Siyavuş Novruzov: “Nardaran
hadisələrində İranın təsiri
var”
“Məsuliyyətə cəlb edilənlərin
ifadələri göstərəcək ki, keçmiş
nazirlər həbs olunmalıdır, ya yox”
Yeni Azərbaycan Partiyasının
(YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər
və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun
APA-ya müsahibəsi
-
2015-ci il başa çatmaq üzrədir və bu il Azərbaycan
üçün bir sıra hadisələrlə yadda
qaldı. Bəziləri bu proseslərin Azərbaycanda hakimiyyətin
durumunu çətinləşdirdiyini bildirir. Ümumiyyətlə,
başa çatmaqda olan ili necə xarakterizə edərdiniz və
bundan çıxış edərək növbəti ili necə
proqnozlaşdırmaq
olar?
- Mən deyərdim bu il ilk növbədə Azərbaycan
üçün uğurlu il oldu. Azərbaycan bir neçə siyasi,
ictimai, idman və humanitar aksiyalar həyata keçirdi. Ölkənin
iqtisadiyyatı inkişaf etdi. Baxmayaraq ki,
neftin qiymətinin düşməsi müəyyən problemlər
yaradır, amma vaxtilə əsası qoyulan uğurlu siyasətin
nəticəsi olaraq qeyri-neft sektorunun inkişafına
ayrılan diqqət Ümumi Daxili Məhsulun artımında
özünü göstərdi. Azərbaycan
ilk dəfə olaraq Avropanın ən böyük tədbirini
– ilk Avropa Oyunlarını keçirdi. Oyunlar
o qədər yüksək standartlarla təşkil olundu ki,
başqa dövlətlərin gələcəkdə bu
standartlara çatmaq üçün hansı addımları
atacaqları bəlli deyil. Çünki
növbəti illərdə bu oyunlar ayrı-ayrı ölkələrdə
keçirilməlidir. Həmçinin
ölkəmizdə bir sıra böyük forumlar təşkil
olundu. Həm humanitar forumlar, həm
tolerantlıqla bağlı bütün dünyanın mötəbər
siyasətçilərinin iştirak etdiyi tədbirlər
keçirildi. Bundan başqa, ölkədə
mühüm siyasi aksiya keçirildi ki, bu da növbəti
parlament seçkiləridir. Azərbaycan
Milli Məclisini xalq yenidən formalaşdırdı. Şəffaf və ədalətli seçki
keçirildi. Həm daxili müşahidəçilər,
həm ayrı-ayrı dövlətlərdən gələn
müşahidəçilər öz bəyanatlarında
seçkilərin azad şəkildə keçirildiyini
açıq ifadə etdilər. Bu seçki həm
müşahidəçilərin say çoxluğu ilə, həm
də keçirilən tədbirlərlə əvvəlkindən
fərqləndi. Dünyanın hər yerindən
müşahidəçilər iştirak edirdi. Bu, onu göstərdi ki Azərbaycan dünyanın
diqqətini cəlb edir.
Növbəti
il üçün də hesab edirəm ki,
Azərbaycan əsası qoyulmuş uğurlu siyasət sayəsində
öz inkişaf strategiyasını davam etdirəcək.
- ATƏT PA və qurumun Demokratik Təsisatlar
və İnsan Haqları Bürosu seçkiləri
müşahidə etməkdən imtina etdilər. Azərbaycan
tərəfi isə müxtəlif səviyyələrdə
bu qurumla əməkdaşlığa yenidən
baxılacağı barədə bəyanatlar verdi.
Əməkdaşlıq dayandırıla bilərmi?
-
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları
Bürosu əvvəldən Azərbaycana qarşı qərəzli
yanaşıb, Azərbaycan haqqında həmişə mənfi
rəy formalaşdırmağa çalışıb. Biz onları yenə də seçkilərə dəvət
etdik və bildirdik ki, 125 dairənin hər birinə 1
müşahidəçi gəlsin. Bu,
qısamüddətli müşahidəçilər barədə
idi. Bundan başqa, 6 nəfər də
uzunmüddətli müşahidəçi dəvət etdik.
