Azərbaycanın inkişafı gənclərimizin qarşısında yeni-yeni imkanlar açır

 

Müsahibimiz YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri, partiyanın Gənclər Birliyi İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru, pedaqogika üzrə fəlsəfə doktoru Yusif Babanlıdır

 

Bu gün böyük inam hissi ilə qeyd edirik ki, ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Respublikada dövlət gənclər siyasətinin formalaşdırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirərək bildirirdi ki, cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaq. Bu diqqət və qayğının nəticəsidir ki, hazırda Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir, cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Təbii ki, dövlət gənclər siyasəti dedikdə də gənclərin öz bilik və bacarıqlarını ortaya qoymaları, cəmiyyətdə layiqli yer tutmaları üçün dövlət tərəfindən həyata keçirilən tədbirlər sistemi nəzərdə tutulur. Müsahibimiz YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri, YAP Gənclər Birliyi İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru, pedaqogika üzrə fəlsəfə doktoru Yusif Babanlı ilə söhbətimizdə də Azərbaycan gəncliyinin dünəninə, bu gününə və gələcəyinə bir baxış keçirdik.

- Yusif müəllim, dövlətimizin gənclər siyasəti gənclərə hansı stimulu verir?

- Bu gün Azərbaycan gəncliyinə böyük diqqət və qayğı var. Bu diqqəti yalnız bir deyil, bütün sahələrdə görürük. Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi əsasında gənclərimiz dövlət orqanlarında irəli çəkilir, onlara mühüm vəzifələr tapşırılır. Bu gün gənclər bu diqqət və qayğıdan böyük stimul alaraq, möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşir, Azərbaycanın daha da qüdrətlənməsinə, çiçəklənməsinə öz töhfələrini verməyə çalışırlar.

Bu ilin mühüm uğurlarından olan Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyini xüsusi qeyd etmək istərdim. Bu mühüm tədbirdə də Azərbaycan gəncliyi çox fəal iştirak etdi. 12 mindən artıq könüllü gəncimiz bir daha öz potensial imkanlarını ortaya qoydu. Bu kimi faktlar onu göstərir ki, gənclərimiz yalnız bir sahədə deyil, bütün istiqamətlərdə təkmilləşir, yeniliyi öyrənməyə çalışır, potensal imkanlarından bəhrələnərək müstəqil Azərbaycanın qüdrətinin daha da artmasına, həqiqətlərinin təbliğinə dəstək olmağa səy göstərirlər.

Dövlətimizin gənclərə diqqət və qayğısı davamlılığı ilə diqqət çəkir. Dövlətimizin başçısı İlham Əliyevin fərman və sərəncamları, təsdiqlədiyi Dövlət Proqramları bu sahədə mühüm uğurların əldə olunmasına stimul verir. Prezident İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiqlənənAzərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi gənclər siyasətini daha da inkişaf etdirməyə, gənc mütəxəssislərin işlə təminatına, sosial-iqtisadi problemlərinin həllinin təmin edilməsinə xidmət edir. Sərəncamda da bu reallıq öz əksini tapmışdır ki, qloballaşmanın vüsət aldığı və informasiya cəmiyyətinin sürətlə formalaşdığı hazırkı mərhələ Azərbaycanda sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakını təmin etmək istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir. Məhz buna görə də cəmiyyətin maraqlarının təmin edilməsi və ölkə iqtisadiyyatının rəqabətə davamlılıq qabiliyyətinin artırılması üçün gəncliyin innovativ potensialından geniş istifadə olunmasına əlverişli zəmin yaradılmalıdır. Qəbul olunan proqramda bütün həllivacib məsələlər öz əksini tapıb. Cənab İlham Əliyevin 19 dekabr 2011-ci il tarixli Fərmanı əsasında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması, eyni zamanda 2 iyul 2013-cü il tarixli Fərmanı ilə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi də əhəmiyyətli addımlardandır. Məqsəd gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etməkdir. Dövlətimizin başçısı İlham Əliyevin 2011-ci ildə keçirilən Gənclərin VI forumunun iştirakçılarına təbrik məktubunda söylədiyi bu fikirləri xatırlatmaq istərdik: “Gənclərimizin əksəriyyəti böyük qürur hissi ilə deyə bilərlər ki, onlar artıq müstəqillik illərində formalaşmış nəslə mənsubdurlar. Azərbaycançılıq məfkurəsi ruhunda tərbiyə almış bu nəsil dövlətimizin iqtisadi və mədəni inkişafında mühüm rol oynayaraq ildən-ilə potensialının gerçəkləşdirilməsi üçün daha geniş imkanlar əldə edir.” Bu fikir də hər zaman önə çəkilir ki, informasiya cəmiyyətinin bərqərar olması ilə əlaqəli proseslər sübut edir ki, müasirlik, yüksək keyfiyyətli təhsil və işgüzarlıq olan yerdə gəncliyə xas yenilikçi düşüncə sivilizasiyanın bütövlükdə simasını dəyişdirə bilər. Məhz bu keyfiyyətlərə söykənərək belə bir inam ifadə olunur ki, hazırda müasir dünyada qarşılaşdığımız bir çox problemlərin həlli məhz gəncliyin tükənməz enerjisi və qətiyyəti sayəsində həllini tapacaq.

