Zərifə xanım
nadir,
unikal bir qadın idi
YAP Qadınlar
Şurasının sədri, partiyanın İdarə Heyətinin
üzvü, professor Nurlana Əliyevanın www.yap.org.az
saytına müsahibəsi
- Nurlana xanım,
aprelin 28-də görkəmli oftalmoloq alim, akademik Zərifə
xanım Əliyevanın anadan olmasının 92-ci
ildönümü tamam olur. Sizin üçün Zərifə
xanım Əliyeva kimdir?
- Azərbaycanın görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açmış, mili dəyərləri övladlarına böyük məhəbbətlə təlqin etmiş Leyla xanımın tərbiyəsi ilə böyümüş, Azərbaycanın milli dövlətçilik tarixinin hünərvər müəllifi Heydər Əliyevin ömrünün sultanı, Vətənimizin, xalqımızın əziz, dəyərli övladı və rəhbəri, dövlətimizi uğurla dünya birliyinə çıxardan möhtərəm Prezidentimizin əziz anası, gözlərə nur paylamış, nurdan yoğrulmuş bir ana, alim, şəxsiyyət!
Azərbaycan qadınlığının adına, ünvanına şərəf, qürur gətirmiş, qadınlıq, zəriflik, möhtəşəmlik mücəssəməsi... Bütün həyatı, ailəsi, fəaliyyəti örnək, məktəb, nümunə olan İnsan!
Yaranışdan bütün bəşər övladına məxsus ali bir duyğu doğulub köksümüzün altında, göyərib boy göstərir. Zaman keçdikcə daha da əlvanlaşan, daha da müqəddəsləşən, hiss və düşüncələrimizə hakim kəsilən o duyğu ən dar məqamlarda ən yaxın köməkçimizə çevrilir. Həyatdan əlimizi üzəndə o duyğu əlimizdən tutur, inamımızı, istinadgahımızı itirəndə o duyğu bizim üçün inanma, istinadgaha çevrilir. Nə vaxtsa o duyğunu Sevgi adlandırırıq. Mental yaddaşımız Leyli və Məcnun, Əsli və Kərəm, Yusif və Züleyxa, Tahir və Zöhrə, İlham və Fərizə misalında ilahi sevginin mükəmməl nümunələrini xatırlayır. Heydər Əliyev öz ömür –gün yoldaşı, mərhum akademik Zərifə xanıma olan sonsuz sevgisi və bu sevginin etirafi ilə mənəviyyat tariximizdə bütöv nəsillərə örnək ola biləcək bir sevgi rəvayəti də yaratdı.
Təməlində həqiqətin olduğu bu rəvayətin bir qütbündə xalqın böyük oğlu Heydər Əliyev dayanırsa, digər qütbündə Azərbaycan qadınlığının mücəssəməsi Zərifə Əliyeva dururdu.Onun parlaq həyatı hadisələr və mənalarla zəngindir. Məni isə ən çox düşündürən onun analıq fenomenidir. Zərif bir ana necə böyük bir qüdrət daşıya bilir. Dünyaya necə böyük insanlar bəxş edə bilər, xalqın taleyində necə misilsiz iz qoya bilir. Analıq doğrudan da təbiətin ən böyük möcüzəsidir! Analar həyatda ən çətin olan iki şeyə qadirdirlər: həm böyük tale, həm də böyük xoşbəxtlik bəxş edə bilmək qüdrətinə. Sayıram ki, bu cəhətdən də Zərifə xanım nadir, unikal bir qadın idi.
Mən həyatda
hər şeyin anadan miras olduğuna inanıram. Zərifə
xanımın anası Leyla xanım da xoşbəxt taleli bir
qadın idi.O, dörd övladın ilki idi. Bu dörd
övladın hamısı həyatda istedadlı və
xoşbəxt taleli insanlar oldu. Bir qızı Gülarə
gözəl ifaçı və bəstəkar, iki
oğlu—Tamerlan və Cəmil görkəmli tibb alimi oldular.
Lakin Zərifə xanımın taleyi onların
hamısından nurlu, uğurlu oldu. Yəqin ona görə ki,
ailənin ilki idi və valideynlərin məhəbbət
payının çoxu ona qismət olmuşdu.
Deyirlər
ki, uşaqlıqdan qismət olan ana məhəbbəti
insanı xoşbəxt edir. Zərifə xanımı
anası da, görkəmli dövlət adamı və həkim
olan atası da çox istəyirdi. Xalqın tarixində iz
qoymuş bu ailə sovet dövrü Azərbaycan
elitasının seçmə və tipik nümunəsi idi.
