Davamlı
sosial-iqtisadi inkişaf muxtar respublikada daha böyük nailiyyətlərin
əldə olunmasına zəmin yaradır
Naxçıvan Muxtar Respublikasında infrastrukturun yenilənməsi, müasir müəssisələrin, yeni iş yerlərinin yaradılması istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasının reallaşdırılmasına əsaslı töhfələr verib. Dövlətimizin başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi, müvafiq islahatların vaxtında aparılması, qəbul edilən dövlət proqramlarının icrası Naxçıvanda inkişafın yeni mərhələsinin başlanğıcını qoyub, tərəqqiyə yol açıb.
Böyük uzaqgörənliklə müəyyənləşdirilmiş bu inkişaf strategiyasının nəticələri son illərdə özünü daha qabarıq şəkildə büruzə verir, muxtar respublikanın şəhər və kəndlərinin siması köklü şəkildə dəyişilir. Hazırda Naxçıvanın hər bir sakini quruculuğun, sosial-iqtisadi inkişafın, davamlı yüksəlişin real nəticələrini öz gündəlik həyatında hiss etməkdədir. Bütün bunlar ümummilli liderimiz Heydər Əliyevin uğurlu siyasi xəttinin böyük uğurla davam etdirilməsi nəticəsində mümkün olub.
Həyata keçirilən məqsədyönlü siyasət və ərzaq təhlükəsizliyi proqramı nəticəsində hazırda muxtar respublikada sənaye müəssisələri, quşçuluq, heyvandarlıq, balıqçılıq, taxılçılıq, üzümçülük təsərrüfatları, kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, saxlanması, emalı və satışı kompleksləri yaradılıb, bir sıra ərzaq məhsulları üzrə daxili istehsal xeyli artıb. Bütün bu müsbət proseslər ümumi daxili məhsulun artımına səbəb olub. 2015-ci ilin yanvar-iyul aylarının nəticələri də belə deməyə əsas verir. Belə ki, muxtar respublikada cari ilin yanvar-iyul aylarında 1 milyard 294 milyon 428 min 200 manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2014-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 6,5 faiz artaraq 2935,9 manata çatıb.
Son 20 ildə muxtar respublikanın inkişaf prioritetləri nəzərə alınmaqla dövlətin infrastruktur və investisiya siyasəti ilə biznesin investisiya strategiyaları əlaqələndirilib və bu da müsbət nəticələrə rəvac verib. Təsadüfi deyil ki, son 20 ildə Naxçıvanın iqtisadi və sosial həyatında dinamik inkişaf prosesi davam edib, istehsal və xidmət sahələrində qazanılan uğurlar daha da artıb. Bir sıra istehsal sahələrində məhsul buraxılışının həcminin artması, investisiya fəallığının güclənməsi, sahibkarlığın stimullaşdırılması və təşəbbüskarlığa geniş meydan verilməsi muxtar respublikanın iqtisadi dayaqlarını xeyli möhkəmləndirib. Cari ilin yanvar-iyul aylarında iqtisadiyyatın əsasını təşkil edən sənayenin inkişaf etdirilməsi üçün rəqabətqabiliyyətli müasir istehsal sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində mövcud layihələrin icrası davam etdirilib, bu istiqamətdə stimullaşdırıcı tədbirlər həyata keçirilib. Bu sahədə mühüm malların istehsalının təmini muxtar respublikada sənayenin iqtisadiyyatda xüsusi çəkisini qoruyub saxlayıb. Təsadüfi deyil ki, Naxçıvanda yaradılan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Bu ilin yeddi ayı ərzində sənaye üzrə 566 milyon 401 min manat həcmində məhsul istehsal edilib ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricini 2,8 faiz üstələyib.
Naxçıvanda yeni
yolların çəkilməsi, köhnə yol-nəqliyyat infrastrukturunun
müasir tələblərə uyğun yenidən qurulması
daim diqqət mərkəzində saxlanılır. İndi muxtar respublikada hansı qəsəbəyə,
kəndə yol çəkilirsə, həmin ərazidə həm
də ən müasir tələblərə cavab verən yeni
infrastruktur yaradılır. Bu isə həyatın, sözün əsl mənasında, canlanmasıdır. Nahaq yerə
demirlər ki, müasir yol, müasir infrastruktur dövlətin
iqtisadi qüdrətini nümayiş etdirməklə yanaşı,
eyni zamanda, yeni həyatın başlanğıcıdır.