Qeyd etdiyimiz kimi, dövlətimizin diqqət və qayğısı gənclərimizə öz potensial imkanlarını ortaya qoymaq üçün geniş imkanlar açır. Gənclərimizin ölkənin ictimai-siyasi həyatında fəallığı günbəgün artır. Sözsüz ki, bu fəallığın qarşıdan gələn parlament seçkilərində bir daha şahidi olacağıq. Azərbaycan gəncliyi nəinki paytaxtda, eyni zamanda bölgələrdə də xüsusi fəallıqları ilə seçilirlər. Dövlətimizin gənclərə diqqət və qayğısının yüksək səviyyədə olmasının göstəricisidir ki, bu gün gənclərimiz Azərbaycanı beynəlxalq əhəmiyyətli tədbirlərdə, yarışlarda yüksək səviyyədə təmsil edir, yüksək göstəricilər əldə etməklə ölkəmizin tanıdılmasına, bayrağının yüksəklərə qaldırılmasına öz töhfələrini verirlər. Təbii ki, hər bir uğur bir tanıtım, Azərbaycana baxışın daha da yüksəlməsi, reallıqlarımızın düzgün dəyərləndirilməsi üçün bir stimuldur.

Dahi şəxsiyyət Heydər Əliyevin millətin gələcəyi kimi dəyərləndirdiyi təhsil sahəsində də gənclərimizin uğurları təqdirəlayiqdir. Bu gün gənclərimizin qəbul imtahanlarında 700 bal toplaması bu diqqətin bariz nümunəsi, eyni zamanda təhsilimizin inkişafının təsdiqidir.

Təbii ki, dövlətimizin gənclərə diqqət və qayğısını bir sual çərçivəsində əhatə etmək qeyri-mümkündür. Bu fakt inkaredilməzdir ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra gənclər siyasəti dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. Təbii ki, bu təməlin əsası ulu öndər Heydər Əliyevin Azərbaycana hakimiyyətinin birinci dövründə qoyulmuşdur. Azərbaycanın müstəqil gələcəyini düşünən dahi şəxsiyyət Heydər Əliyev məhz o illərdə gənclərimizi keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsi almağa göndərirdi. Bu gün Heydər Əliyev siyasəti bütün istiqamətlərdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizin hərtərəfli inkişafı reallıqdır, gənclərimizə diqqət və qayğı davamlıdır.

- Zaman dəyişir, insanların, xüsusilə gənclərimizin baxışlarında, düşüncələrində dəyişikliklər, yeniliklər baş verir. Bugünkü Azərbaycan gəncliyinin ölkə reallıqlarına baxışını necə şərh edərdiniz? Bir məqamı xüsusi qeyd etmək istərdik ki, ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının II qurultayında bu fikri xüsusi diqqətə çatdırmışdır ki, gənclərimizin Azərbaycanın müstəqillik yolunun nə qədər ağır dövrdən keçməsindən məlumatı yoxdur. Tarixi paralellər fonunda reallıqları gənclərimizin diqqətinə çatdırmaq əsas vəzifə kimi qarşıya qoyulmuşdur...

