AZƏRBAYCAN MÜLTİKULTURALİZMİ:
BİRGƏ YAŞAYIŞIN UNİVERSAL
FORUMU
Tolerantlıq, çoxmədəniyyətlilik,
dini dözümlülük müasir sivilizasiyada insanların
təhlükəsiz şəraitdə yaşamasının ən
mühüm şərtləndirən biridir. Multikulturalizm
milli dövlətlər üçün ən zəngin xəzinə
və dəyərdir. Xüsusən dini və milli zəmində
ayrı-seçkilik yaratmaq üçün fürsət
gözləyən, hər cür təxribata hazır olan bəzi
qüvvələrin mövcud olduğu, müəyyən cəhdlərin
müşahidə olunduğu indiki dövrdə birgə
yaşayışımızın yeganə resepti multikulturalizm,
dini dözümlülük və tolerantlıqdır.
Multikulturalizm
bir anlayış olaraq yeni, həyat tərzi və mahiyyət
baxımından isə qədim tarixə malikdir. Tarixin ilk
çağlarından müxtəlif sivilizasiya
daşıyıcıları eyni məkanda və ya qonşu ərazilərdə
yaşayaraq bir-birləri ilə sıx təmasda olmuşlar.
Böyük imperiyaların yaranması ilə bu fərqli mədəniyyət
təmsilçiləri bir dövlət daxilində olmaqla daha
sıx əlaqələr qurdular. Bəşəriyyət bu əlaqələr
nəticəsində mədəni və milli fərqliliklərin,
xalqların mənəvi dəyərlərinin daha da dərinləşməsi
ilə bərabər, hər zaman qarşılıqlı bəhrələnmə,
təsir və əks-təsirə şahid olmuşdur.
Beləliklə,
müxtəlif mədəniyyətlərin bir-birlərinə
təsiri və bəhrələnməsi min illərdir davam edən
prosesdir. Nəticədə eyni məkanda fərqli mədəniyyət
təmsilçiləri öz mövcudluqlarını qoruyub
saxlaya bildikləri üçün müasir dünyamız rəngarəng
etno-mədəni koloritə sahibdir. Tarix sübut edib ki,
multikultural dəyərlər olmasaydı heç böyük
bəşər mədəniyyəti də ola bilməzdi.
Çünki müəyyən sərhədlər daxilində
təcrid olunmuş və özünə qapanmış hər
hansı bir mədəniyyət tənəzzülə məhkumdur.
Bu gün dünyanın bir çox yerlərində
müşahidə olunan xaos, hətta Qərbin ən
inkişaf etmiş cəmiyyyətlərində belə
yaşanan kataklizmlər dünya sivilizasiyası, xalqların təhlükəsizliyi
və dövlətlərin sabitliyi üçün
mültikulturalizmin əhəmiyyətini açıq şəkildə
ortaya qoyur.
Məlum
olduğu kimi, II Dünya müharibəsindən sonra bəşəriyyətin
təhlükəsizliyini və sabit inkişafını təmin
etmək məqsədilə ümumbəşəri dəyərlər
əsasında yeni beynəlxalq münasibətlər sistemi
formalaşdırıldı. Yaradılan yeni sistemin əsasında
bərabərlik, beynəlxalq münaqişələrin
sülh yolu ilə həll edilməsi, bir ölkənin digər
ölkəyə güc tətbiqindən imtina etməsi,
dövlətlərin daxili işlərinə qarışmamaq,
insanların əsas hüquq və azadlıqlarına hörmət
etmək, eləcə də, bərabərhüquqlu əməkdaşlıq
kimi prinsiplər dayanırdı. Lakin təxminən son on ildə
bu prinsiplərin kobud şəkildə pozulması nəticəsində
beynəlxalq münasibətlərdə
qarşılıqlı etimadın azalması və beynəlxalq
əməkdaşlıqda eləcə də xalqlararası
dialoq və inteqrasiya proseslərində arzuolunmayan hadisələrin
baş verməsi müşahidə olunur.
