MÜASİR TƏFƏKKÜR – MÜASİR

DÖVLƏTÇİLİK STRATEGİYASI

 

“İnsan özündən sonra 3 xeyirli iş qoyub gedir: Özünə və millətinə hörmət gətirən təmiz ad, yaxşı övlad və xalqı faydalandıran bilik”.

 

Məhəmməd Peyğəmbər

 

Bu ifadələrin fonunda dahi lider Heydər Əliyevin xidmətləri əvəzolunmazdır.

Ulu Öndərin hər bir azərbaycanlıya başucalığı gətirən təmiz adı və bu gün Azərbaycanı dünyəvi bir dövlətə çevirən övladı və bu övlada verdiyi yüksək bilik və bacarığı çağdaş dünyamızda müasir bir dövlət modeli yaratmışdır.

Tarixən hər bir millətin lideri yüksək məntiqi təfəkkürə, geniş dünyagörüşünə, yüksək ağıla və düşüncəyə, böyük həyat təcrübəsinə, fundamental milli dəyərlərlə yanaşı, müasir dünyanı olduğu kimi dərk etmə qabiliyyətinə malik, eyni zamanda özünə və millətinə şərəf gətirən genetik varlığa söykəndikdə onun müəyyən etdiyi, xanlıq, dövlətin varlığına istiqamətlənmiş strategiyası öz uğurlu sonluğuna çatır.

Bu baxımdan Azərbaycan xalqı xoşbəxtdir. Ona görə ki, bu qeyd edilən bütün keyfiyyətlər Azərbaycan Prezidenti cənab İlham Əliyevin müdrik şəxsiyyətində öz əksini tapmışdır.

Başqa sözlə, ölkəmizin bugünkü iqtisadi və siyasi qüdrəti, onun beynəlxalq aləmdəki nüfuzu dövlət başçısının birbaşa məntiqi təfəkkürünün məhsuludur.

Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən davamlı inkişaf konsepsiyası ölkəmizdə müasir, dünyəvi idarəetmə sisteminin və yeni iqtisadi-siyasi modelin yaranmasına gətirib çıxarmışdır.

Bu gün Azərbaycan dövləti özünəməxsus uğurlu, balanslı siyasətinə uyğun olaraq istər dayanıqlı iqtisadiyyatına, istərsə də regionların qısa zamanda inamlı inkişafına görə dünyaya yeni bir model təqdim edir. Bu milli model ölkəmizin son illərdə dinamik və hərtərəfli tərəqqisini təmin edib və yeni-yeni nailiyyətlər qazanılmasına rəvac verib. Bütövlükdə ölkənin inkişafı paytaxtla regionlar arsındakı məsafəni aradan qaldırıb və bu milli iqtisadiyyatın şaxələndirilməsi siyasətinin regionların inkişafının ön planda olmasını göstərməklə yanaşı, müasirləşmə, daimi-dayanıqlı inkişaf, sosial-iqtisadi dirçəliş, dövrün tələblərinə uyğun yeni islahatlar və digər məqsədyönlü hədəflərin reallaşmasında mühüm bir dövlət siyasətinin tərkib hissəsini təşkil edir.

XX əsrin 80-ci illərinin sonlarında dünyada baş verən ictimai-siyasi dəyişikliklər nəticəsində keçmiş SSRİ və sosializm sistemi süquta uğradı. Bu dövlətin tərkibindəki digər respublikalar kimi, Azərbaycan da öz dövlət müstəqilliyini bərpa etdi. Öz dövlət suverenliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası bütün sahələrdə müstəqil siyasət aparmağa başladı.

Dövlət müstəqilliyinin bərpasından ötən qısa müddət ərzində əbədiyaşar liderimiz Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində ölkəmizin ictimai-siyasi sabitliyi, sosial-iqtisadi inkişafı və dünya sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olundu. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində hərtərəfli düşünülmüş, ağıllı, müdrik siyasət nəticəsində iqtisadi islahatların və davamlı inkişafın mahiyyət etibarı ilə bütövlükdə yeni bir modeli - Azərbaycanın dövlətçilik modelinin tərkib hissəsi olan nümunəvi milli inkişaf modeli yarandı.

