Xocalı
soyqırımı:
Tariximizin qan yaddaşı
Prezident İlham Əliyev: “Təəssüflər olsun ki, bu günə kimi Ermənistan bu hərbi cinayəti törətdiyini etiraf etməyib. Onlar heç üzr də istəməyiblər. Onlar Xocalıda törətdikləri ilə bağlı beynəlxalq ictimai rəyi səhv istiqamətə yönəltmək istəyirlər.”
“Tarixdə,
dünyanın bir çox
yerlərində günahsız insanlara
qarşı soyqırımı, faciələr törədilib.
Azərbaycana qarşı Ermənistan qəsbkarları,
təcavüzkarları tərəfindən edilən
soyqırımı belə dəhşətlilərindən biridir” söyləməklə Xocalı
soyqırımına ilk dəfə siyasi və hüquqi qiymət
verən, bu qətliamın bəşəriyyətə
qarşı törədilən cinayət olduğunu vurğulayan ümummilli lider Heydər
Əliyev bildirirdi ki,
ermənilər təkcə Azərbaycanın torpaqlarına göz dikməmiş, xalqımıza
qarşı siyasi, mənəvi, fiziki soyqırımı törətmişlər.
Bəşər
sivilizasiyasında insanların kütləvi qətliamı ilə
tarixə yazılan soyqırımlar çox
olub. Xatın, Xirosima,
Naqasaki, Uqanda... Amma onların içərisində Xocalı
soyqırımı dəhşəti etibari
və qəddarlığı ilə fərqlənir.
... Antuan
Fukuanın rejissorluğu, dünyanın
tanınmış kino ulduzları Brus Villisin və Monika Belluçinin
iştirakı ilə çəkilən “Günəşin göz yaşları” filminə baxdıqca
Xocalı soyqırımını xatırlamamaq mümkün deyil.
ABŞ istehsalı olan və 70 milyon dollara başa gələn
filmdə cərəyan edən hadisələrlə
Xocalıda törədilən soyqırımların süjet xətti eynidir:
günahsız insanları qətlə yetirmək, qana hərislik.
Sovet imperiyasının dağıdılması üçün həlqə kimi
seçilən millətlərarası ziddiyyətlərin
gündəmə gətirilməsi ideyası yarananda
ilk növbədə ermənilərin başqa millətlərlə daha
sıx yaşadığı, təmasda olduğu
bölgələr nəzərdə tutuldu.
Çünki tarixən imperiyanın nökəri olduğunu bu gün də satqınlığı ilə təsdiqləyən
ermənilər azacıq payla bütün iyrənc planların muzdlu nökərləri rolunu
oynaması dəfələrlə sübut
olunmuş həqiqətdir. Erməni
ideoloqlarından Aqanbekyan, Silva
Kaputikyan, Zori Balayan kimi daşnak
tör-töküntülərinin icraçılar kimi nəzərdə tutulması hadisələri
tezləşdirdi, ünvanlar bəlli oldu. Dağlıq Qarabağ
münaqişəsi demək olar ki, imperiyanın süqutu üçün ən zəif həlqə olaraq müəyyənləşdirildi.
Ötən əsrin əvvəllərində
Şaumyanın başçılığı ilə ermənilərin
bütün Azərbaycanda
apardığı soyqırımları Xocalı faciəsi ilə
davam etdirildi.
... 27-28 fevral 1988-ci ildə ermənilərin törətdiyi
Sumqayıt hadisələrini ciddi
araşdırmağa ehtiyac yoxdur. Dağlıq
Qarabağı Azərbaycandan ayırmaq üçün
Kremlin, SSRİ DTK-nın
xeyir-duasını alan ermənilərin ssenarisi əsasında Azərbaycanın ikinci sənaye şəhəri olan Sumqayıtda baş verənlərdə
azərbaycanlılar günahkar hesab olunsa da
əslində hadisələr ermənilərin təxribatlarına,
planlarına uyğun həyata keçirildi.