Beynəlxalq
hüququn çox zaman elə onu formalaşdıran əsas
güclər tərəfindən pozulması, müəyyən
siyasi mərkəzlərin öz maraqlarını qlobal və
bəşəri mənafelərə qurban verməklə təmin
etmək cəhdlərinin qarşısını almalı olan
mexanizmlərin səmərəsizliyi beynəlxalq münasibətlərdə
etimad böhranının bariz əlamətləridir.
Xüsusilə də transmilli xarakterli iqtisadi maraqların təmin
olunması prinsipinin əsas strateji hədəf kimi müəyyənləşdirilməsi
sivilizasiyalararası mədəniyyət və inteqrasiya məsələsini
müəyyən qədər ikinci plana keçirib. Belə
olan halda, xalqlar və milli dövlətlər arasındakı
əməkdaşlıq münasibətləri də regional və
beynəlxalq təhlükəsizlik nöqteyi-nəzərindən
kifayət qədər səmərəli olmur.
Bu
kontekstdə yekun qənaət budur ki, beynəlxalq münasibətlərdə
səmimiyyətdən uzaq yürüdülən siyasət
aktorlar arasında etimadın zəifləməsinə və
itirilməsinə gətirib çıxarır. Bu cür siyasət
uzunmüddətli perspektivdə tərəflərə nəinki
uğur gətirmir, hətta bütün bəşəriyyət
üçün xoşagəlməz nəticələrə
səbəb olur. Bu gün dünyanın müxtəlif yerlərində
siyasi, dini, etnik zəmində müharibələrin
çoxalması, beynəlxalq ictimaiyyətin bu və ya digər
şəkildə müdaxilə etdiyi münaqişələrin
daha da kəskinləşməsi müşahidə olunur. Beynəlxalq
ədaləti bərpa etmək missiyasını üzərinə
götürən qurumların, dövlətlərin faktiki
davranışlarının elan etdikləri məqsədlərlə
uzlaşmaması məhz siyasi səmimiyyət
çatışmazlığından xəbər verir.
Ona görə də XXI əsrdə, xüsusilə milli sərhədlərin assimlyasiyaya uğradığı, xalqların bir-birinə qaynayıb qarışdığı, sivilizasiyaların yaxınlaşdığı qloballaşan dünyada birgə yaşamaq mədəniyyətinin formalaşması olduqca böyük əhəmiyyətə malikdir. Qlobal təhdidlərin, terrorizm, dini qarşıdurma meyillərinin xüsusilə həssas yanaşmaq tələb etdiyi bir məqamda birgə yaşamaq arzusu, bu yöndə atdığımız və gələcəkdə atacağımız addımlar bizim milli mədəni, mənəvi dəyərlərimizdən imtinaya gətirib çıxarmamalı, fərqli dinlərin, xalqların nümayəndələri olmağımız bizim aramıza nifaq salmamalıdır, əksinə, inanclarımızı, düşüncələrimizi bir-birimizə zorla qəbul etdirmək yolunu seçmədən bərabərlik, səmimiyyət, dürüstlük, sevgi, hörmət və xoş niyyətlə birlikdə çalışmalı, ortaq bəşəri dəyərlərimizi birgə qorumalıyıq. Amma bir çox avropalı siyasətçilər bu gerçəkliyi qəbul etmirlər. Onlar mültikulturalizmin cəmiyyətlərdə daha dərin kök salması ideyasını ciddi cəhdlə inkar etməklə yanaşı, yeni bir dəyərlər sisteminin vacibliyini ifadə edirlər. Bu nəzəriyyəçilər arasında hətta multikulturalizmin bir unikal model kimi iflasa uğradığını iddia edənlərə də rast gəlirik.
Azərbaycan çox mürəkkəb bir coğrafi məkanda yerləşir, regionda təkcə siyasi baxımdan deyil, dini və milli mənsubluq baxımından da kifayət qədər həssaslıq var. Lakin bütün bu məsələlərə rəğmən Azərbaycan dini və milli tolerantlıq baxımından bölgə dövlətləri arasında liderlik edir. Tarixən Azərbaycanda yaşayan xalqlar, müasir terminlə deyilsə, multikultural şəraitdə mövcud olublar. Müstəqilliyin ilk illərində isə xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etdi. Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı.
