Ağrıyan gözlərə şəfadır
əlin...
Vaxtilə
tanınmış oftalmoloq Zərifə xanım Əliyevaya
bu sözlərlə minnətdarlıqlarını bildirənlər
onlara işıqlı həyat, yeddi rəngin ahəngindən
yaranan gözəlliyi duymaq sevinci bəxş edən, sadəliyin
zirvəsində dayanan akademiki bu gün də xeyirxah əməllər
sahibi kimi xatırlayırlar
... Hər kəsin qismətinə
yazılan tale yolu olur. Hamı
Tanrının qismət kimi bəxtinə yazdığı bu
yolu başa vurur. Əsas odur ki, bu yolda
saldığın izlərin, əməllərin əbədi
qalsın, səni yaşatsın. Həyatın
səndən sonrakı nəsillər üçün örnək
olsun. Əfsanəyə çevrilən
ümummilli lider Heydər Əliyev və Zərifə
xanım Əliyevanın hamıya nümunə olan həyat və
tale yolları kimi.
...
İlin ən gözəl fəslində, yazda -1923-cü il
aprelin 28-də dünyaya gələn, 1985-ci il aprel
ayının 15-də əbədiyyətə qovuşan
gözəl insan, qayğıkeş həkim Zərifə
xanım Əliyeva həm də cəfakeş həyat
yoldaşı idi. Az-az adam tapılar ki, fəaliyyəti
ilə cəmiyyətə xeyir versin, ictimaiyyətin hörmət
və məhəbbətini qazansın, insanlara gərək
olsun, sayılıb-seçilən şəxsiyyət kimi
tanınsın. Qismətinə belə xoşbəxtlik nəsib
olanlardan biri də qaranlıq gözlərə nur paylayan, həyatın
gözəlliklərindən zövq alan,
oftalmologiya elmində xüsusi dəst-xətti ilə iz qoyan
akademik Zərif xanım Əliyeva idi.
Çətin və məsuliyyətli sahələrdə
çalışan, çekistlik məktəbinin sadiq yetirməsi
kimi Azərbaycana rəhbərliyinin bütün dövrlərində
dövlət, siyasi xadim kimi xalqına sədaqətlə xidmət
edən ümummilli lider Heydər Əliyev kimi böyük
şəxsiyyətin həyat yoldaşı olmaq asan deyildi. Zərifə
xanım sədaqətli ömür-gün yoldaşı kimi
Ulu Öndərə həmişə mənəvi dayaq olurdu.
Zərifə xanım Əliyevanın adını
çəkməklə ömrünün mənasını
insanlara xidmətdə görən müdrik bir insan
haqqında zəngin təsəvvür yaratmaq
mümkündür. Bənzərsiz insan, səmimi, mehriban rəfiqə,
sədaqətli həyat yoldaşı, cəfakeş ana.
Cəmiyyətdə böyük nüfuz və
hörmət qazanmaq, minlərlə insanın sevimlisinə,
hamisinə çevrilmək üçün tələb
olunan bu keyfiyyətlər Zərifə xanımın şəxsiyyətini
tamamlayırdı.
Böyük şəxsiyyətlərin fəaliyyətləri
də əməlləri kimi fərqli olduğundan onlar haqqında
danışmaq, münasibət bildirmək də asan deyil. Necə deyərlər,
əlçatmaz zirvənin ucalığı barədə
söz söyləmək üçün ən azından bu
məsafənin yarısını qət etməlisən.
Zərifə xanım həyatda az
ömür sürsə də, qısa vaxtda belə xeyirxah əməlləri
ilə insanlığın əlçatmaz zirvəsini fəth
etmişdi. Əsl xanımlara məxsus
davranışı ilə seçilən, hamının
sevimlisi, ən müsbət keyfiyyətləri özündə
birləşdirən Zərifə xanım cəmiyyətdə,
ictimaiyyət və çalışdığı kollektiv
arasında ehtiram qazanan ziyalılardan olub. Arzularına
çatmaq üçün ömrü vəfa etməyən
Zərifə xanımı belə tanıtmaq olar: görkəmli
ictimai xadim, peşəsini sevən və içdiyi Hippokrat
andına sədaqətini şəfalı əlləri və
xəstələrinə bəxş etdiyi nurlu əməlləri
ilə təsdiqləyən bacarıqlı həkim, elmdə
özünə məxsus cığır açan
istedadlı alim...
