Ana dilimiz varlığımız, ruhumuz, əbədiyyət rəmzimizdir

 

1 avqust  - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür

 

Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli,  müstəqilliyimizin başlıca rəmzlərindən biridir. İfadə imkanlarının zənginliyi, səs quruluşunun səlisliyi, qrammatik strukturunun sabitliyi ilə səciyyələnən  dilimizdə  dünya ədəbiyyatı xəzinəsini zənginləşdirən misilsiz əsərlər yaradılmışdır. Ölkədə dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi  ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Milli varlığımızı təsdiqləyən  dərin köklərə malik xalqımızın tarixi  kimi  qədim olan Azərbaycan dilinin təkmilləşdirilməsini müasir türk xalqları ilə  yaxınlaşmaq, onlar arasında mənəvi, mədəni iqtisadi bağlılıq kimi dəyərləndirən, «Dil siyasətində  sərhəd məhdudiyyəti yoxdur» söyləyən  ümummilli lider Heydər Əliyev  Azərbaycan xalqının, ana dilinin mənşəyinin öyrənilməsinə, formalaşmasına,  inkişafına xüsusi diqqət və qayğı ilə yanaşıb. «Xalqları dil qədər, milli-mənəvi ənənələr, dəyərlər qədər birləşdirən  başqa vasitə yoxdur»  bildirməklə  bu istiqamətdə önəmli islahatlar aparan Ulu Öndər tarixi əhəmiyyətli  sənədlərin qəbulu ilə bu sahəyə diqqət və qayğısını artırdı. «Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir» söyləyən Ümummilli Lider bu amilə dövlətçiliyin atributlarından biri  kimi daim diqqət göstərərək vurğulayırdı ki,  hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan inkişaf etdirən onun dilidir. Xalqları dil, milli-mənəvi ənənələr, dəyərlər qədər birləşdirən  başqa vasitə yoxdur. Hər bir xalqın elə milli-mənəvi dəyərləri vardır ki,  onun qorunması, zənginləşdirilməsi, inkişaf etdirilməsi, cəmiyyətdə tutduğu mövqeyindən, peşəsindən, ixtisasından, vəzifəsindən  asılı olmayaraq hamının və hər kəsin vətəndaşlıq borcudur. Xalqın mədəniyyəti və dili də məhz bu qəbildən olan milli sərvətimizdir.

  Tarixdən də bəllidir ki, müxtəlif zamanlarda  təzyiq və təsirlərə  məruz qalan Azərbaycan dilinin əlifba islahatları dramaturq M.F.Axundzadəni və digər maarifçi  ziyalılarımızı düşündürmüş, bu istiqamətdə  müəyyən addımlar atılmışdır.

 1922-ci ildə  Azərbaycan hökumətinin qərarı əsasında Əlifba Komitəsinin  yaradılması, yeni tərkibə  Azərbaycan dili üçün latın qrafikalı əlifba tərtibinin  tapşırılması bu istiqamətdə atılmış ilk addım olsa da uzun sürmədi.  1 yanvar 1940-cı ildən latın əlifbası  kiril yazısı əsasında  tərtib edilmiş yeni qrafikalı əlifba ilə əvəz olundu. Kiril qrafikasının dilimizin səs quruluşuna uyğun gəlməməsi bir daha ziyalıları  əlifbanın təkmilləşdirilməsi yolunda mütəmadi  düşünməyə vadar etdi.

 1993-cü ildə xalqın təkidli tələbilə hakimiyyətə qayıdışı ilə bütün sahələrdə köklü islahatlar aparan, dövlətin dil siyasətinə millətin varlığını təsdiqləyən amil kimi  diqqətlə yanaşan ümummilli lider Heydər Əliyev ziyalılarla görüşü zamanı məsələ ilə əlaqədar geniş müzakirə apardı. Ümumi razılaşmaya əsasən, Azərbaycan dilinin latın qrafikalı əlifbasının tətbiqi məqsədəuyğun hesab olundu. Bu sahə üzrə nəzərdə tutulan problemlərin həlli üçün xüsusi sərəncamla Dil Komissiyası yaradıldı.  Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsi, inkişafı, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli- mədəni  özünüifadə ehtiyaclarının ödənilməsi imkanları genişləndi.

