Tariximizi doğru öyrənək,
doğru tanıdaq
Azərbaycanın tarixi şəxsiyyətləri, o cümlədən Babəklə bağlı televiziyada və elektron KİV-lərdə, sosial şəbəkələrdə başlanmış müzakirələr məni də bu mövzuya toxunmağa vadar etdi. Daha çox narahatlıq doğuran bu müzakirələrin fonunda Azərbaycan tarixinin, türk tarixinin saxtalaşdırılması və təhrif olunmasına olunan cəhddir. Bir saytda “Tarixdə Azərbaycan adlı dövlət olmayıb” adlı məqalə dərc olunub. Məqalədə qeyd olunur ki, Azərbaycan adlı ilk dövlət 1918-ci il mayın 28-də yaranıb. Hətta yazıda qeyd olunub ki, bu fakta etiraz edən varsa, bizi inandırsın. Qeyd edək ki, Babək mövzusuna da bir neçə dəfə toxunulub.
Sonuncu dəfə ANS televiziyasının “Şəxsiyyət
vəsiqəsi” verilişində bu məsələyə
toxunuldu və proqramın qonaqlarından biri Azərbaycan xalqının tarixi
qəhrəmanlarından Babək Xürrəmini “islama qarşı mübarizə aparan dinsiz”, “qeyri-türk” kimi təqdim
etdi. Bu fikirlərdən
çox üzüldüm.
Əvvəla, Azərbaycan tarixi və milli dəyərlər, milli
tarixi şəxsiyyətlər mövzusunda müzakirələrdə telekanallar çox həssas
olmalı, bu mövzuda
debatlarda, ictimai
müzakirələrdə mütəxəssislər iştirak etməlidir. İkincisi,
Azərbaycan tarixi ilə bağlı
müzakirələrdə vətənçilik,
dövlətçilik ön planda olmalı, şou
naminə təsadüfi, diletant fikirlərə
yer verilməməlidir. 70 illik
Sovet dövründə imperiyanın şovinist dairələri Azərbaycan
türklərini türk-islam
dünyasından ayırmaq üçün
dəridən-qabıqdan çıxmışdı.
Tarixşünaslıq, ədəbiyyat və
digər humanitar elmlər ideologiyaya
uyğunlaşdırılmışdı. Sovet
tarixşünaslığı Rusiya
imperiyasının işğalçılıq siyasətini
“xilaskarlıq missiyası” kimi qələmə
verir, Sovet
xalqlarının yalnız Rusiya tərəfindən
işğalından sonra azadlığa
çıxdığını iddia edirdi. Sovet tarixşünaslığı Azərbaycanın sonradan türkləşdiyini, azərbaycanlıların
Orta Asiyadan gəlmə
köçəri xalq olduğunu
əsaslandırmağa çalışırdı. İsrarla yazılır, gənc nəslə təlqin
olunurdu ki, Azərbaycan
və Anadoluya türklər XI əsrdə
Oğuzların gəlişi ilə yerləşiblər.
Daha çox ermənilərə
sərf edən saxta bir
tarix yazılmışdı. Bu “tarix”ə görə, Azərbaycanın şimal hissəsinin əhalisi irandilli
və qafqazdilli, cənubunun əhalisi isə
irandilli olmuş, səlcuqların
gəlişindən sonra türkləşmişlər.
Azərbaycan türklərini gəlmə hesab
etməkdə məqsəd Arazdan
şimaldakı torpaqların erməniləşdirilməsini
asanlaşdırmaq, buna tarixi
əsas yaratmaq idi.
Qəddar stalinizm Azərbaycan xalqına qarşı çeşidli repressiyalar
həyata keçirib. Ancaq
bunlar keçmişdə qalıb. Azərbaycan
xalqı öz müstəqilliyini əldə
edib, özünün
dövlətini qurub. Son
25 ildə Azərbaycan tarixinin, türk tarixinin obyektiv araşdırılması istiqamətində
mühüm addımlar atılıb. Təkzibedilməz faktlarla sübut olunub ki, Azərbaycan ərazisində türklərin
məskunlaşmasının tarixi qədimdir.