İkinci Dünya müharibəsinin qızğın
dövründə, 1942-ci ildə orta məktəbi bitirən
Zərifə xanım Azərbaycan Dövlət Tibb
İnstitutunun müalicə- profilaktika fakültəsinə
daxil olur. Ali təhsilini başa vurduqdan sonra sevib-seçdiyi
peşənin sirlərinə daha dərindən yiyələnmək
üçün Moskvadakı Mərkəzi Həkimləri Təkmilləşdirmə
İnstitutunda oftalmologiya üzrə ixtisasartırma kursunda
çalışıb. Əvvəlcədən
elmi-tədqiqat işlərinə, araşdırmalara, yeniliyə
böyük həvəsi olan gənc həkim kimi Azərbaycan
Oftalmologiya Elmi-Tədqiqat İstitutunda həkim-ordinator işləsə
də, dünyada tətbiq olunan tibb elminin ən müasir
texnologiyalarının təcrübədə tətbiqinə
çalışırdı. Buna görə
də 1950-ci ildə aspiranturaya daxil olaraq Oftalmologiya
İnstitutunda elmi işçi kimi fəaliyyətini davam
etdirir.
Tibbi kadrların, xüsusilə göz həkimlərinin
azlıq etdiyi o dövrlərdə respublikada traxoma xəstəliyi
geniş yayılmışdı. Bu xəstəliyə
qarşı mübarizə təkcə oftalmologiyada deyil, səhiyyənin
bütün sahələrində də problemlər
yaradır, respublika əhalisinin sağlamlığı
üçün mühüm əhəmiyyət
daşıyırdı. Həyatın
çətin sınaqlarından çıxmaq
üçün qətiyyətin tələb olunduğunu bilən
Zərifə xanım bilik və bacarığını bu
istiqamətə yönəltdi. Yoluxucu,
yayılma imkanları böyük olan bu xəstəliklə
mübarizədə fəal iştirak etdi. Xəstəliyin yaranma səbəblərini elmi şəkildə
öyrənmək və profilaktik tədbirlərin
aparılmasını sürətləndirmək
üçün tez-tez ucqar kəndlərə belə gedir, əhali
arasında olur, maarifləndirmə işlərinə
xüsusi diqqət yetirirdi. Nəhayət,
bu sahədə topladığı təcrübə onun elmi
axtarışlarının istiqamətini müəyyənləşdirdi.
Alimlik dərəcəsi almaq üçün
apardığı tədqiqatlara əsasən
yazdığı “Traxomanın digər terapiya üsulları
ilə birlikdə sintomitsinlə müalicəsi” mövzusunda
namizədlik dissertasiyasında xəstəliklə mübarizə
yollarını tibb ictimaiyyətinin diqqətinə
çatdırdı. Eyni zamanda qlaukoma xəstəliyinin öyrənilməsi
istiqamətində elmi işini davam etdirdi. 1967-ci ildə Azərbaycan Dövlət Həkimləri
Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri
kafedrasına dosent vəzifəsinə dəvət olundu.
Təsdiqini tapmış bu fikirlə hamı
razılaşar ki, Azərbaycanda milli oftalmologiya elmi Zərifə
xanımın adı ilə bağlıdır. Bu şöhrəti
əməlləri ilə qazanan, tanınmış akademikin
gördüyü işlər özlüyündə belə
bir reallığı təsdiqləyir. Tibbi
təcrübə və kadr hazırlığı işində
olduğu kimi, oftalmologiya da həkimləri
düşündürən problemlərin həllində
gördüyü işlər, təcrübə və tədqiqatları
sayəsində əldə etdiyi nailiyyətlər bu gün də
aktuallığını saxlayır, geniş tətbiq olunur.