Yüzlərlə bolşevik xadimləri kimi onların da yolu
kənddən - Naxçıvanın Şaxtaxtlı kəndindən
çıxmışdı. Zərifənin atası öz həkimlik
fəaliyyətinə burada başlamış, ilk
övladı da burada doğulmuşdu. Əziz Əliyevin
İrəvan yaxınlığındakı kənddən
başlayan həyatı demək olar ki, təkərlər
üzərində keçmişdi. 1918-ci ilin Azərbaycanlılara
qarşı soyqırımı bu ailədən də yan
ötmədi: onları didərgin salıb Naxçıvana,
oradan isə Bakıya gətirdi. 1923-cü ilin yayında
Bakıya gələn Əziz Əliyev rus dilində
çıx savadlı bir gənc kimi, tanışların
köməyi sayəsində dövlət işinə girir və
onun fasiləsiz yüksəlişi başlanır.
Bu
yüksəlişin təməlində qızıl medalla
bitirilmiş İrəvan gimnaziyasının təhsili dururdu.
Təhsilə, elmə, müasirliyə maraq onun
övladlarının da həyat yolunu təyin etdi. Kökləri
bəy nəslindən olan Leyla xanım uşaqlarının təhsil
və tərbiyəsi ilə özü məşğul
olurdu. Əri isə Mədəni İnqilabın yorulmaz əsgərlərindən
biri idi. Ali təhsil almaq üçün ona böyük
maarifçi və xeyriyyəçi Hacı Zeynalabdin
Tağıyev maddi yardım etmişdi və bunun sayəsində
o, Peterburq Hərbi Tibb akademiyasına daxil ola bilmişdi.
20-30-cu illərdə Əziz Əliyev Azərbaycan maarifinə
öz övladlıq borcunu qaytardı, maarif və səhiyyənin
təşkilində var qüvvəsi ilə
çalışdı. Ömrünün sonunda yenə səhiyyəyə
qayıtdı, bütün təcrübəsini gənc
kadrların yetişdirilməsinə həsr etdi.
- Sizcə, ailə faktoru və
aldığı təhsil Zərifə xanım
Əliyevanın şəxsiyyət kimi formalaşmasında nə
kimi rol oynadı?
-
1920-30-cu illərdə Azərbaycanda həkimlər
çatışmırdı, ona görə xalq arasında həkimlərin
böyük nüfuzu var idi. Yeni avropa tipli səhiyyə Azərbaycanda
kütləvi epidemiyalara qarşı mübarizə edir, klinik
müalicənin əsası qoyulur, uşaq
ölümünün qarşısını almaq
üçün böyük işlər görürdü.
Əziz Əliyev sonra bir sıra siyasi postlarda işləsə
də, onun ailəsində tibb elminin nüfuzu yüksək
olaraq qaldı. Balaca Zərifə də otuzuncu illərdə
orta məktəbdə oxuduğu vaxtlarda həkim olmaq,
xalqına xidmət etmək haqqında düşünürdü.
Bütün rəhbər partiya işçilərinin
uşaqları kimi Zərifə də rus dilində oxumalı
oldu.
Lakin ailədə
ana dilində danışmaq və düşünmək ənənəsi
möhkəm idi. Zərifənin anası Leyla xanım ana
dilinin canlı daşıyıcısı idi. O biri tərəfdən
ailə qaçqınlıq aqibətini
yaşamışdı. Kənd kökləri, İrəvan
dövrü ilə bağlı qohumlar və tanışalar
daim-bir birini axtarıb arayır, görüşür, imkan
olduqca kənddəki əqrəbaları ilə əlaqələri
saxlamağa çalışırdılar. Uşaqlıqda Zərifənin
böyüdüyü ocaq nadir hallarda qonaqsız olurdu. Hamısının
problemləri, xahişləri, umduqları yardımların
sayı hesabi yox idi. O zaman insanlar bununla fəxr edir, qohum və
tanışlara yardımlarını əsirgəmirdilər.
Bu xeyirxahlıq dərsini Zərifə də anasından
alır, onun sadə, lakin xeyirxah əməllərindən dərs
alırdı.
