İlham Əliyev: Azərbaycan bundan sonra da demokratiyanın inkişafı yolu ilə gedəcək

 

Açıq cəmiyyətlərin uzunmüddətli sabitlik və çiçəklənmənin qarantı olduğunu önə çəkən Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ölkəmizlə bu sahədə əməkdaşlığın gələcək inkişafı üçün potensial imkanların olduğunu bildirmişdir

 

Mən tam əminəm ki, Azərbaycan bundan sonra da demokratiyanın inkişafı yolu ilə gedəcək. Bu, bizim şüurlu seçimimizdir. Biz bunu kiminsə xoşuna gəlmək üçün yox, ona görə edirik ki, bu, cəmiyyət üçün lazımdır. Mən dəfələrlə demişəm, siyasi islahatlar iqtisadi islahatlarla paralel şəkildə aparılmalıdır ki, Azərbaycanın dayanıqlı inkişafı təmin edilsin.” Dövlətimizin başçısı İlham Əliyev uğurlarımızı şərtləndirən amillərdən bəhs edərkən, iqtisadi və siyasi islahatların vəhdətliyinin qorunmasını xüsusi olaraq diqqətə çatdırır. Ayrı-ayrı ölkələrdə iqtisadi, yaxud demokratik inkişafın birtərəfliliyi fonunda bu reallıq qeyd edilir ki, yalnız iqtisadi və siyasi islahatların paralelliyi dayanıqlı inkişafı təmin edir.

Bir faktı da qeyd edək ki, ölkələr arasında əməkdaşlıq əlaqələrinin qurulmasında və möhkəmləndirilməsində demokratik inkişaf əsas faktorlardan biridir. Bu baxımdan ki, hər bir dövlət əməkdaşlıq əlaqələri qurmaq istədiyi ölkədə demokratiyanın əsas tələblərindən olan ictimai-siyasi sabitliyin, qanunun aliliyinin təmin edilməsinə xüsusi diqqət göstərir. Azərbaycanın bu gününü müstəqilliyimizin ilk illəri ilə müqayisə etdikdə bu reallıq özünü daha qabarıq şəkildə büruzə verir. Həmin illərdə Azərbaycanda ictimai-siyasi durumun gərginliyi ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərində əsas rol oynamışdır. Belə ki, həmin ölkələr qoyacaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. 1993-cü ildən bu günə qədərki dövrün təhlili əsasında ictimai-siyasi sabitliyin ölkənin hərtərəfli inkişafında nə kimi rol oynadığını aydın görmək olur. 1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan və referendum yolu ilə qəbul olunan milli Konstitusiyamız insan hüquqlarının, fikir plüralizminin, söz və məlumat azadlığının, vətəndaş cəmiyyəti institutlarının formalaşdırılması və inkişafına etibarlı zəmin yaratdı. Sənəddə əksini tapan maddələrin üçdə iki hissəsinin insan hüquq və azadlıqlarının qorunmasına xidmət etməsi də bu diqqət və qayğıdan irəli gəlir. Son 12 ildə Heydər Əliyev siyasi kursunu hər sahədə uğurla davam etdirən Prezident İlham Əliyev daim çıxışlarında demokratikləşmə prosesinin bir şüar, niyyət olmadığını, ölkənin hərtərəfli inkişafının əsası olduğunu önə çəkərək, bu sahədə həyata keçirdiyi biri-birindən əhəmiyyəli islahatlarla Azərbaycanın beynəlxalq aləmdə demokratik ölkə imicininin möhkəmləndirilməsinə əsas yaradır. İnsan hüquq və azadlıqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi Azərbaycan dövlətinin siyasətində insan amilinə verilən dəyərin göstəricilərindəndir. O da məlumdur ki, Prezident İlham ƏliyevinAzərbaycan Respublikasında İnsan hüquqları gününün təsis edilməsi haqqında” 18 iyun 2007-ci il tarixli sərəncamı bu sahəyə diqqəti bir daha təsdiqlədi. Belə ki, ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də Azərbaycanda ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyi nəzərə alınaraq 18 iyunnsan Hüquqları Günü kimi təsis edildi. Həmçinin Prezident İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” təsdiq olundu.

Bu gün ölkəmiz demokratik təsisatlarla, beynəlxalq seçki institutları ilə əməkdaşlıq edir, sivil qanunların respublikamızda tətbiqi üçün təcrübə mübadiləsi aparılır. Siyasi kampaniyalarda vətəndaşlara sərbəst seçim hüququnun verilməsi, şəffaf seçkilərin təşkili, obyektivliyin təminatı demokratik dəyərlərə sadiqlik, Azərbaycan təcrübəsinin təbliği kimi dəyərləndirilir. Müasirləşməni, yeniləşməni dövlət siyasətinin əsası kimi qəbul edən dövlətimiz qəbul olunan qanunları, o cümlədən Konstitusiyamızı dəyişməz qəbul etməyərək, daim təkmilləşdirməyə, bu ali sənəddə yeniliyin öz əksini tapmasına səy göstərir. 2009-cu ildə ölkədə keçirilmiş və əhali tərəfindən dəstəklənmiş Konstitusiyaya əlavə və dəyişiklikləri nəzərdə tutan referendumda da məqsəd və ən çox diqqət yetirilən sahə insanların azad, firavan, sərbəst yaşaması üçün təkmil qanunvericilik bazasını dövrün tələbinə, müasirləşən və dünyaya sürətli inteqrasiya yolu ilə irəliləyən Azərbaycanın inkişafına uyğunlaşdırmaq, zənginləşdirmək idi.

