Xarici siyasət: Azərbaycan
nümunəsinin bir sıra məqamları
Müasir şəraitdə dövlətlərarası münasibətlər mürəkkəb xarakter daşıyır. Müxtəlif regionlarda özünü göstərən münaqişələr bütövlükdə ziddiyyətli mənzərə yaradır. Belə bir şəraitdə uğurlu xarici siyasət aparmaq olduqca çətin məsələdir. Lakin Azərbaycan rəhbərliyi bunun öhdəsindən böyük uğurla gəlir. 2014-cü ildə bu istiqamətdə müşahidə edilən proseslər həmin fikrin doğruluğunu tam təsdiqləyir. Onların hətta bir qisminin belə qısa təhlili Bakının son dərəcə təmkinli strateji mövqe tutduğunu göstərir. Azərbaycanın xarici siyasətini bütün region üçün nümunə kimi qəbul etmək olar. Əslində, real proseslərin məntiqi bu qənaətin doğruluğunu sübut edir.
Mürəkkəb vəziyyət:
geosiyasətin ziddiyyətləri
2014-cü ildə
dünyanın geosiyasi mənzərəsi
mürəkkəbliyi ilə seçildi. Bir sıra ölkələr arasında
münasibətlərdə gərginlik müşahidə edildi. Şərqi Avropada yeni münaqişə ocağı meydana gəldi. İndi də
Ukrayna ətrafında vəziyyət
qeyri-müəyyəndir. Burada hərbi əməliyyatlar
şiddətlənib və tərəflərin bir-birinə
güzəştə getmək fikrində olmadığı hiss edilir. Yaxın Şərqdə
isə İŞİD terroru davam edir. Mütəxəssislər
bu hadisənin bir çox regionlara təsir
edə biləcəyindən ehtiyatlanırlar. ABŞ hərbi
komandanlığının yaydığı informasiyaya
əsasən, İŞİD-in komandir heyətinin 50 faizi
məhv edilsə də, bu təşkilat böyük təhlükə olaraq
qalır. Hətta ona qarşı İran-ABŞ koalisiyasının yarana biləcəyi də vurğulanır.
Nəhayət,
2014-cü ilin sonlarında neftin qiymətinin sürətlə
aşağı düşməsi faktiki olaraq vəziyyəti dəyişdi. Bir sıra ölkələr böhrana
düşdü, neft idxal edənlər isə qazanmağa
başladılar. Bu isə qlobal
miqyasda indiyə qədər mövcud olmuş
balansın pozulmasına səbəb olur.
Bu cür şərtlər
daxilində uğurlu xarici
siyasət həyata keçirmək böyük
ustalıq tələb edir. Azərbaycan buna nail olub.
Rəsmi Bakı 2014-cü ildə bir çox istiqamətlərdə yaddaqalan addımlar atıb. Bunu
hər kəs etiraf edir.
Əslində, əldə olunan konkret nəticələr təsdiqləyir ki, Azərbaycanın xarici
siyasəti kifayət qədər çevik
və səmərəli prinsiplər əsasında qurulub. Bu aspektdə bir sıra məqamlar üzərində geniş dayanmaq olar.
Hər
şeydən əvvəl onu vurğulayaq ki, ölkə
diplomatiyası Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi üçün xeyli fəallıq
göstərib, o cümlədən beynəlxalq
təşkilatlarla əməkdaşlığını daha da genişləndirib. İntensiv cərəyan edən bu prosesdə
iki səviyyəni ayrıca qeyd etməyə ehtiyac görürük: birincisi,
ikitərəfli və üçtərəfli əlaqələrin
inkişaf etdirilməsi; ikincisi,
müxtəlif təşkilatların tərkibində fəaliyyətin
gücləndirilməsi.
Xarici siyasətdə bu cür
aktivlik müasir dövrün tələbidir. Çünki
indi dünya üzrə
qarşılıqlı əlaqələr o
dərəcədə dərinləşib və inkişaf edib ki, yaranmış vəziyyətdə
yalnız çoxvektorlu siyasət yeritməklə
uğur qazanmaq mümkündür. Sevindiricidir ki, Azərbaycan diplomatiyası məhz bu metodla işləyir və
böyük nailiyyətlər əldə
edir. Bir neçə misal göstərə bilərik. Keçən
il Prezident İlham Əliyev İran
və Rusiyaya səfər edib.
Türkiyə və Gürcüstan
Prezidentləri də Azərbaycana gəliblər. Bunlar adi səfərlər
deyildi. Ölkə başçısı
İlham Əliyev olduqca
səmərəli və aktiv fəaliyyəti
ilə hər xarici səfərində milli dövlətçilik üçün
böyük əhəmiyyətli
razılaşmalara nail olur.
Azərbaycana gələn
xarici ölkə başçıları
ilə də yüksək səviyyədə
danışıqlar aparılır ki, bunun da bəhrəsini hər
bir kəs görür.