İşin ağır və çətin sahəsinə
meyil etmək və uğurlu nəticə üçün
mübarizlik demək olar ki, onun dəyişməz fəaliyyət
prinsipi idi. Oftalmologiya elminin ən çətin
sahələrinə, problemlərinə müraciət etməkdən
çəkinməyən bacarıqlı alim kimi elmi
axtarışlarının bəhrəsindən zövq
alırdı. Az
araşdırılan, lakin aktual məsələlərdən
sayılan diaqnostika, qlaukoma və görmə orqanının
iltihabının müalicəsi kimi məsələlərə
xüsusi diqqət yetirirdi. Peşə ilə əlaqədar
əmələ gələn göz xəstəliklərinin
araşdırılması oftalmologiyada demək olar ki, yeni bir
sahə kimi onun diqqətini cəlb etdi. Daim çətinliklə
qazanılan qələbədən daha çox zövq alan Zərifə xanım “həyat mübarizlər
üçün sınaq meydanıdır” söyləyərək
elmə yenilik gətirdi. Xəstəliyin tam
öyrənilməsi üçün mütəmadi sənaye
müəssisələrində olur, zəhərli maddələrin
görmə orqanlarına təsiretmə yollarını
araşdırırdı. Çoxillik təcrübə
və tədqiqatlarının nəticəsi olan “Azərbaycanın
bir sıra kimya müəssisələri işçilərinin
görmə orqanının vəziyyəti” mövzusunda
yazdığı dissertasiyasını müvəffəqiyyətlə
müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsini
aldı. Əldə etdiyi nailiyyətlər
onun vəzifədə də yüksəlməsinə imkan
yaratdı. O, əvvəlcə Azərbaycan Dövlət
Həkimləri Təkmilləşdirmə İnstitutunun
oftalmologiya kafedrasının professoru, sonra isə kafedra
müdiri oldu.
Görmə orqanının peşə
patologiyasının öyrənilməsi üzrə ilk elmi-tədqiqat
laboratoriyasının yaradılması təşəbbüsünü
qaldıran da Zərifə xanım olur. Zərifə xanımın
təşkilatçılığı və iştirakı
ilə yaradılan həmin laboratoriyada az
intensiv zəhərli istehsal sahələrində görmə
orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin
öyrənilməsi uzrə bir sıra qiymətli tədqiqatlar
aparıldı. Dünyanın elmi ictimaiyyətinin
marağına səbəb olan “Xroniki yod intoksikasiyası ilə
bağlı oftolmologiya”, “Yod sənayesində gözün
peşə xəstəliyinin profilaktikası”, “ Şin
istehsalında gözün peşə patologiyası” adlı
monoqrafiyalar həmin elmi axtarışların nəticəsi
kimi maraq doğurdu. Bu sahədəki misilsiz xidmətləri nəzərə
alınaraq Zərifə xanım oftalmologiya elmində ən yüksək
təltif olan M.İ.Averbax adına
mükafata layiq görüldü. O, həm də gözün
zədələnməsinin profilaktikası, görmə
orqanlarında bədxassəli şişlərin
diaqnostikası və öyrənilməsinə aid kitablar
yazmış, 1983- cü ildə AMEA-nın akademiki
seçilmişdir.
Belə yüksək etimadı qazanmaq o qədər də
asan deyildi. O beş il ərzində şin istehsalında
çalışan 1281 nəfərin üzərində kliniki
müşahidə aparmışdır. Onun elmi
axtarışları oftalmologiya elminə yenilik gətirirdi.
Bakıda Məişət Kondinsionerləri Zavodunda
yaratdığı laboratoriya demək olar ki, onun ikinci iş
yeri idi. Burada apardığı tədqiqatlar
daha çox səmərə verirdi. Müəssisədə
çalışanlar arasında qadınlar çoxluq təşkil
etdiyindən daha artıq diqqət tələb olunurdu. Zərifə xanım aydın başa
düşürdü ki, istehsalatda çalışan qadınlar
həm də ana kimi ailənin qayğısını çəkməli,
cəmiyyət üçün layiqli övlad yetişdirib tərbiyə
etməlidir. Bunun üçün isə
qadın fiziki cəhətdən sağlam olmalıdır.
