Tariximizin qanlı və
şərəfli
səhifəsinə həsr edilən dəyərli nəşr
Xəbər
verildiyi kimi, tariximizin unudulmaz və qanla yazılmış səhifəsi
olan 20 Yanvar hadisələrinin 25-ci ildönümü ərəfəsində
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi
məsələlər şöbəsinin və Azərbaycan
Dövlət Teleqraf Agentliyinin (AzərTAc) birgə layihəsi
olan “20 Yanvar - Tariximizin qanlı və şanlı səhifəsi”
kitab-albomu nəşr edilib.
Layihənin rəhbərləri Prezident
Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin müdiri, professor Əli Həsənov və
AzərTAc-ın baş direktoru Aslan Aslanovdur.
Kitab-albomda 20 Yanvar hadisələrinin səbəbləri,
həmin hadisələr ərəfəsində Azərbaycanda
yaranmış gərgin ictimai-siyasi vəziyyət, Ermənistanın
əsassız ərazi iddiaları və Dağlıq
Qarabağı Azərbaycandan ayırmaq cəhdləri ilə əlaqədar
baş qaldırmış etiraz dalğası, keçmiş
sovet rəhbərlərinin xalqımıza qarşı məkrli
siyasəti xronoloji ardıcıllıqla təqdim edilir. Həmin
dövrdə cərəyan edən hadisələri və faciəni
əks etdirən foto-sənədlər “20 Yanvara aparan yol”,
“İnformasiya blokadası”, “Qanlı statistika”, “Vida
günü”, “Şəhidlər”, “Şəhidlər
xiyabanı - müqəddəs məkan” başlıqları
altında toplanıb.
“20 Yanvar - Tariximizin qanlı və şanlı
səhifəsi” kitab-albomu 1987-ci ildən başlayan bir
dövrü əhatə edir. Kitab-albom “20 Yanvara aparan yol”
adlı bölmə ilə başlanır. Heç
şübhəsiz ki, 1990-cı il yanvarın 20-də
Bakıda baş vermiş hadisələri Qarabağdakı erməni
təcavüzündən ayrıca təhlil etmək
düzgün olmazdı. Çünki Azərbaycan həmin
dövrdə qonşu Ermənistanın hərbi təcavüzünə
də məruz qalmışdı. Bu baxımdan nəşrdə
göstərilir ki, XX əsrin 80-ci illərinin ikinci
yarısında Sovet İttifaqında yenidənqurma adı
altında bir sıra dəyişikliklər baş verdi.
Ümummilli lider Heydər Əliyev Sov.İKP plenumunda vəzifəsindən
istefa verdikdən bir neçə gün sonra ermənilər
özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının
köməyi ilə “Böyük Ermənistan” ideyasını
həyata keçirmək üçün aşkarlıq və
demokratiyadan istifadə edərək yenidən Azərbaycanın
Dağlıq Qarabağ bölgəsinə dair ərazi
iddiaları irəli sürdülər.
Kitabda qeyd edilir ki, ermənilərin
Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi
uğrunda iki komitəsi - Yerevanda “Qarabağ” komitəsi və
onun Dağlıq Qarabağda uzun müddət gizli fəaliyyət
göstərən yerli təşkilatı olan “Krunk”
açıq fəal mübarizəyə başlamış,
separatçılıq hərəkatı genişlənmişdi.
1988-ci il hadisələri başlayanda ilk vaxtlar vəziyyəti
son dərəcə gərginləşdirməyə, ictimai rəyi
öz tərəflərinə çəkməyə
çalışan erməni siyasətçiləri və
onların mərkəzi ittifaqdakı himayədarları tərəfindən
vilayətin iqtisadi geriliyi pərdəsi altında
Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi
üçün uzun müddətdən bəri
hazırlanmış plan üzrə Xankəndidə və
Yerevanda davamlı tətillər keçirilərək müəssisələr
dayandırılır və kütləvi mitinqlər təşkil
edilirdi.
Lakin baş verən sonrakı hadisələr
DQMV-nin sosial-iqtisadi geriliyi barədə erməni siyasətçiləri
və onların mərkəzdəki himayədarlarının
irəli sürdükləri bu saxta tezisin yalnız bəhanə,
əsas məqsədin isə Ermənistanın Azərbaycana
qarşı ərazi iddiasında olduğunu göstərdi.
