İlham Əliyev: Biz
qapılarımızı
sərmayələr üçün
açmışıq
Dövlətimizin
başçısı uğurlarımızın təhlili əsasında
bu reallığı diqqətə çatdırır ki,
iqtisadi və nəqliyyat layihələri ölkələri
birləşdirir, iqtisadi dividendlər gətirir
Dövlətimizin başçısı İlham Əliyevin “Əməkdaşlığımızın vacib elementi, əlbəttə ki, səylərimizin əlaqələndirilməsidir” fikri ulu öndər Heydər Əliyevin 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasından öncə söylədiyi “Dünya təcrübəsi göstərir ki, heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi olmadan, səylər və ehtiyatlar birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz” fikirlərinin davamı kimi dəyərləndirilir. Cənab İlham Əliyev Azərbaycanın ötən illərdə keçdiyi inkişaf yoluna, əldə etdiyi uğurlara diqqəti yönəldərək, bir daha bu reallığı qeyd edir ki, bu gün enerji təhlükəsizliyinə istənilən ölkənin milli təhlükəsizliyindən ayrı baxıla bilməz: “Enerji resursları nəinki çiçəklənmə, proqnozlaşdırma və sabitlik mənbəyi ola bilir, həmçinin bəzən rəqabət və düşmənçilik mənbəyinə də çevrilir. Fikrimizcə, bizim fəlsəfəmiz ondan ibarətdir ki, enerji resurslara sabitliyə, proqnozlaşdırmaya, əməkdaşlığa və qarşılıqlı dəstəyə töhfə verməlidir.”
Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri ölkələr, xalqlar arasında əməkdaşlıq körpüsü kimi dəyərləndirilir. Ölkəmizin siyasi iradəsi əsasında gerçəkləşdirilən layihələr iştirakçı, eyni zamanda digər dövlətlərin iqtisadi inkişafının dayanıqlılığının təmin edilməsində əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyev çıxışlarında bu məqamı da xüsusi diqqətə çatdırır: “Birmənalı olaraq, Azərbaycan, Gürcüstan və Türkiyə arasında regional əməkdaşlığa əsaslanan əlaqələndirilmiş səylər beynəlxalq bazarlara neft və qazın nəqli üçün başlanğıc mərhələdə müasir boru kəmərləri sistemini mümkün etdi.”
Dövlətimizin başçısı İlham Əliyev son illər ölkəmizin enerji siyasətini ardıcıl şəkildə irəliyə apardığını önə çəkərək, ötən il “Cənub” Qaz Dəhlizinin təməlinin qoyulmasını görülən işlərin zirvəsi kimi qiymətləndirir: “Əgər əvvəlki dövrlərdə dediyim məsələlər öz həllini tapmasaydı, bu gün “Cənub” Qaz Dəhlizindən söhbət belə gedə bilməzdi... Əlbəttə, biz gələcəkdə çalışmalyıq ki, bütün bu işləri tərəfdaş ölkələrlə birgə edək, əlaqələndirmə yüksək səviyyədə olmalıdır.” Bu reallıq da önə çəkilir ki, Azərbaycanın təşəbbüskarı olduğu “Cənub” Qaz Dəhlizinin icrası nəticəsində həm Azərbaycanın, həm də qonşu və Avropa ölkələrinin böyük fayda götürəcəyi, ölkəmizin bu sahədə də liderlik keyfiyyətlərini göstərdiyi inkaredilməzdir.
Son illərdə enerji layihələrinin coğrafiyasının genişləndirilməsi, şaxələndirmə siyasətinin iştirakçı dövlətlərin maraqları baxımından bir daha nəzərdən keçirilməsi, alternativ variantların gündəmə gətirilərək siyasi və iqtisadi əhəmiyyətinin beynəlxalq müzakirəyə çıxarılması bölgədə və dünya birliyində sabitlik və əmin-amanlığın möhkəmlənməsinə yönəlmiş qlobal məsələlərin danışıqlar vasitəsilə həllinə inamı artırır. Rəqabət qabiliyyəti baxımından MDB məkanında birinci olan Azərbaycanın iqtisadi uğurlarını təmin edən, regionda sülhün təminatı üçün səylərini artıran neft-qaz amilinin əhəmiyyəti bütün səviyyələrdə xüsusilə vurğulanır. Ölkə Prezidenti bildirir ki, biz öz enerji təhlükəsizliyimizi çoxdan təmin etmişik və bu gün başqa ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolumuzu oynayırıq. Bu rol müsbət roldur. Bunu bizim tərəfdaşlar qiymətləndirirlər. Azərbaycan heç vaxt öz enerji resurslarından başqa məqsədlər üçün istifadə etməmişdir. Bizim bu sahədəki fəlsəfəmiz və yanaşmamız ondan ibarətdir ki, enerji resursları əməkdaşlığı dərinləşdirməli, birliyi möhkəmləndirməlidir və əlbəttə ki, biz bu siyasəti apararaq öz milli maraqlarımızı təmin edirik. Bu gün həm bölgədə, həm dünyada bizim maraqlarımız təmin edilir.