O zamanlar
təhsilin, məktəbin, müəllimin nüfuzu müqayisəyə
gəlməz dərəcədə yüksək idi. Ona
görə yaxşı oxumaq, savada can atmaq gənc
yaşlarından insanların sosial statusunu, şəxsi
nüfuzunu müəyyən edirdi. O zaman bahalı geyim və
ya maşınla fərqlənmək imkanı yox idi.
Qürurlu və çalışqan bir qız olan Zərifə
də atasının nüfuzundan istifadə etmək istəmirdi,
səylə oxuyur, kitabı əlindən qoymurdu. Paralel olaraq
fortepiano üzrə musiqi dərslərinə gedirdi. Onun zəhmətləri
hədər getmədi: uğurla Tibb İnstitutuna daxil oldu və
müharibənin ağır illərində təhsilini
başa vura bildi.
Bu illər
Zərifənin ailəsi üçün çətin
dövr idi. Atası 1941-1942-ci illərdə Azərbaycan KP MK
Katibi, sonra isə altı il Dağıstan Respublikası
MK-sının birinci katibi işləmişdi. Bu müharibənin
ən ağır illəri idi. Onu ən çətin sahələrə
yollayırdılar. Bir müddət İranda da səlahiyyətli
partiya işçisi kimi çalışmışdı.
Bütün bunlar ailədə də gərginlik və
nigaranlıq yaradır, Zərifə də atasına görə
anası ilə birgə həyəcan keçirirdi. Belə gərgin
vaxtlarda onun dayağı anası Leyla xanımın səbri,
iradəsi, dözümü, dərslərlə
başını qatmaq, gələcəklə yaşamaq
nikbinliyi idi.
Pis
günün ömrü az olar deyiblər. Müharibə
qurtaranda Zərifəgilin ailəsində də bayram oldu,
atası da arada əsgər şinelini, zabit geyimini əynindən
çıxardı. İstirahət günləri evdə
görünməyə başladı. 1947-ci ilə Zərifə
xanım nəhayət ki, Tibb İnstitutunu bitirmək barədə
diplomunu aldı. Hələ tələbəlik illərində
görkəmli həkim, institutun müəllimi Umnisə Musabəyova
onun çalışqanlığını görüb
göz xəstəlikləri üzrə
ixtisaslaşmağı məsləhət bilmişdi. Həyat
göstərdi, ki. müdrik müəllimə
yanılmamışdı. Zərifə xanım ömrü
boyu öz elmi seçiminə sadiq oldu və nadir əsərləri
ilə oftalmologiya elmini zənginləşdirdi.
- Zərifə xanım
Əliyevanın elmi fəaliyyət istiqamətində
atdığı addımlar haqqında nə deyə bilərsiniz?
- 1947-ci
ilin payızından Zərifə Əliyeva gənc mütəxəssis
kimi iki il Moskvada çalışdı və biliklərini
artırdı. Onun ezam olunduğu Qolmqolts adına Elmi-Tədqiqat
Göz Xəstəlikləri İnstitutu bu sahədə
SSRİ-nin aparıcı elmi müəssisəsi idi, orada
ölkənin ən hüfuzlu göz həkimləri
çalışırdılar. Gələcək elmi fəaliyyət
üçün buradakı elmi mühit ən münasib yer
idi. Elmi diskussiya və seminarlarda, şuralarda, müdafiə məclislərində
iştirak etdi. Moskva qəribə mühit idi: burada hər
alimin öz fikri və öz yolu vardı, heç bir elmi
avtoritet bütləşdirilmirdi. Hamı tənqid
üçün acıq idi. Burada Zərifə xanımın
gəldiyi əsas nəticə belə oldu: elmdə öz
yolunu tapmaq, öz axtarış cığırına
düşmək əsas məsələdir. Bunsuz orta həkim
olarsan, amma həqiqi alim olmaq mümkün deyildir.
Moskva
mühiti mənəvi cəhətdən də gənc həkim
qızın inkişafına təkan verdi. İyirmi dörd
yaşlı azərbaycanlı qızı, daim anasına
sığınıb yaşayan Zərifə institutun
yataqxanasında müstəqil yaşamağa başladı. Bu
romantik bir dövr olan dolu tələbəlik həyatının
davamı idi. Ətrafda davadan qalma qəhətlik və
kasıblıq hökm sürsə də, o zamankı tələbə
gənclik əksərən müharibə səngərlərindən
universitetlərə gəlmiş nəsil idi. Böyük
qanlar və qurbanlar hesabına faşizmi əzmiş bu nəsil
gələcəyə, çətinliklərin aradan gedəcəyinə,
insanların müharibəsiz dünyada xoşbəxt
olacağına necə inanırdılarsa, Zərifə də
bu gələcəyə elə inanırdı.