Cari ilin yanvar-iyul aylarında muxtar respublikada bu istiqamətdə
işlər uğurla davam etdirilib. Həmin
dövrdə infrastruktur quruculuğu çərçivəsində
əsas kapitala 558 milyon 821 min manat həcmində investisiya yönəldilib.
Bu da bir il öncəki göstəricidən 0,8
faiz çoxdur. Əsas kapitala yönəldilmiş investisiyaların 494 milyon 143 min manatı və ya 88,4 faizi tikinti-quraşdırma işlərinin payına düşüb.
Bu gün muxtar respublikada informasiya-kommunikasiya texnologiyaları sektoru da dinamik inkişaf edir. Bu il ərzində rabitə və yeni texnologiyalar sahəsində müsbət meyillər davam etdirilərək bir sıra uğurlu nəticələr əldə olunub, xidmət səviyyəsi xeyli yüksəldilib, rabitə xidmətlərinin həcmi artıb. 2015-ci ilin yanvar-iyul aylarında informasiya və rabitə xidmətlərinin həcmi 27 milyon 677 min manat olub. Bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz çoxdur. Mobil rabitə xidmətlərinin həcmi 23 milyon 290 min manat olmaqla, bir il öncəki göstəricini 1,8 faiz üstələyib.
Son 20 ildə Naxçıvanda inşa edilmiş su anbarları, hidroqovşaqlar, kanallar, drenaj şəbəkələri, subartezian quyuları aqrar sektorun, sahibkarlığın inkişafını sürətləndirib, yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsinə, içməli su və enerji təchizatının daha da yaxşılaşdırılmasına imkan yaradıb. Muxtar respublika iqtisadiyyatının ən vacib sahəsi olan kənd təsərrüfatında bu gün istehsalın və ixracın stimullaşdırılması, məhsulun rəqabətqabiliyyətliyinin artırılması və əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsinə dövlət dəstəyinin səmərəliliyinin yüksəldilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilib. Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin və institusional dəyişikliklərin müəyyənləşdirilməsi aqrar sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoyub, nəticədə, kənd təsərrüfatı məhsullarının istehsalı artıb. Cari ilin yeddi ayı ərzində 202 milyon 127 min manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricini 8,7 faiz üstələyib. Bu dövr ərzində muxtar respublikada 11,9 min ton ət (diri çəkidə), 57 min ton süd istehsal edilib, 2014-cü ilin yanvar-iyul ayları ilə müqayisədə ət istehsalı 5,5 faiz, süd istehsalı 1,4 faiz artıb.
Muxtar respublikada qazanılan iqtisadi uğurlardan bəhrələnməklə, ilk növbədə, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə, insanların güzəranının yaxşılaşdırılmasına mühüm önəm verilir, sosial məsələlərin həllinə böyük diqqət yetirilir. Həyata keçirilmiş sosial siyasət nəticəsində bu ilin yeddi ayı ərzində də Naxçıvanda əhalinin rifahının yüksəldilməsinə, onların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən çoxsaylı tədbirlər reallaşdırılıb. Nəticədə, əhali gəlirləri üzrə müsbət dinamika davam etməkdədir. Cari ilin yanvar-iyul aylarında muxtar respublikada əhalinin gəlirləri 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz artaraq 977 milyon 244 min manat, onun hər bir nəfərə düşən həcmi isə 4,3 faiz yüksələrək 2216,5 manat təşkil edib. Muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 392,8 manat təşkil edib və bu göstərici əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,2 faiz artıb.