Bu əsasla milli inkişafın 1995-ci ildən sonrakı mərhələsində ölkədə yeni inkişaf modelinin hüquqi bazası kimi bir çox mühüm siyasi qərarlar, strategiyalar, konsepsiyalar və proqramlar qəbul olundu. Azərbaycan iqtisadiyyatda dinamik inkişaf məntiqinə əsaslanan yeni modelin istiqamətləri: sərbəst bazar münasibətlərinə əsaslanan və özünün inkişaf qabiliyyətinə malik olan sosialyönümlü bütöv iqtisadi sistemin-müstəqil iqtisadiyyatın formalaşması, ölkədə mövcud olan təbii iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb edilməsi, milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə səmərəli şəkildə inteqrasiyası təmin olundu.

Milli dövlətçilik konsepsiyasının bütün atributları öz real təsdiqini tapmaqla, Azərbaycanın hərtərəfli inkişaf yolu müəyyən edildi. Sosial-iqtisadi inkişafa nail olmaq üçün təkamül yolu ilə yeni iqtisadi sistemə transformasiya və çoxmülkiyyətli iqtisadiyyatın formalaşması təmin edildi. Ölkəmizin potensial imkanları, milli mənafeləri, xarici dövlətlərlə qarşılıqlı münasibətləri qlobal iqtisadi meyillər, beynəlxalq aləmdə iqtisadi əməkdaşlığın yolları, geosiyasi reallıqlar və bu qəbildən olan digər vacib amillər nəzərə alınmaqla, Azərbaycanın demokratik islahatlar platforması, inkişafın mükəmməl və özünü təsdiq edə biləcək istiqamətləri müəyyənləşdirildi.

Bərpa və milli inkişaf dövrünün tələblərinə uyğun qətiyyətli addımlar atıldı. Özəlləşdirmənin həyata keçirilməsi nəticəsində iqtisadiyyatın strukturunda ciddi keyfiyyət dəyişiklikləri baş verdi və azad iqtisadiyyatın formalaşması üçün əlverişli şərait yarandı. Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, əhalinin həyat səviyyəsi yaxşılaşmağa başladı. İqtisadi transformasiyanın sürətləndirilməsi sayəsində planlı iqtisadi sistemdən liberal bazar iqtisadiyyatına keçid üçün münbit şərait formalaşdı. İqtisadiyyatın əsasını təşkil edən neft sektoru ilə yanaşı, digər sahələrdə də genişmiqyaslı islahatlara başlanıldı.

"Əsrin müqaviləsi"nin imzalanması ilə nəinki yalnız neft strategiyasının, hətta deyərdim ki, hərtərəfli inkişafımızın ümumi strategiyasının əsası qoyuldu. Bununla da siyasi-iqtisadi sabitliyin təmin olunması başlandı. Bu müqavilə hüquqi baxımdan qlobal əhəmiyyəti ilə bərabər, milli maraqlarımızın və təhlükəsizliyimizin təmin olunması üçün mühüm əhəmiyyətli, strateji saziş idi. Beləliklə, Azərbaycan öz maddi sərvətlərinə, karbohidrogen ehtiyatlarına sahibliyini qətiyyətlə təsdiqlədi. Bu müqavilə ölkəmizin tarixində yeni dövr açaraq dinamik inkişafın təməl prinsiplərindən birinə çevrildi.

Bu tarixi müqavilə dövlətimizin müstəqilliyinin, milli iqtisadiyyatımızın bünövrəsinin möhkəmlənməsi və Azərbaycanın dünyada bənzəri olmayan templə davamlı inkişafı üçün dərin zəmin yaratmaqla yanaşı, respublikamızın qlobal layihələrdə iştirakına, Böyük İpək Yolunun bərpasına və transnəqliyyat dəhlizlərinin ölkəmizin ərazisindən keçməsinə zəmin yaratdı. Bu saziş Azərbaycanın enerji və iqtisadi təhlükəsizliyinin möhkəmlənməsi, güclü maliyyə ehtiyatlarının formalaşması, iqtisadiyyatın kapital resurslarına olan ehtiyacının ödənilməsi üçün möhkəm əsaslar demək idi.