 Müstəqilliyimizin bərpasından sonra Azərbaycan dili xalqımızın ictimai-siyasi, sosial- iqtisadi və elmi-mədəni həyatında  dövlətin rəsmi dili kimi müstəsna əhəmiyyət daşıdı. «Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında» (18 iyun 2001-ci il) və « Azərbaycan  Respublikasında dövlət dili haqqında  Qanununun tətbiq edilməsi barədə» (2 yanvar 2003-cü il) fərmanların imzalanması ilə   ədəbi dilimizin fəaliyyət imkanları daha da  genişləndirilmiş, müxtəlif  üslubların potensialları təkmilləşdirilmiş, dil mədəniyyətimizin qarşısında  yeni üfüqlər açılmışdır.

 Qanuna müvafiq olaraq dövlət dilinin  təhsildə, mətbuatda, xüsusi adlarda, xidmət sahələrində, vətəndaşların şəxsiyyətini təsdiq edən rəsmi və vahid nümunəli sənədlərdə,  reklamlarda  işlənməsi qaydaları, qanun pozulmasına görə  məsuliyyət müəyyənləşdirildi.

Ümummilli lider Heydər Əliyev tərəfindən «Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında» Fərmanın imzalanması əhəmiyyəti ilə diqqəti çəkdi. Fərmanda qeyd olunduğu kimi, latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci il avqust ayında bütünlükdə təmin edildiyi və yeni əlifbadan istifadənin özünü doğrultduğu nəzərə alınaraq hər il 1 avqust tarixinin ölkədə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi  qeyd olunması zəruri hesab olundu.

  Ümummilli lider Heydər Əliyevin dil siyasətini, dilimizə diqqət və qayğısını eyni məsuliyyətlə davam etdirən Prezident İlham Əliyev «Azərbaycan dilində latın qrafikası ilə  kütləvi nəşrlərin həyata keçirilməsi haqqında» Sərəncam imzalamaqla bu istiqamətdə nəzərdə tutulan və həlli vacib  prioritetləri müəyyənləşdirdi. Sərəncama uyğun olaraq Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrinin təbliğini genişləndirmək və gələcək nəsillərə çatdırmaq məqsədilə Azərbaycan dilində əvvəllər kiril qrafikasında  çap olunmuş əsərlərin latın qrafikası ilə yenidən nəşri kütləvi şəkildə həyata keçirildi.  Yenidən çapı nəzərdə tutulan kitabların mətnlərinin elektron daşıyıcıları və internet vasitəsilə yayılması, latın qrafikasında  «Azərbaycan ədəbiyyatının virtual kitabxanası» yaradılması qarşıya məqsəd kimi qoyuldu. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki,  «Elektron hökumət», «Elektron dərslik», «Elektron kitabxana» terminləri yarandı və bu sahədə önəmli uğurlar əldə olundu. «Azərbaycan Milli Ensklopediyasının nəşri haqqında» Sərəncam imzalandı.

 Latın qrafikasına keçid  türkdilli xalqları birləşdirən amil kimi Azərbaycan diasporunun formalaşması və təkmilləşdirilməsi prosesini də sürətləndirdi. Beynəlxalq əhəmiyyətli problemlərin müzakirəsində, xüsusilə «erməni soyqırımı» kimi qondarma, çirkin  kampaniyaya qarşı mübarizədə əsas silah və vasitə olan ortaq mənafelərin üststə düşməsi  eyni dili və mədəniyyəti paylaşan Azərbaycan-Türkiyə dostluğunun ifadəsidirsə, digər tərəfdən, illərin sınağından çıxmış tariximizin obyektiv olaraq  gələcək nəslə çatdırılması baxımından daha çox əhəmiyyətlidir.

