Azərbaycanın bölgələrində müasirliklə tarixi ənənə sanki bir vəhdət təşkil edir

 

İşimlə əlaqədar tez-tez Azərbaycana gəlirəm. Bakıda çox olmuşam. Bu dəfə dincəlmək üçün Azərbaycanın bölgələrini seçdik. Dünən dostlarımla birgə Qəbələdə olduq. Çox gözəl cazibədar təbiəti var. Bu gün isə qədim Şəki şəhərindəyik. Azərbaycanın bölgələrində müasirliklə tarixi ənənə sanki bir vəhdət təşkil edir. Bölgələrinizin gözəlliyi, müasirliyi, insanların səmimiliyi, qonaqpərvərliyi bizi yaxşı mənada təəccübləndirdi.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Almaniyanın “E.ON” şirkətinin Xəzər dənizi Cənub bölgəsi üzrə vitse-prezidenti Mixael Hilmer deyib.

Şəki xanlarının sarayı ilə tanış olan almaniyalı qonaq bu tarixi abidəyə heyran qaldığını bildirib: “Bu sarayı şəkillərdə çox görmüşdüm. Yaxından görmək isə daha maraqlıdır. Rəngbərəng xırda şüşələrdən necə gözəl naxışlar vurulub. Hiss olunur ki, nəfis şəkildə hazırlanan çox qiymətli sənət əsəridir. Sarayın şəbəkə pəncərələri xüsusilə cəlbedicidir. Azərbaycanın bölgələrinə səfərimiz hamımızda çox zəngin təəssürat yaradıb”.

Almaniyalı qonağın sözlərinə görə, SOCAR-la birgə əməkdaşlıq layihəsi çərçivəsində “E.ON” şirkətində çalışan işçilərin uşaqlarının Azərbaycana ikihəftəlik yay düşərgəsi təşkil edilib. Bu müddət ərzində almaniyalı uşaqlar Azərbaycanın tarixi füsunkar təbiəti ilə yaxından tanış olublar.

 

İki sahil.- 2015.- 6 avqust.- S. 16.