Sadə, xeyirxah insan kimi həkimlik fəaliyyətinə
vətəndaş mövqeyindən yanaşan Zərifə
xanım çalışdığı kollektivdə
olduğu kimi, zavodda işləyən qadınların da hamisi
idi. O, diqqət çəkmədən hər kəsin
problemləri, ailə vəziyyəti, yaşayış tərzi
ilə maraqlanır, onlara yardım göstərirdi. Kiminsə dərdinə şərik olduğu, tələbatını,
ehtiyacını ödədiyi günü həyatının
mənalı anları hesab edirdi.
Zərifə
xanımı tanıyanların, onun haqqında xatirələrini
söyləyənlərin ilk sözü bu olur: çox sadə,
mülayim xasiyyətli, peşəsinə bağlı,
xeyirxah, müsiqiyə vurğunluğunu hər an
hiss etdirən, barmaqları ilə pianonu dilləndirərkən
möcüzələr yaradan Zərifə xanım gözəllik
ilahəsi idi.
Görkəmli italyan rəssamı, alim və filosofu
Leonardo da Vinçi deyib ki, elm sərkərdə, praktika isə
onun əsgəridir. Kamilliyi, yeniliyə olan marağı ilə elmin zirvəsinə
çatan akdemik Zərifə xanım Əliyevanı
bacarıqlı, təcrübəli həkim kimi tanıdan onun
nəzəriyyə ilə təcrübəyə eyni dərəcədə
dəyər verməsi, paralel olaraq öyrənməsi, sərkərdə
hesab etdiyi elmin “dəyişilməz qayda, qanunlarına, əmrlərinə”
əməl edən “hazırlıqlı, nizam-intizamlı əsgər”
olması idi.
Zərifə xanımın hər kəs
üçün nümunə olan həyat yolu, həkimlik fəaliyyəti,
oftalmologiya elminə gətirdiyi yeniliklər barədə
çox danışılıb. Onun
xeyirxahlığını daim hörmət və etiramla yad
edən xəstələri, yaxınları bu nurlu əməl
fədaisinin insan üçün ən qiymətli ziynət
olan sadəliyini, xeyirxahlığını unutmur, xatirəsini
həmizə əziz tuturlar. Həkim ailəsində
böyüdüyündən onu sevib, seçdiyi peşəsinə
aparan yol bəlli olsa da, tale yolları alın
yazısıdır. Tanrının sevdiyi bəndəsinə
“səxavəti” isə hər yaratdığına nəsib
olmur. Bunun üçün İlahinin əsl insan
üçün “təsdiqlədiyi” meyarlara uyğun olmalısan . Zərifə
xanım Əliyeva da belə seçilən sevimli bəndələrdən
olub.
Zərifə
xanım tipik Şərq qadını, ailəsini,
ocağını qoruyan, cəfakeş həyat yoldaşı
üçün etibarlı dost, övladlarını əsil
vətənpərvər kimi yetişdirən və hamıya
nümunə olan bir ana obrazıdır. O, eyni zamanda sədaqətli
ömür-gün yoldaşı, bəşəri dəyərlərə
hörmətlə yanaşan, yüksək mədəniyyəti
ilə də seçilən ziyalılardan olub. “Heydər
Əliyev: Tale yolları” kitabının müəllifi Nikolay
Zenkoviç yazır: “Mən Siyasi Büro üzvlərinin
arvadları barədə bioqrafik məlumatları diqqətlə
araşdırmışam, müqayisə etmişəm. Hansı nəticəyə gəlmişəm. Aydın olub ki, onlar arasında ən savadlı
qadın Siyasi Büro üzvü Heydər Əliyevin
xanımı olub. O, hətta Sov. İKP MK
baş katibinin arvadı Raisə Maksimovnadan da savadlı idi.
