İNKİŞAFIN AZƏRBAYCAN STANDARTLARI

 

“Azərbaycanda xalqla iqtidar arasında birlik var, bizim bütün təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir”.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

 

Ulu öndər Heydər Əliyevin memarı olduğu müasir Azərbaycanın dünyada davam edən qlobal iqtisadi böhran şəraitində dayanıqlı inkişaf dinamikasını qoruyub saxlaması çağdaş dövlətçilik sistemimizin necə sağlam təməllər üzərində qurulduğunun əyani göstəricisidir. Bu gün hər bir ölkə vətəndaşı Ümummilli Liderin Azərbaycana rəhbərliyi vaxtında formalaşdırdığı inkişaf potensialının İlham Əliyevin Prezidentliyi zamanında reallığa çevrilməsinin canlı şahididir.

Ötən illərdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizdə demokratik tərəqqi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin formalaşması prosesi dönməz xarakter almış, dövlət müstəqilliyimiz daha da möhkəmlənmişdir.

Dünyanın maliyyə və iqtisadi həyatındakı təlatümlərin yeni mərhələyə keçdiyi bir dövrdə Azərbaycanda aparılan sistemli preventiv tədbirlər nəticəsində makroiqtisadi göstəricilər üzrə inkişaf təmin edilmişdir. Ölkəmizin iqtisadi tufanlardan kənarda qalmasını dövlət başçısı “sabit adanın” inkişafı kimi qiymətləndirir. Mövcud resurslardan səmərəli istifadə qarşıda duran hədəflərə çatmağa, bunun üçün zəruri olan maliyyə əsaslarının formalaşdırılmasına əlverişli imkanlar yaratmışdır. Böhrandan bir neçə il əvvəl vüsət alan investisiya layihələri bu gün də bir neçə istiqamətdə aparılır; elektrik enerjisi təminatı, yollar, qazlaşdırma, içməli su, meliorasiya prioritet sahələrə çevrilir. Azərbaycan Prezidenti cənab İlham Əliyev bunun səbəbini neft gəlirlərinin vaxtında vacib investisiya layihələrinə yatırılması ilə izah edir: “İndi neftin qiyməti düşəndən sonra böyük investisiya qoymaq o qədər də asan məsələ deyil. Biz hər şeyi vaxtında etməli idik və etmişik. Ona görə deyəndə ki, bu gün Azərbaycan modeli var, biz səhv etmirik. Bu model var və bu model başqa tərəflər üçün də maraq doğurur. Mən hələ enerji layihələrini qeyd etmirəm. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, “Şahdəniz”, TANAP, TAP, “Cənub” qaz dəhlizi - bu layihələr regionun, Avropanın enerji xəritəsini dəyişir. Bunların hər biri nadir tarixi layihədir.”

Dünya miqyasında əsas enerji mənbələrinə nəzarət uğrunda rəqabətin gücləndiyi, enerji təhlükəsizliyi məsələsinin ciddiliklə gündəmə gəldiyi indiki şəraitdə respublikamızın bu sahədə öncül mövqelərə çıxması faktı danılmaz reallıq kimi diqqəti çəkir.

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında bəyan etmişdi ki, enerji təhlükəsizliyi məsələsini milli təhlükəsizlik məsələsindən ayrı müzakirə etmək olmaz. Enerji siyasəti ilə bağlı məsələlər milli maraqlarla sıx bağlıdır. Ölkəmizin regionda enerji təhlükəsizliyinin təminatında mühüm rol oynadığını deyən dövlət başçısı diqqətə çatdırdı ki, “Cənub” qaz dəhlizi ilə bağlı sazişin imzalanmasından sonra biz Avropa üçün əhəmiyyətli bir tərəfdaşa çevrilirik, artıq enerji təchizatı marşrutlarını şaxələndirməyə nail olmuşuq. Belə ki, “Cənub” qaz dəhlizi vasitəsi ilə TANAP və TAP layihələri çərçivəsində 2018-ci ildə Türkiyəyə 6 milyard, 2019-cu ildə isə Avropaya 10 milyard kubmetr qaz nəql ediləcək. 2025-ci ilədək Azərbaycan qaz ixracatını 40-50 milyard kubmetrə çatdıracaq.