Onlar isə bunun əvəzində 360 nəfər
müşahidəçi göndərəcəklərini
dedilər. Buradan sual doğur. Bu
sualı ATƏT PA-da da veriblər ki, nəyə görə
Azərbaycandan ərazisinə və əhalisinin sayına
görə dəfələrlə böyük olan Ukraynaya
200-ə yaxın, Rusiyaya cəmi 47 nəfər, Qazaxıstana
100-ə qədər müşahidəçi göndərildiyi
halda, bizə bu qədər çox göndərmək istəyirsiniz?
Cavabında dedilər ki, maddi imkanlarımız
məhduddur. İndi biz soruşuruq, bəs
Azərbaycana göndərmək lazım gələndə niyə
maddi imkanlarınız məhdud olmadı? Ermənistana
isə 60-dan yuxarı müşahidəçi göndərmirlər.
Bütün bunların hamısı bilavasitə
onların qərəzindən irəli gəlirdi. Biz də cavab verdik ki, tələbimiz bundan ibarətdir,
istəyirsiniz müşahidəçi göndərin, istəyirsiniz
göndərməyin. Amma artıq onların
məqsədi məlum idi. Müşahidəçi
məsələsi bəhanəydi. Onlar o bəyanatı
vermək üçün bəhanə axtarırdılar və
tapdılar. Ermənistanda keçirilən
seçkilərdə namizədlərə təzyiqlər
oldu, prezidentliyə namizədin birini güllələdilər,
ikili pasportla səs verildi və sair və ilaxır. Amma bütün bunların ardınca ATƏT-in bu
qurumu bəyan etdi ki, guya Ermənistanda azad seçkilər
keçirilib. Halbuki, minlərlə fakt
sübut edir ki, Ermənistanda heç vaxt azad seçki
keçirilməyib. Durub Əfqanıstanla
bağlı bəyanat verirlər ki, demokratik seçkilər
keçirilib. Əfqanıstan əhalisinin 80 faizi
heç yazı-pozunu bilmir, orda necə demokratik seçki
keçirilə bilər?..
Yəni bunlara harada maraqlıdırsa, orada seçkilərə
demokratik deyirlər. Harada tapşırıq gəlir ki,
demokratik keçirilən seçkilərə kölgə
salınsın, dərhal kölgə salırlar və sair.
Bu baxımdan da bizim onların
qarşısında heç bir öhdəliyimiz yoxdur. Biz Avropa Şurasının üzvüyük və
Avropa Şurası ilə əməkdaşlıq edirik. Onların da bilavasitə vəzifəsinə daxildir
ki, bu seçkilərin monitorinqini həyata keçirsinlər.
Onlar da keçirdilər və Azərbaycanda
azad, ədalətli seçkinin keçirilməsi ilə
bağlı bəyanat verdilər. O ki qaldı ATƏT ilə
bundan sonrakı münasibətə, əgər istəsələr,
əməkdaşlığı davam etdirəcəyik, istəmirlərsə,
bizim də onlarla əməkdaşlıq etməyə elə
də həvəsimiz yoxdur.
- Avropa Şurası demişkən,
bu qurumun baş katibi Tyorbyorn Yaqland ilk dəfə öz səlahiyyətindən
istifadə edərək Azərbaycanın Avropa İnsan
Haqları Konvensiyasını necə yerinə yetirməsi ilə
bağlı ölkəyə araşdırıcı missiya
göndərməyi qərara alıb.
-
Bilirsiniz, onlarla ölkə var ki, Avropa Şurasının
üzvüdür, lakin insan haqları ilə bağlı hər
hansı proseduru yerinə yetirmir. Hətta Avropa
Məhkəməsinin çıxardığı qərarları
icra etmirlər. Məsələn,
Böyük Britaniyada yerinə yetirilmir. Başqa
dövlətlərdə də belə hallar var, bəzən
görürsən ki, milli qanunvericiliyi beynəlxalq hüquqdan
üstün tuturlar. Hərdən o qədər
ədalətsiz qərarlar qəbul edirlər ki, nəticə
etibarilə bu cür proseslər yaranır. Artıq onların çıxardığı qərarların
ədalətliliyinə insanlarda ciddi şübhə
yaranır.