Birmənalı şəkildə qeyd etmək olar ki, Ulu Öndər Azərbaycan multikulturalizminin siyasi banisidir. Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə milli azlıqların ədəbiyyat, mədəniyyət, dil, tarix, adət-ənənələrinin qorunub saxlanmasına, inkişaf etdirilməsinə qanuni zəmin yaradıldı. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi ilə mənşəyindən, irqindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarına hörmət təmin olundu. Bununla yanaşı, Ulu Öndərin hakimiyyətə gəlməsindən sonra qəbul edilən bir çox qanunlarda Azərbaycan ərazisində yaşayan bütün milli azlıqların mədəni kimliyinə təminat verildi. Ölkəmizdə yaşayan xalqların dini, mədəni adət – ənənələrinə xoş münasibət də Azərbaycanın prioritetləri sırasındadır. Məsələn, 1920-ci ildə bağlanmış Jen Mironosets baş kilsəsinin binası Azərbaycan müstəqillik əldə etdikdən sonra Rus pravoslav kilsəsinə verilib. 2001-ci ildə Azərbaycanda səfərdə olan Moskvanın və bütün Rusiyanın keçmiş Patriarxı, mərhum II Aleksiy bu məbədi müqəddəs elan edib və ona baş kafedral kilsə statusu verib. 1999-2001-ci illərdə paytaxtda digər pravoslav məbədi - Müqəddəs Məryəmin Miladı baş kilsəsi bərpa olundu. Respublikanın katolik icması da hər zaman dövlət qayğısını öz üzərində hiss edir. 2000-ci ildə dini ayinlərin yerinə yetirilməsi üçün icmaya xüsusi bina verilib və bu bina kiçik kilsəyə çevrilib.
Azərbaycanda qədim ənənələrə malik olan yəhudi icmasının mədəni irsi də dövlətin qayğısı ilə əhatə olunur. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ibrani bölməsi açılıb, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu isə Rusiyanın Yəhudi Mədəniyyətinin Qorunması və İnkişafı Fondu ilə birgə “Yəhudilər Azərbaycanda” kitabını hazırlayıb. Bundan başqa, 2001-ci ilin aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasında “Qafqazın dağ yəhudiləri” mövzusunda beynəlxalq seminar keçirilib, 2000-ci ildə dağ yəhudiləri dini icmasının rəhbəri Semyon İxiilov ümummilli liderimiz Heydər Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif olunub. Roma-katolik Kilsəsinin sabiq başçısı II İohann Pavelin 2002-ci ildə respublikamıza etdiyi tarixi səfər isə xüsusi əhəmiyyət daşıyırdı. Bakıda olarkən Papa Azərbaycandakı tarixi dözümlülük ənənələrini xüsusi qeyd edib.
Bir sözlə, Ümummilli Liderin Azərbaycanda milli azlıqlarla bağlı siyasəti beynəlxalq qurumlar tərəfindən də hər zaman müsbət qarşılanıb.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi istiqamət hazırda Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilir. Bu gün Azərbaycanın ətrafında və daxilində digər dinlərin daşıyıcısı olan xeyli sayda millətlər yaşayır. Azərbaycan Respublikası multikulturalizmi özünün dövlət siyasəti elan etmişdir. Bu siyasətin əsas məqsədi ölkədə yaşayan xalqların etnik-mədəni dəyərlərinin qorunmasına, inkişafına və cəmiyyət daxilində bu xalqların inteqrasiyasına nail olmaqdır.