1995-ci ildə ümumxalq səsverməsi-referendum yolu ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyası ölkəmizin sosial-humanitar, iqtisadi-siyasi bölmələri ilə bağlı bütün təfərrüatları özündə əks etdirməyə başlayan əsas sənəd oldu. Beləliklə, bütün sahələrdə yeni qanunların qəbul olunması, onların Avropa standartlarına uyğunlaşdırılması və digər qanunvericilik təşəbbüsləri respublikamızın milli inkişafını təmin etməklə bərabər, dünya ölkələrinə inteqrasiyasını dərinləşdirdi, Avropa bazarlarına çıxış üçün əlverişli imkanlar açdı. Bazar iqtisadiyyatının tənzimlənmə mexanizmləri və iqtisadi subyektlərin fəaliyyətinə dövlət nəzarəti sisteminin gücləndirilməsi, siyasi-iqtisadi əsasların möhkəmlənməsi, yeni iqtisadi təfəkkürün formalaşması milli inkişafın yüksəlişinə təkan verdi.

Milli neft strategiyasının uğuru, dünyada baş verən hadisələr gənc, müstəqil ölkəmiz üçün cəmiyyətə yeni baxışlı müasir Liderin gəlməsini zəruri etdi.

Məhz yeni bir gənc, müasir Liderin - İlham Əliyevin hakimiyyətə gəlməsindən sonra yeni inkişaf mərhələsinə - yeni dövrə qədəm qoyuldu.

Modern, müasir inkişafın gerçəkləşməsinin hüquqi bazası formalaşdırıldı. Bir çox qərarlar veridi, irimiqyaslı sənədlər strategiyalar, konsepsiyalar və proqramlar qəbul olundu.

Bu dövlət proqramlarının qəbul edilməsi cəmiyyətimizin hərtərəfli dünyəvi inkişafı üçün zəmin və stimul yaradacaq, eyni zamanda, xüsusilə hörmətli Prezidentimiz cənab İlham Əliyevin müəyyənləşdirdiyi Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsi keyfiyyətli kadr hazırlığına kömək edərək, elmin, təhsilin, istehsalatın inteqrasiya olunmasını təmin edəcəkdir.

Bütövlükdə gənclər siyasəti müasir dünyanın tələbləri çərçivəsində daha da inkişaf edəcəkdir.

Milli inkişaf modelini, “azərbaycançılıq” məfkurəsini yeni çalarlarla davam etdirən və onun strateji siyasi xəttini müvəffəqiyyətlə həyata keçirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dərin, fəlsəfi məzmunlu siyasəti respublikanın sosial-iqtisadi inkişafı prosesində dinamizmi və məqsədyönlülüyü təmin etmiş, qarşıda duran vəzifələrin həllinə real imkanlar açmış, cəmiyyətin ümumi potensialının milli, bəşəri məqsədlər naminə səfərbər olunmasına etibarlı zəmin yaratmışdır.