1988-ci il noyabrın 17-dən dekabrın 5-dək
Bakıdakı Azadlıq meydanında SSRİ rəhbərliyinin
Dağlıq Qarabağ məsələsində tutduğu ermənipərəst
mövqeyə, azərbaycanlıların Ermənistandan
deportasiyasına etiraz əlaməti kimi davamlı olaraq
keçirilmiş mitinqlər, milli-azadlıq mübarizəsi
kitab-albomda öz əksini tapıb.
Nəşrdə göstərilir ki, 1989-cu il
yanvarın 12-də SSRİ Ali Soveti Rəyasət Heyəti
DQMV-də və onun ətrafında millətlərarası
münasibətlərin gərginliyinin davam etməsi ilə əlaqədar
və bunun qarşısını alıb regionda vəziyyəti
sabitləşdirmək məqsədilə Dağlıq
Qarabağın Azərbaycan SSR tərkibində muxtar vilayət
statusunu saxlamaqla DQMV-də xüsusi idarə formasının tətbiq
edilməsi haqqında fərman qəbul etdi. Həmin fərmanla
DQMV-də bilavasitə SSRİ-nin ali dövlət hakimiyyəti
və idarə orqanlarına tabe olan Xüsusi İdarə Komitəsi
yaradıldı. Xüsusi İdarə Komitəsi “millətlərarası
münasibətlərin daha da kəskinləşməsinin
qarşısını almaq və bu regionda vəziyyəti
sabitləşdirmək” adı altında yaradılsa da, fərmanda
göstərilənlərin əksinə olaraq bu komitənin fəaliyyətdə
olduğu müddətdə DQMV-də vəziyyət daha da kəskinləşmişdi.
Komitənin sədri A.İ.Volski vəziyyəti sabitləşdirmək
deyil, əksinə gərginləşdirmək siyasəti
yürütdü. Onun fəal “səyləri” nəticəsində
az müddətdə vilayətin idarə və müəssisələrinin
demək olar ki, hamısı Azərbaycanın tabeliyindən
çıxarılaraq mərkəzin tabeliyinə
keçirildi. Bütün sənədlərdə DQMV Azərbaycanın
tərkibindən çıxarılmışdı. SSRİ
hökuməti, xüsusilə onun başında duranların qətiyyətsizliyi
və Azərbaycan torpaqlarına açıq-aşkar təcavüz
edən ermənilərə himayədarlıq etməsi
üzündən hadisələr getdikcə daha da mürəkkəbləşdi
və Ermənistan Azərbaycan ərazilərinə hərbi
qüvvə göndərərək açıq təcavüzə
başladı.
Nəticədə sovet rəhbərliyinin
çox ciddi və bağışlanılmaz səhvləri və
ermənipərəst siyasəti 1989-cu ilin sonu-1990-cı ilin əvvəllərində
vəziyyətin getdikcə kəskinləşməsinə gətirib
çıxardı, DQMV və Azərbaycanın Ermənistanla
həmsərhəd bölgələrində erməni təcavüzü
daha geniş miqyas aldı. Bu illərdə törədilən
terror aktları nəticəsində yüzlərlə azərbaycanlının
həyatına son qoyuldu. Minlərlə azərbaycanlı
SSRİ-nin hakim dairələri tərəfindən himayə
edilən ermənilərin işğalçılıq siyasətinin
qurbanı oldu. Bu dövrdə Dağlıq Qarabağ bölgəsində
yaşayan ermənilərə Azərbaycandan ayrılaraq Ermənistanla
birləşməyin zəruriliyinə nail olmaq
ideyasını süni surətdə qəbul etdirən təcavüzkar
dövlət bu məqsədə çatmaq üçün
Dağlıq Qarabağdan azərbaycanlıları
soyqırımına və təcavüzə məruz qoyub didərgin
salmış, eləcə də azərbaycanlıları Ermənistandan,
tarixən yaşadıqları torpaqlardan zorakılıqla
deportasiya etmişdir.
