Korrupsiya, rüşvətxorluq
üçün meydanı
daraltmalıyıq
Dövlətimizin
başçısı İlham Əliyev son illər şəffaflıqla,
institusional islahatlarla bağlı atılan addımların bu
meydanı böyük dərəcədə
daraltdığını önə çəkərək, hələ
ki görüləsi işlərin çox olduğunu bildirir
“Azərbaycanda
aparılan islahatlara beynəlxalq maliyyə qurumları, mötəbər
beynəlxalq təşkilatlar tərəfindən çox
yüksək qiymət verilir. Əslində, bugünkü Azərbaycan
reallıqları bunu göstərir. Belə çətin
geosiyasi vəziyyətdə - həm siyasi, həm iqtisadi -
maliyyə böhranının mövcudluğu şəraitində
biz iqtisadiyyatımızı inkişaf etdiririk. Ancaq mən istəyirəm
ki, inkişaf daha da sürətli olsun. İnkişafa mane olan
bütün əngəllər, süni maneələr aradan
götürülsün. Bir çox hallarda bu süni əngəllər
yenə də korrupsiya və rüşvətxorluqla
bağlıdır. Ona görə, korrupsiya, rüşvətxorluq
sadəcə olaraq ictimai yara, xəstəlik deyil. Bu, bizim
iqtisadiyyatımıza çox böyük əngəldir, maneədir.
Ona görə, biznes mühitinin
yaxşılaşdırılması prioritet məsələ
kimi qeyd edilməlidir.” Dövlətimizin
başçısı İlham Əliyevin Nazirlər
Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında qarşıya qoyduğu bu vəzifənin
icrası təbii ki, hər bir dövlət məmurundan
öz səlahiyyətlərini lazımi və düzgün
şəkildə icra etməsini bir tələbə
çevirir. Cənab İlham Əliyev hər bir
çıxışında məmur-vətəndaş
münasibətlərinə diqqət yönəldərək
bildirir ki, hər bir dövlət məmuru xalqa xidmət etməlidir.
“Biz liberal iqtisadiyyat, bazar iqtisadiyyatı modelini
seçmişik və bu yolla gedirik. Görün, nə qədər
böyük uğurlar əldə etmişik. Əgər
ölkə daxilində mane olanlar olmasaydı gör, biz daha nə
qədər böyük uğurlar əldə edərdik.
Əgər rüşvətxorluq, korrupsiya, yoxlamalar,
lisenziyalar, haqqoyma olmasaydı, görün, büdcəmiz nə
qədər arta bilərdi?! Buna nə qədər dözmək
olar?! Artıq qurtardı, yəni, hövsələ tükənib.
Hər kəs nəticə çıxarsın. Nəticə
çıxarmasa, cəzalandırılacaq.” Ölkə
Prezidentinin bu fikirləri də ciddi mesaj kimi qəbul
olunmalıdır. Nəzərə alsaq ki, Azərbaycanı
qarşıdakı illərdə inkişaf etmiş ölkələr
sırasında görmək, yüksək gəlirli dövlətə
çevirmək, bu günə qədər 3 dəfədən
çox artan ümumi daxili məhsulun daha 2 dəfə
artırılmasına nail olmaq əsas hədəfdir, bu məqsədin
hər bir dövlət məmurundan, ölkə vətəndaşından
hansı məsuliyyəti tələb etdiyini geniş şərh
etməyə ehtiyac yoxdur. Məhz bu əsasda cənab İlham
Əliyev ictimai nəzarətin gücləndirilməsini vacib
amillərdən biri kimi qeyd edir: “İctimai nəzarət
olmadan korrupsiyaya, rüşvətxorluğa qarşı
mübarizədə biz qalib gələ bilmərik.”
Təbii
ki, istər sosial-iqtisadi göstəricilərə, istərsə
də beynəlxalq maliyyə qurumlarının hesabatlarına
və proqnozlarına diqqət yetirsək, bu gün Azərbaycanın
inkişafın hansı səviyyəsində olduğunu
aydın görərik. Prezident İlham Əliyev
ayrı-ayrı sahələrdə əldə olunan
uğurlardan geniş bəhs edərək, bu fikri dönə-dönə
qeyd edir ki, davamlı inkişafın təmin edilməsi
üçün bütün zəruri imkanlar mövcuddur. Məhz
dünya təcrübəsinə istinadən ulu öndər
Heydər Əliyev bildirmişdir ki, iqtisadiyyatı
güclü olan dövlət hər şeyə qadirdir.