Xocalı
faciəsini “Sumqayıt hadisələrinə cavab”
kimi təqdim edən ermənilər əslində
illərdən bəri hazırladıqları planlarını
reallaşdıraraq, Dağlıq Qarabağı Azərbaycandan
ayırmaq üçün əsrlərdən
bəri bu ssenarilər üzərində
çalışır, vəsait ayırırdılar.
Beləliklə,
tarixdə bir neçə dəfə baş vermiş erməni-müsəlman
qarşıdurması ötən əsrin sonlarında bir daha təkrarlandı.
Dağlıq Qarabağda azərbaycanlıların
qonaqpərvərliyindən istifadə edərək özlərini
o torpaqların sahibi
görmək istəyən daşnaklar illərdən
bəri arzusunda
olduqları “Dənizdən-dənizə” sərsəm
ideyalarının gerçəkləşməsi və yaranan fürsətdən ustalıqla istifadə
etmək üçün fəallaşdılar.
Dağılmaq ərəfəsində olan SSRİ-nin düşdüyü böhranlı vəziyyətindən
istifadə edən daşnaklar Azərbaycanın
gözəl güşələrindən olan
Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi
ideyasını reallaşdırmağa
çalışdılar. O vaxt
sovetlər birliyinin ilk
və sonuncu prezidenti,
ermənipərəst M.Qorbaçovun məsələ
ilə əlaqədar xeyir-duasını başbilənləri
A.Aqanbekyan vasitəsilə alsalar
da istəklərini gerçəkləşdirmək
üçün stimul,
təkan da lazım idi.
Bu
mənfur plan Dağlıq Qarabağda
başlanan və daşnak
siyasətinə, ideyalarına xidmət edən hadisələr,
Qərbi Azərbaycanda - Vardenisdə, Qukarkda,
Qacaranda, Qafanda, Gorusda, Alaverdidə törədilmiş
qanlı aksiyalar 250 mindən artıq
soydaşımızın doğma yurdu olan Qərbi Azərbaycanı
son nəfərinə qədər tərk etməsi ilə nəticələndi.
20 Yanvar 1990-cı ildə Azərbaycanın demokratiya və milli
müstəqillik uğrunda mübarizəsini
silah gücü ilə
yatırmaq istəyən imperiya qanlı vərdişlərini
təkrarlayaraq bir daha
erməni xəyanətindən yararlandığı kimi ermənilər də bu
imkandan bacarıqla istifadə etdilər. Azərbaycana qarşı siyasi təcavüz olan 20 Yanvar hadisələrində hərbi hissələrin
tərkibində Bakıya gələn, istefada
olan qaniçən, qətliamlar törədən
erməni zabitlərinin sorağı Dağlıq Qarabağda eşidildi. Ermənistan
silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü
nəticəsində Dağlıq Qarabağ,
ona yaxın ərazidə yerləşən
7 rayon Ermənistan və
havadarlarının yardımı ilə işğal
edildi. Bir milyondan artıq həmyerlimiz
evlərindən didərgin, qaçqın düşdü.
Hadisələr zamanı minlərlə soydaşımız qətlə
yetirildi, 10 minlərlə günahsız
azərbaycanlı şikəst oldu,
yaralandı. İnsanlara və dövlətə
xeyli maddi-mənəvi zərər vuruldu.
Zaman keçdikcə, hadisələr
araşdırıldıqca bəlli oldu ki, ermənilərin azərbaycanlılara
qarşı soyqırımı təkcə Xocalı ilə bitmir. Xocalı da daxil olmaqla əgər
söhbət bir xalqın, millətin
soyqırımından gedirsə, Əsgəranda, Ağdamda, Sumqayıtda...Dağlıq
Qarabağ münaqişəsi başlanandan erməni vəhşiliyinin
qurbanı olan bütün
soydaşlarımızın xatirəsi eyni
dərəcədə ehtiramla yad olunmalı, dünya
ictimaiyyəti hadisələrə siyasi-hüquqi
qiymət verməli, Ermənistanın təcavüzkarlığı
pislənməlidir.
