Gəncliyə örnək ömür
Həyatın mənası çox və yaxud az yaşamaqda deyil, cəmiyyətdə öz yerini tutmaq, mövqeyini müəyyən etmək və başqaları üçün nümunə olmaqdan ibarətdir. Təbii ki, hər kəs ona bəxş olunan ömrü özünəməxsus tərzdə yaşayır. Seçdiyi sənət, tutduğu mövqe isə bu özünəməxsusluğa daha bir çalar gətirir.
1940-cı ildə Vedinin Alməmməd kəndində anadan olan, Şərurun Yengicə kəndində böyüyüb boya-başa çatan Nəriman Məmmədov çox ağrılı-acılı həyat yolu keçib. Uşaq yaşlarından atasını itirən, çoxuşaqlı ailədə boyüyən balaca Nəriman məktəb yaşlarından ailəsinə kömək etmək məcburiyyətində qalıb. Həyatını həvəskar jurnalistikaya həsr edən N.Məmmədov uşaqlıq və gənclik illərindən danışdı: “Əziyyət çəkdiyimizi görən məktəb direktoru çalışqan və yaxşı oxuyan şagird olduğumu nəzərə alıb dərslərdən yayınmamam üçün ailəmizə kömək məqsədi ilə məni şagird istehsalat briqadiri və bağban təyin etdi. Eyni zamanda təşkilati işlərdə də fəallıq nümayiş etdirir, rayon və respublika mətbuatında mütəmadi olaraq yazılarım dərc olunurdu. Hətta o zaman mənim tənqidi yazılarımın kənd camaatına xeyri də olurdu. Reydlər keçirilirdi, neqativ hallar aradan qaldırılırdı. Bu, məni və ailəmi ruhlandırırdı. Hələ gənclik dövrlərimdən “Pioner”, “İşıqlı yol”, “Şərq qapısı”, “Sovet kəndi”, “Vışka”, “İnşaatçı” və bir çox mətbu orqanlarda yazılarım dərc olunurdu. Demək olar ki, bütün həyatım boyu düzgünlüyün tərəfdarı olmuşam. Fitnəkarlıqdan və qərəzdən həmişə uzaq olmuşam. Heç vaxt ucuz əmək dalınca qaçmamışam. Hərbi xidməti başa vurduqdan sonra ali təhsilimi Rusiyada almışam və iyirmi yeddi il Ukraynanın Jitomir şəhərində yaşamışam. Burada da jurnalistlik fəaliyyətimi dondurmamışam, “Trud”, “Veteran” qəzetlərində vaxtaşırı dərc olunmuşam. Bir müddət Hərbi jurnalistika ilə də məşğul olmuşam. Bu gün artıq yaşımın ahıl vaxtında istədiyim odur ki, gənclərimizə örnək olaq. Qoy bizim hansı çətinliklərə sinə gərib fəaliyyət göstərdiyimizi görsünlər. Fədakar olsunlar, əziyyətdən qorxmasınlar. Həyatda ancaq cəsarət və mərdliklə nəyəsə nail olmaq olar. Bu gün gəncliyə hər cür şərait yaradılıb. Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan bu siyasət nəticəsində Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır.
Ulu Öndərimizin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət eyni zamanda, müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq mahiyyət və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Belə ki, bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Bu ondan irəli gəlir ki, cənab Prezident gənclərə, malik olduqları bilik və bacarıq potensialları müqabilində bütün sahələrdə geniş meydan verməyin tərəfdarıdır və bunun təmin edilməsi üçün diqqət və qayğısını əsirgəmir. Gənclik bizim gələcəyimizdir. Həm də tarix yazanımızdır.”
Müəllim sözündən çox dayı sözündən xoşu gələn Nəriman dayı bu gün öz sözünü daha çox televerilişlər vasitəsilə söyləyir. İradını da bildirir, xoşuna gələni də qeyd edir. Bu günlərdə 75 yaşını qeyd edəcək Nəriman Məmmədov haqqında bir neçə ziyalımız fikir bildirmək istədi:
Əməkdar incəsənət xadimi, rejissor Şeyx Əbdül bildirdi ki, dünya yaranandan ağsaqqal, ağbirçək sözünə hər zaman ehtiyac duyulub: “Xalqımız hər zaman iki qanunu əziz tutub. Bir dövlət qanunumuzu, bir də ağsaqqal sözünü. Nəriman Məmmədovu da sayılan seçilən ağsaqqallardan biri kimi tanıyıram. Onu yubiley münasibətilə təbrik edir, gəncliyə örnək olan çalışqanlığını, sağlam ruhlu olmasını yüksək qiymətləndirirəm.”
Şair, jurnalist Tahir Məmmədli və şair Ağəli Ədiloğlu ürəyi həmişə Azərbaycanla döyünən cəfakeş insanı 75 illik yubileyi münasibətilə təbrik edərək bildirdilər ki, Nəriman Məmmədov bir jurnalist kimi fəaliyyəti, ədəb-ərkanı, vətənpərvərliyi ilə hər bir kəsə örnəkdir.
Biz də öz növbəmizdə Nəriman Məmmədovu 75 illik yubileyi münasibətilə təbrik edir, ona cansağlığı və həyatın enişli-yoxuşlu yollarında uğurlar arzu edirik.
Şəmsiyyə
Əliqızı,
İki sahil.-2015.- 14 avqust.-
S.12.