
x x x
Nəriman kişi 10 övladın atası, 25 nəvənin babasıdı.
Müharibədən söz
düşəndə qardaşlıq
qəbiristanlıqlarında dəfn olunan Əhmədi xatırlayır,
Saşanı, Şotanı,
Vahidi, Usmanı, ... xatırlayır. Şərait
imkan vermədiyinə
görə dəfn edilməyən qəhrəmanları
xatırlayır. O illərdən
xeyli müddət keçəndən sonra işğal olunan torpaqlarımıza görə
yanıb-yaxılır...
“Nəriman dayı”,
- deyirəm - “Siz döyüşdünüz, qələbə
qazandınız, tarix
yazdınız. Biz də
torpaqlarımızı işğaldan
azad edib tarix yazacağıq!”
Gözlərinin nuru artır.
Əlini
çiynimə qoyur.
Gözlərini şəkil-oğullardan
çəkmədən ata
mehr-məhəbbəti ilə
ağır-ağır dillənir:
“Məni də bu inam yaşadır,
oğul. Bu inam yaşadır...”
Bu inamın işığının
qarşısını heç
bir bulud kəsə bilməyəcək!..
Rəşid FAXRALI
İki sahil.- 2015.- 15 aprel.- S.21.