Azərbaycanın ərazisində yaşayan bütün xalqların, o cümlədən milli azlıqların etnik-mədəni dəyərlərinin qorunması və inkişafı məsələsinə Azərbaycan Respublikası özünün dövlət siyasətinin həm məqsədi, həm də vasitəsi kimi yanaşır. Bu xalqların etnik- mədəni dəyərlərinin qorunması məqsəd kimi Azərbaycan Respublikasının ümumi inkişafının mühüm hədəflərindən olan demokratik inkişafın, insanların hüquq və azadlıqlarının müdafiə olunmasının tərkib hissəsidir. Bu məsələ Azərbaycan Respublikasının dövlət siyasətinin vasitəsi kimi ölkənin suverenliyini, ərazi bütövlüyünü, demokratik inkişaf yolunu, milli təhlükəsizliyini, xüsusilə də multikultural təhlükəsizliyini, vətəndaşlarda vətənpərvərlik şüurunun inkişafını, əhalinin rifah və etnik-mədəni dəyərlərini təhdid edən etnik millətçilik, etnik separatçılıq, dini separatçılıq və digər dezinteqrasiya proseslərinin qarşısının alınmasında istifadə olunur.
Ümumiyyətlə, Azərbaycanda həyata keçirilən düzgün strategiya ölkəmizin qüdrətinin artmasını, iqtisadi inkişafının sürətlənməsini təmin etməklə bərabər, Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsini, ölkəmizə beynəlxalq ictimai marağın artmasını da stimullaşdırır. Artıq Azərbaycan təkcə güclü potensiala sahib, regionda söz sahibi olmaq sərhədlərini aşıb, qlobal problemlərin həllində mühüm rol oynayan güclü aktora çevrilməkdədir. Bunu son dövrlərdə Azərbaycanda həyata keçirilən beynəlxalq tədbirlərin mahiyyətinə, məqsədinə nəzər saldıqda daha aydın görmək mümkündür.
Təbiidir ki, keçirilən hər bir tədbir müzakirə olunan məsələlərin aktuallığı ilə yanaşı, perspektivlərin müəyyənləşdirilməsi, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün səylərin birləşdirilməsi baxımından da əhəmiyyət kəsb edir. Azərbaycan artıq beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ideal məkan kimi qəbul olunub və bu mövqeyini günbəgün möhkəmləndirir. Təkcə ötən ildə ölkəmizdə keçirilən müxtəlif mövzularda tədbirlərin sayına diqqət yetirmək kifayətdir. Bu uğuru şərtləndirən əsas amil Azərbaycan dövlətinin düşünülmüş və məqsədyönlü siyasəti, qazandığı etimaddır. Azərbaycan bu tədbirlərlə həm dünyadakı mövcud problemlərin həllinə töfhə verir, eyni zamanda, özünü, iqtisadiyyatını, mədəniyyətini, siyasi baxışlarını təqdim edir. Azərbaycan xalqının kökündən, milli-mənəvi dəyərlərindən irəli gələn xoşgörü və tolerantlıq əsrlər keçsə də dəyişməyərək müasir cəmiyyətimizin ayrılmaz xarakterik xüsusiyyətinə çevrilib. Bu səbəbdən də mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan belə formatda tədbirlərin keçirilməsi üçün ideal yerdir.
Sirr deyil ki, Azərbaycana beynəlxalq miqyasda çox böyük maraq var. Bu maraq həm də ölkəmizin yerləşdiyi coğrafi mövqenin əhəmiyyəti və Şərqlə Qərb sivilizasiyalarının qovuşduğu məkan olması ilə əlaqədardır. Eyni zamanda, Azərbaycanda mövcud olan sabitlik, inkişaf, demokratiya mühiti ölkəmizin beynəlxalq səviyyədə siyasi, iqtisadi, humanitar sahələrdə dialoqun aparılmasında daha təşəbbüskar mövqedən çıxış etməsinə imkan verir.
Ötən il ölkəmizdə baş tutan beynəlxalq tədbirlər sırasında Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları, Dünya İqtisadi Forumu, Gənclər Siyasəti üzrə I Qlobal Forum və digər tədbirləri qeyd etmək olar. Bu cür beynəlxalq tədbirlərdə dünyanın müxtəlif ölkələrindən olan yüzlərlə nüfuzlu siyasi xadim, ayrı-ayrı sahələr üzrə ekspertlər, həmçinin mətbuat nümayəndələri bir araya gələrək müxtəlif məsələlər üzrə dialoq, fikir mübadiləsi aparır, qərarlar qəbul edirlər. Dövlət başçısı bu məqama diqqət çəkərək qeyd edir ki, artıq Azərbaycan dünya gündəliyində dözümlülük, tolerantlıq, humanitar əməkdaşlıq məsələləri ətrafında öz böyük rolunu ortaya qoyub: “Bakı və Azərbaycan artıq dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük mərkəzlərindən birinə çevrilibdir. Artıq beynəlxalq ictimaiyyət də bunu qəbul edir, dəstəkləyir”.