Azərbaycanda insan haqları ilə bağlı heç
bir problem yoxdur. Hər bir kəsin oxumaq, siyasi partiyalarda
birləşmək hüququ, dini etiqad azadlığı və
digər hüquqları var. Bunlar heç vaxt məhdudlaşdırılmır.
O vaxt məhdudlaşır ki, qanun pozulur. Azərbaycanda
məsuliyyətə cəlb olunan insanlar bu və ya digər
şəkildə qanunu pozduqları üçün məsuliyyətə
cəlb olunublar. Onların siyasi, peşə
fəaliyyəti ilə əlaqəli deyil. Amma onlar hesab edir ki, guya burada insan haqları pozulur.
Bu da onunla əlaqədardır ki, orada bəzi
şəxsləri erməni lobbisi maliyyələşdirir və
təbii ki, ermənilərin istəklərini yerinə yetirirlər.
Onlara ayrılan bu kimi qrantlar hesabına öz
funksiyalarını yerinə yetirmək əvəzinə,
başqa işlər – ölkələrdə
iğtişaşlar yaratmaq, insanları küçələrə
çıxartmaq, bir sözlə, qarışıqlıq
yaratmaq planlayırlar.
- ABŞ-ın Helsinki
Komissiyasının sədri Konqresə qanun layihəsi təqdim
edib. Layihədə Azərbaycan hakimiyyətinin yüksək vəzifəli
nümayəndələrinə sanksiya tətbiq edilməsi,
onlara viza verilməsinə qadağalar tətbiq olunması nəzərdə
tutulur.
- Mən
hesab etmirəm ki, o layihə Konqresdə qəbul olunacaq. Bu, sadəcə erməni lobbisinin növbəti həmləsidir.
Erməni lobbisi növbəti dəfə Azərbaycanın
adının hallandırılması, Azərbaycanın
reytinqinə təsir göstərilməsi üçün
ortaya nəsə atıb. Özü də
burada tək Azərbaycanın adı yox, 10-dan artıq ölkənin
adı var. Amma bəzi mətbuat vasitələri məqsədli
şəkildə Azərbaycanın adını kontekstdən
çıxardıb, qabardırlar. Ona
görə də inanmıram ki, Konqres bu layihəni qəbul
edib hansısa sərt qərar qəbul edəcək.
Azərbaycan antiterror əməliyyatlarında həmişə
iştirak edir, dövlətlərarası münasibətlər
normaldır.
Azərbaycana
ABŞ-dan bir ara səfir təyin olunan vaxt
da erməni lobbisi aranı qatmışdı. Metyu
Brayzaya imkan vermədilər bir ildən artıq işləsin.
Erməni lobbisinin basqısı ilə elə vəziyyət
yarandı ki, prezident xüsusi səlahiyyətindən istifadə
edib onu yalnız 1 il müddətinə səfir
təyin edə bildi. Sadəcə olaraq, erməni
lobbisi istəmirdi ki Azərbaycanı sevən, Azərbaycan-ABŞ
münasibətlərini gözəl inkişaf etdirəcək
biri bura səfir təyin olunsun. İndi
Konqresdə birdən görürsən ki, dinləmələr
keçirilir, Azərbaycanı söyürlər. Hamısı da vaxtilə burada bizneslə məşğul
olanlardır. Məsələn, o vaxtkı
səfir Kozlariç vaxtilə burada bizneslə məşğul
olub, özü də güzəştli bizneslə. İndi hansısa institutda çalışmasına
baxmayaraq, bütün günü Konqresdə Azərbaycanın
məsələsini qaldırır. Bütün
bunlar 100 ildir orada yaşayan erməni lobbisinin
ayırdığı maliyyə hesabınadır.
- Azərbaycan Milli Məclisinin
yeni tərkibi siyasi partiyaların təmsilçiliyi
baxımından da dəyişdi. Əvvəlkindən fərqli olaraq, artıq 3
tanınan partiya sədri parlamentdə təmsil olunmur və
onlardan ikisi - İqbal Ağazadə (Ümid Partiyası) və
İlyas İsmayılov (Ədalət Partiyası) nəticədən
razı deyil.
