Ekoloji problemlərin həlli
daim diqqət mərkəzindədir
Hələ 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ekoloji problemlərə həsr olunmuş müşavirədə dövlətimizin bu məsələyə böyük önəm verdiyini xüsusi olaraq diqqətə çatdırmışdır. Müşavirədə cənab Prezident ölkənin ekoloji vəziyyətinin dövlətin gündəlik diqqət mərkəzində olduğunu və bu sahədə genişmiqyaslı layihələrin reallaşdırılacağını bildirmişdir.
Azərbaycan dövlətinin müasir şəraitdə yaşıllaşdırma, abadlaşdırma, ekologiya və ətraf mühitin qorunması sahəsində gördüyü böyük işlərlə yalnız fəxr etmək olar. 1993-cü ilin iyun ayından etibarən dövlətin ətraf mühitin və ekologiyanın qorunması ilə bağlı həyata keçirdiyi hər bir işdə ulu öndər Heydər Əliyevin Azərbaycan təbiətinə vurğunluğu, əhalinin gümrahlığına və gələcək nəsillərin sağlam mühitdə böyümələrinə qayğısı əvəzsiz rol oynayıb.
Ümummilli lider Heydər Əliyevin ətraf mühitin mühafizəsi istiqamətində əsasını qoyduğu ekoloji siyasət bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın mövcud sosial-iqtisadi inkişafı bu sahəyə daha çox diqqət yetirməyə, böyük vəsait ayırmağa, irimiqyaslı layihələr həyata keçirməyə imkan verir. Son illər respublikamızda sosial-iqtisadi proseslər sürətlə inkişaf etdiyinə görə ekoloji siyasətdə yeni prinsiplərin işlənməsini, mövcud şəraitə uyğun strateji siyasətin yürüdülməsini zəruri edir. Artıq ekoloji siyasət dövlət proqramlarının qəbul edilib yerinə yetirilməsi şəklində həyata keçirilir. Bu proqramlarda nəzərdə tutulan işlər üçün konkret vaxtın və maliyyə vəsaitinin əks olunması ekoloji siyasətin sistemli və mükəmməl şəkildə həyata keçirilməsinə imkan yaradır.
2006-cı ildə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nı təsdiq etməsi ilə tədbirlərin sistemli şəkildə həyata keçirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi.
Bu Kompleks Tədbirlər Planında ətraf mühitin mövcud vəziyyətinin bərpasına yönəldilmiş bütün əsas fəaliyyət istiqamətləri öz əksini tapıb. Belə ki, Tədbirlər Planında Bakı buxtasının, Bibiheybət zonasının, Heydər Əliyev Beynəlxalq Aeroportunun ətrafının, Abşeron yarımadasının göllərinin, neftlə çirklənmiş torpaqların, lay suları altında qalmış sahələrin və digər istehsal tullantıları ilə çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, bərk məişət tullantılarının idarə olunması sxeminə uyğun Bakı və Sumqayıt şəhərlərində formalaşan tullantıların idarə olunmasının təkmilləşdirilməsi və s. məsələlərin həlli mexanizmləri dəqiqliklə göstərildi.
Azərbaycan Prezidenti cənab İlham Əliyev ekoloji problemlərin həlli sahəsində qarşıda duran vəzifələri belə səciyyələndirmişdir, “Bu gün ekoloji məsələlərin həlli vacib məsələlərdən biridir. Ona görə yox ki, bütün dünyada bu məsələlərə böyük diqqət göstərilir. Ona görə ki, bu gün Azərbaycanın qarşısında həllini gözləyən əsas məsələlərdən biri ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır. Abşeron yarımadasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına böyük ehtiyac var. Bizim hamımız bunu bilir və elə etməliyik ki, Bakı, onun ətrafı, bütün Abşeron yarımadası ekoloji cəhətdən ən təmiz bölgəyə çevrilsin.” Cənab Prezidentin bu tapşırığını yerinə yetirmək məqsədilə respublikada yaşıllaşdırma ilə bağlı müasir metodlara əsaslanan layihələr həyata keçirilir.