Bircə faktı qeyd etmək kifayətdir ki, bu gün Azərbaycanın demokratiya təcrübəsi təqdir olunur və nümunə göstərilir. Əsas budur ki, reallığı olduğu kimi qəbul edib, düzgün dəyərləndirmə aparmağı bacaraq. Bugünümüzə obyektiv yanaşma daim təhlillər aparmağı bir zərurətə çevirir. Bu uğurlar fonunda dağıdıcı ünsürlərin istinad etdiyi beynəlxalq təşkilatların hesabatlarının qərəzliliyi daha aydın nəzərə çarpır. Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında bildirir ki, bu hücumların səbəbləri heç də insan hüquqları, demokratiya, xüsusən də geopolitik məsələlərlə bağlı deyil. Bu iddialar Azərbaycanı sevməyən, onu gözdən salmağa çalışan maraqlı qüvvələr tərəfindən təşkil olunur.Amnesty İnternationaltəşkilatının məlumatına görə, guya ölkəmizdə 19 siyasi məhbusun olması ilə bağlı suala dövlətimizin başçısı İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının sessiyasında cavabını xatırlayaq: “Azərbaycanda siyasi məhbus yoxdur və sizin qeyd etdiklərinizin hamısı yanlış informasiya əsasındadır, ya da sizin Azərbaycana qarşı qərəzli mövqeyinizdən irəli gəlir... Əfsuslar olsun ki, Azərbaycan məqsədyönlü təxribatlara məruz qalıb. Biz bunların mənbəyini və səbəbini bilirik. Bunun insan haqları və demokratiya ilə heç bir əlaqəsi yoxdur. Bu, geosiyasi məsələdir. Çox güman ki, sizin kağız üzərindən oxuduğunuz sualı sizə Azərbaycana hücum etmək marağı olan tərəflər veriblər.”

“Human Rights Watch”, “Amnesty International”, “Freedom Hause” kimi təşkilatların daim ölkəmizə qarşı qərəzli mövqe tutduqları məlumdur. Bu təşkilatların hesabatlarında Azərbaycan “azad olmayan” ölkələr sırasında yer alırsa, onların mövqeyini geniş şərh etməyə ehtiyac yoxdur. Dövlətimizin başçısı İlham Əliyevin Mətbuat Şurasının yeni binasının açılışındakı nitqi zamanı səsləndirdiyi fikirləri bir daha yada salmaq istərdik: “Ədalət ən böyük meyardır: Əlbəttə ki, Azərbaycan cəmiyyətində problemlər var. Biz bu problemləri bilirik. Ancaq hər bir ölkəyə vahid meyarlarla yanaşılmalıdır. Azərbaycanın yerləşdiyi bölgədə, qonşuluqda yerləşən ölkələrdə problemlər bizim problemlərdən az deyil. Bəzi hallarda o məsələlələrə göz yumulur, yaxud da ki, yanlış məlumat təqdim olunur. Azərbaycanda isə xırda məsələ ilə bağlı böyük hay-küy salınır. Sanki kimsə istəyir ki, Azərbaycanın reputasiyasına zərbə vursun.”

İşğalçı Ermənistanda 2008 və 2013-cü illər prezident seçkiləri zamanı baş verən olayları xatırlatmaq kifayətdir ki, dünyanın ədalət meyarına hansı şəkildə yanaşdığını diqqətə çatdıraq. Məlum olduğu kimi, işğalçı ölkədə həmin ərəfələrdə onlarla insan öldürülmüş, yüzlərlə şəxs həbs olunmuş, prezidentliyə namizəd ev dustağı olmuş, parlamentin deputatları, media nümayəndələri həbs edilmişdir. Amma dünya mətbuatı bu reallıqların üstündən elə sürətlə keçdi ki, sanki yaşananlar demokratiyanın tələblərinə tam şəkildə “cavab verib.” Dünya dövlətləri belə ikili yanaşmaların yaratdığı problemlərdən xəbərdar olaraq, yenə də eyni addımı atmaqda davam edirlərsə, bu, artıq hüquq probleminin nəinki mövcudluğunu, son həddə çatdığını ortaya qoyur.

Ölkəmizdə müqayisəolunmaz dərəcədə xırda bir məsələ baş verəndə, bunun dərhal beynəlxalq media orqanlarına çıxarıldığını bildirən dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bəzi qüvvələr Azərbaycanı antidemokratik ölkə kimi təqdim etmək üçün ciddi-cəhdlər göstərirlər: “Bu, bizə qarşı aparılan məqsədyönlü və ədalətsiz mübarizədir. Biz bu mübarizəyə hazırıq və bu mübarizəyə qarşı ancaq öz siyasətimizi, sözün yaxşı mənasında, inadkarlığımızı qoymalıyıq və qoyuruq ki, Azərbaycanın maraqlarını müdafiə edək.”