1949-cu ildə
göz xəstəlikləri üzrə dərin elmi biliklərlə
Bakıya qayıdan Zərifə Əliyeva Elmi-Tədqiqat
Göz Xəstəlikləri İnstitutunda elmi işçi
kimi çalışmağa başladı və həmin ildə
də aspiranturaya daxil oldu. Onun elmi marağını da həyat
özü diktə etmişdi. Müharibədən sonra Azərbaycanda
traxoma adlı göz xəstəliyi geniş
yayılmışdı. Müalicəsiz bu xəstəlik
insanları dünya işığına həsrət də
qoya bilirdi. Dövlət səviyyəsində Zərifə
xanımın çalışdığı bu instituta
traxoma epidemiyası əleyhinə preparat və antibiotiklər
hazırlamaq tapşırılmışdı. Gənc alim
çalışdığı institutun bu yöndəki
araşdırmalarında yaxından iştirak edirdi.
Lakin o,
bununla kifayətlənmirdi. Nüfuzlu alim və həkim həmkarlarının
xatirələrindən öyrənirik ki, Zərifə
Əliyeva Azərbaycanın rayonlarında traxoma
epidemiyalarının mərkəzi olan kənd və qəsəbələrə
yollanan elmi ekspedisiyaların könüllü
iştirakçısı olmuşdur. Bir necə cavan qadın
həmkarı ilə birgə o, ağır xəstələri
müalicə edir, elmi mühazirələr oxuyur, insanlarla
ünsiyyətə girib ev-ev izahat işləri
aparırdı. Məhz Zərifə xanımın daxil
olduğu ekspedisiyanın üzvlərinin fədakarlığı,
zəhməti sayəsində qısa bir vaxtda traxoma
epidemiyaları lokallaşdırıldı, problemin kəskinliyi
aradan götürüldü.
Gənc həkimin
fədakarlığına tərəddüdlə baxanlara o məhəl
qoymurdu. Çünki traxoma kimi bəlaya qarşı
mübarizəni öz həkim borcu sayırdı. Sözü
gedən ekspedisiyalarda qazanılan elmi müşahidələr,
müalicə üsulları onun karına gəldi:
bütün bu materialları diqqətlə ümumiləşdirdi
və onların əsasında namizədlik
dissertasiyasını tamamladı. 1959-cu ildə bu
dissertasiyanı uğurla müdafiə edib tibb elmləri namizədi
elmi dərəcəsi aldı.
- Nurlana xanım, Zərifə
xanım Əliyevanı ailə başçısı kimi necə
xarakterizə edərdiniz?
- Zərifə
xanım, bir azərbaycanlı qızı kimi, elmdə nə
qədər realist idisə, həyatda da bir o qədər
romantik idi. İllər sürətlə gedir, o isə öz
romantik qəhrəmanını gözləyirdi. O gözəl
piano çalır, tələbə məclislərində Azərbaycan
və rus dillərində məlahətli səslə oxuyurdu.
O görkəmli sənət və söz adamlarının əhatəsində
böyümüşdü. Əziz Əliyevin Zevin
küçəsindəki evi Azərbaycan
ziyalılarının toplaşdığı bir yer idi:
Üzeyir Hacıbəyov, Müslim Maqomayev, Səməd
Vurğun, Qara Qarayev, Bülbül, Niyazi və başqaları
burada tez-tez olurdular. Zərifə xanım hələ qız
vaxtından şəhərin üzdə olan gözəllərindən
biri idi. Heydər Əliyevin böyük qardaşı Həsən
Əliyevin də Zərifənin atası ilə yaxşı
ailə münasibətləri vardı.
Tale Zərifənin
üzünə güldü: arabir müxtəlif münasibətlərlə
onlara gələn Heydər evin böyük qızına meyl
saldı. Zərifə bunu hiss etməyə bilməzdi.
1951-cü ildə Heydər Əliyev Dövlət Təhlükəsizliyi
orqanlarında çalışan göy mənalı gözləri
olan, ucaboylu, həmişə hərbi formalı zabit idi. Bu
zabit həm Azərbaycan, həm də rus dilində gözəl
danışırdı. Tezliklə bu zabit qızın qəlbinə
hakim oldu. Görüşməyə başladılar. Allah bu
insanı Zərifə xanıma bütün ideallarını
gerçəkləşdirmək üçün
yollamışdı, öz lütfü kimi
yollamışdı. Bu , bəxt ulduzu idi.
