YAP Gənclər Birliyi 2 Fevral
- Gənclər Gününü qeyd etdi
Yanvarın 31-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin ötənilki fəaliyyətinə və 2 Fevral - Gənclər Gününə həsr olunmuş tədbir keçirildi. Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov, Milli Məclisin vitse-spikeri Bahar Muradova, YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini Mübariz Qurbanlı, gənclər və idman nazirinin müavini İntiqam Babayev, YAP GB-nin sədri Seymur Orucov, Milli Məclisin deputatları və YAP-ın gənc fəal üzvlərinin iştirak etdiyi mərasimdə öncə YAP Gənclər Birliyinin 2014-cü il ərzindəki fəaliyyətini əks etdirən slayd-şou nümayiş olundu.
Baş nazirin müavini, YAP-ın sədr müavini-icra
katibi Əli Əhmədov gəncləri
2 Fevral-Gənclər Günü
münasibətilə təbrik etdi. Hazırda Azərbaycanın öz
tarixinin qızıl dövrünü
yaşadığını deyən Əli Əhmədov qeyd etdi ki,
müasir gənclik məhz belə bir dövrdə yaşadığı üçün xoşbəxtdir. Ümummilli lider Heydər
Əliyevin müəyyənləşdirdiyi siyasətdə gənclərə
qayğının xüsusi yer tutduğunu deyən
YAP-ın sədr müavini Gənclər
və İdman Nazirliyinin
yaradılması, Gənclər Gününün
təsis edilməsi bu qayğının parlaq nümunəsi kimi
qiymətləndirdi.
Ə.Əhmədov bildirdi ki, Prezident
İlham Əliyev Ulu
Öndərimizin müəyyənləşdirdiyi gənclər
siyasətini uğurla davam
etdirir. Həm yüksək
təhsil almaq, həm ictimai-siyasi
fəallığı təmin etmək, həm də dövlət
quruculuğu işində yaxından iştirak etmək baxımından gənclər
üçün bütün
imkanlar yaradılıb: “Ümummilli
lider Heydər Əliyevin
yaratdığı və bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan
Partiyasının 650 min nəfərə
yaxın üzvü var
ki, onların 40 faizi gənclərdir.
Bu, təxminən 250 minə yaxın gənc
deməkdir. Əlbəttə ki, bu, böyük güc deməkdir. Hesab
edirəm ki, Azərbaycan tarixində YAP Gənclər
Birliyi qədər böyük
bir siyasi gənclər
təşkilatı olmayıb. Burada çox fədakar, Vətənini, dövlətini
sevən, Heydər Əliyev ideyalarına sadiq
olan, Prezident İlham Əliyevin siyasətini dəstəkləyən
gənclər birləşib. Biz YAP Gənclər
Birliyinin fəaliyyətini yüksək
qiymətləndiririk. Partiyamız gənclərə hər zaman dəstək verir və
bunu davam etdirəcək.”
Ə.Əhmədov
qeyd etdi ki, ulu öndər Heydər
Əliyevin gənclər siyasəti Azərbaycanın mövcud olan
imkanlarından istifadə edərək gənclərimizin daha yüksək formalaşmasına, bu günün və gələcəyin
layiqli vətəndaşı kimi yetişməsinə səfərbər
edilməsindən ibarət
olub: “Gənclər Gününün
təsis olunmasından bu günə qədər
keçən illər ərzində Azərbaycanda müasir gəncliyin inkişafı üçün böyük
işlər görülüb. Təbii ki, bu işlərin əsasını
Heydər Əliyev ideyaları təşkil edir.
Prezident İlham
Əliyevin həyata keçirdiyi siyasətin
də əsasında dayanan bu ideyalar gənclər üçün daha geniş imkanların yaradılmasından ibarətdir.