2011-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında imzalanan “Cənub qaz dəhlizi haqqında” Birgə Bəyannaməni əlaqələrin inkişafında başlanğıc kimi dəyərləndirən Avropa İttifaqının təmsilçiləri Azərbaycanın bu gün qurumun ən böyük və etibarlı enerji tərəfdaşlarından biri olduğunu bildirirlər. Qeyd edək ki, həmin Bəyannamədə ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında rolu yüksək qiymətləndirilərək, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın mövcudluğu bildirilmişdir. Dövlətimizin başçısı bu əminliyi ifadə edir ki, imzalanmış sənədlər uğurla həyata keçiriləcək və Azərbaycan qaz potensialından öz xalqının rifahı, ölkəmizin gələcək inkişafı və Avropadakı tərəfdaşlarının enerji təhlükəsizliyinin təmin edilməsi üçün istifadə edəcək. Bu tərəfdaşlıq nəinki illər, onilliklər boyu olacaq.
Azərbaycanın şaxələndirilmə məsələsinə ilk yol açan ölkə rolunu oynaması Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun istər ölkəmizə səfəri çərçivəsində keçirdiyi görüşlərdə, istərsə də Avropa İttifaqının Azərbaycanla münasibətlərinə işıq salan açıqlamalarında xüsusi olaraq vurğulanır. X.M. Barrozu bildirmişdir ki, ölkəmiz öz ixrac imkanlarını genişləndirməklə Avropanın enerji təhlükəsizliyinin təminatına töhfələr verir. Ötən il “Cənub” Qaz Dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş təntənəli mərasimə videomüraciətində Joze Manuel Barrozunun səsləndirdiyi fikirləri xatırlatmaq istərdik: “Bu gün Azərbaycan Avropanın neft ixracatında mühüm rol oynayır. “Cənub” Qaz Dəhlizi yalnız kəmər deyil, XXI əsrin mühüm strateji, enerji dəhlizidir. “Cənub” Qaz Dəhlizi XXI əsrin layihəsi olacaq. Azərbaycan Avropa İttifaqına heç bir vaxt bu qədər yaxın olmayıb. Onun iqtisadiyyatı Avropa bazarları ilə sıx inteqrasiya olunub və bizim əlaqələrimiz daha geniş, təmaslarımız isə daha fəaldır. Avropa İttifaqı müasirləşmə islahatları ilə bağlı Azərbaycanın bütün təşəbbüslərini dəstəkləyir və müxtəlif sahələrdə daha da dərin münasibətlər yaratmaq istəyir.” Bu fikirlərin davamı olaraq, “Cənub” Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündə Avropa Komissiyasının Enerji Birliyi üzrə sədr müavini Maroş Şevçoviç bildirmişdir ki, layihəni birgə həyata keçirmək üçün özümüzü bir komanda kimi hiss edirik. Layihə doğrudan da marşrutların keçdiyi bütün ölkələrin inkişafına təkan verə bilər. Layihə eyni zamanda Avropa İttifaqının enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.