2003-2014-cü illər ərzində Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm addımlar atılmışdır. Son 11 ildə iqtisadiyyatımız 5 dəfəyə yaxın artmış, əsasən şaxələndirilmiş, müasir sosial-iqtisadi infrastruktur yaradılmış və qeyri-neft sektorunun dinamik inkişafı təmin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev demişdir: "Baxmayaraq ki, ilin sonunda neftin qiyməti kəskin şəkildə aşağı düşmüşdür, Azərbaycanda iqtisadiyyat 3 faizə yaxın artmışdır. Ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz 7 faiz artmışdır. Bu da son illər ərzində görülən işlərin bariz nümunəsidir, aparılan siyasətimizin təzahürüdür. Qeyri-neft sektoru gələcəkdə Azərbaycanın iqtisadi inkişafını daha da böyük həcmdə təmin edəcəkdir. Qeyri-neft sektorunun inkişafı bizə imkan verir ki, ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf etsin və iqtisadiyyatımızın dayanıqlı inkişafı təmin edilsin. Qeyri-neft sektorumuzda 7 faiz səviyyəsində artım, əslində, biznes mühitinin əlverişli olduğunu göstərir. Son illərdə ölkənin əsas iqtisadi hədəfi idxalı azaltmaq, yerli istehsalı gücləndirmək, yeni iş yerləri yaratmaqdır. Bu məqsədlərə nail olmaq üçün dövlət səviyyəsində kompleks tədbirlər planı icra edilmişdir. Dövlət İnvestisiya Proqramında nəzərdə tutulmuş infrastruktur layihələri özlüyündə özəl sektorun inkişafına və rəqabət qabiliyyətli məhsulların istehsalına kömək göstərir. Əgər dövlət xərcləri olmasaydı, bölgələrdə müasir infrastruktur layihələri icra edilməsəydi, əlbəttə ki, heç bir biznes mühitindən söhbət belə gedə bilməzdi. Bir sözlə, hər il qeyri-neft sektorunda olan artım onu göstərir ki, ölkəmizin bundan sonrakı uğurlu inkişafı da təmin ediləcəkdir”.

Bu dövr ərzində ölkədə 1 milyondan çox yeni iş yeri açılmış, əhalinin işsizlik səviyyəsi 5 faizə düşmüşdür. 2003-cü ildə Azərbaycanda yoxsulluq səviyyəsi 49 faiz təşkil edirdisə, 2014-cü ildə bu rəqəm 5 faizə endirilmişdir. Bu, yoxsulluqla mübarizə sahəsində dünyada ən yüksək göstəricilərdən biridir. Azərbaycan iqtisadiyyatına bütövlükdə 150 milyard dollardan çox sərmayə qoyulmuş, ölkənin strateji valyuta ehtiyatları 50 milyard dolları ötmüşdür.

Azərbaycanın sosial-iqtisadi inkişafı sahəsindəki uğurları beynəlxalq aləm tərəfindən təqdir olunduqca ölkəmizin dünya arenasındakı siyasi nüfuzu daha sürətlə artır.

Aparıcı beynəlxalq təşkilatları qurumlar və tanınmış siyasətçilər, iqtisadçılar Azərbaycanın reallaşdırdığı hərtərəfli islahatları inkişaf etməkdə olan ölkələr üçün nümunə kimi göstərirlər. Beynəlxalq reytinq mərkəzləri və nüfuzlu kütləvi informasiya vasitələri ölkəmizin müxtəlif sahələrdəki uğurlarını yüksək qiymətləndirirlər.

Bunu dünyanın ən müasir, ən erudisiyalı dövlət başçıları ilə eyni sırada, hətta, deyərdim ki, ön sıralarda mövqe tutmuş, qədirbilən xalqı tərəfindən rəğbətlə qarşılanan hörmətli Prezidentimiz İlham Əliyev belə xarakterizə etmişdir: "Azərbaycan son 11 il ərzində dünyada iqtisadi artım templərinə görə ən sürətlə inkişaf edən ölkədir. Bunu əhali, xalqımız görür, gözəlləşən ölkəmiz bunun bariz sübutudur. Eyni zamanda, bunu mötəbər beynəlxalq iqtisadi qurumlar qeyd edirlər. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, 2014-cü ildə Azərbaycan iqtisadiyyatı dünyada rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görülmüşdür. Yəni, biz dünyanın ən rəqabətli 40 iqtisadiyyatı arasındayıq. Bu, tarixi nailiyyətdir".