Lakin hələ
Stalin sağ, Mir Cəfər Bağırov isə öz
taxtında idi. Gənclərin romantik münasibətləri
sınaqlardan keçməli oldu. Təhlükəsizlik xidməti
zabitinin şəxsi həyatı da dövlət nəzarətində
idi. Ona görə operativ işçinin respublikada
hamının tanıdığı Əziz Əliyevin
qızı ilə münasibətləri artıq yuxarılara
məlum idi. Elə bu vaxtlarda da Əziz Əliyevin başı
üzərində qara buludlar dolaşırdı....
Hər
şey 1949-cu ilin əvvəllərində Əziz Əliyevin
Moskvaya MK-ya rəhbər işə aparılmağından
başladı. Bu yüksəliş Mir Cəfər
Bağırovda bu təyinat qorxu və dərin
qısqanclıq yaratdı. O, Moskvaya dalbadal məktublar
yazıb Əziz Əliyevi baş nazirin müavini vəzifəsinə
gətirməyə nail oldu. Lakin vəzifəyə təyin
olunan kimi DTK-da ona qarşı iş açdırdı: onu
“millətçi”likdə və sosial mənşəyini gizlətməkdə
ittiham etdilər və tezliklə partiya töhməti verib ən
kiçik bir vəzifəyə keçirdilər. Onun ailəsini
Qazaxıstana köçürmək planları ortaya gəldi...
Mərkəzi
aparatda çalışan Heydər Əliyevin şübhəsiz,
bunlardan xəbəri vardı. Bu çətin günlər
barədə Əziz Əliyevin 1997-ci ildə qeyd olunan 100
illik yubileyində Ulu öndər Heydər Əliyev şəxsən
özü danışdı. 1952-ci ildə o zaman Dövlət
Təhlükəsizliyi naziri olan Yemelyanov onu iki dəfə
kabinetinə çağırdı. Onun tələbi qısa
idi: yuxarıların gözündən düşmüş
Əziz Əliyevin evinə gedib-gəlmək, onun qızı
ilə görüşmək məsul işdə
çalışan zabit üçün arzuolunmazdır. Ona
açıq deyildi ki, vəzifəsini və işini itirə
bilər. Gənc zabit çətin vəziyyətdə
qalmışdı. Amma o, asan təslim olan adamlardan deyildi. O, Zərifəni
sevirdi və ondan ayrılmağı təsəvvürünə
də gətirmirdi. Bu mülahizələri o, açıq
şəkildə nazir Yemelyanova demişdi. O, eyham vurmuşdu
ki, Mir Cəfərin tapşırığını icra edir,
qəti qərar qəbul etmək cavan zabitin öz işidir.
Gənc
Heydərin Zərifə ilə münasibətləri də, məsul
işdə xidməti də davam etdi. Amma tarix də
cavanların məhəbbətinə “əl tutdu”. Nazirlə
Heydərin söhbətindən yarım il sonra İosif Stalin
öldü. Bu, Mir Cəfər Bağırovun hakimiyyətinə
də öldürücü zərbə idi. Bütün
ölkə, o cümlədən, Heydər Əliyev və gələcək
qayınatası da rahat nəfəs aldılar. Bir qədər
sonra Əziz Əliyev layiq olduğu vəzifəyə
qaytarıldı...
Gənclərin
ailə qurması üçün sonuncu mənzil maneəsi də
aradan qalxdı və 1954-cü ilin noyabrında Heydərlə
Zərifənin toyu oldu. Bu yığcam, rəsmi tələblərə
uyqun musiqisiz bir məclis idi. Gənclər nikah mərasimindən
sonra evə gəlib stol arxasında oturdular. Məclisdə
Əziz Əliyev, Həsən Əliyev, akademik Murtuza
Nağıyev, bəylə gəlinin anaları və yaxın
qohumları iştirak edirdilər.
Qarşılıqlı
məhəbbət üzərində qurulan ailə xoşbəxt
idi. Gənc zabit olan Heydər Əliyev həyat
yoldaşının simasında özünə həqiqi bir
dayaq tapdı. Təhlükəsizlik orqanlarında iş
mürəkkəb idi və çoxlu vaxt tələb edirdi.