Dünya əhəmiyyətli enerji layihələrinin reallığa çevrilməsi ilə regional iqtisadi inkişafın aparıcı qüvvəsinə və Avratlantik məkanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən, iqtisadi artımın sürətinə görə dünya dövlətləri arasında birinciliyini qoruyan Azərbaycanın inkişaf strategiyası qabaqcıl təcrübə kimi nümünə göstərilir. Avropa İttifaqına daxil olan 27 dövlətin maraqlarına uyğun olan Azərbaycanın enerji siyasəti bolgədə regional əməkdaşlığın genişlənməsi üçün etibarlı təminatdır. Xarici ölkələrə səfərləri zamanı da Azərbaycanın iqtisadi imkanlarına diqqəti yönəldən, enerjinin nəql olunması sisteminin şaxələndirilməsində ölkəmizin rolunu xüsusi vurğulayan, gerçəkləşməsi çoxlarına əfsanə kimi görünən layihələrin reallaşması üçün təşəbbüskarlığını artıran Prezident İlham Əliyev bu mövqeyi açıqlayır ki, Azərbaycanın tərəfdaş, müəllif və təşəbbüsçü kimi iştirak etdiyi butun layihələrdə xalqın milli maraqları, dövlətin mənafeyi hər şeydən üstün tutulmalıdır.
Ölkəmizin qitə dövlətləri üçün etibarlı tərəfdaş olması dəfələrlə təsdiq olunmuş həqiqətdir. Prezident İlham Əliyev ölkəmizin daim marağında olan enerji layihələrinin şaxələndirilməsi prinsipinin diqqətdə saxlanılacağını vurğulamaqla qeyd edir ki, Avropa Azərbaycan qazı üçün mühüm bazara çevriləcək, eyni zamanda “Cənub” Qaz Dəhlizi enerji təhlükəsizliyinə xidmət edəcək önəmli layihədir. “Azərbaycandan Avropaya ixrac edilən qazın həcmi sırf “Şahdəniz-2” layihəsi ilə məhdudlaşmayacaq. Çünki bizim 2 trilyon kubmetrdən artıq təsdiqlənmiş qaz ehtiyatımız vardır.
Avropa ölkələrinin bəzilərinin enerji balansında Azərbaycan neftinin payı 30-40 faizə çatır” söyləyən Prezident İlham Əliyev respublikamızın enerji təhlükəsizliyinin təminatındakı rolunun artmasını neft strategiyasının uğuru kimi dəyərləndirir.
2012-ci ildə TransAnadolu-TANAP qaz boru kəmərinin tikintisi ilə əlaqədar Azərbaycanla Türkiyə arasında sazişin imzalanması, 2013-cü ildə TransAdriatik boru kəmərinin Avropaya əsas ixrac marşurutu kimi seçilməsi enerji sektorunda əldə olunan uğurların davamlılığının təsdiqidir. Məlum olduğu kimi, TAP Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi ilə İtaliyaya çatdıracaq. Dəyəri 2,2 milyard dollar həcmində proqnozlaşdırılan, əsas mənbəyi “Şahdəniz”in ikinci layihəsi olan TAP-ın səhmdarları İsveçrənin “AXPO” ( 42,5 faiz), Norveçin STATOYL (42,5 faiz) və Almaniyanın E.ON Ruhrqas ( 15 faizdir) şirkətləridir. Proqnozlara əsasən ikinci fazada 2016-cı ildə 10 milyard kubmetr mavi yanacaq Avropaya çatdırılacaq, sonra isə 20 milyard kubmetrədək artırılacaq.
TAP layihəsinin ölkələr arasında əlaqələrin inkişafına böyük töhfə verəcəyinə əminlik ifadə olunur. “TAP Azərbaycan, Yunanıstan, İtaliya və və Albaniya arasında münasibətləri daha da gücləndirəcəkdir. Biz Xəzər dənizi, Qafqaz və Avropanın yeni geniş regional əməkdaşlıq formatını yaradacağıq. Bu, bizim hamımıza fayda verəcəkdir. TAP layihəsinin reallaşması nəticəsində çoxlu işlər olacaq, minlərlə yeni iş yeri yaradılacaqdır. Bu da Azərbaycana Avropa bazarına enerjini təchiz etmək üçün yeni marşrutun yaradılmasından ibarət strateji məqsədləri tam yerinə yetirmək imkanını verəcəkdir” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, biz bu məqsədə nail olacağıq, çünki bu günədək işlər qrafik üzrə gedir. İtaliya rəsmiləri də Azərbaycan qazının Avropaya nəqli üçün TAP-ın seçilməsini alqışlayaraq bildirmişdilər ki, bu, Avropanın enerji təhlükəsizliyi və rəqabət qabiliyyətinin gücləndirilməsi, eləcə də İtaliyanın aparıcı ticarət tərəfdaşlarından olan Azərbaycanla ikitərəfli münasibətlərin genişlənirilməsi yolunda mühüm addımdır.