İlk Azərbaycan türk
dövlətçiliyinin tarixi eradan əvvəl III minillikdən götürülür. Ölkəmiz ilk sivilizasiyanın yarandığı yerlərdəndir,
Azərbaycan türklərinin formalaşdığı tarixi sərhədlər çərçivəsində
qədim dövlətlər mövcud olub. Azərbaycan tarixi gənc
nəslə doğru-düzgün
çatdırılmalı, bu məsələdə
dövlətçilik maraqlarımız əsas
götürülməlidir. Hər bir vətəndaş öz
dövlətinin, millətinin tarixini bilməlidir.
Əlbəttə, bu tarixi
xalqa çatdırmaq, dünyaya
tanıtmaq asan olmasa da, hər bir tarixçi alim və hər
bir maraqlı vətəndaş bunları
bilməli, xalqımıza və dünyaya
tanıtdırmalıdır. Türk
xalqının 5 min illik
tarixi mənim tərəfimdən “Azərbaycan
Nadir Əfşar dövləti” elmi əsərimdə (2014) qısa da olsa
araşdırılıb (Həmin əsəri
cahangirhüseynov.com saytında oxuya bilərsiz).
Oxuculara
çatdırmaq istəyirəm ki,
türklərin tarixində müxtəlif adlarla
149 dövləti 22 imperiya mövcud
olub. Ön Asiyada, yəni Azərbaycanın yerləşdiyi
bu ərazidə eramızdan əvvəlki
minilliklərdən türk dövlət
qurumları yaranmağa başladı. Bunlar Urmiyə gölünün
cənub və cənub qərbindən indiki
Naxçıvan, Mil və Qarabağ
ərazisində məskunlaşmış Quti,
Lullubi, Turukki və başqa türk
tayfaları olmuşlar. Bu
tayfalardan sonra Manna dövləti yaranıb. Daha
sonra bu ərazidə Midiya dövləti, daha sonra isə İskit (Skif dövləti) olmuşdur.
Eramızdan
əvvəl 323-cü ildə Makedoniyalı İsgəndərin
ölümündən sonra onun imperiyası ayrı-ayrı dövlətlərə
parçalandı. Azərbaycanın cənubunda Atropatena, şimalında isə Alban dövləti yarandı.Yazılı məlumatlara
əsasən türklərin Atropatena və
Albaniya dövlətinin tərkibində başqa dillərdə danışan çoxlu
sayda tayfalar da yaşayırdılar. IV əsrin sonunda Orta Asiyada
Böyük Hun imperatorluğu dağıldıqan sonra, Ağ Hun imperatorluğunun əsası
qoyuldu. Bu dövlətin
ərazisi Orta Asiya və
şimal-qərbin bir hissəsini əhatə
edirdi. Ağ Hun imperatorluğu İran ərazisində yerləşən
Sasanilər dövlətini məğlub edərək özundən
asılı vəziyyətə saldı. Ağ
Hunlar Azərbaycanın xeyli
hissəsində, Dərbənd, Qarabağ
və Borçalı ərazisində məskunlaşdılar.
Ağ Hun imperatorluğu dağıldıqdan sonra - 552-ci ildə Asiyanın böyük
bir ərazisində Göytürk
dövlətinin əsası qoyuldu. Göytürk adı ilə Hunlar
özlərini rəsmən türk
adlandırdılar. Bu dövlət IX əsrə
qədər mövcud olmuşdur.