Zamanında həyata keçirilən islahatlar, şaxələndirmə siyasəti Azərbaycan iqtisadiyyatının dayanıqlılığını təmin etmişdir. “Əsrin müqaviləsi” və digər qlobal iqtisadi layihələr çərçivəsində ölkəmizə gələn neft gəlirləri gələcək inkişaf baxımından önəmli sayılan sahələrə, o cümlədən iqtisadiyyatın diversifikasiya edilməsinə, ağırlıq mərkəzinin tədricən qeyri-neft sektoruna istiqamətləndirilməsinə yönəldilir ki, bütün bunlar da son nəticədə respublikanın dinamik sosial-iqtisadi inkişafında öz əksini tapır.

Ümummilli Liderin yolunu inamla davam etdirən Prezident İlham Əliyevin idarəçilik fəlsəfəsində dünyanın mütərəqqi inkişaf meyillərinin cəmiyyətdə tətbiqi və etimad mühitinin formalaşdırılması önəmli yer tutur.

Ölkədə əldə olunan nailiyyətlərin əsasında müasir çağırışlara cavab verən islahatların həyata keçirilməsi, cənab İlham Əliyevin gələcəyə hesablanmış, milli maraqlara xidmət edən məqsədyönlü və praqmatik siyasəti dayanır. Bu siyasətin nəticəsi olaraq Azərbaycan iqtisadi kataklizmlərlə müşayiət edilən proseslərə, o cümlədən qloballaşmanın müəyyən mənfi təsirlərinə baxmayaraq, iqtisadi, sosial və digər sahələrdə uğurlar qazanaraq regionun liderinə, beynəlxalq aləmdə mövqeyini, imicini ildən-ilə möhkəmləndirən dövlətə çevrilib. Heç də təsadüfi deyil ki, dünyanın aparıcı dövlətləri artıq Cənubi Qafqazın yüksəlişini Azərbaycandan kənarda görmür, mövqeyimizlə hesablaşırlar.

Geridə qoyduğumuz hər bir il Azərbaycanın davamlı yüksəlişi, dinamik və kompleks tərəqqisi dövrü kimi əlamətdar olur. Milli iqtisadiyyatın rəqabət qabiliyyəti ilbəil artaraq respublikanın ixrac potensialının möhkəmlənməsinə müsbət təsir edir. İqtisadiyyatda baş verən bu keyfiyyət dəyişiklikləri öz növbəsində cəmiyyət həyatının digər sahələrinə də öz müsbət təsirini göstərir.

Qlobal böhran şəraitində daxili istehsalın təşviq edilməsi, sahibkarlara güzəştli şərtlərlə kreditlərin verilməsi, özəl sektorun maraqlarının müdafiəsi respublikanın neft amilindən asılılığını əhəmiyyətli dərəcədə azaltmışdır. Prezident İlham Əliyev iqtisadiyyatın çoxqütblülüyünün təmin edilməsini və bu sahədə məqsədli şəkildə diversifikasiya siyasətinin həyata keçirilməsini dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi xarakterizə edir: “Qeyri-neft sektorunun inkişafı bizim üçün həmişə prioritet olub. Bunun nəticəsidir ki, bu gün ölkə iqtisadiyyatı dünyada çoxşaxəli iqtisadiyyat kimi tanınır”.

Ölkəmizdə qeyri-neft sektorunun üstün inkişafının təmin olunmasında sənaye quruculuğu sahəsində qazanılan nəticələr təqdirəlayiqdir. 2014-cü il - “Sənaye ili” çərçivəsində respublikamızda 230-dan çox sənaye müəssisəsi yaradılıb. 123 min yeni iş yeri açılmışdır ki, onlardan da təxminən 100 mini daimi iş yeridir.