- Ümumiyyətlə, Azərbaycanımızın bugünkü inkişafını düzgün dəyərləndirmək üçün tarixi səhifələməyə böyük zərurət duyulur. Müstəqilliyimizin ilk illərində ölkəmizin üzləşdiyi bəlalar yaddaşlardadır. Biz o illərdə yaşananları yaşlı nəsildən, müstəqillik tariximizdən bəhs olunan kitablardan öyrənir, daha dolğun məlumatlar əldə etməklə bu günümüzə bir baxış keçiririk. Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında daim əksini tapan bu fikrini xüsusi qeyd etmək istərdik ki, bugünkü Azərbaycanı 10, 20 il bundan öncəki Azərbaycanla müqayisə etmək qeyri-mümkündür. Müstəqilliyimizin ilk illərində ölkəyə rəhbərlik edənlərin idarəçilik qabiliyyətlərinin yoxluğu, öz şəxsi maraqlarını dövlətin, xalqın maraqlarından, mənafeyindən üstün tutmaları ucbatından Azərbaycan adlı dövlət siyasi xəritədən silinmək təhlükəsi ilə üzzə qalmışdı. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın tarixində yeni bir mərhələnin təməlini qoydu. 1993-cü ildən başlanan inkişaf yolu uğurla davam edir. Son 12 ildə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın ən yüksək zirvələri fəth etməsinə stimul verir. Azərbaycan bu gün müxtəlif sahələri əhatə edən beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi üçün əsas məkan kimi seçilir. Müsahibəmizin əvvəlində mən ölkəmizin bu il ev sahibliyi etdiyi ilk Avropa Oyunlarından bəhs etdim. Ümumi şəkildə qeyd edə bilərəm ki, Azərbaycanda bu gün belə sürətli inkişaf varsa, bu, Azərbaycan gəncliyinin inkişafıdır. İlk Avropa Oyunları ölkəmizdə yüksək səviyyədə keçirildisə, bu reallığı biz gənclər düzgün təbliğ etməli, bizdən sonrakı nəslə həqiqətlərimizi olduğu kimi çatdırmalıyıq. İlk Avropa Oyunlarının açılış və bağlanış mərasimləri bir daha Azərbaycanın inkişafının hansı səviyyədə olduğunu dünyaya nümayiş etdirdi. Azərbaycan ilk Avropa Oyunlarna ev sahibliyi etməklə, eyni zamanda idman ölkəsi olduğunu təsdiqlədi. Azərbaycan bütün sahələrdə inkişaf edib, bu, ev sahibliyi etdiyi tədbirlərin miqyasından da aydın görünür.

Ulu öndər Heydər Əliyevin hər bir tezisi aforizmə çevrilərək, hər birimizin fəaliyyətinin önündə dayanır. Təbii ki, gənclərlə keçirilən görüşlərimizdə qarşıya qoyulan məqsədlərə, vəzifələrə bir daha diqqət yönəldilir. Ümummilli lider Heydər Əliyevin ideyalarının təbliğatçısı kimi səylərimizi artırırıq. Həftədə bir dəfədən az olmayaraq biz YAP Gənclər Birliyi İdarə Heyətinin üzvləri, rayon və şəhər təşkilatı Gənclər Birliyinin sədrləri ilə görüşürük, onların təkliflərini dinləyirik. Bir sözlə, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin ideyaları ölkəmizin bu gününə və gələcəyinə xidmət edir. Məhz bunun nəticəsidir ki, dövlətimizin başçısı İlham Əliyev bu fikri böyük inam və qətiyyətlə bildirir ki, bu gün Azərbaycan ən yüksək zirvələrdədir. Azərbaycan inkişaf etdikcə, gənclərimiz də inkişaf edir. Gənclərlə ənənəvi hal alan görüşlərimizdə bu inkişafımız faktlar əsasında açıqlanır. Eyni zamanda beynəlxalq səviyyədə də görüşlərimiz olur. Qarşılıqlı əlaqələrin inkişafı fonunda təkliflərimiz olur, birgə rəylər əsasında qarşıya qoyulan məqsədlərə nail olmağa çalışırıq. Bir sözlə, gənclərimiz onlara yaradılan imkanlardan maksimum istifadə etməkdə maraqlıdırlar və ardıcıl tədbirlər həyata keçirirlər.

- Azərbaycanın uğurlarının bələdçisi olan Yeni Azərbaycan Partiyasının bu gün cəmiyyətdə rolu və nüfuzunun artmasını necə şərh edərdiniz?

- Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası nəinki ölkənin, bölgənin aparıcı siyasi təşkilatıdır. Ölkədə keçirilən bütün seçki proseslərində Yeni Azərbaycan Partiyasının qələbəsi onu göstərir ki, monolit partiyadır, yenilikçidir. Partiyanın sıralarında 650 mindən artıq üzv birləşir. Bu rəqəm onu təsdiqləyir ki, partiyanın sıraları günbəgün kəmiyyət və keyfiyyət baxımından möhkəmlənir. Partiya üzvlərinin 40 faizdən çoxunu gənclər təşkil edir. Gənclərimiz onlara yaradılan şəraitdən məmnunluqlarını ifadə edirlər. Yeni Azərbaycan Partiyası, adından da göründüyü kimi, inkişafda olan bir partiyadır. Partiyanın beynəlxalq çərçivədə gördüyü işlər də göz qabağındadır. Məqsəd Azərbaycanın uğurlarının davamlılığına, təbliğinə öz töhfəmizi verməkdir. Partiyanın sıralarının günbəgün genişlənməsi ona olan inama əsaslanır. Partiya hər bir vədini konkret əməli işi ilə təsdiqləyir. Ən əsası yarandığı gündən dövlətə, xalqa xidməti fəaliyyətinin önündə saxlayan Yeni Azərbaycan Partiyası ötən dövr ərzində bu xəttə sadiqliyi ilə cəmiyyətdə yeri və rolunun artmasını şərtləndirmişdir. Dahi şəxsiyyət, ulu öndər Heydər ƏliyevinYAP dünənin, bu günün və gələcəyin partiyasıdırtezisi YAPn keçdiyi yolun aydın ifadəsini yaratmaqla yanaşı, gələcəyinə də işıq salır.