Eyni zamanda, 2014-cü
ildə hökumət başçıları və nazirlər
səviyyəsində də maraqlı görüşlər olub. Məsələn, 20 ölkənin xarici işlər nazirləri Azərbaycana səfər
ediblər. Onların sırasında Niderland,
İspaniya, İsrail,
Rusiya, Avstriya və Almaniya kimi dövlətlərin
XİN rəhbərləri də vardır. Bu
cür təmaslarda ölkələr
arasında ikitərəfli əməkdaşlığın yeni səviyyəyə qalxması üçün əlavə fürsətlər
yaranır. Təsadüfi deyil ki, məhz 2014-cü ildə Azərbaycanda Kolumbiya, Malayziya, İsveç, Meksika, Xorvatiya, İspaniya və Estoniya səfirliklərinin ofisləri
açılıb. Prezident ölkəmizin
Əlcəzairdə səfirliyinin açılması
haqqında sərəncam imzalayıb. Bakıda Sloveniya və Makedoniyanın fəxri
konsulluqları fəaliyyətə başlayıb.
Bu proseslərin fonunda
Azərbaycan Prezidentinin bir
təşəbbüsü bütövlükdə müasir diplomatiya üçün nümunə ola
bilər. Biz, üçtərəfli əməkdaşlıq
formatının tətbiq olunmasını nəzərdə tuturuq. 2014-cü ilin
mayında Türkiyə, Gürcüstan və
Azərbaycan dövlət başçıları Tbilisidə
görüş keçirdilər. Bununla bağlı ölkə rəhbəri İlham Əliyevin dediyi
fikirlər olduqca maraqlıdır və məsələnin
aktuallığını tam olaraq göstərir: ''Hazırda bu üçtərəfli format
nəinki regionda, hətta dünya
miqyasında belə böyük maraq doğurur. Bu, əslində,
nadir bir formatdır. Çünki burada üç müstəqil dövlət
artıq bərabərhüquqlu münasibətlər –
qarşılıqlı maraq və
bir-birinə hörmət əsasında müasir,
mədəni, xalqlarımızın maraqlarına cavab verən münasibətlər qurmuşdur. Hesab edirəm
ki, bu təcrübə
başqa ölkələr üçün
də cəlbedici ola bilər''.
Üçtərəfli əməkdaşlıq
formatı
və
beynəlxalq dəstək:
ağır
zəhmətin bəhrəsi
Həmin kontekstdə
üçtərəfli əməkdaşlığın üstünlüyünü göstərən
iki faktora diqqət
yetirmək olar. Birincisi
ondan ibarətdir ki, regional miqyasda səmərəli
əlaqələr qurmağın yeni
imkanları meydana gəlir. Buraya Azərbaycan-İran-Türkiyə və
Azərbaycan-Türkiyə-Türkmənistan əməkdaşlıq
formatını da əlavə etmək gərəkdir.
Coğrafi olaraq bu, geniş bir ərazidə inteqrasiya
proseslərinə güclü təkan
vermək deməkdir. Buradan ikinci faktorla bağlı fikir söyləməyə ehtiyac
duyulur.
Bu, faydalı təhlükəsizlik sisteminin formalaşdırılması
şansının meydana gəlməsidir.
Məlumdur ki, təhlükəsizlik
hazırda son dərəcədə aktual bir problemdir.
Dünyanın heç bir
regionu təhdidlərdən, sabitliyi pozan proseslərdən
sığortalanmayıb. Ona görə də
perspektivli təhlükəsizlik mexanizminin axtarışı ciddi
problemdir. Hesab edirik ki, Azərbaycanın
təklif etdiyi ikitərəfli və
üçtərəfli əməkdaşlıq formatı bu baxımdan olduqca
maraqlı görünür. Çünki burada faktiki olaraq iqtisadi, sosial, enerji, hərbi və siyasi
sahələrin bir-birinə uyğun şəkildə
inkişaf etdirilməsi, həmin əsasda
əməkdaşlığın genişlənməsi nəzərdə
tutulur. Hazırda bu
istiqamətlərdə Azərbaycan, Gürcüstan
və Türkiyə arasında ciddi əlaqələrin
mövcud olduğunu
deyə bilərik. Bunun nəticəsidir ki, Cənubi Qafqazda sabitliyi qorumaq mümkün olur.
Bu məqamda Azərbaycan xarici
siyasəti üçün də böyük əhəmiyyəti olan bir faktı vurğulamaq gərəkdir. Ermənistan Azərbaycanın
təklif etdiyi əməkdaşlıq
formatlarında yoxdur. Bu, kimisə süni
surətdə təcrid etmək yox, qonşu dövlətin torpaqlarını işğal etmiş təcavüzkarı
sülhə dəvət etmək deməkdir. İrəvan zəbt
etdiyi Azərbaycan ərazisindən
qoşunlarını çıxarsa, onun üçün də regional
əməkdaşlıq formatlarında iştirak
etmək imkanları yaranacaq. Deməli,
ermənilərin üçtərəfli əlaqələrə
cəlb edilməməsi şüurlu və
məqsədyönlü şəraitdə, regionun
sabitliyi naminə baş
verir. Bütün bunlara görə, Prezident
İlham Əliyevin
vurğuladığı kimi, Azərbaycanın
təklif etdiyi əməkdaşlıq
formatları ümumən dünya üçün cəlbedici ola
bilər.