- Bu,
seçkidir. Seçkidə hər bir namizəd
çalışır ki, öz platformasını insanlar
qarşısında açıq qoysun. Seçici
də ona uyğun şəkildə səs verir. İkincisi, burada sosial baza və elektorat məsələsi
var. Bu, sırf seçkidir, təyinat deyil. Artıq parlamentdə yeni nəfəs, yeni insanlar
var. Gənclərin, qadınların sayı daha çoxdur.
İndi kimsə seçkinin nəticələrindən
narazıdırsa, aidiyyəti instansiyalar var, müraciət edə
bilər. Bu, onların
hüquqlarıdır. Amma artıq Azərbaycanın
Konstitusiya Məhkəməsi nəticələri təsdiq
edib və məsələ bitib. İqbal
Ağazadə və İlyas İsmayılov seçicilərin
səsini bu dəfə yığa bilməyiblər,
onların dəstəyini qazana bilməyiblər.
- Parlament seçkilərindən
sonra adətən Mərkəzi Seçki Komissiyasının
tərkibi yenidən müəyyənləşir. Əvvəl Milli Məclisdə təmsil olunan bir
neçə partiya bu dəfə parlamentə keçə
bilməyib. MSK ilə bağlı məsələ
necə olacaq?
- Belədir
ki, Milli Məclisin tərkibi yenidən seçildikdən sonra
MSK yenidən formalaşdırılmalıdır. Orada 6 nəfər
Yeni Azərbaycan Partiyasının, 6 nəfər bitərəflərin,
6 nəfər isə digər siyasi partiyaların nümayəndələri
olur, namizədlikləri müvafiq olaraq irəli
sürülür. Yəqin ki, növbəti
sessiyada bu məsələ parlamentdə həll olunacaq.
- Nardaran hadisələrinin
ardınca parlamentdə qanunvericiliyə edilən dəyişikliklər
birmənalı qarşılanmayıb, hətta bunu Azərbaycanda
dini ayinlərə, mərasimlərə təzyiq kimi xarakterizə
edənlər var. Bu barədə nə deyə bilərsiniz?
- Dəyişikliklərin
səbəbi qətiyyən Nardaran hadisələri deyil. Bu, sosial sifariş idi. Dünyada
dini ekstremizm geniş yayılıb. Söhbət
tək İslam dinindən getmir. Birdən görürsən
ki, Avropada müsəlmanlarla xristianlar arasında kütləvi
qarşıdurmalar yaranır, başqa-başqa ölkələrdə
silahlı münaqişələr var. Azərbaycanda da buna
meyl yaranıb və ölkəni tərk edərək o
ölkələrdə din adı altında münaqişələrə
axın edənlər var. Suriya, İraq və sair... Bununla əlaqədar biz qanunvericiliyimizi sərtləşdirdik
və yeni dəyişikliklər və əlavələr layihəsi
qəbul etdik ki, belə halların qarşısını
alaq. Bu məsələlərin əsas
mahiyyəti nədir? Açıq deyək,
son vaxtlar Azərbaycanın dövlət quruluşunun dəyişdirilməsinə
cəhdlər var. Yəni hansısa bir ölkənin
quruluşunun Azərbaycanda tətbiqini həyata keçirmək
istəyirlər. Azərbaycan xalqı isə
referendum yolu ilə öz müqəddəratını müəyyən
edib, dünyəvi dövlət yaradıb. Xalq hüquqi və demokratik dövlət qurub. Lakin bəzi şəxslər bəzi ölkələrin
təhdidi, sifarişi ilə Azərbaycanda dini dövlət,
başqa-başqa dövlət formalarının tətbiqinə
cəhd etməyə başlayıblar. Çağırışlar
edirlər. Ən əsası da bu
funksiyanı yerinə yetirmək üçün fəaliyyətə
başlayıblar. Bunların
qarşısı mütləq alınmalıdır. Ona görə də biz bu qanunvericilik dəyişikliyini
həyata keçirdik. Xaricdə təhsil
alaraq, gəlib Azərbaycanda dini ayinləri yerinə yetirənlərlə
bağlı məsələyə gəldikdə isə, bunun
özü də çox ciddi məsələdir. Məsələn,
ABŞ-da iki məsələyə xüsusi diqqət verilir:
1) ABŞ prezidenti mütləq ölkədə doğulan
ölkə vətəndaşı olmalıdır; 2)
İbtidai siniflərdə dərs deyən müəllim
mütləq ABŞ-da doğulmalıdır, ölkənin vətəndaşı
olmalıdır. Çünki uşağın ilk dəfə
şüurunun formalaşmasında, təlim-tərbiyəsində
rol oynayan şəxs Amerika psixologiyasına malik olmadan,
hansısa bir ölkənin psixologiyasını
daşıyıb o uşağın beyninə yeritdiyi təqdirdə,
uşaq artıq Amerika düşüncə tərzinə
malik olmayacaq. O baxımdan da dini ayinləri insanlara
çatdıran insan Azərbaycanda təhsil almalıdır.