Ölkə Prezidenti qeyd edir ki, qeyri-neft sektorunda qazanılan iqtisadi uğurlar Azərbaycan iqtisadiyyatının neftdən asılı olması ilə bağlı qərəzli iddiaları alt-üst edir. Təkcə 2014-cü ildə Bakı şəhərində “Norm” sement zavodu, Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni Aerovağzal Kompleksi, Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” Su Elektrik Stansiyası, Qəbələdə “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsi, “Qafqaz Yengicə Terminal Hotel və SPA” otel kompleksi tikilib istifadəyə verilmişdir.

İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, iqtisadiyyatın sabit tempini qorumaq üçün regional inkişafda tarazlılığın, tarixi məşğulluq ənənələrinin qorunub saxlanılması çox önəmlidir. 2004-cü ildən bəri regionların sosial-iqtisadi inkişafına dair Prezident İlham Əliyevin müəllifi olduğu iki Dövlət Proqramının uğurlu icrası sayəsində regionlar artıq iqtisadi güc amilinə çevrilib. Bu sahədə görülən işlər bölgələrdə sahibkarlığın inkişafını təmin etmiş, yerli əmək ehtiyatlarından, təbii iqtisadi resurslardan səmərəli istifadəyə imkan vermiş, infrastrukturun müasirləşdirilməsinə, əhalinin məşğulluğunun artırılmasına, yoxsulluğun səviyyəsinin azaldılmasına etibarlı zəmin yaratmışdır.

Bu gün yüksək səviyyəli inkişaf hər bir bölgədə, hər bir rayonda nəzərə çarpmaqdadır. Bütün rayonlarda abadlıq, quruculuq, sosial layihələrin icrası prosesi gedir. Bölgələrdə yaradılan yeni sənaye müəssisələri ölkəmizin uzunmüddətli inkişaf strategiyasını müəyyən edən əsas məqamlardandır. Bu siyasətin uğurla həyata keçirilməsi nəinki regionların, eləcə də ümumilikdə ölkənin inkişafında bir dönüş nöqtəsi olmuşdur. Azərbaycanın istənilən bölgəsində yaşayan vətəndaşlar bu strategiyanın nəticələrini öz gündəlik həyatlarında hiss edirlər.

Regionların inkişafı ilə bağlı 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramında müəyyən edilmiş məqsədlərə nail olmaq üçün növbəti illərdə qeyri-neft sektorunun, sahibkarlığın sürətli inkişafının təmin edilməsi, ixracyönümlü məhsul istehsalının stimullaşdırılması, müasir tipli infrastruktur obyektlərinin yaradılması, mövcud obyektlərin beynəlxalq standartlara uyğunlaşdırılması, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması, məşğulluq səviyyəsinin artırılması istiqamətində tədbirlərin davam etdirilməsi və digər zəruri işlərin görülməsi nəzərdə tutulur.

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi ölkənin milli inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurlu davamının nəticələri həqiqətən heyrətamizdir. Belə ki, ölkəmizdə 2004-cü ildən bu günə qədər ümumi daxili məhsul 3,4 dəfə artmışdır. Bu, dünya miqyasında rekord göstəricidir. Sənaye istehsalı 2,7 dəfə yüksəlmişdir. On bir il ərzində ölkə iqtisadiyyatına 180 milyard dollar investisiya qoyulmuşdur. Əgər 2004-cü ildə valyuta ehtiyatlarımız 1,8 milyard dollar idisə, bu gün 50 milyard dollardan çoxdur. Sevindirici haldır ki, dünyanın nüfuzlu iqtisadi və maliyə forumlarında Azərbaycanın inkişaf modeli yüksək qiymətləndirilir. Artıq “inkişafın Azərbaycan standartları” ifadəsi nüfuzlu ekspertlər tərəfindən iqtisadi göstərici kimi qəbul olunur.