Məlumdur ki, Azərbaycan dünya miqyasında bir nömrəli beynəlxalq forum olan Davos İqtisadi Forumunun fəal iştirakçısıdır. 2013-cü ildə ilk dəfə olaraq Dünya İqtisadi Forumu Bakıda keçirilmişdir. Yaxşı haldır ki, nüfuzlu beynəlxalq qurumlar, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Dünya İqtisadi Forumu Azərbaycanda gedən prosesləri yüksək qiymətləndirir. Həmçinin 2011-ci ildən etibarən ölkəmizin Bakı Beynəlxalq Humanitar Forumuna ev sahibliyi etməsi də mühüm hadisə kimi regionda və dünyada Azərbaycanın aparıcı dövlət olmasını bir daha təsdiq edir. Qloballaşmanın geniş vüsət aldığı yeni dünya nizamında milli və bəşəri dəyərlərin qorunmasına xidməti özündə əks etdirir. Bu Forum beynəlxalq və humanitar əməkdaşlıq üçün yeni töhfə hesab edilə bilər.

Qəbələ Beynəlxalq Musiqi və Şəki Beynəlxalq Teatr festivallarının keçirilməsi və digər tədbirlər bütövlükdə respublikamızın beynəlxalq aləmdə çəkisinin artdığını göstərir. Təkcə 2014-cü ildə Bakı şəhəri 3 beynəlxalq tədbirə ev sahibliyi edib.

Dünya Gənc Alimlərinin Beynəlxalq Forumu, Gənclər Siyasəti üzrə I Qlobal Forumu və Kompyuter Oyunları üzrə VI Dünya Çempionatı Bakının müasir dünyada diqqət mərkəzində dayandığını və dünyəvi mərkəzə çevirildiyini bir daha təsdiq edir.

Azərbaycan Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq üçün üzərinə düşən öhdəlikləri vaxtında və keyfiyyətlə yerinə yetirmişdir. Ölkəmiz indi də bu istiqamətdə nümunəvi siyasətini davam etdirir. Həmçinin ölkəmizin 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, 2014-cü ildə isə Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməsi bizim üçün əlamətdar hadisə olmaqla yanaşı, Azərbaycanın əldə etdiyi təcrübənin, xüsusilə tolerantlıq ənənələrinin dünyaya çatdırılmasına səbəb olmuşdur.

Son illər bir sıra nəqliyyat layihələrinin raeallaşdırılması ölkəmizin tranzit əhəmiyyətini daha da gücləndirmişdir. Belə ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişi, Ələt Beynəlxalq Dəniz Ticarət Limanını yaradılması buna əyani sübutdur. Bütün bunlar ölkəmizin qarşıdakı illərdə dəmir yolu və su yolu ilə ticarəti daha da genişləndirməsinə şərait yaradacaq və ölkəmizin tərəqqisində mühüm rol oynayacaqdır. Bununla yanaşı, əlamətdar hadisələrdən biri də "Cənub" qaz dəhlizinin təməlinin qoyulmasıdır ki, bu da ölkəmizin qlobal enerji təhlükəsizliyi siyasətinə verdiyi töhfədir.

Azərbaycanın milli telekommunikasiya peykinin (Azerspace 1) kosmosa çıxarılmasını isə müasir informasiya şəraitində çox uğurlu hadisə kimi qeyd edə bilərik. Strateji baxımdan ölkəmizin nüfuzunun yüksəlməsinə hesablanmış milli peyk keyfiyyətli və etibarlı əlaqələr təşkil etmək və teleyayım imkanı verməklə yanaşı, rabitə kanallarının sayını da artıracaq. Həmçinin Yer səthini müşahidə edən peykin (Azerspace 2) buraxılmasının da çox böyük əhəmiyyəti vardır. Bu, Azərbaycanda kosmik sənayenin sürətlə inkişaf etdiyini göstərir. Yeni texnologiyalara, innovasiya layihələrinə sərmayə qoyulıması həm elmin inkişafına xidmət göstərir, həm də idarəetməni təkmilləşdirir.

Bu il ilk Avropa Oyunlarının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının və 2020-ci ildə Azərbaycanın futbol üzrə Avropa çempionatının keçiriləcəyi dörd ölkədən biri olması olduqca böyük hadisədir.