Çünki o insan hansısa xarici ölkədə
oxuduğu müddət ərzində - hansı ki, erkən
yaşlarından etibarən 10 müddətinə təhsil
alır - bu müddətdə təhsillə yanaşı, həmin
ölkənin yaşam tərzini, təfəkkürünü,
düşüncələrini özü ilə
daşıyıb gətirir. Burada dini mərasimlərin,
ayinlərin yerinə yetirilməsində də o psixologiya ilə
hərəkət edir. Hətta bəzən
görürsən ki, o ölkələrdə oxuyan şəxs
oranın kəşfiyyat orqanlarının təsiri altına
düşür. İndi biz eyni zamanda
çalışırıq ki, öz ölkəmizdə bu
cür məktəblərin sayı artırılsın və
ibtidaidən başlayaraq uzunmüddətli bir dini təhsil
sistemi qurulsun ki, xaricə getməyə ehtiyac qalmasın.
Müxtəlif dini mədrəsələrin
yaradılmasını da düşünürük.
- Bu məsələ Azərbaycanın
bir sıra müsəlman ölkələri ilə dini təhsil
sahəsində əlaqələrinə və tələbə
mübadiləsinə zərər vurmayacaq? Məsələn,
başqa ölkələr iddia edə bilərlər ki, onlarda
təhsil alan məzunların burada
çalışmasına məhdudiyyətlər yaranır,
yaxud işlə təmin olunmur və s...
- Onlar sadəcə,
dini ayinləri yerinə yetirə bilməz. Məsələn,
məsciddə oturub xütbə oxuya bilməz. Axund və ya imam təyin oluna bilməz. Amma gedib Elmlər Akademiyasında çalışa
bilər, təhqiqat apara bilər, orta məktəbdə dərs
deyə bilər və sair. Bilirsiniz, Azərbaycanda
İslam modeli ən doğru modeldir. Bizdə din dövlətdən
ayrıdır, amma dövlət dinə həmişə
qayğı göstərir. Bu model çox
düzgün seçilmiş modeldir. Bunu dəyişdirməyə
cəhd göstərənlər isə çox yanlış
yoldadırlar.
- Nardaran hadisələrinə
qayıdaq. Nardaranda həyat tərzinin ölkənin digər
yerlərindən fərqli olduğu, orada dini qayda-qanunların
hökm sürdüyü hər kəsə məlum idi. Necə
oldu ki, dövlət məhz indi qəti addım atmağa qərar
verdi?
-
Nardaranda mütəmadi olaraq sosial problemlər adı
altında müxtəlif hadisələr baş verib. Nardaran camaatının böyük hissəsi
inanclı insanlardır. Lakin etiraf etmək
lazımdır ki, Nardaranda başqa dövlətin təsiri
altına düşənlər, həmin ölkədə təhsil
və təlim alanlar, oranın maliyyə diktəsi ilə hərəkət
edənlər var. Bir çox dini ekstremistlər də
oranı özlərinə baza seçmişdilər. Son hadisələr zamanı orada tutulanların əksəriyyətinin
Nardarana heç bir aidiyyəti yoxdur. Oranın
sakini deyillər, Azərbaycanın digər bölgələrindədirlər.