Heydər də öz içini sevir və çalışmaqdan
yorulmurdu. O bilirdi ki, ürəyindəki böyük
planları icra etmək üçün zəhmətdən
yaxşı heç nə yoxdur. Zərifə Əliyeva
öz elmi işini davam etdirsə də, həqiqi bir azərbaycanlı
qadını kimi ailəni və onun qayğılarını
birinci sayırdı. Başa düşürdü ki, qadın
kimi Heydərin köməyə ehtiyacı yoxdur, əsas məsələ
ona mane olmamaq, dövlət işləri ilə layiqincə məşğul
olmaq üçün şərait yaratmaqdır. Ümumiyyətlə,
məişət xırdalıqlarından yüksək olmaq,
uzaqgörənlik və cəbr onun xasiyyətinin əsas cəhətləri
idi. Zərifə fitri , sağlam düşüncəsi olan
bir qadın kimi ərinə nədəsə məsləhətlər
də verə bilərdi. Lakin o, belə təşəbbüslərdən
uzaq idi, bütün diqqətini ailədə ilıq və
rahat şəraitin yaradılmasına yönəltmişdi.
- Bu ailə mənəvi cəhətdən
özündə əsl azərbaycanlı dəyərlərini
birləşdirirdi. Bu dəyərlər hər bir ailə
üçün örnəkdir. Bu barədə nə deyə
bilərsiniz?
-
Atasının taleyindən bilirdi ki, dövlət
adamlarının əsas dayağı ailədəki
sabitlikdir. Dövlət işində tez-tez fırtınalar
qopurdu. Bunlara tab gətirmək üçün məhəbbət
və qarşılıqlı anlaşma əsasında
qurulmuş ailə onun ailə əsas dayağı idi. 1955-ci
ildə onların ilk övladları Sevil dünyaya gələndə
gənc ailənin fərəhinin həddi-hüdudu yox idi. Evdə
səslənən uşaq səsi onların da yuvasını
yeni ümid və xoşbəxt planlarla doldurdu. 1961-ci ilin
dekabrında onların ikinci övladları İlham dünyaya
gəldi. Zərifə xanım elmi fəaliyyətini davam
etdirsə də, övladlarının qayğıları və
tərbiyəsi ilə özü məşğul olurdu. O,
böyük zövq alır, onların həyatdakı
kiçik addımlarından belə fərəhlənirdi.
Zərifə
xanım oğlu İlhama xüsusilə bağlı idi. Onun
sağlamlığı, gözəl və nikbin siması ilə
nəfəs alırdı. Bu, həm də azərbaycanlı
mentalitetində kök salmış bir ənənə ilə
bağlı idi. Oğlan uşaqları ocağın
dayağı və varisi sayılır. Zərifə xanım
bu ümidlərində, bu məhəbbətində necə də
haqlı idi. Elmi və ictimai işlərlə ciddi məşğul
olsa da, İlhamın böyüməsi və təhsili ilə
bağlı hər bir xırdalıqda, hər bir hadisədə
şəxsən iştirak edir, övladına məhəbbət
və qayğı payını bəs qədər verməyə
çalışırdı. İlhamın yeddi yaşı
olanda Heydər Əliyev respublikanın birinci şəxsi
seçildi. Bu , Zərifə üçün, ailə
üçün sevinc və təntənə idi. Amma
uşaqların tərbiyəsi baxımından problemlər
yaradırdı. Ana kimi başa düşürdü ki,
övladlarını heç bir güzəşt və
üzgörənlik olmadan tərbiyə etmək və onlara ən
müasir təhsil vermək lazımdır. Ətrafda bunu
anlamayanlar da vardı. Birinci növbədə zəhməti, məktəbi,
təhsili sevməyi öyrətmək, sadəliyi və
xeyirxahlığı tərbiyə etmək lazım idi. Bu ana
borcu idi və böyük cəbr və zəhmət,qətiyyət
və məhəbbət tələb edirdi. Bunların
hamısı onda var idi...