İndiki Ukraynanın, Rusiyanın cənubunda,
Şimali Qafqaz, Ön Asiya və Orta Asiyada mövcud
olmuşdur. VII-X əsrlərdə Şimali Qafqazda Xəzər
xaqanlığı yarandı. Xəzər xaqanlığı
Şərqi Avropanın ən böyük
xanlığı olmuşdur. Türk boyları daha sonra Oğuz adı ilə
tanınırdı. Oğuz türkləri
Xəzər dənizinin şərqində
yaşayırdılar. IV-V əsrlərdə Böyük
Moğol imperatorluğu
da türk tayfaları
tərəfindən idarə olunurdu. VII əsrdə
Ərəbistan yarımadasında yaradılmış Ərəb
xilafəti Afrikanın şimalını, İspaniyanın bir hissəsini, İran, Qafqaz və Orta Asiyanı əhatə
etmişdir. Məhəmməd
peyğəmbər türklərin döyüşkənliyini,
cəsurluğunu, mübarizliyini və böyük dövlətçilik ənənələrini
öyür, özündən sonra qələn ərəb xəlifələrinə
türklərlə yaxın münasibətdə olmağı
tapşırır, xilafətin gələcəkdə
türklər tərəfindən idarə olunacağına
işarə edirdi.
İlk raşidi xəlifələr
dövrü bitdikdən sonra
ərəb xilafəti mahiyyətini dəyişməyə
başladı. Əməvilər sülalə prinsipini
qəbul etdilər, geniş
işğalçılıq siyasətinə
başladılar. Abbasilər dövründə bu siyasətə ərəbləşmə də
əlavə olundu. Ərəb
feodalları işğal etdikləri ərazilərdə
xalqlara zülm edir, onların dini
inanclarını, adət-ənənələrini zorla dəyişdirirdilər. Bölgədə
ərəb zülmünə qarşı üsyanlar
başlanmışdı. 633-cü ildə Ərəb xəlifəsinin
qoşunları Sasani dövlətinə hücum etdi. Azərbaycan ərazisində Cavanşirin
rəhbərliyi ilə 634-cü ildə ərəblərə
qarşı Sasani ordusunda
mübarizə aparılırdı. Girdiman
(Aran) hökmdarı Cavanşir
hətta Bizans imperatorluğu
ilə də ittifaqa girib
ərəblərə qarşı mübarizə
aparırdı. Lakin bu
mübarizədə ərəb qoşunlarına məğlub
oldular. VII əsrin 60-cı illərində
Şimali Qafqazdan xəzərlər
Albaniya dövlətinə hücuma
keçdilər. Alban dövlətinin
varlığına son qoyuldu.
VII əsrdə Ərəb-Xəzər
müharibələri 100 ilə qədər davam
etdi. Ərəb xilafətinə
qarşı Azərbaycanda 748-752-ci illərdə böyük Xürrəmilər hərəkatı
başlanıldı. Xürrəmilər etiqad
etibarilə (Xürrəm- əbədi od,
günəş deməkdir) atəşpərəst idilər.
Cavidanın ölümündən sonra
Babək (798-838) mübarizəni davam etdirdi. Babək 819-cu ildə ərəblər
tərəfindən işğal olunmuş Bərdəni, Beyləqanı,
Qarabağı, Həmədanı azad etdi. Bəzz qalasında özünə böyük ordu
toplayıb 20 ilə yaxın ərəb
işğalçılarına qarşı mübarizə
apardı. Bu böyük
xalq hərəkatı idi.
838-ci ildə Babək əsir alındı və edam edildi. Babək türk xalqının oğlu
olmaqla azərbaycanlı idi,
o yadelli
işğalçılara qarşı mübarizə
aparırdı. Onun bu
mübarizəsi Azərbaycan xalqının əsl qəhrəmanlıq
nümunəsi idi. Bununla
biz azərbaycanlılar qürur
hissi keçirməliyik. XI əsrdə
İran, Azərbaycan və Kiçik Asiyanı əhatə etməklə
Böyük Səlcuq imperatorluğu
yaradıldı. XI əsrdən Ərəb Xəlifəliyi zəifləməyə
başladı və Şimali Azərbaycanda
Şirvanşahlar dövləti (891-1538) yarandı.
Bu Ərəb xəlifəliyindən sonra ilk türk
müsəlman Azərbaycan dövləti idi.
XI əsrdə Azərbaycan Səlcuq imperatorluğunun
tərkibinə qatıldı.