Baza kimi Nardaranı seçmək, orada gizlənmək, orada təlimlər
keçmək və ən əsası da, buradan mərkəzləşib
dövlət quruluşunun dəyişdirilməsi
planının qurulması bilavasitə o qəsəbənin
ölkə qanunları ilə deyil, özlərinin qurduğu
qaydalarla, daha dəqiqi, başqa dövlətin qaydaları ilə
idarə olunmasını pik nöqtəsinə
çatdırdı. Ona görə dövlət
hərəkətə keçdi. Artıq
məlumat çatmışdı ki, vəziyyət ciddi şəkil
alıb və orada toplaşan ekstremist insanlar digər bölgələrdə
də özlərinin yerli təşkilatlarını
yaradıblar. Əsas məqsəd isə
Azərbaycanın dövlət quruluşunun dəyişdirilməsidir.
Açıq şəkildə buna cəhd
göstərirdilər. Ayrı-ayrı
bölgələrə məktublar, müraciətlər
göndərirdilər. Yaxud başqa
bölgələrdən bəzi insanlar bu məqsədlə
Nardarana axın edirdilər, ekstremistlərə biət edirdilər.
Bütün bunların üstü
açılandan sonra orada təmizlənmə işinə qərar
verildi.
- Bu hadisənin ardınca qonşu
İranın bəzi ayətullahları, deputatları Azərbaycan
dövlətini qınadılar və orada həbs olunanları
qəhrəman elan etdilər. Siz başqa
dövlətin bu işə təsirindən
danışırsınız. Həmin
dövlət İrandır?
- Bəli.
Ümumiyyətlə, İran və Azərbaycanın
münasibətlərinin pozulmasına ciddi cəhd edənlər
var. İran parlamentinin təhlükəsizlik komitəsinin sədr
müavini, general Mənsur Həqiqətpur
Nardaran hadisələri barədə danışmazdan əvvəl
də Azərbaycanla bağlı çoxlu xoşagəlməz
bəyanatlar səsləndirib. Bu yaxınlarda
orada yerli televiziya kanallarının birində azərbaycanlılar
təhqir olundu. Baxmayaraq ki, Həqiqətpur
özü deputat kimi o bölgədən - Ərdəbildən
seçilib və deyilənə görə azərbaycanlıdır,
amma öz seçicilərinin hüquqlarını müdafiə
etmədi. İndi oradan bura guya
Nardaranın təəssübünü çəkir,
Nardaranda tutulan təxribatçı qrupların
hüquqlarının müdafiəsi ilə məşğuldur.
Həqiqətpur keçmiş kəşfiyyat
generalıdır və onunla bağlı Azərbaycanda cinayət
işi qaldırılıb. Vaxtilə
burada səfirlikdə çalışdığı müddətdə
təxribatçı əməllərlə, ermənilərə
məlumat ötürməklə məşğul olub. Onun Nardaranda da adamları var idi. Belələrinin
məkrli niyyətləri ilə Nardaranda inanclı insanlar təsir
altına alınmağa cəhd edilir. Yoxsa,
Nardaranda xeyli inanclı, ziyalı, vətənini sevən
insanlar var.
Ümumiyyətlə, İranın bu işdə
marağı olması məsələsinə gəldikdə,
açıq demək lazımdır ki, əlbəttə, hər
dövlət istəyir ki, yaxınlığındakı
ölkə onun istəyinə uyğun şəkildə
dövlət qursun. Biz isə istəyirik ki, dövlətimiz
azad, demokratik dövlət olsun. O baxımdan, yəni
bunların cəhdlərinə baxmayaraq, Azərbaycan öz
yolu ilə gedir. Qonşu dövlət təbii
ki, Azərbaycanın bu qədər inkişafını,
güclü və müstəqil dövlət olmasını
istəməz. Azərbaycanda söz, mətbuat
azadlığı var, azad telekanallar var, İnternet azaddır,
hər şey göz qarşısındadır. Bu da bəzilərinə sərf eləmir. Nəticə etibarilə də bu cür insanlar vasitəsilə
niyyətlərini həyata keçirirlər. Burada bəzi insanların şüuruna yeritməyə
çalışırlar ki, guya Azərbaycanın dövlət
quruluşu səhvdir və dəyişdirilməlidir.