Bu gün Azərbaycanın beynəlxalq aləmdə özünə mühüm yer qazanması, demokratik inkişafın yeni modelini yaratması bütün dünya tərəfindən etiraf olunur. Əminik ki, bu çərçivədə ölkəmizə gələn turistlər də respublikamızın inkişafı ilə yaxından tanış olacaqlar, Azərbaycanın dünyaya bəxş etdiyi tolerantlıq modelini öyrənəcəklər. Azərbaycan dövləti hər zaman inkişafı hədəfləyən siyasi kurs yürüdür. Bu inkişaf isə istər dövlətimizin dünya dövlətləri arasında əhəmiyyətli yer tutmasında, istərsə də vətəndaşlarımızın sosial rifahının yüksəlməsində böyük rol oynayır. Prezident İlham Əliyevin təbirincə desək: “Azərbaycan isə öz inkişaf modelini ortaya qoyur. Bu, hər kəs üçün açıq olan modeldir. İqtisadi model - bu gün biz bu barədə danışmışıq. Yəni, bu, nadir bir iqtisadi inkişaf modelidir. Siyasi islahatlar modeli - məncə, Azərbaycan nümunə ola bilər. Çünki iqtisadi islahatları aparmaqla, eyni zamanda, siyasi islahatlara da böyük önəm veririk. Bütün demokratik təsisatlar yaradılıb. Bütün azadlıqlar - söz azadlığı, sərbəst toplaşmaq azadlığı, vicdan azadlığı, mətbuat azadlığı, internet azadlığı, din azadlığı təmin edilib. Bu azadlıqlar nəinki təmin edilib, eyni zamanda, bu, bizim həyat tərzimizdir, bu, dövlət siyasətidir. Ona görə, Avropa Oyunlarının keçirilməsi sadəcə olaraq bir idman tədbiri deyil. Hesab edirəm ki, bu tədbirdə iştirak edəcək idmançılar, qonaqlar Azərbaycanla əlbəttə ki, tanış olacaqlar və Azərbaycanın uğurlu inkişaf modelini görəcəklər”.

Bir neçə ildir ki, ənənə halını alan müvafiq illərin (gənclər; ekologiya; turizm; idman; informasiya-kommunikasiya texnologiyaları; sənaye; kənd təsərrüfatı) elan edilməsi və bununla bağlı ölkə başçısının rəsmi sərəncamlar imzalaması ayrı-ayrı sahələrin inkişafına güclü stimul verir. Son illər innovativ inkişaf sahəsində atılan əməli addımlar, “Elektron hökümət”, “Asan imza” layihələri və digər işlər regionda lider və postsovet məkanında ən qabaqcıl ölkə statusu qazanmağımıza əsas vermişdir.

Vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi naminə bir çox mühüm addımlar atılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 iyul 2007-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi Konsepsiyası” qəbul edildi, daha sonra isə bu dövlət sənədinin müddəalarının reallaşdırılması üçün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradıldı. Dövlət QHT-lərlə tərəfdaşlıq və əməkdaşlıq münasibətləri qurmaq və ictimai fəaliyyəti canlandırmaq üçün Şuraya xüsusi mandat vermişdir.

Həmçinin ölkədə fundamental elmi tədqiqatların stimullaşdırılması, təbii resursların, mədəni və tarixi irsin öyrənilməsinin gücləndirilməsi, elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılması və dünya elmi məkanında Azərbaycan elminin layiqincə təmsil olunmasını təmin etmək üçün Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun, gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində məqsədli maliyyələşdirmək, həmin sahədə konfrans, seminar, festival, olimpiada və digər tədbirlərin təşkili üzrə layihələri dəstəkləmək, maddi-texniki bazanın gücləndirilməsi və müasir tələblərə uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və müasir informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərini nəzərə alaraq, elmi-texniki, sosial-iqtisadi, humanitar biliklərin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılmasını təmin edən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun yaradılması dünya üçün yeni təcrübə olmaqla müvafiq sahənin inkişafına yeni bir töhfədir.