Prezident İlham Əliyev ixrac sahəsində Azərbaycanın gələcək hədəflərini də elan edib. Bu, xarici bazarlara xammal yox, hazır məhsul çıxarılmasına nail olmaqdan ibarətdir: “Bizim ümumi daxili məhsulumuzda neft amili artıq üstünlük təşkil etmir. Amma ixrac potensialımızın əksəriyyəti təbii resurslarımızdır. Biz hazır məhsullarla xarici bazarlara çıxmalıyıq, indi çıxırıq və çıxacağıq”.

Dövlət başçısı İlham Əliyevin müəyyənləşdirdiyi xəttə uyğun yeni investisiya proqramları hazırlanarkən ixrac qabiliyyətli müəssisələrin yaradılması diqqət mərkəzində saxlanılır. Məqsədyönlü investisiya layihələri çərçivəsində yeni yaradılan müəssisələr hesabına 11 il ərzində ölkənin qeyri-neft ixracı 4,7 dəfə, o cümlədən emal məhsullarının ixracı 2,5 dəfə, ixrac olunan qeyri-neft məhsullarının çeşidi 1,7 dəfə, ixrac ölkələrinin sayı isə 20 vahid artıb. Hazırda Azərbaycan dünyanın təxminən 105 ölkəsinə 25 adda qeyri-neft məhsulu ixrac edir.

Heç də təsadüfi deyil ki, respublikamızda sərmayə qoyuluşunda prioritet istiqamətlər kimi ağır sənaye, alternativ enerji, informasiya-kommunikasiya texnologiyaları, qida-emal sənayesi, logistika və daşıma, turizm kimi sahələr əsas götürülür. Məqsədyönlü investisiya siyasəti sayəsində ölkənin sənaye xəritəsinə yeni müəssisələr əlavə olunub, respublikanın ixrac potensialı artıb. Ölkəmiz artıq ikinci kosmik peykə sahib olub. Bu, Azərbaycanda yüksək texnologiyalara artan marağın bariz nümunəsidir. Təkcə 2014-cü ildə Azərbaycanda müxtəlif sahələrə yönəldilən investisiyaların böyük əksəriyyətini - təxminən 16 milyard dollarını daxili sərmayələr təşkil edib.

Ölkədə istehsalın artmasına və yeni ixrac imkanlarının yaranmasına aqrar sektorun inkişafı da güclü təsir göstərir. Təsadüfi deyil ki, 2015-ci il ölkədə “Kənd təsərrüfatı ili” elan olunmuşdur.

Bütün sahələrdə olduğu kimi, ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli məqsədilə ölkədə ardıcıl ekoloji siyasət yürüdülür. Dövlət başçısı tərəfindən 2010-cu ilin “Ekologiya ili” elan edilməsi məhz təməli Ulu Öndər tərəfindən qoyulmuş ölkənin ekoloji siyasətinin məntiqi davamı idi.

Ötən illər ərzində Azərbaycanda ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi sahəsində əsaslı işlər görülmüş, təbii ehtiyatların, o cümlədən faydalı qazıntıların, su, torpaq, hava kimi əvəzsiz sərvətlərin, meşələrin və biomüxtəlifliyin qorunması sahəsində mühüm tədbirlər həyata keçirilmişdir. Hazırda ölkədə 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

Gərgin ekoloji vəziyyətdə olan bölgələrin, əsasən də Bakı şəhəri və Abşeron yarımadasının ətraf mühitinin sağlamlaşdırılması üzrə lazımi işlər görülmüşdür. Belə ki, Bakı buxtasının, Bibiheybət zonasının, Heydər Əliyev Beynəlxalq Aeroportunun ətrafının, Abşeron yarımadasındakı göllərin, neftlə, istehsal tullantıları ilə çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması kimi problemlər öz müsbət həllini tapmışdır.

Təqdirəlayiq haldır ki, hökumət sosial sahəni həmişə diqqət mərkəzində saxlayır. Bu sahədə aparılan islahatların təməlində güclü iqtisadiyyat dayanır. Azərbaycanda sosial infrastruktur layihələri son on bir ildə uğurla icra edilib. 2900 məktəb binası, 560 tibb ocağı tikilib və ya təmir edilib.