Son illər ərzində Bakı və Abşeron yarımadasının yaşıllaşdırılması ilə bağlı müasir metodlara əsaslanan irimiqyaslı layihələr həyata keçirilmiş, 3322 hektar ərazidə 3 milyon 472 min ağac əkilmiş, 9 min kilometrə yaxın əraziyə müasir damcılı suvarma sistemi çəkilmişdir.
Yaşıllaşdırma ilə bağlı görülən işləri də təqdirəlayiq hesab etmək olar. Azərbaycan Respublikası Prezidentinin “Magistral avtomobil yollarının mühafizə zolaqlarının yaşıllaşdırılması haqqında” və “Bakı şəhərinin yaşıllaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamları bu istiqamətdə görülən işlərin sürətlənməsinə zəmin yaratmışdır. Belə ki, yolların estetik görünüşünün yaxşılaşdırılması və mühafizə zolaqlarının erroziyadan mühafizəsi məqsədilə Ələt-Haciqabul magistral yolunun hər iki tərəfində, Bakını Heydər Əliyev Beynəlxalq Aeroportu ilə birləşdirən yollarda, Zığ gölü və Beynəlxalq Hava Limanı yolu boyunca gözəl yaşıllıqlar salınıb. Bakı-Şamaxı yolunun üstündə salınmış meşəliklər də bu istiqamətdə görülən işlərin nəticəsidir. Azərbaycan əhalisi bu təşəbbüsə böyük ruh yüksəkliyi ilə qoşulmuşdur. Bunun nəticəsidir ki, bu gün şəhər və rayonlarımızda yaşıllaşdırma işində böyük canlanma var.
Son zamanlar meşələrin qorunması və yeni meşə zolaqlarının salınması ekoloji mühitin sağlamlaşdırılmasında çox əhəmiyyətli rol oynayır. Lakin əfsuslar olsun ki, bu gün meşələrimizin qorunması işində müəyyən laqeydlik hiss olunur. Dövlətimizin başçısı bildirmişdir ki, meşələri qıranlar cəzalandırılmalıdır, onlara qarşı ciddi tədbirlər görülməlidir. Son illər kəndlərimizdə aparılan qazlaşdırma meşələrin qırılmasının qarşısını xeyli almışdır. Gələcəkdə bu proses davam etdiriləcək. Lakin Bakıda yaşıllıqlara laqeyd münasibət, ağacların qanunsuz kəsilməsi halları hələ də davam edir.
Bundan başqa, ölkəmizdə keçirilən birinci Avropa Oyunlarına hazırlıq mərhələsində paytaxtın ən çox çirklənməyə məruz qalmış ərazilərindən olan Böyük şor gölü və Bayıl mədənləri ərazisində möhtəşəm abadlıq və ekoloji cəhətdən təmizləmə layihələri həyata keçirilmiş, həmin ərazilərdə indi artıq bütün dünyada məşhur olan Bakı Olimpiya Stadionu və Su İdman Oyunları Kompleksi inşa olunmuşdur. Hər iki idman obyektinin ətrafı aylardır ki, paytaxt əhalisinin ən çox istirahət etdiyi ünvanlardan birinə çevrilib.
Bir sözlə, Azərbaycan dövlətinin iqtisadi qüdrəti artdıqca, ölkənin digər problemləri kimi, ekoloji problemlərin həlli istiqamətində də mükəmməl addımlar atılır və xalqımızın hər bir nümayəndəsi həmin layihələrin nəticəsindən bəhrələnir.
Azərbaycanda dövlətin ekoloji siyasətində iqtisadi inkişafın tarazlıqla vəhdət təşkil etməsi üstünlüyün ətraf mühitin qorunmasına verilməsi, ekoloji problemlərin ilk növbədə həll olunması, gələcək nəsillərin imkanları məhdudlaşdırılmadan çağdaş nəsillərin rifahının yaxşılaşdırılması ön xəttə çəkilmişdir.
Mənsumə
Babayeva
İki sahil.- 2015.- 22 dekabr.- S.21.