Azərbaycanın inkişafı və artan
imkanları gənclərlə bağlı siyasətimizin daha əhatəli şəkildə həyata
keçirilməsi üçün əlavə
imkanlar yaradır. Bu gün ölkəmizdə layiqli
gənclik formalaşıb. Azərbaycan gəncliyi yüksək
biliklərə yiyələnməklə, müasir
dünyagörüşünə sahib olmaqla, eyni zamanda,
azərbaycançılıq ideyalarına yiyələnməklə
ölkəmizin layiqli vətəndaşları
kimi yetişirlər. Biz
Azərbaycanın gələcəyini bu gün formalaşan, gələcəyə
ümidlə baxan və özünü
gələcəyə hazırlayan gənclərdə görürük. Təbii ki,
hər bir xalqın gələcəyi gənclərlə
bağlıdır. Bu mənada biz də Azərbaycanın gələcəyini
Ümummilli lider Heydər
Əliyev tövsiyələrinə istinad
edərək bugünkü ölkə gəncləri
ilə bağlayırıq. Həqiqətən, bütün parametrləri ilə Azərbaycanın
gələcəyinin layiqli təmsilçiləri
olmağa qadir olan gənclik formalaşıb.”
Ə.Əhmədovun
sözlərinə görə, bu gənclərin
əhəmiyyətli bir hissəsi
YAP-ın Gənclər Birliyində toplaşıblar: “Prezidentimizin gənclərlə bağlı
siyasətinin mərkəzində dayanan əsas
ideya gəncləri layiqli
vətəndaş, vətənpərvər insanlar
kimi yetişdirməkdən ibarətdir. Layiqli vətəndaş, vətənpərvər
insan sadəcə olaraq
sözdə Azərbaycanı sevən gənclər
olmamalı, eyni zamanda,
Azərbaycanın inkişafı üçün
özünün potensialını
qoymağı bacaran insan
olmalıdır. Prezident İlham
Əliyev ölkə gəncliyinin bu
parametrlər üzrə formalaşıb inkişaf
etməsi üçün bütün
imkanlardan səmərəli şəkildə
istifadə edir. Təhsil infrastrukturunun
yaxşılaşdırılmasından tutmuş,
təhsilin keyfiyyətinin yüksəldilməsinə qədər
həyata keçirilən bütün
işlər, islahatlar məhz bu məqsədin reallaşmasına xidmət edir. Eyni zamanda,
gənclərimizin ölkəmizdən kənarda, müasir dünya səviyyəsində
olan universitetlərdə təhsil
almaları üçün geniş Dövlət Proqramının həyata
keçirilməsi də bilavasitə Prezident
İlham Əliyevin təşəbbüsü
ilə reallaşmaqdadır. Bu gün çoxlu sayda gənclərimiz yüksək reytinqli dünya universitetlərində
təhsil alırlar. Onlar dünyanın inkişaf meyillərini, yüksək biliklərini
Azərbaycana gətirirlər və bu
biliklər əsasında ölkəmizin inkişafına əlavə
təkanlar verəcək böyük
qüvvədirlər. Həmin gənclərin böyük
əksəriyyəti vətənə qayıdaraq ölkəmizin
gələcəkdə daha yüksək inkişaf etməsinə təkan verəcəklər.
Eyni zamanda, onlar xaricdə ölkəmizi layiqincə təmsil
edirlər”.
Bu gün gənclərin
dövlət idarəçiliyinə də geniş
şəkildə cəlb olunduğunu deyən
Ə.Əhmədov bildirdi ki,
dövlət idarəçiliyində çox
məsul vəzifələrə irəli çəkilmiş
gənclər var. O belə gənclər
arasında YAP üzvlərinin də olmasını sevindirici hal kimi dəyərləndirib: “Bu
ondan xəbər verir
ki, gələcək Azərbaycanın
formalaşmasında YAP gəncləri də yaxından iştirak edirlər. Biz Azərbaycanın
gələcəyinə baxarkən bu gün əldə etdiyimiz
səviyyədən gələcəkdə daha
yüksək səviyyədə dayanmağa
layiq olan Azərbaycanın
formalaşmasını arzu edirik. Bu arzu
bu gün gəncliyimizin
istək və arzularına tamamilə uyğun
gəlir. Bu uyğunluq
Azərbaycanın bundan sonra
da sürətli inkişafının çox fundamental əsaslarından
birini təşkil edir.