Milli inkişaf modelinə, dinamik iqtisadi tərəqqiyə malik olan Azərbaycanda vətəndaşların bütün sahələrdə tam keyfiyyətli xidmətlə təmin olunması məsələsi hökumətin diqqət mərkəzindədir. Bu istiqamətdə dövlət başçısı tərəfindən konkret işlər görülüb, qərarlar qəbul edilib, fərman və sərəncamlar imzalanmışdır. Bu xüsusda, dövlət orqanları tərəfindən əhaliyə bütün xidmətlərin vahid məkandan, daha tez, keyfiyyətli və rahat həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərinin fəaliyyətini xüsusi qeyd etmək lazımdır.

Ümumiyyətlə, “ASAN xidmət” mərkəzlərinin yaradılması respublikada idarəetmə sistemində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilməlidir. Azərbaycana məxsus olan bu yenilik, əslində, dünya miqyasında idarəetmə kontekstində mütərəqqi nümunə kimi səciyyələndirilə bilər. Bu, təsadüfi deyil, çünki “ASAN xidmət”, ilk növbədə, dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edən yeni yanaşma əsasında formalaşdırılıb. Bu mərkəzlərdə vətəndaşlara ən müasir və rahat texnologiyalar əsasında yüksək keyfiyyətli xidmət göstərilir. Vətəndaş yalnız daxil olduğu bir mərkəzdən, inzibati binadan ayrı-ayrı dövlət qurumlarının müxtəlif xidmətlərindən eyni vatxda faydalana bilir. Bu, vətəndaşlara geniş spektrli sadələşdirilmiş xidmət göstərmək, onların vaxt itkisinin, eləcə də bürokratiyaya, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi, elektron xidmətlərdən daha geniş istifadəni təmin etmək və dövlət orqanlarına etimadı artırmaq istiqamətində analoqu olmayan örnəkdir.

Bir sözlə, “ASAN xidmət”in yaradılması və nümunəvi fəaliyyəti, əslində, Azərbaycanda son dövrlərdə dövlət orqanlarının fəaliyyətinin təşkilinin təkmilləşdirilməsi istiqamətində görülən işləri sistemləşdirməyə və genişləndirməyə xidmət edən mütərəqqi yanaşma nümunəsidir. Bu innovasiyayönümlü, çoxfunksiyalı xidmət modeli digər ölkələr üçün də nümunə ola bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev Xidmətin fəaliyyətin yüksək qiymətləndirərək demişdir: “ASAN xidmət” mərkəzlərinin açılmasını xüsusilə qeyd etmək istəyirəm. Artıq 7 mərkəz fəaliyyət göstərir, iki il ərzində 3 milyon 500 min müraciət olmuşdur və orada göstərilən xidmətlərin sayı artır, keyfiyyəti yüksək səviyyədədir, cəmiyyət tərəfindən çox müsbət qarşılanır. Korrupsiya və rüşvətxorluğa qarşı son illər ərzində aparılan institusional islahatlar içərisində “ASAN xidmət” əlbəttə ki, ön plandadır. İndi bizim təcrübəmiz başqa ölkələrdə də öyrənilir. On yeni avtobus alınmışdır, səyyar xidmət daha da böyük coğrafi məkanda təmin ediləcəkdir. Beləliklə, bu xidmət həm yenilik, həm rahatlıq gətirib, həm də korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə çox ciddi dönüş yaradıbdır. Həm praktiki nöqteyi-nəzərdən, eyni zamanda, cəmiyyətdə bu bəlanın aradan qaldırılması üçün indi daha da böyük imkanlar var, daha da çox insan bu məsələlərə nikbinliklə yanaşır”.