Göründüyü kimi, dünya enerji
bazarında mövqeləri möhkəmlənən, investisiya
imkanları artan Azərbaycanın təşəbbüsləri
dəstəkləndiyi kimi mövqeləri də möhkəmlənməkdədir.
Dövlətimizin başçısı bir məqamı da
xüsusi qeyd edir: “Birinci böyük layihələrin
icrası nəticəsində bizim şirkətlərimiz, demək
olar ki, ayağa qalxa bilmişlər, kapital, təcrübə
toplamışlar. Ondan sonra Azərbaycana investisiya qoymağa başlamışlar.
Mən də onlara bunu tövsiyə edirdim və eyni zamanda, Azərbaycanda
belə bir şərait yaratmışıq ki, buraya investisiya
qoymaq ən sərfəli yoldur. İndi başqa ölkələrə
investisiya qoymaq, əlbəttə ki, lazımdır və biz də
dövlət kimi bunu edirik.” Qeyd edək ki, son on iki ildə ölkə
iqtisadiyyatına 180 milyard dollar investisiya qoyulub. Bu fikir dövlətimizin
başçısı İlham Əliyev tərəfindən
hər zaman önə çəkilir ki, sabitlik iqtisadi
inkişafın əsasıdır: “Ölkədə çox
gözəl ab-hava vardır. Çox gözəl ictimai-siyasi
vəziyyət müşahidə olunur. Sabitlik tam şəkildə
təmin edilir. Sabitliyin qarantı Azərbaycan xalqıdır və
gördüyümüz işlərdir. Azərbaycan
xalqının rifahı, cəmiyyətdə bərqərar
olan ədalət, o cümlədən sosial ədalət və
xoşagəlməz hallarla mübarizə bu müsbət
meyilləri daha da gücləndirir.” Təbii ki, sabitlik olmasa,
hansısa inkişafdan, ən əsası investorların
ölkə iqtisadiyyatına böyük həcmdə vəsait
qoymasından danışmaq mümkünsüzdür. Ölkə
iqtisadiyyatına qoyulan investisiyaların həcminin ilbəil
artması Azərbaycanın bu gününə və gələcəyinə
olan inamdan irəli gəlir.
Ölkəmizin
iqtisadi və maliyyə imkanlarının artmasının, eyni
zamanda Azərbaycana olan inamın nəticəsidir ki, indiyədək
BTC, BTƏ kimi neft-qaz kəmərləri ilə Türkiyədən
keçməklə Avropa ölkələrinin enerji təhlükəsizlinin
təminatında iştirak edən Azərbaycan daha yeni-yeni
layihələrin təşəbbüskarı olmaqla iki və
çoxtərəfli əməkdaşlıqda maraqlı
olduğunu təsdiqləyir: “Azərbaycanın öz
böyük qaz ehtiyatları üçün iri bazarlara
ehtiyacı vardır. Avropanın da yeni qaz mənbələrinə
və marşrutlarına ehtiyacı vardır. Bizim icra etməyə
başladığımız “Şahdəniz”, TANAP və TAP
layihələri həqiqətən də şaxələndirmə
layihələridir. Çünki bu, sadəcə Avropaya
qazın təchizi üzrə yeni marşrut deyil, ən önəmlisi
bu, yeni qaz mənbəyidir. Bu, çoxhəcmli mənbədir.”