Ümummilli liderin iqtisadiyyatın inkişafında neft amilinə
xüsusi önəm verməsi bugünkü
reallıqlarımız üçün əsas rolunu
oynayıb. Belə ki, neft gəlirlərinin səmərəli
istifadəsini təmin etmək, şəffaflıq prinsipini
qorumaq üçün dahi şəxsiyyət Heydər
Əliyevin böyük uzaqgörənliklə
yaratdığı Dövlət Neft Fondunun aktivləri
hesabına bu gün ölkəmizin hərtərəfli
inkişafını sürətləndirən sosial-iqtisadi
layihələr həyata keçirilir. Son 12 ildə
iqtisadiyyatın şaxələndirilməsi istiqamətində
atılan addımlar öz müsbət nəticəsini verir.
Cənab İlham Əliyev qeyri-neft sektorunun
inkişafını neft siyasətinin məntiqi davamı kimi dəyərləndirərək,
bu istiqamətdə biri-birindən əhəmiyyətli
addımlar atır. “Bir neçə il bundan əvvəl
dünyanı bürümüş iqtisadi və maliyyə
böhranı, eyni zamanda, bölgədə baş verən
xoşagəlməz hadisələr, toqquşmalar Azərbaycanın
uğurlu inkişafına təsir etməmişdir. Bunun
başlıca səbəbi Azərbaycanda ictimai-siyasi vəziyyətin
sabit olmasıdır, xalqla iqtidar arasındakı birlikdir və
bizim bütün proqramlarımızın uğurlu
icrasıdır. Azərbaycanın apardığı xarici və
daxili siyasət xalq tərəfindən dəstəklənir və
əminəm ki, bu il görüləcək işlər nəticəsində
Azərbaycan daha da güclənəcək” söyləyən
dövlətimizin başçısı İlham Əliyev bu
reallığı da hər zaman önə çəkir ki,
daxili resurslardan maksimum dərəcədə istifadə etməyə
və heç kimdən asılı olmamağa
çalışırıq: “İstəyirik ki, öz
yolumuzla gedək, xalqımız daha yaxşı
yaşasın, dövlətimiz daha da güclənsin.”
Beynəlxalq
Valyuta Fondu açıqladığı “Dünya İqtisadi
Proqnozları” adlı hesabatında Azərbaycan
iqtisadiyyatının cari ildə 4 faiz, gələn il isə
2,5 faiz artacağını proqnozlaşdırır.
Sösüz ki, Azərbaycanın iqtisadi artım proqnozunun
yüksəldilməsi uğurlu sosial-iqtisadi islahatlara, bu
günün reallıqları əsasında yeni-yeni hədəflərə
əsaslanır. “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasının başlıca
strateji məqsədi mövcud imkan və resursları nəzərə
almaqla, Azərbaycanda davamlı iqtisadi artım və yüksək
sosial rifah, səmərəli dövlət idarəetməsi və
qanunun aliliyi, insanların bütün hüquq və
azadlıqlarının tam təmin olunması və vətəndaş
cəmiyyətinin ölkənin ictimai həyatında fəal
statusu ilə səciyyələnən inkişaf mərhələsinə
nail olmaqdır. 2020-ci ildə Azərbaycan iqtisadi və siyasi cəhətdən
inkişaf etmiş, rəqabətqabiliyyətli ölkə
olacaq. Konsepsiyanın əhatə etdiyi dövr ərzində
qeyri-neft sektoru üzrə ÜDM-in orta illik real artım
tempinin 7 faizdən yüksək olması nəzərdə
tutulur. Hazırkı mərhələdə qarşıda
duran əsas vəzifə iqtisadiyyatın şaxələndirilməsini
sürətləndirmək, neft gəlirlərinin səviyyəsindən
asılı olmayaraq qeyri-neft sektorunun yüksək inkişaf
tempini gələcək illərdə də qoruyub saxlamaq və
onun ixrac imkanlarını genişləndirməkdir. Dövlətimizin
başçısı İlham Əliyev AMEA-nın 70 illik yubileyinə
həsr olunmuş ümumi yığıncaqda da bu məsələyə
xüsusi diqqət yönəltmişdir: “Ümumiyyətlə,
son illər ərzində bizim siyasətimiz ondan ibarət idi
ki, neft-qaz amilindən asılılığımızı
maksimum dərəcədə aşağı salaq, ölkə