Göründüyü kimi, Azərbaycanın milli inkişaf modeli inkişaf etməkdə olan ölkələr üçün nümunədir. Özünəməxsus tərəqqi modelinə malik olan Azərbaycan dünya miqyasında ən dinamik inkişaf tempinə malik olan ölkələr sırasında qabaqcıl yerlərdən birini tutur. Azərbaycanın müstəqil, dinamik iqtisadi inkişaf strategiyası rasional səciyyə daşıyır. Heç bir qurumdan, dövlətdən asılı olmayan iqtisadi siyasət yürüdülməsi inkişafın fundamental komponenti kimi çıxış edir. Bütün bunlar isə Azərbaycanın dünya arenasında mövqeyini gücləndirir, ölkəmizin nüfuzunu artıraraq əhəmiyyətli faktor qismində çıxış etməsinə əsas verir.

Ölkəmiz beynəlxalq miqyasda siyasi iqtisadi subyektlərin, eləcə də milli dövlətlərin başlıca etibarlı strateji tərəfdaşlarından biri kimi çıxış etməkdədir. Belə ki, miqyasına görə regional, mahiyyətinə görə isə qlobal xarakterli layihələrdə Azərbaycan lokomotiv faktor kimi çıxış etməkdə və ölkələrarası ikitərəfli və çoxtərəfli əməkdaşlıq platformalarının formalaşmasında, inkişafında müstəsna rol oynamaqdadır. Bu isə Azərbaycanın dünya iqtisadiyyatında mövqeyini daha da gücləndirməkdədir.

Sadalananlardan aydın olur ki, rasional siyasi-iqtisadi islahatlarAzərbaycan iqtisadiyyatının dinamik inkişafını şərtləndirən mühüm amillərdəndir. Ölkənin inkişafı üçün mütəmadi surətdə reallaşdırılan praqmatik islahatlar modeli formalaşdırılıb ki, bu, bütövlükdə dünyəvi inkişafa təkan verən əhəmiyyətli amil səciyyəsi daşıyır. Mütəmadi surətdə həyata keçirilən islahatlar mövcud inkişafı gücləndirməklə yanaşı, yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsini şərtləndirir. Bütün bunların fonunda qarşıya daha ali bir məqsəd qoyulub: perspektivdə Azərbaycanın inkişaf etmiş ölkə statusu qazanması bunun üçün isə konseptual əsaslar formalaşdırılıb.

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında milli inkişafın bütün əsasları, istiqamətləri, hədəflər və prioritetləri müəyyənləşdirilib, eyni zamanda, Azərbaycanın qısa vaxtda inkişaf etmiş ölkələr sırasına daxil olması nəzərdə tutulub. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının əsas hədəfi Azərbaycanı inkişaf etmiş ölkələr sırasına daxil etməkdir.

Əminliklə deyə bilərik ki, xalqla iqtidarın vəhdətdə olması qarşıdakı böyük uğurlardan xəbər verir. Daha dəqiq desək, Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxarılması məqsədilə görülən işlər nəticəsində respublikamızın siyasi qüdrəti daha da güclənəcək. Azərbaycanda sosial rifah, siyasi institutlaşma prosesləri daha da yüksək səviyyəyə çatacaq və respublikamız intensiv inkişaf dinamikası ilə inkişaf etmiş ölkələr sırasında qərarlaşa biləcəkdir.

Nəticə etibarilə qeyd edə bilərik ki, müstəqil Azərbaycan Respublikası dünyada özünün milli inkişaf modeli ilə müsbət nümunəyə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə son on bir ildə əldə olunmuş nailiyyətlər bir daha təsdiq edir ki, Azərbaycan müasir dünyanın, dövrün çağırışlarını qarşılamağa hazırdır və bunun üçün adekvat milli inkişaf modelinə malikdir.

Məhz yuxarıda qeyd edilən bütün dünyəvi, modern və bəşəri göstəricilərinə görə artıq müasir dünyada bir sıra sahələrin inkişafı üçün Azərbaycan modeli tətbiq olunur.

 

Əhməd Vəliyev

Milli Məclisin deputatı,

“Odlar Yurdu” Universitetinin rektoru

 

İki sahil.- 2015.- 15 aprel.- S.12-13.