Dağıdıcıların inhisarında olan mətbu orqanlarda daha çox adları çəkilən təşkilatların “hesabatlarının” yer alması onlar arasında işbirliyinin, əməkdaşlığın hansı səviyyədə olduğuna işıq salır. Aydın məsələdir ki, ölkəmizin əleyhinə cüzi bir fikir səsləndirən təşkilat dərhal dağıdıcıların sevimli dostuna çevrilir. Bir halda ki, “Human Rights Watch”, “Amnesty International”, “Freedom Hause” təşkilatlarının hesabatları dağıdıcılar tərəfindən hazırlanır, amma ad o qurumlara məxsus olur, onlardan hansısa ədalətli yanaşma gözləmək qeyri-mümkündür.

Müxalifət mətbuatında ABŞ-da, yaxud digər ölkələrdə və təşkilatlarda Azərbaycanla bağlı narahatlıqların olması barədə məlumatların yer alması da mənbənin eyni olduğunu təsdiqləyir. Guya narahatlığın əsasında ölkəmizdə siyasi məhbusların olduğu, mətbuat azadlığının boğulduğu dayanır. Həmin mətbu orqanlarda adətə uyğun olaraq yenə də “əsas söz sahibi” kimi Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunus önə çəkilir. Sən demə, Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması deyəndə beynəlxalq aləmdə göz önünə ancaq Vətənə xəyanəti fəaliyyətlərinin əsası kimi qəbul etmiş bu iki şəxs gəlir. Maraqlı, ən əsası müxtəlif fikirlərin yaranmasına stimul verən məqam deyilmi?

ABŞ konqresmenlərinin, senatorlarının ölkəmizə qarşı qərəzli mövqelərindən irəli gələn fikirlərini özləri üçün “istinad mənbəyi” qəbul edən dağıdıcı ünsürlər atdıqları hər addımda riyakarlıqlarını təsdiqləyirlər. Reallıqların içərisində ola-ola fərziyyələrlə yaşamaqla, həqiqəti yalanla ört-basdır etməklə vətəndaşlıq təəssübkeşliyindən nə qədər uzaq olduqlarını nümayiş etdirirlər. Amma bu fakt daxili bədxahlarımıza da çox yaxşı bəllidir ki, ABŞ-Azərbaycan münasibətlərinin yüksələn xətt üzrə inkişafında ölkəmizin demokratiya sahəsində qazandığı uğurlar əhəmiyyətli rol oynayır. Ölkəmizə qarşı qərəzli mövqedə dayanıb, əsassız fikirlər səsləndirən konqresmenlər, senatorlar, deputatlar, islamofob siyasətçilər ermənilərin və erməni diasporunun pulları ilə özlərinə həyat quranlardır.

Daim vurğulandığı kimi, siyasət real məsələlər, konkret işlərdir. Azərbaycanın bu gün inkişafın hansı səviyyəsində olduğu göz qabağındadır. Bu günlərdə ölkəmizdə səfərdə olan Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk keçirdiyi görüşlərdə, mətbuat konfranslarında da ölkəmizin demokratik inkişaf, xüsusilə insan hüquq və azadlıqlarının qorunması sahəsində qazandığı uğurlara xüsusi diqqət yönəltmişdir. Avropa İttifaqının açıq cəmiyyətlərin uzunmüddətli sabitlik və çiçəklənmənin qarantı olduğuna inandığını qeyd edən D.Tusk bu sahədə ölkəmizlə əməkdaşlığın gələcək inkişafı üçün imkanların olduğunu vurğulamışdır.

Bu reallıq da inkaredilməzdir ki, düzgün qurulan siyasətin nəticəsi olaraq uğurlarımız bir-birini əvəzləməkdə, dünyanın ölkəmizə diqqət və marağı daha da artmaqdadır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası yeni hədəflərə nail olmaq üçün əsas sənəddir. Sənədin müddəalarında demokratik inkişafın davamlılığını təmin edən bütün zəruri addımlar da öz əksini tapıb. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından sonra “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın təsdiqlənməsi bir daha Prezident İlham Əliyevin iqtisadi potensialın insan kapitalına çevrilməsi tövsiyəsinə uyğun həyata keçirilən islahatların davamlı olmasının göstəricisidir. İnkişaf Konsepsiyasında bölgənin lider dövləti olan Azərbaycanın qarşıdakı illərdə iqtisadi inkişafını müəyyənləşdirən amillər, təbii resurslardan istifadə, qeyri-neft sektorunun inkişafı, sahibkarlığın gücləndirilməsi kimi vəzifələr göstərilirsə, Milli Fəaliyyət Planında bu möhtəşəm quruculuq işlərinin aparıcı qüvvəsi olan insan amilinə diqqət və qayğı, hüquqlarının müdafiəsi üçün prioritetlər müəyyənləşdirilib. Bir sözlə, kompleks tədbirlər qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa əsas yaradır.

 

Yeganə Əliyeva,  

 

İki sahil.- 2015.- 7 avqust.- S. 2.