Ərəb Xəlifəliyindən
sonra 1038-1057-ci illərdə türk səlçuq tayfaları Orta Asiya, İran,
Azərbaycan və Kiçik Asiyanı əhatə
etməklə böyük bir
imperatorluq yaratdılar. Səlcuq imperatorluğu dağıldıqdan sonra Anadoluda, indiki Türkiyə ərazisində Osmanlı
imperiyası yarandı. Osmanlı İmperatorluğu
VI əsrdən artıq yaşamış bir
dövlət idi. Tezliklə imperatorluq Şimali
Afrikanı, Ərəbistan yarımadasını,
Balkanları, Şərqi Avropanı, Krım
xanlığı ərazisini əhatə etməklə dünya tarixində ən möhtəşəm
imperatorluğa çevrildi.
1518-ci ildə Misirin fəthindən sonra İslam Xəlifəliyi
Türk Sultanlığına-İstanbula keçdi. Türk millətinin islamı qəbul etməsi onun qüdrətini, sücaətini daha da artırdı. Azərbaycan
ərazisində isə XI əsrdə Səlçuq İmperatorluğu parçalandıqdan sonra Atabəylər dövləti (1136-1225-ci
illər) yarandı. Atabəylər dövlətinin əsasını
Şəmsəddin Eldəgəz qoydu və
bu dövlətin ərazisi Azərbaycanın
Şərq hissəsini əhatə edirdi.
Atabəylər dövləti haqqında akademik
Ziya Bünyadovun “Azərbaycan
Atabəylər dövləti” adlı monoqrafiyası var. XIII əsrdə Azərbaycan ərazisində
yaranmış Eldəgəzlər və Şirvanşahlar
dövləti tatar monqolların əsarəti
altına keçdi. Daha
sonra Azərbaycan ərazisi Teymur imperatorluğunun tərkibinə
qatıldı. XIV əsrdə Azərbaycanda və Şərqi
Anadoluda türk Qaraqoyunlu dövləti yarandı (1380-1467).
Dövlətin mərkəzi Van şəhəri
idi. Qaraqoyunluların hakimiyyətinin
əsası Qara Məhəmməd (1380-1389)
tərəfindən qoyulmuşdu. 1467-ci
ildə Ağqoyunlu Uzun
Həsən tərəfindən Qaraqoyunlu
dövləti süquta
uğradıldı. Ağqoyunlu dövlətinin
(1453-1503) əsasını da Oğuz-türk tayfaları qoymuşdular.
Bu
dövlətin də əraziləri Şərqi Anadolu, Qərbi İran, Azərbaycanın
qərb hissəsi olmaqla böyük
bir məkanı əhatə edirdi, mərkəzi isə Təbriz şəhəri
idi. 1501-ci ildə Şərur
düzündə Ağqoyunluları məğlubiyyətə
uğradan Şah
İsmayıl həmin ildə Təbrizdə özünü şah elan etdi. Səfəvilər
dövləti 1501-ci ildən 1736-cı ilə qədər mövcud olmuşdu. Şah İsmayılın dövründə
(1501-1524) böyük əraziləri fəth
edərək Azərbaycan ərazisini vahid
dövlətdə birləşdirdi. İlk
dəfə olaraq Azərbaycanın bütün ərazisi vahid
bir dövlət halında müstəqil
Səfəvi imperiyası daxilində birləşdi. Bu, Azərbaycan tarixində mühüm
bir hadisə idi. Bundan sonra Şah
İsmayıl İran ərazisini və ərəb
İraqını da Səfəvilər
imperiyasına qatdı. Səfəvilər dövləti Şərqdə
Şeybani (Özbək dövləti) qərbdə
isə Osmanlı imperiyası ilə həmsərhəd oldu. Vahid Azərbaycan Səfəvi türk
dövləti yarandı. Şah
İsmayılın dövründə İran-Azərbaycan ərazisində
yaşayan xalqların İslamda
şiə məzhəbini qəbul etməsi bu
ərazidə olan xalqların zahirən birliyini yaratmağa cəhd
olsa da, bu böyük
Turançılığa zərbə oldu.