2014-cü il oktyabrın 2-3-də Bakıda keçirilən IV Beynəlxalq Humanitar Forumunu xüsusilə fərqləndirmək olar. Dünyanın 60 ölkəsindən yüzlərlə qonağın iştirak etdiyi bu mötəbər tədbirin açılış mərasimində dövlət başçısı İlham Əliyevin söylədiyi nitq böyük maraq doğurub. Prezident irəli sürdüyü ideyaları ilə iştirakçıların rəğbətini qazandı. İlham Əliyev dünya üçün təhlükəyə çevrilmiş humanitar fəlakətin qarşısının alınması üçün dövlətlərin birgə fəaliyyət göstərməsinin zəruriliyini vurğulayıb. Dövlət başçısının nitqində humanitar əməkdaşlığın müxtəlif aspektləri dərindən təhlil edilib. Prezident İlham Əliyev Azərbaycanda humanitar sahədə görülən işlərdən danışaraq, ümumiyyətlə, bu istiqamətdə dünya ölkələrinin daha fəal siyasət yeritməsinin vacibliyini vurğulayıb. Konseptual xarakterli nitqdə multikulturalizmin perspektivləri tam dolğunluqla ifadə edilib. Dövlət başçısı humanitar məsələnin dünya üçün çox aktual bir amilə çevrildiyini xüsusi qeyd edib. Prezident fikrini açıq və dəqiq ifadə edərək, bütün bəşəriyyətə səslənib: "Dünyada gedən proseslər, bəzi hallarda narahatedici məqamlar tələb edir ki, humanitar sahəyə daha da böyük diqqət göstərilsin".
Prezident İlham Əliyevin bir sıra Qərb siyasətçilərinin "multikulturalizm ideyası iflasa uğrayıb" kimi qeyri-rasional iddialarına sərt cavabı isə xüsusilə ibrətamizdir: "Əgər multikulturalizm iflasa uğrayıbsa, onda bunun alternativi nə ola bilər? Bu da çox aydındır. Bu, ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır, islamofobiyadır, antisemitizmdir. Biz bu təhlükəli meyillərə qarşı öz səsimizi ucaltmalıyıq".
Qeyd etmək xüsusilə xoşdur ki, bu gün Azərbaycan dövləti və hökuməti multikulturalizmin daha da dərinləşməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir. Bu mənada 2014-cü ilin əvvəllərində Prezident İlham Əliyevin Fərmanı ilə millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin yaradılmasını qeyd etməliyik. Ötən müddət ərzində Xidmətin həyata keçirdiyi fəaliyyət və qarşıya qoyulmuş məqsədlərin reallaşdırılması istiqamətində atılan addımlar Azərbaycan dövlətinin düzgün siyasi kurs seçdiyini açıq şəkildə ortaya qoymaqdadır. Belə ki, Xidmət fəaliyyətə başlayandan bəri ölkəmizin müxtəlif rayonlarında, şəhər və qəsəbələrində, həmçinin Bakı şəhərində dini, milli və mutikutluralizm istiqamətində faydalı, çoxşaxəli tədbirlər həyata keçirib, bu tədbirlərə ölkəmizdə yaşayan müxtəlif xalqların və fərqli mədəniyyətlərin təmsilçilərinin iştirakına nail olub.
Əlbəttə ki, Azərbaycan Respublikasında bu gün mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir.