iqtisadiyyatının şaxələndirilməsinə nail
olaq, bölgələrdə yeni iş yerlərinin, sənaye
müəssisələrinin yaradılması məsələlərini
həll edək. Hələ 2004-cü ildə birinci regional
inkişaf proqramının qəbulu məhz bu məqsədi
güdürdü. Şadam ki, bu proqramlar artıq
ardıcıllıqla icra edilir və bölgələrin
siması dəyişilib. Yeni müəssisələr, sosial
obyektlər, infrastruktur layihələri ölkəmizi gücləndirir
və neft-qaz amilindən
asılılığımızı böyük dərəcədə
azaldır. Əgər ümumi daxili məhsulumuzun strukturuna
baxsaq görərik ki, hazırda neft-qaz sektoru burada təqribən
30 faiz təşkil edir, gələcəkdə bu rəqəm
daha da aşağı düşməlidir. Ancaq bununla bərabər,
bu gün biz iqtisadiyyatın yeni modeli haqqında
düşünürük.”
Təkcə
cari ilin doqquz ayının sosial-iqtisadi göstəricilərinə
diqqət yetirək. İqtisadiyyat 3,7 faiz, qeyri-neft sektoru 6
faiz, sənaye istehsalı 2,1 faiz, kənd təsərrüfatı
6,7 faiz artıb. Əhalinin pul gəlirləri 5,8 faiz artıb.
Ölkə iqtisadiyyatına 16 milyard dollara investisiya qoyulub. 87
min yeni iş yeri yaradılıb ki, bunun 67 mini daimidir. Ölkə
Prezidenti Nazirlər Kabinetinin son iclasında bu məsələni
də diqqətdən kənarda qoymadı: “67 min daimi iş
yeri yaradılıb, 30 mini bağlanıb. Bax, bunun təhlilini
aparmaq lazımdır. Mənə məlumat verilsin ki, o iş
yerləri hansı səbəblər üzündən
bağlanıb. O müəssisələrin rəhbərlərini
dəvət etmək, soruşmaq lazımdır. Buna son
qoyulmalıdır. Əlbəttə, bunun obyektiv səbəbləri
də var. Amma subyektiv səbəblər də var. Gəlirlər,
əsassız tələblər irəli sürürlər,
sanki bunlara kimsə borcludur. Heç kim heç kimə borclu
deyil. Bu əməlləri törədənlər ciddi şəkildə
cəzalandırılacaq. Onlar bu çirkin əməllərdən
əl çəksinlər. Bu, ilk növbədə bizim siyasətimizə
ziddir. Digər tərəfdən, bu, imkan vermir ki,
iqtisadiyyatımız tam şəkildə inkişaf etsin,
sahibkarlar ölkədə rahat işləsinlər.”
Göründüyü kimi, sahibkarlığın
inkişafı dövlət siyasətinin əsasında
dayanır və bu istiqamətdə atılan addımlar
davamlılığı ilə diqqət çəkir. Cənab
İlham Əliyevin sahibkarlığın inkişafına xidmət
edən son sərəncamları bir daha bu reallığı
ortaya qoyur ki, özəl bölmənin inkişafı əsasdır.
Prezident İlham Əliyevin 19 oktyabr 2015-ci il tarixli
“Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq
(lisenziya) tələb olunan növlərinin sayının
azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi
prosedurlarının sadələşdirilməsi və şəffaflığının
təmin edilməsi haqqında” fərmanı, milli təhlükəsizlik
nazirinin vəzifəsindən azad olunması, nazirliyin bir
sıra vəzifəli şəxslərinə qarşı
cinayət işinə başlanılması, bunun ardınca
rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun vəzifəsindən
azad edilməsi, nazirliyin 10-dan artıq vəzifəli şəxsi
barədə həbs-qətimkan tədbirinin seçilməsi,
sahibkarlığın inkişafına maneə törədən
amillərin aradan qaldırılması üçün
qanunvericilik təşəbbüsü şəffaflığın
təminatına xidmət edən addımlardandır. Dövlətimizin
başçısı İlham Əliyev hər
çıxışında ölkənin davamlı
inkişafında şəffaflığın yüksək səviyyədə
qorunmasını vacib amil kimi önə çəkir.