- Nardaran hadisələrinin
ardınca “Günəşli” yatağında faciə baş verdi, insan itkisi oldu. Bu hadisə
ilə bağlı cəmiyyətdə birmənalı fikirlər
səsləndirilmir. Siz nə düşünürsünüz ?
- Bu,
sırf faciədir. İndi bununla bağlı
istintaq da gedir və öz nəticələrini
açıqlayacaq. Bilirsiniz, ən yüksək
texnologiyaya malik olan Yaponiyada da sunami qalxanda minlərlə insan
həlak olur. Yaponiyada AES qəzası
yarandı, nə qədər insan tələf oldu. Bizdə də bu, təbii fəlakət idi. Küləyin həmin gün güclü olması,
dənizdə təbii şəraitin çətinləşməsi
və sair amillər buna əsas yaratdı. Bütün təhlükəsizlik tədbirləri
yüksək səviyyədə nəzərdə
tutulmuşdu. Oradakı bütün
qayıqlar Cənubi Koreyadan alınmış son modellərdir.
Deyildiyi kimi köhnə deyil. Yəni dövlət üzərinə düşən
hər şeyi edib, edir və edəcək.
- Bu ərəfədə eyni zamanda
ölkədə milli təhlükəsizlik, rabitə və
yüksək texnologiyalar nazirləri səviyyəsində vəzifədən
azad edilmələr, ardınca isə o qurumlarda islahatlar,
kütləvi işdən çıxarmalar və həbs
dalğası başladı. Xüsusilə
MTN olayı ilə əlaqədar üzə
çıxan faktlar cəmiyyətdə şok yaratdı.
- Bəzən sadalayarlar ki, hansısa nazir nöqsan əsasında işindən kənarlaşdırılanda hökumət istefaya getməlidir və sair. Prezident ali icra hakimiyyətidir. Dəfələrlə cənab prezident bütün məmurlara xəbərdarlıq edib ki, borcunuz xalqa xidmət etməkdir, xalqı dövlətdən narazı salmayın. Lakin bəziləri yolunu azdı, tamah ardınca başqa istiqamətə getdi. Prezident də son dəfə xəbərdarlıq etdi ki, bu cür şəxslər nəinki işdən çıxarılacaq, hətta vəzifəsində xoşagəlməz əməllərə yol verənlər həbs olunacaq. Biz də bu gün şahidi oluruq ki, həmin insanlar cəzalandırılır. Amma insanlar gərək bunu adi hal kimi qəbul etsinlər. Əlbəttə, aidiyyəti strukturlar gərək vaxtında o qurumlardakı halları görüb, məsələ qaldıraydılar ki, bunlar daha da dərinə getməsin.
Hər iki qurumda baş verən bu hadisəyə hərə bir cür yanaşır. Təbii ki, burada xəyanət də, vəzifə səlahiyyətlərini aşma da, cinayət də var və sair. İndi bununla bağlı istintaq gedir və nəticəsi məlum olacaq. Keçmiş MTN-də aparılan struktur islahatı isə artıq bu qurumun daha mükəmməl işləməsinə əsas yaradacaq.
Digərləri də baş verənlərdən ibrət götürməlidir. Qalanlarına dərs olmalıdır ki, belə əməllərə yol verməsinlər.
- Siz necə
düşünürsünüz, hər iki qurumun
keçmiş rəhbərinin bu sadaladığınız məsələlərə
əsasən həbs olunma ehtimalı varmı?
- Bu, istintaqın işidir. Amma onu deyim ki, cənab prezident xəbərdarlıq etmişdi ki, qanunsuzluqlara yol verənlər həm işdən çıxarılacaq, həm də həbs olunacaqlar. İndi müxtəlif adamlar məsuliyyətə cəlb edilib. Onların verdiyi ifadələr göstərəcək ki, hər iki keçmiş nazir həbs olunacaq, ya yox.
İki sahil.- 2015.- 19 dekabr.- S.4; 7.