Artıq Xocalı
soyqırımını tanıyanların sayının
artması ilə ermənilərin məkrli siyasəti dünya ictimaiyyətinə
çatdırılır. Xocalı
soyqırımını tanıyan ölkələrdə də
ictimaiyyətə çatdırılır ki,
26 fevral 1992-ci ildə yer
üzündən silinən bu şəhərin
106 nəfəri qadın, 63 nəfəri uşaq,
70 nəfəri ahıl olmaqla 613 sakini qətlə yetirilmiş,
487 nəfər şikəst olmuş,
1275 nəfər ermənilər tərəfindən əsir götürülmüş, təhqirlərə
məruz qalmışdır. Onların 150 nəfərinin taleyi barədə bu
günədək xəbər yoxdur. 24 uşaq hər iki valideynini itirmiş, 130
körpə isə bir valideynindən məhrum
olmuşdur. Soyqırım qurbanlarından
56 nəfəri amansız vəhşiliklə qətlə
yetirilmişlər. Xarici jurnalistlərin də etiraf etdiyi kimi, hələ də
can verməkdə olan
yaralılara qarşı amansızlıq, insanların diri-diri tonqala atlaraq yandırılması, körpələrin
süngüyə keçirilməsi yalnız ermənilərə
məxsus keyfiyyətlər olmaqla
dözülməz və inanılmaz vəhşiliklərdən
xəbər verirdi. “Biz
azərbaycanlıların meyidləri üzərindən keçirdik. Onların arasında ölməkdə
olan yaralılar da var idi” kimi
sözlərlə müşahidə etdiyi
qətliamı qələmə alan xarici jurnalist erməni tərcüməçinin
etinasızlıqla “Bura cəbhədir. Belə
şeylərin fərqinə varma” sözlərini
də insanlığa yaraşmayan hal kimi nifrətlə
xatırlayır.
“Xocalıya qədər
Azərbaycan tərəfi elə bilirdi ki, bizimlə zarafat etmək
olar. Onlar elə
düşünürdülər ki, ermənilər
mülki əhaliyə əl qaldıracaq insanlar deyillər. Biz bu stereotipə son qoyduq” söyləyən Serj
Sarkisyanın başçılıq etdiyi
qatillər soyqırımda iştiraklarını həyasızcasına
etiraf edirlər.
Dəhşətli
soyqırımlara imza atan
ermənilər və keçmiş sovetlərin
366-cı alayındakı havadarları Xocalıda qətlə
yetirilən azərbaycanlıları soyqırım qurbanı kimi görmək istəmirlər. Amma bir əsr bundan əvvəl satqınlıqlarının
və xəyanətlərinin qurbanı olan
daşnak tör-töküntülərinin
“soyqırım qurbanı” kimi
tanınması üçün dəridən
qabıqdan çıxırlar. Fransa
senatında olduğu kimi
digər dövlətlərdə də “erməni
soyqırımı”nın tanınması üçün
məkrli siyasətlərini davam etdirirlər.
Ümumiyyətlə,
Dağlıq Qarabağ münaqişəsi
zamanı erməni silahlılarının ərazimizdə
apardığı hərbi əməliyyatlar nəticəsində
20 min soydaşımız məhz azərbaycanlı
olduğu üçün
qətlə yetirilmiş, bir
o qədər həmyerlimiz
yaralanmış, 4 mini əsir düşmüş, minlərlə təhsil,
səhiyyə, mədəniyyət
müəssisəsi, tarixi abidələr
dağıdılmışdır. XX əsrdə
2 milyondan artıq azərbaycanlı Ermənistanın
və onun havadarlarının yeritdikləri
soyqırım siyasətinin qurbanı olmuşlar.
Ötən əsrdə ermənilərin azərbaycanlılara
qarşı yönəlmiş soyqırımına ilk siyasi qiyməti 26 mart 1998-ci ildə (1918-ci il
mart hadisələrinin 80-ci ildönümü ərəfəsində)
imzaladığı Fərmanla verən ümummilli
lider Heydər Əliyev daha
bir tarixi missiyanı
yerinə yetirdi.