   Dünya azərbaycanlılarının, türk dövlət və cəmiyyətlərinin dostluq, qardaşlıq və əməkdaşlıq qurultaylarında, türkdilli ölkələrin dövlət başçılarının zirvə toplantılarında irəli sürülən təklif və təşəbbüslər əsasında da   türk birliyini  gücləndirən oxşar dil və əlifbadan istifadə əsas amil kimi diqqətdə saxlanıldı.  Yekdil qərar əsasında yaradılan TÜRKSOY-un təklifinə əsasən, türkdilli akademiyanın təsis olunması təşəbbüsünün əsasında da  oxşar və ortaq dəyərlərə malik  xalqların birlik, həmrəylik istəkləri dayanır. Bu gün artıq  işlək qurum kimi fəaliyyət göstərən  Türkdilli Dövlətlərin Parlament Assambleyası türk dünyası  birliyinə  nail olunması yolunda  əvəzsiz xidmət kimi dəyərləndirilir. Türk dövlət və  cəmiyyətləri arasında  qarşılıqlı əlaqə və əməkdaşlığın inkişaf etdirilməsi  məqsədilə ortaq əlifbanın, ortaq türk televiziyasının yaranması vacib hesab olunur.  Dünya hadisələrinin qloballaşdığı, beynəlxalq layihələrin xalqları birgə  əməkdaşlığa  vadar etdiyi müasir dövrümüzdə eyni əlifbanı,  oxşar dili paylaşan türk xalqlarının beynəlxalq səviyyədə  mənafelərini müdafiə etməsi baxımından   dili , əlifbası, tarixləri və mədəniyyəti oxşar olan türk xalqlarının həmrəyliyi,  bu çərçivədə vahid dil istiqamətində  çalışmaları  daha önəmlidir.

 Dost ölkədə  ənənəvi olaraq keçirilən  Türk Dili Olimpiatlarında  bütün qitələri təmsil edən  məktəblilərin eyni dildə- türk dilində mahnı oxuyub şeir söyləməsi möhtəşəm bir hadisədir. Bu  möhtəşəmlik  türk birliyinin, həmrəyliyinin əbədilik simvoludur. «Azərbaycan dilinin qloballaşma şəraitində  zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyi inkişafına dair Dövlət Proqramı»nın (9 aprel 2013-cü il) qəbulunda da məqsəd Azərbaycan dilinin istifadəsinə dövlət qayğısının artırılması, dilçilik araşdırılmalarını əsaslı sürətdə yaxşılaşdırmaqla fundamental və  tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini, cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini təmin etməkdir.

Azərbaycan dilinin dünya dilləri arasında  ən kamili olduğunu bir çox ölkələrin nümayəndələri də etiraf etmişlər. XIX əsrdə  Avropada geniş yayılmış  fransız dili ilə belə müqayisə  edərək onu Avrasiyanın hər tərəfində işlənilən dil kimi dəyərləndirmişlər. Ən əsası odur ki, dilimizin saflığı, yad təsirlərdən qorunması bütün zamanlarda  ziyalıları düşündürən başlıca məsələ kimi daim diqqətdə saxlanılıb.

 Dövrünün tanınmış ziyalısı, «Molla Nəsrəddin»in fədakar davamçısı Əli Nəzmi hələ o illərdə ana dilimizin yad təsirlərdən qorunması üçün həmkarları ilə  birgə mücadilə aparmışdır.

 

                  «Dil» var ikən gəlin «lisan» deməyək,

                  Döndərib farcaya «zəban» deməyək,

                  Ərəbi göndərək öz evlərinə.

                  Farsa da «qal bizə mehman» deməyək

 

söyləyən Əli Nəzminin bu şeiri  dilimizə xor baxan, özlərini elit cəmiyyətin nümayəndəsi hesab edərək ailə daxilində, ictimaiyyət arasında başqa dildə danışmağı  mədəniyyət hesab edənlərə tövsiyədir. Dil bilmək yaxşıdır.  Bir neçə dil öyrənmək hər kəsin intellekt səviyyəsini artırır, başqa xalqların tarixi, mədəniyyəti, məişəti  barədə  məlumat  əldə etməsi imkanlarını artırır. Amma ilk növbədə öz tarixini öyrənmək, ana südü ilə  ruhumuza daxil olan  ana dilini sevmək insanların vətəndaşlıq borcudur.  Sevindirici haldır ki,  ölkəmizdə fəaliyyət göstərən diplomatik korpuslarda Azərbaycan dilinin öyrəniləməsinə maraq artmaqdadır. Dilimizə hörmətlə yanaşaq ki, onu başqalarına da sevdirə bilək.  Şair  Oqtay Rzanın yazdığı kimi:

 

                  Şirinliyi ovsunlayıb çox milləti,

                  Misilsizdir musiqisi, şeiriyyəti;

                  Əzəl gündən sevir haqqı, hürriyyəti,

                  Keşiyində durub xalqım, elim mənim,

                  Azərbaycan türkcəsidir dilim mənim!

 

 Xuraman İsmayılqızı

 

İki sahil.- 2015.- 1 avqust.- S. 3.