Son 11 il ərzində hökumət tərəfindən sosial cəhətdən ən ağır vəziyyətdə olan soydaşlarımız - məcburi köçkünlər üçün yaşayış binaları, qəsəbələr yaradılıb. Hazırda 210 min köçkün yeni, gözəl evlərə, mənzillərə köçürülüb. 2014-cü ildə 4450 ailənin və ya 22 min məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

Bu gün qürurla deyə bilərik ki, 2007-ci ildən bugünədək dünyanı iflic edən böhranların burulğanlarına baxmayaraq, ölkəmizin III minilliyin əvvəlindəki tərəqqisi müasir dünyanın iqtisadi tarixinə “Azərbaycan möcüzəsi” kimi həkk olunub. Beynəlxalq iqtisadi qurumlar öz hesabatlarında Azərbaycan iqtisadiyyatının dinamik inkişaf tempini növbəti illərdə də qoruyub saxlayacağını bəyan edirlər. Dünya İqtisadi Forumunun hesabatları da ölkəmizdəki biznes və iqtisadi mühitin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Forumun son hesabatına əsasən, Azərbaycan rəqabətlilik reytinqinə görə dünyanın 144 dövləti arasında 38-ci yerdədir. Bu göstərici ilə Azərbaycan artıq 6-cı ildir ki, MDB ölkələri arasında liderdir.

Ayrı-ayrı nüfuzlu beynəlxalq iqtisadi qurumların Azərbaycanla bağlı rəylərini Dünya Bankının “Doing Business 2015” hesabatı da təsdiq edir. Bu hesabata əsasən, Azərbaycan ən çox islahat həyata keçirən ilk 10 ölkə sırasındadır. Bu cür hesabatlar Azərbaycanın inkişafının beynəlxalq aləmdə yaxından izlənildiyini və təqdir olunduğunu təsdiq edir.

Azərbaycanın bugünkü intibahına, çiçəklənməsinə qısqanclıqla yanaşanlar da az deyil. Artıq ölkəmiz iqtisadi və siyasi cəhətdən heç kimdən asılı deyil. Azərbaycanın bu uğurundan narahat olan qüvvələr öz məkrli niyyətlərini həyata keçirmək üçün müxtəlif vasitələrə əl atır, ölkənin imicinə zərbə vurmaq, onu öz iradəsinə tabe etmək üçün çirkin kampaniyalara start verirlər. Prezident İlham Əliyev Azərbaycanın müstəqil siyasət yürütdüyünü bəyan edərək deyir: “Heç kim bizimlə diktat dili ilə danışa bilməz. Bəziləri bunu istəyir, ancaq alınmır və alınmayacaq. Biz öz sözümüzü təmkinlə, çox soyuqqanlı deyirik və heç kimin qabağında başıaşağı deyilik, ölkəmizi ləyaqətlə idarə edirik”.

Prezident İlham Əliyevin böyük uzaqgörənliklə yürütdüyü xarici siyasət strategiyası üzləşdiyimiz problemlərin milli maraqlara uyğun həll olunacağına əminlik yaradır. Hələ 2011-ci ildə, erməni lobbisinin məkrli informasiya siyasəti şəraitində BMT-nin 193 üzvündən 155-nin dəstəyinə nail olaraq bu təşkilatın Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi respublikamızın xarici siyasətinin uğuru idi. Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə bu qurumun fəaliyyət gündəliyini müəyyən etməklə dünyadakı hadisələrlə bağlı qərar qəbuletmə prosesinin fəal iştirakçısına çevrildi.

2014-cü il də ölkəmiz üçün siyasi cəhətdən uğurlu oldu. Belə ki, Azərbaycan Avropa Şurası Nazirlər Kabinetinə sədrlik etdi. Təşkilatın iclasında çıxış edən Prezident İlham Əliyev dünyada və Avropada baş verən siyasi proseslərə qiymət verərək ölkəmizin aydın mövqeyini sərgilədi.

