Ordubad şəhərində görkəmli maarifçi Məhəmməd Tağı Sidqinin Ev Muzeyi istifadəyə verilib

 

Avqustun 25-də Ordubad şəhərində görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin Ev Muzeyinin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin 160 illik yubileyi geniş şəkildə qeyd olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Tədbirlər Planına əsasən maarifçi şairin yubileyi ilə əlaqədar təhsil və mədəniyyət müəssisələrində guşələr yaradılmış, Sidqinin yaradıcılığı tədqiq olunmuş, “Naxçıvan” jurnalının bir nömrəsi Məhəmməd Tağı Sidqinin 160 illik yubileyinə həsr edilmişdir. Eyni zamanda böyük maarifçi və ədibin doğulub boya-başa çatdığı Ordubad şəhərində ev muzeyinin yaradılması da qərara alınmışdır.

Ali Məclisin Sədri görkəmli maarifçinin ev muzeyinin açılışı münasibətilə tədbir iştirakçılarını və ziyalıları təbrik edərək deyib: Məhəmməd Tağı Sidqi ilk təhsilini molla məktəbində almış, sonra isə mədrəsədə davam etdirmişdir. O, klassik Şərq poeziyasını və fəlsəfəsini mükəmməl bilirdi. Buna görə də bədii yaradıcılıqla məşğul olmuş, ədəbi dərnəklərdə, şeir məclislərində iştirak etmiş, ədəbiyyatın inkişafına çalışmışdır. Lakin xalq arasında təhsilə ciddi ehtiyac olduğunu görən Məhəmməd Tağı Sidqi 1892-ci ildə Ordubadda “Əxtər”, 1894-cü ildə isə Naxçıvan şəhərində “Tərbiyə” məktəblərinin əsasını qoymaqla mənsub olduğu xalq qarşısında tarixi xidmətlər göstərmiş, sağlığında müasirləri tərəfindən “böyük ustad”, “xalq müəllimi” adını almışdır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Naxçıvanda təhsilin, ümumiyyətlə, mədəniyyətin inkişafında mütəfəkkir Məhəmməd Tağı Sidqinin böyük rolu olmuşdur”.

Ali Məclisin Sədri deyib: Məhəmməd Tağı Sidqi hər şeydən əvvəl böyük maarifçi idi. O, Azərbaycan məktəbdarlığında yeni ənənələrin əsasını qoymuş, milli təhsil tariximizdə özünə böyük abidə ucaltmışdır. O, məktəbə nur, işıq mənbəyi kimi baxmış, əsl səadəti məktəbdə, xalqın təhsillənməsində görmüşdür. Ustad müəllimin yaratdığı məktəblər Azərbaycan romantik dramaturgiyasının banisi Hüseyn Cavid, tarixi roman janrının banisi Məmməd Səid Ordubadi, realist Azərbaycan rəssamlığının banisi Bəhruz Kəngərli, böyük ədəbiyyatşünas alim Əziz Şərif, Azərbaycanın ilk peşəkar diplomatlarından olan İbrahim Əbilov kimi görkəmli şəxsiyyətlər yetişdirmişdir.

Qeyd olunub ki, Məhəmməd Tağı Sidqi təkcə maarif xadimi kimi deyil, həm də mütəfəkkir şair və publisist kimi də böyük şöhrət qazanıb. Onun şeirlərində dövrün ən qabaqcıl ideyaları öz əksini tapıb. Sidqinin müxtəlif vaxtlarda mətbuatda dərc olunmuş yazıları Azərbaycan bədii publisistikasının inkişafına əvəzsiz töhfələr verib. Məhəmməd Tağı Sidqi deyərkən gözlərimiz önündə mənsub olduğu xalqın mədəni tərəqqisi naminə çalışan böyük ziyalı dayanır. O, bir tərəfdən xalq təhsilinin inkişafı naminə mübarizə aparırdısa, digər tərəfdən ana dilinin saflığı, Naxçıvan teatrının inkişafı sahəsində də xidmətlər göstərirdi. Böyük maarifçi 1894-1899-cu illərdə Naxçıvanda “Dram Cəmiyyəti” üzvləri ilə birlikdə tamaşalar hazırlayıb, bu tamaşalarda həm rejissor, həm də aktyor kimi çıxış edib. Hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq Sidqi daim xalqının gələcəyini düşünüb, dövrünün çatışmazlıqlarına qarşı mübarizə aparıb, əsl ziyalı mövqeyi göstərərək əqidəsindən dönməyib.

Ali Məclisin Sədri deyib: Elm və təhsil yolunda çəkilən zəhmət heç vaxt hədər getmir. Məhəmməd Tağı Sidqi şəxsiyyətinin böyüklüyü də bundadır. Görkəmli pedaqoqun on doqquzuncu əsrin sonunda yandırdığı maarif çırağı bu gün də gənc nəslin yoluna işıq salır. O, bir pedaqoq kimi nəsihətlərində tərbiyəvi məqamlar aşılayır, gəncləri elmə, təhsilə, düzlüyə, etibarlılığa səsləyirdi. Sidqi deyirdi: “Dünyada insanın vücudunun səmərəsi elm ilə hasil olur. Elm və mərifətsiz insan meyvəsiz ağaca bənzər”, “Dünyada əziz vaxtını bihudə keçirmək insan üçün böyük bir müsibətdir”, “Məktəb cəhalət dərdinin dərmanı və mərifət bağının xiyabanıdır”, “Elm bir ağacdır ki, onun səmərəsi əməl və ədəbdir”.