- Yusif müəllim, ölkəmiz parlament seçkiləri ərəfəsindədir. Gənclər ölkəsi olan Azərbaycanda bugünkü inkişaf gəncliyimizdə seçkilərlə bağlı hansı qənaəti yaradır?

- Ümumiyyətlə, hər birimizin sıralarında təmsil olunmağımızla qürur duyduğumuz Yeni Azərbaycan Partiyası hər zaman seçkilərə qatılanda qələbə gözləyir və bunun da şahidi oluruq. Azərbaycan gəncliyi sağlam düşüncəyə malik, reallıqları olduğu kimi dəyərləndirən gənclikdir. Azərbaycan reallıqlarının içərisində olan gənclərimiz seçkilərdə qələbəmizin qaçılmaz olduğunu çox yaxşı dərk edir və prosesdə fəal iştirak etmək üçün səylər göstərirlər. Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın əldə etdiyi biri-birindən əhəmiyyətli uğurlar bu qənaəti yaradır ki, Yeni Azərbaycan Partiyası bu seçkilərdə də böyük qələbə qazanacaq. Gənclərimiz bu prosesdə də yüksək fəallıq nümayiş etdirəcəklər.

- Səylərin birləşdirilməsi qarşıya qoyulan məqsədə yüksək səviyyədə nail olmaqda əsas amil kimi qeyd edilir. YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri olaraq, bu gün təmsil olunduğunuz təşkilatda hazırlıq işləri hansı səviyyədədir?

- Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyasının ilk rayon təşkilatı Nərimanov rayonunda yaradılıb. Bu baxımdan YAP Nərimanov rayon təşkilatı bu məsuliyyəti daha çox hiss edir. Bir gənc olaraq belə bir partiyanın sıralarında təmsil olunmağımla şərəf duyuram. YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin üzvləri arasında ali təhsil müəssisələrinin tələbələri, dövlət qulluğunda işləyənlər var. Ümumilikdə məqsədimiz birdir: dövlətimizə, xalqımıza xidmət edək, Azərbaycanı uğurlu gələcəyə inamla aparan cənab İlham Əliyevin ətrafında sıx birləşək. Ölkədə keçirilən hər bir seçki prosesində YAP Nərimanov rayon təşkilatı, onun Gənclər Birliyi fəal iştirak edib. Bu fəallıq qarşıdan gələn parlament seçkilərində bir daha özünü nümayiş etdirəcək. Hər bir rayon təşkilatı kimi, YAP Nərimanov rayon təşkilatının da tədbirlər planı var. Biz hər zaman yeniliyin, müasirliyin tərəfdarıyıq.

- Yusif müəllim, bir fəal gənc olaraq bugünkü gənclərə çağırışınız nədən ibarətdir?

- Bu gün əsas məqsədimiz, çağırışımız budur ki, Azərbaycan gəncliyi ölkə reallıqlarını, uğurlarımızı düzgün dəyərləndirsin, onların təbliğatçısına çevrilsin. Söhbət sağlam düşüncəli gənclikdən gedirsə, demək hər bir addıma, uğura sağlam düşüncə ilə yanaşmaq gərəkdir. Bu günlər Azərbaycanda gedən inkişaf o deməkdir ki, biz və bizdən sonra gələn gənc nəsil üçün yeni-yeni imkanlar yaranır. Bu imkanlardan maksimum istifadə etmək, inkişafın davamlılığına dəstək olmaq gərəkdir. Azərbaycanı istəməyən qüvvələrin apardıqları əsassız təbliğatlara qarşı biz öz birliyimizi, həmrəyliyimizi nümayiş etdirməliyik. Müxtəlif ölkələrdə cərəyan edən prosesləri görürük. İnformasiya- kommunikasiya texnologiyaları əsrində yaşayırıq. Təbii ki, hər kəs bu imkanlardan istifadə edərək, bu və ya digər ölkədə baş verən hadisələr barədə dolğun məlumat əldə etmək imkanındadır. Müqayisəli təhlillər əsasında bu gün Azərbaycanın inkişafın ən yüksək mərhələsində olduğunu görürük. Gənclərimiz möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşib, bu inkişafın davamlı olmasına öz töhfəsini verməlidirlər.

- Müsahibəyə görə sağ olun!

 

Yeganə Əliyeva,

 

İki sahil.- 2015.- 27 avqust.- S. 10.