Niyə hələ də
savaşın davam etdiyi
Ukrayna və terrorun hər
gün can
aldığı Yaxın Şərq həmin yanaşmadan
istifadə etməsin? Əgər Kiyev
qonşuları ilə üçtərəfli formatda münasibət qura
bilərsə, müharibənin dayanması asan
olar. Yaxud Yaxın
Şərqdə ölkələr bu cür əlaqələr vasitəsi ilə
İŞİD-ə qarşı səmərəli mübarizə
apara bilərlər.
Azərbaycan isə öz təşəbbüskarlığı
və fəallığı ilə beynəlxalq miqyasda Ermənistanın təcavüzkarlığının
qınanması, Dağlıq Qarabağ məsələsinin
ədalətli həlli istiqamətində uğurlar
əldə edib. Onlardan sadəcə bir neçəsini sadalamaq
istərdik. İslam Əməkdaşlıq
Təşkilatının Xarici İşlər
Nazirləri Şurasının sessiyasında qəbul edilən
qətnamələrdən biri ''Ermənistan
Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü
nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında İslam dininə aid tarixi və mədəni irsin
və ibadət ocaqlarının dağıdılması və
təhqir olunması'' adlanır. Burada mədəni
obyektlərə qarşı ermənilərin vəhşiliklər
törətməsinin ayrıca vurğulanması ciddi hadisədir. Çünki
Ermənistan dünyaya car
çəkir ki, onun
mədəniyyətini azərbaycanlılar
dağıdırlar. Reallıq isə, yuxarıda qeyd edilən qətnamədən göründüyü kimi,
tamamilə başqa cürdür.
Həmin təşkilatın yekun Ciddə
bəyannaməsində isə Dağlıq Qarabağ
məsələsində Bakının tutduğu
mövqe tamamilə müdafiə olunub.
Bundan başqa, NATO-nun Uels sammitində Azərbaycanın
ərazi bütövlüyü dəstəklənib,
Ərəb Dövlətləri Liqası buna
uyğun sənəd qəbul edib. Bunların fonunda Azərbaycanın
keçən il Avropa
Şurası Nazirlər Komitəsinə sədrlik etməsi
kifayət qədər cəlbedici görünür.
Bütövlükdə AŞPA-da ölkə
nümayəndələrinin fəallığı ayrıca qeyd edilməlidir. Dövlət
başçısı İlham Əliyev AŞPA-da keçən ilki
çıxışında vurğulayıb ki,
''Əlbəttə, bilirdik ki, Avropa Şurasına
qoşulmağımız həmçinin öhdəlikləri
nəzərdə tutacaqdır. Biz isə bunlara hazır idik. Bu günə qədər biz
öhdəlikləri yerinə yetiririk.
60-a yaxın konvensiyaya qoşulmuşuq.
Qanunvericiliyimizi təkmilləşdirmişik.
Bu gün həyata keçirdiyimiz islahatlar cəmiyyətimizdə
çox müsbət mühit
yaradır''.
Şübhəsiz,
ölkə rəhbərinin Avropa dövlətlərinə,
onların başçılarının isə Azərbaycana
çoxsaylı səfərlər etməsi də əhəmiyyətlidir.
Bu cür əlaqələr
indi çox geniş sahələri əhatə edir ki, onlar
haqqında da KİV kifayət qədər
məlumat yayıb.
Başqa
misallar da göstərə bilərik. Onların sırasında dünya əhəmiyyətli
''Cənub qaz dəhlizi''nin təməlqoyma mərasiminin
2014-cü ildə keçirilməsini
xüsusi qeyd etmək istərdik. Çünki bu layihə
enerji təhlükəsizliyinin
təmini məsələsində
irəliyə doğru
atılmış ciddi
bir addımdır.
Təbii
ki, bir yazıda
xarici siyasət sahəsində həyata keçirilən bütün
işləri əhatə
etmək mümkün
deyil. Ancaq yuxarıda
vurğulanan bir sıra məqamlar da göstərir ki, 2014-cü ildə Azərbaycan xarici siyasətdə dövlətçilik
üçün böyük
əhəmiyyəti olan
uğurlar əldə
edib. Bunun memarı isə
Prezident İlham Əliyevdir. Heç
bir şübhə yoxdur ki, 2015-ci il də
həmin istiqamətlərdə
yeni uğurların əldə edilməsi ilə yadda qalacaq.
Leyla Məmmədəliyeva
İki
sahil.- 2015.- 3 fevral.- S.3.