Məhəmməd Tağı Sidqi yaradıcılığının böyük bir xəzinə olduğunu bildirən Ali Məclisin Sədri deyib: Bu xəzinədən gəncliyin yetişməsində məqsədyönlü istifadə etmək təhsil müəssisələrinin və pedaqoji kollektivlərin borcudur. Bu gün Ordubad şəhərində Məhəmməd Tağı Sidqinin Ev Muzeyinin istifadəyə verilməsi də onun zəngin pedaqoji və ədəbi irsinin yaşadılması, bugünkü və gələcək nəsillərə çatdırılması istiqamətində atılan növbəti addımdır.

Ordubad rayon qəzetinin əməkdaşı Abbas Seyid çıxış edərək deyib ki, muxtar respublikada xalqımızın görkəmli şəxsiyyətlərinin xatirəsinin əbədiləşdirilməsi və yubileylərinin qeyd olunması ənənə halını alıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə 2004-cü ildə Məhəmməd Tağı Sidqinin 150, 2014-cü ildə isə 160 illik yubileyləri qeyd olunub, görkəmli maarifçinin Ordubad şəhərində ev muzeyinin yaradılması qərara alınıb. Məhəmməd Tağı Sidqiyə ikinci ömür verən bu sərəncamlar həm də muxtar respublikada təhsilə, ədəbiyyata və görkəmli şəxsiyyətlərə göstərilən ehtiramın, diqqət və qayğının ifadəsidir.

Qeyd olunub ki, muxtar respublikada təhsil böyük qayğı ilə əhatə olunub. Təhsil infrastrukturu tamamilə müasirləşdirilib. Şəhər, rayon və kəndlərimizdə yeni məktəb binaları tikilərək istifadəyə verilib. Hər il uşaqlar üçün yeni ədəbiyyatlar nəşr olunur, savadlı, bilikli və vətənpərvər gənc nəsil yetişdirilir. XIX əsr Azərbaycan maarifçilik hərəkatının görkəmli nümayəndəsi Məhəmməd Tağı Sidqi də daim xalqının təhsillənməsi, savadlanması, gənclərin elmli və dünyagörüşlü olması naminə mübarizə aparırdı. Onun yeganə arzusu uşaqları təhsilli, bilikli və vətənpərvər görmək idi. Bu gün muxtar respublikada təhsilin səviyyəsinə, yetişən vətənpərvər və savadlı gəncliyə baxarkən görkəmli pedaqoq Məhəmməd Tağı Sidqinin arzularının reallığa çevrildiyinin şahidi oluruq.

Ziyalılar adından minnətdarlıq edən Ordubad şəhər sakini, Naxçıvan Muxtar Respublikasının Əməkdar Mədəniyyət İşçisi Vilayət Bağırov deyib ki, Ümummilli Liderimizin müəllifi olduğu siyasi xətt muxtar respublikada uğurla davam etdirilir. Bu gün Naxçıvanda digər sahələrlə yanaşı, təhsilin, ədəbiyyatın, mədəniyyətin inkişafına da xüsusi qayğı göstərilir. Məhəmməd Tağı Sidqinin həyat və fəaliyyətinin araşdırılması, onun zəngin irsinin üzə çıxarılması da bu baxımdan mühüm əhəmiyyət daşıyır. Bu tədbirlər xalqımızın görkəmli şəxsiyyətlərinin fəaliyyətinə verilən qiymətlə yanaşı, həm də muxtar respublikada ziyalılara göstərilən qayğının daha bir ifadəsidir.

Sonra Ali Məclisin Sədri açılışı bildirən lenti kəsib, muzey binasına baxıb.

Məlumat verilib ki, muzey binası 2 mərtəbəlidir. Ekspozisiya zalı binanın ikinci mərtəbəsində yerləşir. Birinci mərtəbədə isə muzeyin əməkdaşları üçün iş otaqları ayrılıb. Ekspozisiya zalında Sidqinin hikmətli sözlərindən seçmələr, ömrünün müxtəlif dövrlərini əks etdirən, eləcə də ailə üzvləri, sənət yoldaşları və vaxtilə onun şagirdləri olan görkəmli şəxsiyyətlərin fotoşəkilləri də nümayiş etdirilir.

Həmçinin burada görkəmli maarifçinin tərcümeyi-halı, əlyazmaları, nəşr olunan məqalə və kitabları, eləcə də teatr sahəsindəki xidmətlərini əks etdirən dəyərli nümunələr, görkəmli pedaqoqun zəngin irsinin öyrənilməsi ilə bağlı keçirilən konfransların materialları, qəbul olunan proqramlar, Məhəmməd Tağı Sidqi haqqında yazılmış kitab, jurnal, qəzet materialları və fotoşəkillər də qorunur. Muzeydəki eksponatlar Sidqi yaradıcılığını tədqiq edənlər üçün dəyərli elmi mənbələrdir.

Ziyalılarla söhbət edən Ali Məclisin Sədri deyib ki, Məhəmməd Tağı Sidqinin irsi, onun maarifçilik ideyaları, elmin və təhsilin inkişafı sahəsində əsasını qoyduğu ənənələr bu gün də aktualdır. Görkəmli maarifçinin həyat və yaradıcılığı ilə bağlı araşdırmalar bundan sonra da davam etdirilməli, muzey arxiv materialları əsasında zənginləşdirilməlidir. Sidqinin irsi daim gənc nəslə təbliğ olunmalı, onun pedaqoji fikir tariximizdə əsasını qoyduğu ənənələr tədris prosesində tətbiq edilməli, muzeydə ümumtəhsil məktəbləri şagirdlərinin iştirakı ilə açıq dərslər keçirilməlidir.

Sonra Ali Məclisin Sədri muzeyin xatirə dəftərini imzalayıb, muzey binasının qarşısında tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirib.

 

İki sahil.- 2015.- 26 avqust.- S. 8, 13.