Naxçıvan Musiqi Kollecinin
40 illik yubileyi münasibətilə konsert
Kəngərli Rayon Mədəniyyət Evində
Naxçıvan Musiqi
Kollecinin musiqi kollektivlərinin iştirakı
ilə konsert təşkil olunub.
AZƏRTAC
xəbər verir ki, konsert başlanmazdan
əvvəl Naxçıvan
Musiqi Kollecinin direktoru Həsən Seyidov çıxış
edərək, Naxçıvan
Muxtar Respublikası
Ali Məclisi Sədrinin
2015-ci il martın
29-da imzaladığı “Naxçıvan
Musiqi Kollecinin 40 illik yubileyinin keçirilməsi haqqında”
Sərəncamın onların
gələcək fəaliyyətinə
böyük qayğının
ifadəsi olduğunu qeyd edib.
Bildirilib ki, Naxçıvan Musiqi Kolleci 1975-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. 1975-1992-ci illərdə Naxçıvan Orta İxtisas Musiqi Məktəbi, 1992-2005-ci illərdə Naxçıvan Musiqi Texnikumu, 2005-ci ildən isə Naxçıvan Musiqi Kolleci kimi fəaliyyət göstərir. Musiqi sahəsi üzrə kadrların hazırlanması məqsədilə yaradılan bu təhsil müəssisəsi 4 ixtisas üzrə fəaliyyətə başlayıb. Hazırda kollecdə 11 ixtisas üzrə 552 tələbə təhsil alır. Bu tələbələrin təlim-tərbiyəsi ilə 181 müəllim və konsertmeyster məşğul olur. 1975-ci ildən ötən dövr ərzində Naxçıvan Musiqi Kollecinin 2500-dən çox məzunu olub.
Qeyd edilib ki, kollecin məzunlarından 60-a yaxını Kəngərli rayonundandır və onlar burada fəaliyyət göstərən uşaq musiqi məktəblərinin müəllimləridir. Hazırda kollecdə Kəngərli rayonundan 11 tələbə təhsil alır.
Sonra konsert olub. İlk olaraq simfonik orkestr Üzeyir Hacıbəylinin “Uvertüra”sını ifa edib. Qədim alətlər ansamblının müşayiəti ilə Əbülfəz Məmmədov və Səid Həsənov “Şur” kompozisiyasını təqdim ediblər. “Dilruba” muğam ansamblının, estrada orkestrinin və “Naxçıvanqala” ritm qrupunun müşayiəti ilə Əbülfəz Məmmədovun, Samir İsmayılovun, akkordeonda Sahil Qasımovun, balabanda Mübariz Əliyevin və vokal qrupunun ifaları tamaşaçılarda xoş ovqat yaradıb.
Konsert proqramının sonunda solistlərdən Naxçıvan Muxtar Respublikasının Əməkdar Artisti Elçin Nağıyev və İlkin Abdullayevin ifaları alqışlarla qarşılanıb.
İki sahil.-2015.- 14 avqust.-
S. 10.