Kitab-albomda qeyd edilir ki, sovet rəhbərliyinin
məsələyə vaxtında və prinsipial qiymət verməməsi,
Ermənistanın ərazi iddialarının əsassız
olmasının göstərilməməsi ermənilər tərəfindən
xüsusi plan əsasında hazırlanmış, Sumqayıtda
törədilən faciəli hadisələrə gətirib
çıxardı. SSRİ hökuməti, xüsusilə onun
başında duranların qətiyyətsizliyi və Azərbaycan
torpaqlarına açıq-aşkar təcavüz edən ermənilərə
himayədarlıq etməsi üzündən hadisələr
getdikcə daha da mürəkkəbləşdi və Ermənistan
Azərbaycan ərazilərinə hərbi qüvvə göndərərək
açıq təcavüzə başladı.
Nəşrdə göstərilir ki, 1990-cı
ilin yanvar ayında Bakıya sovet ordusunun hərbi müdaxiləsi
və Azərbaycan tarixində ondan əvvəl baş
vermiş faciəli hadisələr XX əsr boyu
xalqımıza qarşı yeridilən
düşünülmüş siyasətin növbəti təzahürü
idi. Sovet rəhbərliyinin himayədarlığı ilə
başlayan Dağlıq Qarabağ hadisələri, Azərbaycan
xalqına qarşı soyqırımı və azərbaycanlıların
Ermənistan ərazisindəki əzəli torpaqlarından
qovulması bu siyasətin mərhələləridir.
Bu baxımdan kitab-albomun “İnformasiya
blokadası” adlanan bölməsində qeyd edilir ki, 1988-ci il
hadisələri başlayan gündən Dağlıq
Qarabağ məsələsi mərkəzi mətbuatın səhifələrində
geniş şərh olunur, informasiya blokadası Azərbaycanın
mövqeyini görünməyə qoymur, mərkəzin təbliğat
maşını hadisələri birtərəfli
işıqlandırmaqda davam edirdi. Münaqişə
başlayandan İttifaq orqanlarının birtərəfli
mövqeyi (kütləvi informasiya vasitələri və mərkəzi
mətbuatın ermənipərəst
çıxışları) özünü
açıq-aşkar göstərirdi. Ermənilərin mərkəzi
mətbuat vasitəsilə Azərbaycana qarşı
apardıqları yalan və böhtan kampaniyası
münaqişənin gedişində də öz təsirini
göstərirdi. Bu işdə ermənilərin siyasi mənafelərini
təmsil edən bir sıra rəsmi və qeyri-rəsmi şəxslər
xüsusilə canfəşanlıq göstərirdilər.
Eyni zamanda, sovet dövründə mərkəzi hakimiyyət
orqanlarının himayədarlığı ilə Azərbaycan
əleyhinə məqsədyönlü şəkildə təbliğat
kompaniyası aparılmış və nəticədə mənfi
ictimai fikir formalaşdırılmışdı. Erməni
ideoloqları və onların ilhamvericiləri Azərbaycanın
tarixi, sosial-iqtisadi inkişafı haqqında faktları
açıq-aşkar saxtalaşdıraraq bütün ittifaq
miqyasında yaymışdılar.
Belə bir şəraitdə yanvarın 15-də
SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri
M.Qorbaçov “DQMV və bəzi başqa rayonlarda fövqəladə
vəziyyət elan edilməsi haqqında” fərman imzaladı.
Azərbaycan SSR Ali Sovetinə təklif edildi ki, Bakı və
Gəncə şəhərlərində və başqa
yaşayış məntəqələrində qadağan saatlarının
tətbiq edilməsi də daxil olmaqla lazımi tədbirlər
görülsün. Ölkəmizə qarşı ərazi
iddiaları irəli sürən Ermənistanın təcavüzkarlıq
siyasəti və keçmiş SSRİ rəhbərliyinin
onlara himayədarlığına öz qəti
etirazını bildirən geniş xalq kütlələrinə
qarşı sovet ordusunun xüsusi təlim keçmiş hissələrindən
istifadə olunması 1990-cı il yanvarın 20-də qanlı
faciəyə gətirib çıxardı.