Neft
gəlirlərindən səmərəli istifadə, şəffaflıq
prinsipinin yüksək səviyyədə qorunması
mühüm sosial-iqtisadi layihələrin həyata
keçirilməsini sürətləndirir. Cari iiln ötən
dövründə ölkə iqtisadiyyatına 16 milyard dollar
investisiya qoyulub ki, bunun da 9 milyard dolları daxili, 7 milyard
dolları isə xarici sərmayədir. Ümumi daxili məhsulun
75 faizini təşkil edən valyuta ehtiyatlarımızın həcmi
53 milyard dollara çatıb. Azərbaycan bu göstəriciyə
görə dünya miqyasında ən qabaqcıl yerlərdədir.
Hazırda “Azərbaycan Respublikasının məşğulluq
strategiyası” (2006-2015-ci illər), 2004-2008 və
2009-2013-cü illər üçün regionların sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramlarının davamı
olaraq “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci
illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”, “Bakı şəhərinin qəsəbələrinin
2006-2007 və 2011-2013-cü illər üzrə sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair Tədbirlər
Proqramı”nın davamı olaraq “2014-2016-cı illərdə
Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”,
“2008-2015-ci illərdə Azərbaycan Respublikasında
yoxsulluğun azaldılması və davamlı inkişaf
Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan
Respublikasında əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair Dövlət Proqramı” və
digər sənədlər icra olunmaqdadır. Ümumilikdə son on iki ildə
bir milyon 400 min yeni iş yeri yaradılıb. İşsizliyin
və yoxsulluğun səviyyəsi 5 faizdir. Dövlətimizin başçısı İlham
Əliyevin qeyd etdiyi kimi, əgər inkişaf etmiş ölkələr
sırasında addımlamağı əsas hədəf
seçmişiksə, bu göstəricilər qarşıya
qoyulan məqsədə yüksək səviyyədə
çatacağımıza böyük əsas verir. Yeni
mərhələnin əsas məqsədi iqtisadiyyatın rəqabət
qabiliyyətliliyinin yüksəldilməsinə və dünya
iqtisadi sisteminə səmərəli inteqrasiyasına nail
olmaqla uzunmüddətli perspektivdə ölkədə dinamik
sosial-iqtisadi inkişafın davamlılığını təmin
etməkdir. Təsadüfi deyil ki, Dünya
İqtisadi Forumunun qlobal rəqabətlilik indeksinə görə
sıraladığı 140 ölkə arasında Azərbaycan
40-cı yerdə qərarlaşıb. Rəqabət
reytinqinin formalaşmasında və onun davamlı olaraq
yaxşılaşmasında ölkədəki makroiqtisadi
sabitlik çox mühüm rol oynayır. Artıq
bir neçə ildir ki, Azərbaycan həmin reytinqin tərkibində
makroiqtisadi sabitlik üzrə birinci onluqdadır. Onu da nəzər almaq lazımdır ki, bu nailiyyətlər
dünyada dərin iqtisadi və maliyyə böhranın davam
etdiyi, xüsusən Avrasiya məkanında bu böhranın
daha da ciddi formalar aldığı bir dövrdə əldə
edilib.
Prezident İlham Əliyevin imzaladığı fərmanlarda,
təsdiq etdiyi iqtisadi siyasət sənədlərində
iqtisadiyyatın şaxələndirilməsi, biznes mühitinin
yaxşılaşdırılması kimi məqsədlərin
gerçəkləşdirilməsi üçün yerinə
yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilib. Ölkənin malik olduğu
iqtisadi potensialın gücləndirilməsi, hər bir regionun
malik olduğu potensialdan tam və səmərəli istifadə
olunması, yeni iş yerlərinin açılmasına şərait
yaradılması, sahibkarlığın inkişaf etdirilməsi,
sosial xidmətlərin həcminin, keyfiyyətinin və
ünvanlılığının əhəmiyyətli dərəcədə
artırılması, yoxsulluğun azaldılması
mühüm prioritet kimi qeyd edilir. Böyük əhəmiyyət
kəsb edən infrastruktur layihələrinin həyata
keçirilməsi, antiinhisar tədbirlərinin gücləndirilməsi,
“Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət
Proqramı”nın təsdiqlənməsi, “Dövlət
orqanlarının elektron xidmətlər göstərilməsinin
təşkili sahəsində bəzi tədbirlər
haqqında”, eyni zamanda “Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin
təmin edilməsi haqqında” fərmanlar bazar
iqtisadiyyatının əsas aparıcı qüvvəsi olan
sahibkarlığın inkşafına geniş yol açan
addımların davamlılığından xəbər verir.