Özü də təkcə savadlı yox, Zərifə
xanım hərtərəfli bir şəxsiyyət idi. SSRİ siyasi rəhbərlərinin o biri üzvlərinin
evdar qadın olan maraqsız arvadlarından fərqli olaraq Heydər
Əliyevin həyat yoldaşı dünyada tanınan bir insan
idi.”
Zərifə
xanımın ictimai işlərdə fəallığını,
cəmiyyətdə tutduğu mövqeyi yüksək dəyərləndirdiyi
kimi tanınmışların övladları barədə də
münasibətini bildirən müəllif yazır:
“Yuxarılarda” əyləşən 229 nəfərin
uşaqlarından ən böyük uğur qazananlar 3 nəfərdir.
Birinci yerdə Heydər Əliyevin oğlu
İlham durur. O, Azərbaycan Respublikasının
Prezidentidir. Siyasi Büronun o biri üzvlərinin
övladlarından heç biri bu cür böyük uğura
nail olmamışlar. Dünyanın
aparıcı dövlətlərinin başçıları
ONU səmimi qəbul etmişlər, onunla yaxşı,
işgüzar münasibətlər qurmuşlar.”
Eyni
zamanda bildirilir ki, Azərbaycan SSR Elmlər Akademiyasının
akademiki, tibb elmləri doktoru, oftalmologiyada
yeni müalicə metodlarının banisi Zərifə
xanım Siyasi Büro üzvlərinin həyat
yoldaşları arasında yüksək statusa malik yeganə
qadın idi.
Kitabda yer almış Zərifə xanımla bağlı tanınmış şəxsiyyətlərin xatirələri, sözləri də akademikin mənəvi dünyasının zənginliyini göstərir. Qırx ildən artıq SSRİ Bəstəkarlar İttifaqına başçılıq etmiş Tixon Xrennikovun qeydləri də maraqlıdır: “Fundamental erudisiyası ilə seçilən parlaq şəxsiyyət Zərifə xanım heyrətamiz insan idi. Musiqini, ədəbiyyatı, xüsusilə poeziyanı peşəsi qədər sevib, dəyər verən kamil bir insan, şəxsiyyət idi.”
Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında tanınmış oftalmoloqun həyat fəaliyyətinə həsr olunmuş muzeyin açılışında iştirak edən ümummilli liderin xatirə kitabında yazdığı “ Mənim ömür-gün yoldaşım mərhum Zərifə xanımın adını daşıyan poliklinika ilə tanış olmaq, onun xatirəsinə həsr edilmiş guşəni seyr etmək məni dərin hissiyyatlara gətirdi. Xatirimdən heç vaxt çıxmayan, mənim üçün çox əziz olan insanın həyat və yaradıcılığını əks etdirən bu guşə məni coşdurdu. Bunların hamısı onun insani keyfiyyətlərinin böyüklüyünə, böyük elmi və həkimlik xidmətinə layiqli abidədir” sözləri isə müdrik, böyük şəxsiyyət Heydər Əliyevin ömür-gün yoldaşına sədaqət nümunəsi, vəfa borcu idi.
Həyata sonsuz dərəcədə vurğun olan, akademik, Əməkdar Elm Xadimi Zərifə xanımın böyüklüyü onda idi ki, hamıya ürək yanğısı ilə qayğı göstərir, ürək-dirək verir, həyatın qanunauyğunluğundan qacmağı mümkünsüz sayırdı. Xeyirxahlıq onun varlığına hakim kəsilmiş ən böyük xüsusiyyəti idi. Belə deyirlər ki, gözlər qəlbin aynasıdır. O xəstələrinin gözlərinə nur verməklə onların istəklərini, ürəklərindən keçənləri gözlərindən oxumaq istəyirdi. Zərifə xanımın şəfalı əlləri ilə nurlanan baxışlar isə daim bu böyük şəxsiyyətə minnətdarlıq hissi ilə dolu olurdu.
Xuraman
İsmayılqızı
İki sahil.- 2015.- 28 aprel.- S.8.