Nəşrdə göstərilir ki, 1990-cı
ilin yanvar ayında M.Qorbaçov başda olmaqla sovet
imperiyasının rəhbərliyi Bakıda vəziyyətin
öz məcrasından çıxdığını və
hakimiyyətin təhlükədə olduğunu bəhanə
edərək qoşunun yeridilməsi üçün müxtəlif
dezinformasiyalar yayırdı. Guya Bakıya qoşun hərbi
qulluqçuların ailələrini qorumaq, hakimiyyətin
zorakılıqla ələ keçirilməsinin
qarşısını almaq üçün yeridilmişdi.
Belə ki, 1990-cı il yanvarın 19-da M.Qorbaçov
yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət
elan edilməsi haqqında fərman imzaladı. Əhalinin
bundan məlumatsız qalması üçün isə
SSRİ DTK-nın “Alfa” qrupu tərəfindən yanvarın
19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji bloku
partladıldı, respublikada televiziya verilişləri
dayandırıldı. Gecə isə qoşun fövqəladə
vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə
daxil oldu və dinc əhaliyə amansız divan tutuldu.
M.Qorbaçovun fərmanı qüvvəyə minənədək
– yanvarın 20-də saat 00.00-dək artıq 9 nəfər
öldürülmüşdü. Bakıda fövqəladə
vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə
yalnız yanvarın 20-də səhər saat 07.00-da respublika
radiosu ilə çatdırıldı. Həmin vaxt
öldürülənlərin sayı 100 nəfərə
çatmışdı.
Kitab-albomun “Qanlı statistika” bölməsində
qeyd edilir ki, 20 Yanvar faciəsində Azərbaycan xalqına
qarşı törədilmiş cinayət əslində bəşəriyyətə,
humanizmə, insanlığa qarşı həyata
keçirilmiş dəhşətli terror aktıdır. Bu
faciədə 147 Azərbaycan vətəndaşı şəhid
olmuş, 744 nəfər yaralanmış və xəsarət
almış, 841 nəfər qanunsuz olaraq həbs edilmişlər.
Sonradan 20 Yanvar hadisələrini
araşdıran “Şit” təşkilatının müstəqil
ekspertləri tərəfindən hazırlanmış hesabatda
göstərilirdi ki, adamları xüsusi qəddarlıqla və
yaxın məsafədən güllələmişlər. Məsələn,
Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox,
R.Rüstəmova 23 güllə vurulmuş, xəstəxanalar,
təcili yardım maşınları atəşə
tutulmuş, həkimlər öldürülmüşdür.
İnsanlar süngü-bıçaqla qətlə
yetirilmiş, onların arasında yetkinlik yaşına
çatmayanlar, qadınlar, qocalar, şikəstlər, hətta
hər iki gözü tutulmuş B.Yefimtsev də var idi. Eyni
zamanda, “Kalaşnikov” avtomatının ağırlıq mərkəzi
dəyişən 5,45 çaplı qadağan edilmiş
güllələrindən istifadə edilmişdir. Nəticədə
insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin,
o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin
müddəaları kobudcasına pozulmuşdur.
Kitab-albomun “Vida günü” adlanan bölməsində
Azərbaycan vətəndaşlarının Vətən
uğrunda canlarından keçən həmyerlilərini əziz
tutduğu vurğulanır, eyni zamanda, qeyd edilir ki, şəhidlərin
hər zaman xatırlanması və həmin gün
canlarından keçənlərin xatirəsinin yad edilməsi
üçün məzarlığın seçilməsi də
mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, ermənilər
tərəfindən 1918-ci ilin mart-aprel aylarında Bakıda qətlə
yetirilmiş azərbaycanlıların Çənbərəkənd
adlanan ərazidə dəfn olunması, sonradan sovet rejimi tərəfindən
yerlə-yeksan edilməsi və 20 Yanvar şəhidlərinin də
bu məkanda dəfn edilməsi tarixi yaddaşın təzələnməsi
baxımından məqsədəuyğun hesab edildi. Nəşrdə
qeyd edilir ki, bunun əsas məqsədi son əsrdə
xalqımıza qarşı həyata keçirilən
soyqırımı haqqında indiki və gələcək nəsillərdə
möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə
bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə
nail olmaq, onun ağır nəticələrinin aradan
qaldırılmasına və bir daha belə halların təkrar
olunmamasına çalışmaqdır. Qanlı Yanvar Sovet
İttifaqının Azərbaycandakı idarəçiliyinin
sonu oldu. Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də
öz müstəqilliyini bərpa etdi.