“ASAN xidmət”in məqsədi məhz dövlət
orqanlarının hüquqi xidmətlərinin göstərilməsində
vətəndaşların rahatlığının, şəffaflığın
təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi,
müasir texnologiyaların, “bir pəncərə” prinsipinin tətbiq
edilməsi, dövlət qulluqçusu-vətəndaş
münasibətlərində yeni düşüncə tərzinin-”dövlət
qulluqçusunun vəzifəsi vətəndaşın
hüququnu təmin etməkdir” yanaşmasının
formalaşdırılmasıdır.
Elektron xidmətlərin sayının
artırılması vacib amil kimi önə çəkilir. Bu gerçəklik
də diqqətə çatdırılır ki, Azərbaycanın
daha yüksək pilləyə qalxması üçün
geniş imkanlar yaranır. Müəyyən
bürokratik əngəllərin aradan qaldırılması və
biznes mühitinin yaxşılaşdırılması istiqamətində
atılacaq yeni-yeni addımlar biznes cədvəlində Azərbaycanı
daha da yüksək pilləyə çıxaracaq. Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamları
ilə təsdiqlənmiş “Korrupsiyaya qarşı mübarizəyə
dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət
Planı” və “Açıq Hökumətin təşviqinə
dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət
Planı” da bu istiqamətdə işlərin
davamlılığına, problemin həllinə stimul verir.
Bir sözlə, ölkənin hərtərəfli
inkişafı dövlət siyasətinin əsasını təşkil
edir, kompleks tədbirlər nəticəsində qarşıya
qoyulan məqsədlər gerçəkliyə çevrilir.
Şəki Məhkəmə Kompleksinin yeni inzibati
binasının açılışında da dövlətimizin
başçısı İlham Əliyev bu vacib məqamı
bir daha diqqətə çatdırmışdır: “Son
vaxtlar Azərbaycan ictimaiyyəti görür ki, cəmiyyətdəki
mövqeyindən asılı olmayaraq korrupsiyaya, rüşvətxorluğa,
qanunsuzluğa yol vermiş şəxslər ciddi şəkildə
cəzalandırılır. Çünki cəmiyyətdə
heç kim toxunulmaz ola bilməz. Heç
kimin immuniteti ola bilməz. Qanun
qarşısında hər kəs bərabərdir. Ona görə cəza tədbirləri davam etdiriləcək.
Çünki əfsuslar olsun ki, buna hələ ehtiyac var.
Ancaq bununla bərabər, əlbəttə ki, sistem xarakterli,
institusional islahatların aparılmasına ehtiyac var. Biz
korrupsiya, rüşvətxorluq üçün, əgər
belə demək mümkündürsə, meydanı
daraltmalıyıq. Azərbaycanda hazırda elə
islahatlar aparılmalıdır və aparılır ki, bu
meydan daha da daralsın və bu bəla, bu yara aradan
götürülsün.” Cənab İlham
Əliyev bu inamı da ifadə etmişdir ki, son illər ərzində
şəffaflıqla, institusional islahatlarla bağlı
atılan addımlar korrupsiya, rüşvətxorluq
üçün meydanı böyük dərəcədə
daraldıb. Amma hələ ki görüləsi
işlər çoxdur.
Bütün bunlar onu təsdiqləyir ki, Azərbaycanın
hərtərəfli inkişafını həyata
keçirdiyi siyasətin önündə saxlayan dövlətimizin
başçısı İlham Əliyev inkişafa mane olan
bütün əngəllərin aradan götürülməsi
üçün ciddi səylər göstərir və
atılan addımlar öz müsbət nəticəsini verir.
Yeganə
Əliyeva
İki sahil.- 2015.- 9 dekabr.- S.14.