YAP elə bir siyasi təşkilatdır
ki, gənclər burada
gələcək Azərbaycanın formalaşmasında
yaxından iştirak edirlər. Gənclərimiz milli dəyərlərimizə,
adət-ənənələrimizə sədaqəti ilə həmişə
seçilirlər. Əgər dünya dəyişirsə,
dəyərlər dəyişirsə, təbii ki, Azərbaycanın dəyərləri də
müsbət mənada inkişaf edir. Həm milli, həm
dünyəvi, həm də inkişaf edən
dəyərləri mənimsəyən ən əhəmiyyətli
sosial qrup gənclikdir.
Amma milli dəyərlərimiz
heç zaman
unudulmamalıdır, azərbaycançılıq ideyaları
öndə olmalıdır. Azərbaycanda gənclərin
vətən uğrunda fədakarlıq
göstərməsi üçün hər
cür şərait yaradılıb və
inanırıq ki, gənclər ölkəmizin
ərazi bütövlüyünün təmin
olunması üçün hər şeyə
hazırdır”.
Gəncliyin üzərinə
bundan sonra da böyük vəzifələrin
düşdüyünü deyən
Ə.Əhmədov onlara dövlətimizin
gələcək inkişafında iştirakı ilə
bağlı tövsiyələr verdi. Qeyd etdi ki,
gənclər yüksək biliklərə sahib
olmalı, ölkəmizin inkişafına öz
töhfələrini verməlidirlər, dövlətçiliyimizi
qorumalıdırlar. Eyni zamanda,
müasir gənclik Azərbaycanı dünya miqyasında daim
layiqincə təmsil etməlidir. Çünki
Azərbaycanın gələcəyi məhz gənclərin əlində
olacaq. Həmçinin gənclər daim milli mənəvi dəyərlərimizə
də sadiqliyini nümayiş
etdirməlidir. Gənclərə gələcək fəaliyyətlərində
uğurlar arzulayan
Əli Əhmədov əlavə etdi ki, partiyada təmsil olunan gənclər həmişə düzgün mövqedən
çıxış edərək milli
maraqların qorunmasına xidmət ediblər.
YAP İdarə Heyətinin
üzvü, Milli Məclisin
vitse-spikeri Bahar Muradova da Gənclər Birliyinin fəaliyyətini yüksək qiymətləndirdi.
Gənc nəslin vətənpərvərlik ruhunda böyüməsinin əhəmiyyətini
bildirən B.Muradova YAP-ın
sıralarında məhz belə gənclərin birləşdiyini
vurğulayıb: “Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi
ilə hakimiyyətə qayıdışından sonra gənclərlə iş dövlət siyasətinin aparıcı
istiqamətinə çevrilib.”
B.Muradova qeyd etdi
ki, bu gün
Azərbaycan gəncliyinin inkişafı üçün
bütün imkanlar
yaradılıb: “Dövlətimiz bu istiqamətdə
lazımi dəstəyi göstərir. Bu gün Heydər Əliyev ideyaları ilə
müstəqil həyata qədəm qoyan
gənclər Prezident İlham
Əliyevin ətrafında sıx birləşərək
dövlətçiliyin inkişafına xidmət edirlər. Təsadüfi
deyildir ki, gənclərin
savadlı, geniş dünyagörüşünə
malik olmaları üçün
dövlət tərəfindən hər cür
şərait yaradılır. Dövlətin
qayğısından faydalanan gənclər
yüksək səviyyədə təhsil alaraq
dünyada gedən prosesləri dərindən
bilməli, vətənpərvər vətəndaş
olmalıdır ki, gələcəkdə
Azərbaycanı daha da
inkişaf etdirib irəliyə
apara bilsinlər. Eyni
zamanda, gənclərin vətənpərvər
ruhda böyümələri vacib şərtdir. Sevindirici
haldır ki, bu
baxımdan da gənclərimizə güvənə
bilərik.”
Bayram tədbirində YAP-ın fəal gənc
üzvlərindən Arzu Xəlilova və
Güllü Eldarzadə çıxış
edərək YAP-ın gənclərlə bağlı siyasətinin
əhəmiyyətini qeyd etdilər.
Sonda YAP Gənclər Birliyinin bir qrup fəal üzvünə fəxri fərmanlar, mükafatlar təqdim olundu. Tədbir tanınmış incəsənət ustalarının ifasında konsert proqramı ilə davam etdirildi.
Nail Rəhimzadə
İki sahil.- 2015.- 3 fevral.- S.12-13.