20 Yanvar hadisələrinə siyasi qiymət
verilməsi də kitab-albomun “Şəhidlər”
bölümündə öz əksini tapıb. O zaman
yalnız ümummilli lider Heydər Əliyev bütün
çətinliklərə baxmayaraq, siyasi iradə
nümayiş etdirərək Azərbaycanın Moskvadakı
nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin
törətdiyi bu cinayəti qətiyyətlə pisləyərək
bəyanatla çıxış etmişdir. Nəşrdə
qeyd edilir ki, Ümummilli Liderin 1993-cü ildə Azərbaycanda
yenidən hakimiyyətə qayıdışından sonra
1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində
tam siyasi-hüquqi qiymət verildi. Azərbaycan Respublikası
Prezidentinin 20 Yanvar faciəsinin 4-cü
ildönümünün keçirilməsi ilə
bağlı 1994-cü il 5 yanvar tarixli Fərmanında deyilir:
“Xalqımızın tarixinə qanlı Yanvar faciəsi kimi
daxil olmuş 1990-cı il yanvarın 20-də Azərbaycan
öz azadlığı və müstəqilliyi uğrunda ilk
şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla
yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi
ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar
hadisələrinə dövlət səviyyəsində
lazımi siyasi-hüquqi qiymət verilməmişdir”. Fərmanda
Milli Məclisə 20 Yanvar hadisələrinə tam
siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə
parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə
baxılması tövsiyə edilir. Milli Məclisdə
müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul
edilən qərarda nəhayət ki, 1990-cı ilin qanlı 20
Yanvar faciəsinə dövlət səviyyəsində tam
siyasi-hüquqi qiymət verildi. Ümummilli Liderin 1998-ci il
tarixli Fərmanı ilə “20 Yanvar şəhidi” fəxri
adı təsis edilmişdir. Fərmana əsasən,
1990-cı il yanvarın 20-də keçmiş SSRİ
silahlı qüvvələrinin Bakıya və respublikanın
bir neçə rayonuna hərbi təcavüzü zamanı həlak
olmuş 147 nəfərə “20 Yanvar şəhidi” adı
verilmişdir.
Nəşrdə diqqətə
çatdırılıb ki, “Şəhidlər ölmür,
onlar bizim qəlbimizdə əbədi yaşayırlar”, - deyən
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də
20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi,
adlarının uca tutulması, o cümlədən onların
ailələrinin sosial müdafiəsinin gücləndirilməsini
daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə
mühüm tədbirlər həyata keçirir. Bakı
şəhərində şəhidlərin xatirəsinə
xüsusi memorial kompleks ucaldılmış, Naxçıvan
şəhərindəki Şəhidlər xiyabanı yenidən
qurulmuşdur. Dövlət başçısının “20
Yanvar şəhidinin ailəsi üçün Azərbaycan
Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi
haqqında” 2006-cı il 19 yanvar, “1990-cı ilin 20 Yanvar hadisələri
ilə əlaqədar əlil olmuş şəxslərə
Azərbaycan Respublikası Prezidentinin təqaüdünün
təsis edilməsi haqqında” 2011-ci il 19 yanvar tarixli fərmanları
Azərbaycanın müstəqilliyi və ərazi
bütövlüyü uğrunda həlak olmuş şəhidlərin
xatirəsinə göstərilən ehtiramın bariz ifadəsidir.