Məhz bu zərurəti nəzərə alaraq, Prezident İlham Əliyevin 15 may 2014-cü il tarixli Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasında məqsəd tolerantlığın bir həyat tərzinə çevrildiyi Azərbaycan gerçəkliyinin mədəni, sosial, siyasi mahiyyətini öyrənmək, etnik-mədəni, dini müxtəlifliyin tolerant əsaslarının elmi təhlilini aparmaq və qorunub saxlanması yollarını müəyyənləşdirmək, təhsil, mədəniyyət, elm və digər sosial sahələrdə özünü göstərən çatışmazlıqların sistemli şəkildə aradan qaldırılması istiqamətində layihələr həyata keçirməkdir.
Bundan başqa, Prezident İlham Əliyevin 7 may 2014-cü il tarixində imzaladığı Fərmanla Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu yaradılıb. Fond müasir informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərini nəzərə alaraq, elmi-texniki, sosial-iqtisadi, humanitar biliklərin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılması məqsədinə xidmət edir.
Əlbəttə ki, bu fondun fəaliyyətə başlaması ilk növbədə, Azərbaycanda gənclərin intellektual inkişafına, ölkəmizdə təhsilin inkişafına, elmi potensialın artırılmasına xidmət edən dövlət siyasətinin ardıcıllığını və səmərəsini ortaya qoyur. Bilik Fondu ümummilli lider Heydər Əliyevin irsinin öyrənilməsinə, banisi olduğu azərbaycançılıq məfkurəsinin geniş təbliğinə, dövlət siyasətinin, ictimai-siyasi və sosial-iqtisadi həyatda baş verən hadisələrin mahiyyətinin açıqlanmasına və əhalinin bütün təbəqələrinə çatdırılmasına xüsusi önəm verir. Fondun layihələrində ölkənin ziyalı potensialından, yeniyetmə və gənclərin gücündən məqsədəuyğun istifadə olunur və bu ümumi işin effektiv qurulması təmin edilib.
Bilik Fondunun məqsəd və vəzifələrindən irəli gələn məsələlərin həlli üçün artıq bir sıra layihələrə start verilib. Bu sırada "Qardaşlaşmış məktəblər", "Dini abidələrdə tarixin izləri", "Docendo discimus", "Ustad və şəyird", "Azərbaycan elmi xaricdə", "Dünya elmi Azərbaycanda", "Epizod", "Auditoriya+" kimi layihələri göstərmək olar. Layihələrə belə uğurlu başlanğıc və bu kimi tədbirlərin ölkə ictimaiyyəti tərəfindən təqdirlə qarşılanması Fondun fəaliyyətinin səmərəsindən xəbər verir və gələcəkdə daha böyük nailiyyətlər qazanılacağını söyləməyə əsas verir.
Bu tədbirlərlə yanaşı, Bakı Slavyan Universiteti (BSU) elmi şurasının 2015-ci il fevralın 24-də keçirilən iclasında bu ali məktəbdə multikulturalizm kafedrasının yaradılması haqqında qərarın qəbul olunması, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Bakı Slavyan Universiteti ilə birgə hazırladığı Azərbaycan multikulturalizmi fənninin bir sıra xarici ölkələrin ali təhsil ocaqlarında tədrisinə başlanılması da Azərbaycanda multikulturalizmin dövlət siyasətinin mühüm tərkib hissələrindən biri olduğunu açıq şəkildə ifadə edir.
Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, multikulturalizm bizim sərvətimiz, üstünlüyümüzdür. Azərbaycan, eyni zamanda, dünyaya sülh və əmin-amanlığın, sabitlik və təhlükəsizlik şəraitində yaşamağın, fərqli mədəniyyətlərə, dinlərə və xalqlara xoş münasibətin unikal modelini təqdim edir, bu modelin tətbiqində qazanılmış zəngin təcrübəsindən faydalanmağı təklif edir. Bu da tam ədalətlidir. Çünki multikultural dəyərlərin mühafizəsi və tətbiqi daha təhlükəsiz və daha proqressiv bir gələcəyin təmini deməkdir.
Sahibə Qafarova
Milli Məclisin deputatı,
Bakı Slavyan Universitetinin
prorektoru
İki sahil.- 2015.- 17 aprel.- S.16-17.