Qeyd olunanlar bir daha bu reallığın təsdiqidir ki, ölkəmizin iştirakçısı olduğu neft-qaz layihələri Azərbaycanı dünya miqyasında çox önəmli enerji hasilatçısı kimi ciddi ölkəyə çevirib. Azərbaycanın gələcəyə hesablanmış inkişaf strategiyası daha böyük uğurlara stimul verir. Neft gəlirlərinin idarə olunmasında şəffaflığın qorunmasında əsas rol oynayan Dövlət Neft Fondunun aktivləri hesabına gerçəkləşdirilən sosial-iqtisadi layihələr ölkəmizin hərtərəfli inkişafını daha da sürətləndirir. Neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafı Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi siyasətini uğurla həyata keçirdiyini təsdiqləməklə yanaşı, bu sahədə təcrübəsinin öyrənilməsini bir zərurət kimi gündəmə gətirir. Dövlətimizin başçısı İlham Əliyevin bu günlərdə Çinə dövlət səfəri ölkəmizin malik olduğu iqtisadi imkanların təqdimatında əhəmiyyətli rol oynadı. “Beləliklə, ölkəmiz inkişaf edir, bizim gələcək üçün böyük planlarımız var. Məqsədimiz Azərbaycanı dünyanın inkişaf etmiş ölkəsinə çevirməkdir. Düşünürəm ki, bunun üçün yaxşı imkanlar mövcuddur” söyləyən dövlətimizin başçısı İlham Əliyev diqqəti bir daha Azərbaycanın yerləşdiyi coğrafi məkana yönəldərək bildirmişdir ki, Avropa və Asiya qitələri ilə sıx bağlıdır. Lakin müstəqil ölkə kimi gəncdir. 24 illik müstəqillik tarixinə malik olan ölkəmiz bu dövr ərzində uğurlarla zəngin yol keçib. Bu illər transformasiya, inkişaf, modernləşmə illəri olub. Azərbaycanın iqtisadiyyatı dünyada sürətlə artan iqtisadiyyatlardan biridir. Cənab İlham Əliyev “İqtisadi və nəqliyyat layihələri ölkələri birləşdirir, iqtisadi dividendlər gətirir” fikirləri ilə bir daha birgə səylərin, qarşılıqlı təcrübə mübadiləsinin qarşıya qoyulan məqsədlərin gerçəkləşməsində əsas amil olduğunu təsdiqləyir. Bildirilmişdir ki, ölkələrin müxtəlif xarici siyasət prioritetləri, dünyada baş verən hadisələrlə bağlı fərqli baxışları ola bilər. Bu da təbiidir. Lakin iqtisadi əməkdaşlıq vasitəsilə qarşılıqlı anlaşma üçün daha yaxşı şərait yaratmaq olar. Azərbaycanın iqtisadi uğurları fonunda cənab İlham Əliyev bu fikri böyük inam hissi ilə qeyd etmişdir ki, ölkəmiz həmçinin xarici sərmayədardır. Azərbaycan investisiya cəlbediciliyini qorumaqla yanaşı, digər ölkələrə investisiya yatırır.
Dövlətimizin başçısı İlham Əliyev bu faktı da diqqətə çatdırmışdır ki, neft istehsal edən ölkələr arasında Azərbaycan inkişaf etməkdə olan azsaylı ölkələrdəndir. Gəlirlərimizin əhəmiyyətli dərəcədə aşağı düşməsinə baxmayaraq, bu il təxminən 4 faiz iqtisadi artım gözlənilir. Buna əsasən iqtisadiyyatın şaxələndirilməsi siyasəti nəticəsində nail olunub. “Biz qapılarımızı sərmayələr üçün açmışıq və adambaşına düşən investisiya, birbaşa xarici sərmayələrin həcmi çox yüksək səviyyədədir” söyləyən cənab İlham Əliyev bildirmişdir ki, sənaye sahələrini, infrastrukturu yaratmaq və sərmayədarları Azərbaycana dəvət etmək üçün vəsaitlərimizi investisiya etmişik. Cənab İlham Əliyev xarici sərmayələrin lazımi şəkildə qorunduğunu bir daha diqqətə çatıraraq bildirmişdir ki, Azərbaycan investisiyaların yatırılması nöqteyi-nəzərindən çox cəlbedici ölkədir.
Qeyd olunduğu kimi, hər bir səfər, eyni zamanda keçirilən mühüm tədbir ölkələrin malik olduğu imkanların təqdimatında, yeni-yeni prioritetlərin müəyyənləşdirilməsində xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan daim bu təqdimatda uğurla çıxış edir. Düzgün təmələ əsaslanan siyasət nəticəsində əldə olunan uğurlar inkişafın Azərbaycan modelinin mövcudluğunun nümayişidir. Dövlətimizin başçısı bildirir: “Bizim əsas məqsədimiz iqtisadiyyatımızın çox güclü qeyri-neft sektorunu yaratmaq, texnologiyaları inkişaf etdirmək, təhsil və elmə sərmayə yatırmaq və insanlarımız üçün daha yaxşı həyat şəraiti yaratmaqdır.”
Yeganə
Əliyeva
İki sahil.- 2015.- 19 dekabr.- S.2; 5.