Bununla da, Osmanlı-Səfəvi
münasibətləri kəskinləşdi. Qərbi
Avropa və Çar
Rusiyası bundan istifadə edərək bu iki türk
dövlətinin arasına nifaq salıb Qərbi
və Şərqi Avropada, Balkanlarda,
Qara Dəniz hövzəsində Krım, Şimali Qafqaz, Orta Asiyada öz
siyasətlərini yeridib əzəli türk torpaqlarını işğal
etdilər. Osmanlı-Səfəvi münasibətləri
1514-cü ildə qanlı Çaldıran müharibəsi ilə
yadda qaldı. Bu
müharibələrdə Azərbaycanın ərazisi
Osmanlıların tərkibinə keçdi.
Səfəvi Şahı I Şah
Abbasın (1587-1629) dövründə Azərbaycanda dövlətçilik
ənənələri xeyli gücləndi.
Lakin dini məzhəb
ayrılığı daha geniş
vüsət aldı. 1598-ci ildə I Şah
Abbas paytaxtı İsfahan
şəhərinə köçürdü.
1593-cü ildə Ərdəbil şəhəri mərkəz
olmaqla Azərbaycan bəylərbəyliyi
yaradılır. Tarixşünaslıqda guya Şah Abbasın
dövründən fars dilinin
Səfəvilərdə üstün mövqe qazanmasına dair
yanlış fikir var.
Əslində Səfəvi dövlətində əvvəldən
axıra qədər saray və ordu dili türk
dili idi. Şah Abbas dövründə
də rəsmi yazışmalarda türkcədən
istifadə olunurdu. XVIII əsrin
əvvəllərində, 1722-ci ildə Şah
Hüseyn Sultanın və II Şah Təhmasibin dövründə Səfəvi
dövlətinin ərazisi şərqdən Xəzər sahili boyunca 600 km uzunluğunda Dərbənd,
Bakı, Lənkəran və Rəştə qədər,
Şamaxıdan Muğan boyu
bütün ərazilər rus çarı I Pyotr tərəfindən
işğal olundu. Həmin dövrdə ermənilərin Azərbaycana birinci köçü
başlandı. Birinci Pyotr
tərəfindən ermənilər Azərbaycan ərazilərinə
köçürüldü. Hətta Pyotrun planında həmin ərazilərdə
“erməni çarlığının” yaradılması da vardı. Erməni kilsəsi və
gürcülər Pyotrun qoşunlarına
maddi yardım göstərirdilər.
Azərbaycan Səfəvi
dövlətinin cənub-şərq hissəsi isə
paytaxtı İsfahan şəhəri olmaqla əfqanlar tərəfindən zəbt edilmiş, ölkənin qərb hissəsi isə
Osmanlılar tərəfindən tutulmuşdu.
Belə bir vaxtda türk Əfşar boyundan
olan Nadir xan Səfəvilər imperiyasını
dağılmaqdan xilas etdi.
Bütün zəbt olunmuş
torpaqları geri qaytararaq
Azərbaycan ərazisini tamamilə yadellilərdən təmizlədi.
Nadir xan 1736-cı ilin
yazında Kür və Araz
çaylarının qovuşduğu Muğanda-Suqovuşanda minlərlə nümayəndənin
iştirakı ilə böyük qurultay çağırdı. Qurultayda
Şah seçilməmişdən öncə
nümayəndələrə müraciət edərək İslam dinində məzhəb ayrı-seçkiliyinə
son qoymağı təklif etdi.