Naxçıvanın sürətli iqtisadi inkişafında özəl sektorun, kiçik və orta sahibkarlığın rolu daha da güclənir. Özəl sektorun, kiçik və orta sahibkarlığın inkişafı təkcə biznes mühitinin yaxşılaşdırılmasının, yeni iş yerləri yaradılmasının göstəricisi deyil, həm də sistemli və elmi əsaslara söykənən islahatların nəticəsidir. Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanlarının davamlı olaraq yaxşılaşdırılması da aparılan məqsədyönlü siyasətin müsbət nəticələrindəndir. Cari ilin yeddi ayı ərzində muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 47 milyon 347 min manata yaxın kreditlər verilib. Bu da 2014-cü ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 44,2 faiz çoxdur. Bu sahədə nəzərəçarpan inkişaf, irəliləyiş bu gün də davam edir.
İqtisadiyyatın şaxələndirilməsi və dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə də müsbət təsir göstərib. Muxtar respublikanın xarici dövlətlərlə ticarət əlaqələrinin 1995-ci ilin səviyyəsini dəfələrlə ötməsi də bunu təsdiqləyir. Reallıq budur ki, Naxçıvanda istehsal olunan məhsullara maraq hər gün daha da artır və bu malları alan ölkələrin sırası getdikcə genişlənir. Bunun nəticəsidir ki, son illər ticarət dövriyyəsinin strukturunda mühüm dəyişikliklər baş verib. Bu baxımdan 2015-ci ilin ilk yeddi ayının nəticələri də diqqəti cəlb edir. Həmin dövrdə muxtar respublikada 242 milyon 222 min Amerika Birləşmiş Ştatları dolları həcmində xarici ticarət dövriyyəsi qeydə alınıb. İxracın həcmi son bir il ərzində 5,8 faiz artaraq 213 milyon 61 min dolları ötüb, idxalın həcmi isə 58,1 faiz azalaraq 29 milyon 161 min dollar həcmində olub. Xarici ticarət üzrə 183 milyon 900 min dollardan çox həcmdə müsbət saldo yaranıb.
Müasir dünyamızda turizm istənilən ölkənin milli dəyərlərindən birinə çevrilib. Ölkə iqtisadiyyatına çox böyük həcmdə gəlir gətirən turizm sektoru istər milli mənfəətə, istərsə də ölkənin dünyada tanınmasına ciddi təsir göstərir. Kontinentlərin və əlaqələrin yaranışından bu günə kimi regionun vacib keçid bölgəsi rolunda çıxış edən Naxçıvan 5 minillik mədəniyyətin beşiyidir. Bu təsirin yaratdığı fərqlilik, zənginlik Naxçıvana turizm diyarı kimi böyük üstünlüklər bəxş edib. Muxtar respublikanın hər bölgəsində fərqli təsirlərin şahidi olmaq mümkündür. Naxçıvan yalnız qədim, antik mədəniyyəti ilə deyil, həm də müasirliyi ilə fərqlənir. Qədim diyarımızı gözəlləşdirən, fərqləndirən, ona üstünlük bəxş edən amil də məhz budur. Bir sözlə, Naxçıvan həm qədim tarixi, həm coğrafi mövqeyi, həm də sahib olduğu füsunkar təbii gözəllikləri baxımından böyük üstünlüyə malikdir. Buna görə də muxtar respublikaya gələn turistlərin sayı hər il daha da artır. Belə ki, cari ilin yanvar-iyul ayları ərzində muxtar respublikaya 207 min 374 nəfər turist gəlib. Bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz və ya 6807 nəfər çoxdur.
Göründüyü kimi, muxtar respublikada optimal inkişaf modelinə üstünlük verilməsi mühüm sosial-iqtisadi və ictimai-mədəni problemlərin həllinə əsaslı təsir göstərib. Naxçıvanın 24 ildir blokada şəraitində yaşamasına baxmayaraq, cari ilin ilk yeddi ayı ərzində də bütün sahələrdə əldə edilən nailiyyətlər dediklərimizi təsdiq edir. Nəticə etibarilə, strateji əhəmiyyətə malik olan muxtar respublikanın sosial-iqtisadi, mədəni inkişafı onu regional cazibə mərkəzinə çevirib.
Rauf
Əliyev
İki
sahil.- 2015.- 28 avqust.- S. 9.