Kitab-albomun “Şəhidlər Xiyabanı –
Müqəddəs Məkan” adlanan bölümündə qeyd
edilir ki, milli birlik və vətənpərvərliyin simvoluna
çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz
suverenliyi uğrunda apardığı mübarizənin şərəf
tarixidir. Hər il faciənin ildönümündə
milyonlarla insan şəhidlərin əziz xatirəsini dərin
ehtiramla yad edərkən ümummilli liderimiz Heydər
Əliyevin bu fikirləri bir daha yada düşür: “20 Yanvar
faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır,
onlar millətimizin qəhrəmanlarıdır. Onların həlak
olması bizim üçün, xalqımız
üçün böyük itkidir. Ancaq eyni zamanda onların
şəhid olması xalqımızın qəhrəmanlıq
rəmzidir. Onların tökülən qanı bütün
xalqımızın qanıdır. O qanın hər
damcısında xalqımızın qüdrəti, qəhrəmanlığı
var, xalqımızın milli azadlıq, müstəqillik
arzuları vardır. O gecə tökülən qanlar Azərbaycanın
müstəqilliyini nümayiş etdirən milli
bayrağımızın üstündəki qandır”.
Diqqətə çatdırılır ki, bu
qanlı cinayət nə qədər faciəli olsa da, Azərbaycan
xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə
əzmini qıra bilmədi. Həmin müdhiş gecədə
həlak olan Vətən oğulları Azərbaycanın
tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı,
müstəqilliyi üçün yol açdılar.
İyirmi Yanvar hadisələri Azərbaycan dövlətinin
tarixinə müstəqilliyə gedən yolda tariximizin şərəf
və qəhrəmanlıq səhifəsi kimi yazılıb.
Eyni zamanda, keçmiş sovet dövlətinin hərb
maşınının həmin gün Azərbaycan xalqına
qarşı həyata keçirdiyi hərbi təcavüz
insanlığa qarşı törədilmiş ən
ağır cinayətlərdən biri kimi qalacaq. Milli
azadlıq və ərazi bütövlüyü uğrunda
mübarizəyə qalxmış dinc əhaliyə silahlı
təcavüz nəticəsində yüzlərlə
günahsız insanın qətlə yetirilməsi və
yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində
onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha
nümayiş etdirdi.
Kitab-albomda 20 Yanvar hadisələrinin
miqyasını, Azərbaycan xalqının 25 il əvvəl
yaşadığı faciəni əks etdirən yüzlərlə
fotoşəkil yer alıb. Bu fotoşəkillər AzərTAc-ın
və bir çox tanınmış fotoqrafların arxivlərindən
götürülüb.
Ümumilikdə, “20 Yanvar - Tariximizin qanlı və
şanlı səhifəsi” kitab-albomu keçmiş sovet
ordusunun Bakıda törətdiyi hərbi cinayətlərlə
yanaşı, Azərbaycan xalqının azadlıq mübarizəsi,
şəhidlərin xatirəsinin əbədiləşdirilməsi
istiqamətində görülən işlər, ulu öndər
Heydər Əliyevin həmin ağır günlərdə Azərbaycanın
Moskvadakı daimi nümayəndəliyinə gələrək
qanlı qırğına ilk olaraq etiraz səsini ucaltması
və siyasi-hüquqi qiymət verməsi, eləcə də
ölkəyə rəhbərliyi dövründə şəhid
ailələrinə göstərdiyi diqqət və
qayğı, Prezident İlham Əliyevin şəhidlərin
xatirəsinin əbədiləşdirilməsi istiqamətində
atdığı sonrakı addımlar sistemli şəkildə
öz əksini tapıb.
Bu kitab-albom həm indiki və gələcək
nəsillərimizdə, həm də dünya ictimaiyyətində
faciə barədə aydın və obyektiv təsəvvür
yaratmaq baxımından dəyərli yaddaş
kitabıdır. 20 Yanvar hadisələrinə dair fotoşəkillərin
və sənədlərin sistemli şəkildə təqdim
edildiyi kitab-albomun dörd dildə - Azərbaycan, ingilis, rus və
ərəb dillərində nəşr olunması olduqca təqdirəlayiqdir
və mühüm siyasi əhəmiyyət kəsb edir. Hesab
edirik ki, bu dəyərli nəşr Azərbaycan həqiqətlərinin
daha geniş auditoriyaya çatdırılması işinə
sanballı töhfəsini verəcək.
Elçin
ƏHMƏDOV
Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının beynəlxalq münasibətlər və
xarici siyasət kafedrasının dosenti, “
Azərbaycan
Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı
İcması” İctimai Birliyinin Qarabağ Araşdırmalar Mərkəzinin
müdiri
İki
sahil.- 2015.- 12 fevral.- S.6-7.