Azərbaycanlılara
qarşı törədilmiş soyqırımı barədə
müasir və gələcək nəsillərdə
möhkəm milli yaddaş
formalaşdıran, dünyada bu kimi hadisələrə
düzgün siyasi və
hüquqi qiymət verilməsi, belə
halların qarşısının alınması və bir daha təkrarlanmaması üçün
proqram mahiyyətli bu
sənədin mahiyyəti böyükdür.
Beynəlxalq cinayət
hesab olunan, sülh və bəşəriyyət əleyhinə
yönəldilən soyqırımlar, terror,
işğalçılıq Ermənistanın dövlət
siyasətinin əsasını təşkil edir.
Artıq təsdiqlənmiş faktdır ki, Xocalı soyqırımı da daxil olmaqla
erməni millətçilərinin Azərbaycana qarşı
yönəltdiyi, 2 əsrdən artıq davam
etdirilən işğalçılıq əməllərinin
bir adı var:
Əsasını etnik təmizləmə,
deportasiya, insanlığa qarşı bəşəri
cinayət adlandırılan SOYQIRIMI.
57
ölkənin gənclər təşkilatlarını birləşdirən
İƏT-nin Gənclər Forumu İdarə
Heyətinin sessiyasında qurumun mədəniyyətlərarası
və sivilizasiyalararası dialoq məsələləri
üzrə Baş əlaqələndiricisi,
Heydər Əliyev Fondunun vitse-prezidenti,
Leyla Əliyevanın təşəbbüsü
ilə başlanmış, bütün dünya birliyi tərəfindən dəstəklənən
“Xocalıya ədalət” kampaniyasını genişləndirməkdə
də məqsəd ermənilərin azərbaycanlılara
qarşı törətdiyi soyqırımı barədə həqiqətləri
dünya ictimaiyyətinə
çatdırmaqdır.
Xocalı
soyqırımının ildönümü
münasibətilə Avropa və Qərb
dövlətlərində keçirilən aksiyalarda
iştirak edənlərin sayının
artması, Xocalı faciəsinin İsveçdə
yaradılmış və virtual aləmdə
geniş təbliğ olunan
“Beynəlxalq Müharibə Qurbanları Memorialı”na daxil olunması da Azərbaycana dəstək
kampaniyasının nümunəsidir. Ötən illərdə
təkcə İstanbulun Taksim
meydanında Xocalı qurbanlarının xatirəsinə həsr
olunmuş aksiyalarda 1 milyondan artıq insanın iştirakı Azərbaycanla
həmrəylik nümunəsi olmaqla
insanlığa qarşı törədilən bütün qətliamların pislənilməsi
demək idi. Bu il də Avropanın bütün şəhərlərində
Xocalı qurbanlarının xatirəsi hörmət və etiramla yad edilir.
Ötən illərdə Ağ Evin rəsmi internet səhifəsinin
“Biz xalqıq” bölməsində yerləşdirilən
“Xocalı soyqırımının tanınması”,
“Dağlıq Qarabağ münaqişəsi
və Ermənistan silahlı qüvvələri tərəfindən
Azərbaycan torpaqlarının 20 faizini
işğalının tanınması” ilə bağlı
yerləşdirilən petisiyada tələb
olunan imzalar qısa
müddətdə toplandı.
Bu
günlərdə keçirilən 51-ci Münhen
Təhlükəsizlik Konfransında Xocalı
soyqırımı barədə açıqlama verən Prezident İlham Əliyev dünya ictimaiyyətini günahsız
insanların qətli ilə nəticələnən terrora qarşı mübarizəyə
çağırmışdır: “Elə bir
vəziyyət olmalıdır ki, səhvlərdən
nəticə çıxarılmalı və dünyanın
digər yerlərində oxşar faciələrin
yaşanmaması üçün beynəlxalq
ictimaiyyət baş verənlərə
biganə qalmamalıdır. Əfsuslar olsun
ki, Xocalı faciəsi barədə
xüsusilə Avropa ictimaiyyətində geniş məlumat yoxdur.