Nadir xan Osmanlı
dövləti və sünni icması ilə
münasibətləri qaydaya salmaq üçün
şiəliyin cəfərilik qolunu qəbul
etdi. Bununla
bağlı Osmanlı sultanına müraciət etsə də,
onun dini islahatı qəbul
edilmədi. Nadir şah paytaxtı Təbriz olmaqla Azərbaycan bəylərbəyliyini
yaratdı. Azərbaycan bəylərbəyliyinin ərazisinə
indiki Dağıstan, Kartli
və Kaxetiya (indiki Gürcüstan) indiki Ermənistan,
Türkiyənin şərq hissəsi (Ərzurum, Van, Diyarbəkir) daxil idi. İndiki federativ dövlət quruluşuna
uyğun olaraq
Əfşar Azərbaycan dövlətinə Azərbaycan,
İraq, Xorasan və Fars bəylərbəyliyi daxil
idi. Nadir şahın ölümündən sonra
(1747) Azərbaycan ərazisi 20-yə qədər
xanlığa bölündü. 1 milyon kvadrat km-dən
artıq ərazisi olan Azərbaycan Bəylərbəyliyinin
xırda xanlıqlara və sultanlıqlara bölünməsi
gələcəkdə Şimali Azərbaycanın
Çar Rusiyası tərəfindən işğal olunmasına və
daha sonra ərazisində
Gürcüstan, Ermənistan SSR və
Dağıstan Muxtar Respublikalarının
qurulmasına şərait yaratdı. 1918-ci il
mayın 28-də paytaxtı Gəncə şəhəri olmaqla Azərbaycan Xalq
Cümhuriyyəti yarandı. Cümhuriyyət 2 il yaşadı. Bolşevik
işğalından sonra 1920-ci il aprelin 28-də Azərbaycan
Sovet Respublikası elan
edildi. Azərbaycan SSR-in yaranması bir daha Azərbaycanın əzəli torpaqları
olan Zəngəzur, Borçalı,
Göyçə, Dərbənd ərazilərinin Azərbaycandan
alınması ilə nəticələndi. 1923-cü ildə
Dağlıq Qarabağ Muxtar
Vilayətinin yaradılması XX əsrin sonunda
bu bölgədə erməni separatizminin güclənməsinə və
Qarabağın işğalına gətirib
çıxardı.
Bugünkü Azərbaycan Respublikası həmin bu müstəqil imperiyaların, dövlətlərin
hüquqi sələfi və
davamçısıdır. Cənubi Azərbaycanda isə XIX əsrdə
Çar Rusiyası Şimali
Azərbaycanı işğal etdikdən sonra Qacar dövlətinin
paytaxtı Tehrana köçürülür.
Türk Qacar sülaləsi
hakimiyyətdən devrilir, fars
Pəhləvilər hakimiyyətə gətirildi. XX əsrdə
Cənubi Azərbaycanda üç dəfə:
Səttarxanın (1905-1911), Şeyx
Məhəmməd Xiyabaninin (1917-1921) və
1945-1946-cı ildə Seyid Cəfər
Pişəvərinin başçılığı ilə
azadlıq hərəkatı baş
qaldırsa da, Sovet imperiyasi və Antanta
dövlətləri Türk Azərbaycan
dövlətinin yaranmasına imkan vermədi.
Bir sözlə, Azərbaycançılığın dövlətçiliyə tətbiqi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 2001-ci ildə Dünya Azərbaycanlarının I-ci Qurultayında ümummilli lider Heydər Əliyev azərbaycançılığı Azərbaycanın milli dövlət ideologiyası kimi təsdiq etdi: “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” deməklə bütün azərbaycanlıları birliyə çağırır. Ona görə də azərbaycançılıq yalnız Azərbaycana məhəbbət deyil, onun dünyadakı milli, tarixi-siyasi, iqtisadi, dini-əxlaqi mövqe və mahiyyətini əks etdirən ictimai şüur formasıdır. Azərbaycançılıq öz növbəsində türkçülüyə-turançılığa bağlı olanda daha güclü və qüdrətli olur. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyəti ilə qürur duymalıdır və biz azərbaycançılığı, Azərbaycan dilini, milli mənəvi dəyərlərimizi, adət-ənənənələrimizi yaşatmalıyıq, Azərbaycan tarixini öyrənib xalqımıza və bütün dünya xalqlarına tanıtmalıyıq. Bu, hər bir Azərbaycan vətəndaşının borcudur.
Cahangir Hüseynov,
Hüquq üzrə fəlsəfə doktoru
İki
sahil.-2015.- 11 fevral.- S.21.