Prezidentin daim diqqət mərkəzində saxladığı ən mühüm məsələ ölkənin ərazi bütövlüyünün bərpasıdır. Azərbaycanın ən ağrılı problemi olan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ölkə başçısının mövqeyi qətidir. İlham Əliyev dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız ərazi bütövlüyü prinsipi əsasında, beynəlxalq hüquq normaları çərçivəsində həll edilə bilər.

Artıq erməni millətçi dairələri başa düşürlər ki, Azərbaycan siyasi, iqtisadi və hərbi cəhətdən Ermənistandan qat-qat güclüdür. Bu gün ordumuz müasir silahlarla silahlanmaya görə dünyada 7-ci, güclü ordular sırasında isə 50-ci yerdədir.

Prezident İlham Əliyevin maliyyə kapitalının insan kapitalına çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl siyasət, təhsilli gənc nəslin yetişdirilməsi ilə bağlı qəbul etdiyi qərarlar cəmiyyətdə böyük rəğbətlə qarşılanıb. Bu sahədə Heydər Əliyev Fondunun əvəzsiz fəaliyyəti, habelə ən müasir standartlar səviyyəsində yeni məktəblər, uşaq bağçaları və körpələr evlərinin tikintisi xüsusilə təqdirəlayiqdir. Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə görülən genişmiqyaslı işlər insanların rifahının yaxşılaşması üçün yeni imkanlar açır. Heç şübhəsiz, 2014-cü ildə başlayan “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı da digər layihələr kimi uğurlu olacaqdır.

Bu gün Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə yeni çalarlar gətirərək, xalqımızın sağlam gələcəyini təmin etmək məqsədilə idmanı ümumxalq hərəkatına çevirmək xətti yeridir. Bu siyasətin nəticəsi kimi təkcə regionlarda 41 Olimpiya İdman Kompleksi və 30 Gənclər Mərkəzi yaradılıb. Ölkəmizin idmanın müxtəlif sahələrində ön mövqelərə çıxması, Bakının dünya üzrə mühüm beynəlxalq yarışların keçirildiyi mərkəzə çevrilməsi Azərbaycanın şöhrətini artırmaqla yanaşı, onun beynəlxalq imicinə müsbət təsir göstərir.

Bu il I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi dövlətimiz və xalqımız üçün böyük uğurdur. Cari ilin iyun ayında Bakı şəhərində keçiriləcək bu tədbirə 49 ölkədən 20 idman növü üzrə 6 mindən çox idmançının qatılacağı gözlənilir.

Müstəqil Azərbaycan bu gün özünün coşqun tərəqqi dövrünü yaşayır. Müstəqil xarici və daxili siyasət aparılır. İqtisadi, siyasi islahatlar məqsədyönlü şəkildə davam etdirilir. Ölkədə bütün azadlıqlar təmin olunub. Demokratiyanın daha da dərinləşməsi və siyasi sistemin təkmilləşdirilməsi istiqamətində düşünülmüş addımlar atılır. Azərbaycan naminə görülən bu işlər ölkə vətəndaşları tərəfindən böyük dəstək alır.

Məhz xalqla iqtidar arasındakı birlik inkişafımızın əsas amili olmaqla yanaşı, həm də gələcəklə bağlı reallığa söykənən iddialı planlar qurmağa möhkəm zəmin yaradır. Prezident İlham Əliyev bu birliyi dünyada gedən mürəkkəb proseslər fonunda yüksək dəyərləndirərək deyir: “Azərbaycan inamla irəliyə gedir, dayanıqlı inkişaf təmin edilmişdir. Azərbaycan dünyada sabitlik adasıdır, inkişaf məkanıdır. Çünki Azərbaycanda xalqla iqtidar arasında birlik var, bizim bütün təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir. Bizim atılan bütün addımlarımız Azərbaycanın inkişafına xidmət edir.”

 

Novruz Quliyev

Azərbaycan Respublikası ekologiya və

təbii sərvətlər nazirinin müavini

 

İki sahil.- 2015.- 30 aprel.- S.26-27.