Baxmayaraq ki, 10-dan çox ölkə Xocalı faciəsini
soyqırımı kimi tanıyıb. Bu soyqırımı nəticəsində
600-dən çox günahsız insan, o cümlədən
106 qadın, 63 uşaq qətlə yetirilib və bu
insanların yeganə günahı ondan
ibarət idi ki, onlar azərbaycanlı idilər. Təəssüflər
olsun ki, bu günə kimi Ermənistan
bu hərbi cinayəti törətdiyini etiraf etməyib. Onlar heç üzr də istəməyiblər.
Onlar Xocalıda törətdikləri ilə
bağlı beynəlxalq ictimai rəyi səhv
istiqamətə yönəltmək istəyirlər. Avropa və ABŞ-dakı fəal erməni lobbisinin fəaliyyəti nəticəsində onlar beynəlxalq ictimaiyyətin bu faciədən diqqətini
yayındırmağa nail olublar.
Bu faciə ilə bağlı kifayət qədər
məlumat yayılmamışdır, baxmayaraq
ki, hər şey sənədləşdirilmişdi,
lentə alınmışdı. Bu
soyqırımından xilas olan adamların şahid
ifadələri var. Xüsusi
amansızlıqla qətlə yetirilən uşaq
və qadınların lentə alınmış
görüntüləri var. Ona görə də bu cür halların təkrar baş
verməməsi üçün bunu törətmiş insanlar
öncə ən azından üzr istəməli
və bunun baş verməsini
etiraf etməlidirlər. Bu
hərbi cinayəti etiraf etməlidirlər
ki, o yenə də təkrarlanmasın.
Yalnız bundan sonra
barışıq ola bilər. Belə olan təqdirdə barışmaq daha asan olacaq.
Düşünürəm ki, bu, mümkündür, çünki biz bir yerdə yaşayırdıq. Biz ermənilərlə sülh
şəraitində bir yerdə
yaşayırdıq. İndi də
Bakının mərkəzində təmir olunmuş
erməni kilsəsi var. Lakin
Şuşada, Ağdamda
Azərbaycan məscidləri tamamilə dağıdılıb.
İlk növbədə onlar
bu məscidləri dağıtmamalı idi, amma indi
onlar bunun
yanlış olduğunu etiraf
etməli və üzr istəməlidirlər.
Sonra biz onlarla əlbəttə ki,
barışacağıq, çünki gec və ya tez sülh olacaq,
iki xalq yenə də
birlikdə yaşayacaq.”
Bu sözlər Azərbaycan xalqına məxsus
humanizm və insanpərvərlik kimi müqəddəs ideyalardan
qaynaqlanır.
Ermənistan
saxta faktlara əsaslanan
və bir əsr bundan
əvvəlki hadisələrə məkrli yanaşmaya
söykənən “erməni soyqırımı”na
hazırlaşdığı bir zamanda Xocalıda, Çanaqqalada
törətdikləri vəhşilikləri xatırlamayaraq,
ibrət götürməyərək qanlı əməllərini
görməzdən gəlmələri
əsil erməni xislətinin daha bir nümunəsidir. Amma
artıq beynəlxalq ictimaiyyət başqalarının siyasi oyunlarının alətinə
çevrilən erməni millətinə xas
çirkinliklər barədə məlumatlıdırlar. Cəzası
ağır olan zamanın öz
sözünü deməyinin
vaxtıdır. Prezident İlham Əliyevin “Mən əminəm
ki, gün gələcək
Xocalı faciəsini törədən, dinc
əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni cinayətkarları
məhkəmə qarşısında cavab
verəcəklər” sözləri qatillərin ədalət məhkəməsi
qarşısında əyləşəcəkləri o anın uzaqda
olmadığına əminlik yaradır. Müstəqillik və
torpaqlarımızın bütövlüyü
uğrunda mübarizələrdə həyatlarını
qurban vermiş
soydaşlarımızın xatirəsi Azərbaycan xalqı üçün həmişə əziz və
unudulmazdır. Tanrıdan bütün
şəhidlərimizə rəhmət diləyir, “Məzarınız
nurla dolsun” deyirik.
Xuraman
İsmayılqızı
İki sahil.- 2015.- 11 fevral.- S.18.