Respublikanın
birinci şəxsinin arvadı olmaq da məsuliyyətli idi, Zərifə
xanımın üzərinə ictimai vəzifələr
qoyurdu. Lakin bu problemdə də Zərifə xanım
davamlı bir mövqe tutdu və Ulu öndər Heydər
Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
birinci katib seçilməzdən əvvəlki həyat
prinsiplərini dəyişməz olaraq saxladı: ailənin
sabitliyini qorumaq, uşaqların problemlərinin atanı narahat
etməməsinə çalışmaq. O,buna ustalıqla nail
olurdu, cəmiyyətdə, dövlət tədbirlərində
diqqəti cəlb etməməyə, sadə həyat tərzini
davam etdirməyə çalışırdı. O yenə
öz doğma Göz Xəstəlikləri İnstitutunda
çalışırdı. İş yoldaşları ərinin
statusunun dəyişilməsi ilə bağlı onun
davranışında heç bir dəyişiklik hiss etmirdilər.
Əksinə, Zərifə xanım kollektivdə daha
qayğıkeş olmuşdu, iş yoldaşlarının məişət
problemlərinin həlli üçün müxtəlif
orqanlara müraciətlər göndərir və insanlara
kömək etməkdən zövq alırdı.
Göz Xəstəlikləri İnstitutu onun üçün doğma bir yer olmuşdu. 1976-cı ildə oftalmologiyada hadisəyə çevrilən doktorluq dissertasiyası müdafiə etdi. Bir müddət sonra kafedra müdiri oldu. Ailədə və cəmiyyətdə apardığı işlərin ağırlığına baxmayaraq o, 140 elmi məqalə, bir necə monoqrafiya və kitab dərc etdirdi. Çoxillik elmi təcrübədən o bir qənaətə gəlmişdi: insanların xəstə gözlərinin müalicəsi çətin və ağrılı bir proses idi. Ona görə göz xəstəlikləri sahəsində profilaktika metodikalarına daha artıq əhəmiyyət verməyə başladı. Bu, uzaqgörən və müasir bir elmi nəticə idi, oftalmologiyanın gələcək inkişafını qabaqlayırdı. Onun 70-ci illərdən sonrakı bütün elmi axtarışları bu nəticə ilə bağlı oldu. Zərifə xanım göz xəstəliklərinin profilaktikası üçün öz metodikasını hazırladı və bu metodika ona oftalmologiyada şöhrət gətirdi. O, gənc vaxtlarından axtardığı öz yolunu, elmin böyük yolunu tapmışdı. Bu həm də Azərbaycan tibb elminin nailiyyəti idi. Bütün bunlar 1983-cü ildə Zərifə Əliyevanın Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi ilə elmi etirafını tapdı. Onun alim şöhrəti artıq Azərbaycanın sərhədlərini çoxdan aşmışdı.
1982-ci ildə Ulu öndər Heydər Əliyev Siyasi Büronun üzvü seçildi və Moskvada SSRİ hökuməti sədrinin birinci müavini təyin olundu. Zərifə xanım uşaqlarla birgə Moskvaya köçdü. Bu, onun gəncliyinin şəhəri idi. Moskva elitasının mərkəzində yaşamaq, Heydər Əliyevin və ailənin tanışı olan elm və sənət adamları ilə ünsiyyət necə də xoş idi. Ərinin, övladlarının taleyində və təhsilində hər şey əla idi, insanlar bu xoşbəxt qadını barmaqla göstərir ona qibtə edirdilər. Lakin təbiətin də amansız hökmləri var. Zərifə xanımda müalicə olunmayan xəstəlik tapdılar. 1985-ci ildə Zərifə Əliyeva dünyasını dəyişdi.
Bu, ağır bir itki idi. Onun sevimli İlhamının hələ
iyirmi dörd yaşı vardı. Həyatda o ən çox
övladları ilə fəxr etmək istəyirdi...Gözünün
nuru olan əziz İlhamının uzun illər təhsilinə,
tərbiyəsinə, insan və şəxsiyyət kimi
yetişməsinə ana kimi özünü həsr edən Zərifə
xanıma onun Prezident kimi andiçmə mərasimini görmək
qismət olmadı. Bu gün isə bu fərəhi
bütün Azərbaycan yaşayır.Bu, Zərifə
xanımın tərbiyəsinin təntənəsidir.
Ana məhəbbəti
itmir, xariqələr yaradır. Bu gün Zərifə
Əliyevanın övladları ilə bütün Vətən
fəxr edir. Onların fərəhində və qürurunda
özünü həsr etmiş bir anaya böyük bir millətin
məhəbbəti də var. Bu gün bu məhəbbət
çiçəklənir, pöhrələr verir və mənəviyyat
tariximizin örnəyinə çevrilir.
İki sahil.- 2015.- 28 aprel.- S.12; 15.