Kitabxanalarımız milli sərvətimizdir
Kitab və kitabxanaçılığın
inkişafına dəstək insanın mənən
formalaşmasına, azərbaycançılıq
ideologiyasının bərqərar olmasına, ədəbiyyat,
incəsənət və mədəniyyətdə böyük nailiyyətlərin əldə
edilməsinə imkan verir.
Elm və texnika inkişaf etdikcə həyatımızda da onlara uyğun olaraq dəyişir. Texnikanın inkişafı həyat fəaliyyətimizə o qədər təsir göstərir ki, onun gətirdiyi yeniliklərdən uzaqda qala bilmirik. Amma texnologiyanın artan inkişaf tempi müsbət dəyərləri ilə yanaşı, mənfi çalarları ilə də özünü göstərir. Konkret olaraq əvvəllər hamının mütaliə ilə yanaşı, həm də bir növ görüş yerinə çevrilən məlumat və elm ocağı kimi tanınan kitabxanalar yavaş-yavaş virtual alternativləri ilə əvəzlənir. Məsələn, qısa bir müddətdən sonra kitabxanalar artıq muzeyə çevriləcək desək, bəlkə də çoxumuz təəccüblənmərik. Yolumuz artıq kitabxanalardan çox düşməsə də, hələ də məğrurluğunu qoruyan və hər il milyonlarla insanın ziyarət etdiyi kitabxanalar mövcuddur. Kompyuter və internet texnologiyası həyatımızı bu qədər ələ keçirməzdən əvvəl kitabxanalar hər cür məlumata çata biləcəyimiz yeganə yerlər idi. Zaman keçdikcə insan texnologiya sayəsində istədiyi məlumata çatmaq üçün kitabları istifadə etməkdən imtina edib daha asan və sürətli olan texnologiyanı seçməyi üstün bildi. Yarandığı gündən dövrümüzə kimi müxtəlif istiqamətlər üzrə insanların maariflənməsində əvəzsiz rol oynayan kitabxanalarımızın formalaşmasında tarixdə öz adını qoymuş böyük şəxsiyyətlərin rolu əvəzsizdir. Zaman keçdikcə insanların həyatında öz müsbət təsirini bağışlayan kitabxanalarımız humanitar elm kimi tədris olunmağa başlayıb.
Eramızdan əvvəl müxtəlif yollarla yazılan kitabların son dərəcə ciddi mühafizəsində də yalnız bir məqsəd vardı: insanların maariflənməsi və yaradılanların gələcək nəsillərə ötürülməsi. Şübhəsiz, əsrlər boyunca yazılaraq bu günümüzə qədər gəlib çıxan, həmçinin də hazırda nəşr edilən milyonlarla kitab bu sahənin zənginləşməsinə xidmət edir. Lakin bu heç də o demək deyil ki, bu artım tempi qaneedici sayılır, çünki kəmiyyətlə müqayisədə keyfiyyətin artımı narazılıq doğurur. Bu günümüzdə əhəmiyyətini itirmiş kimi görünən əyani vəsaitlərin araya-ərsəyə gəlməsi üçün ta qədimdən bu işə böyük zəhmət sərf edənlərin keçdiyi yola nəzər salmaq maraqlı olardı.
Ən qədim kitabxanalar ilk dəfə qədim Şumerdə yaranmışdı. Qədimliyi və dəyəri baxımından qiymətli olan belə kitabxanalardan biri də Assur hökmdarı tərəfindən qurulub. Hökmdar Aşşurbanipal tərəfindən eramızdan əvvəl 625-ci ilə qurulan kitabxananın adı Nineva olub. Misirdə eradan öncə yaradılmış İsgəndəriyyə kitabxanası isə dövrünün ən böyük kitabxanası kimi tanınıb. Bir çox tarixçilər hesab edir ki, İsgəndəriyyə kitabxanasının yaranması bir çox tarixi faktların izini itirib. Qədim dövrlərdə ilk kitabxanalar dövlət idarələri və məbədlərdə yaranırdı. Orta əsr kitabxanaları isə təxminən 1000 kitabı olan kiçik monastr kitabxanaları idi.
Tarixilik baxımından qədim olan bizim ölkəmizdə də ənənəvi kitabxanalar mövcuddur. Amma müasir dünyada qrafik, səsli və görüntülü kitabxanaların olması barədə çoxumuzun məlumatı var. Aydındır ki, internet kitabxanalarının indiki qədər inkişaf etmədiyi yaxın keçmişimizdə kitabxanalar təhsilə və elmə ən böyük yardımçı idi. Elmin yeniliklərinə rəğmən bu gün də kitabxanalarımız də öz funksiyasını qoruyub saxlamaqdadır. Çünkü bir sıra nəşrlər var ki, onları internetdən əldə etmək mümkün deyil. Belə situasiyada kitabxanaların nə qədər böyük dəyər daşıdığı özünü göstərir.
Bu gün dünyada öz zənginliyi ilə tanınan bir çox kitabxanalar fəaliyyət göstərir. Dünyanın bir hissəsi olan Azərbaycan da bu baxımdan geridə qalmır. Azərbaycanın ən böyük kitabxanası olan M.F.Axundov adına Milli Kitabxana nəinki Qafqazda, eləcə də Avropa qitəsində, o cümlədən bütün dünyada şöhrəti olan ən böyük milli kitabxanalardan biri hesab edilir. Qeyd edək ki, 1923-cü ildə kiçik bir mənzildə, 5 min nüsxə kitabla fəaliyyətə başlayan Milli Kitabxananın hazırda fondunda 5 milyona yaxın kitab var. Eyni zamanda bir ildən çoxdur ki, kitabxanada elektron kataloq mövcuddur. Kitab və kitabçılıq işinin inkişafına müsbət təsir göstərən müstəqillik şəraitinin əhəmiyyətini xüsusilə qeyd etməliyik. Müstəqillik şəraiti kitab nəşrinin genişlənməsinə, nəşriyyat sisteminin yaranmasına və inkişafına əsaslı təsir göstərib və göstərməkdədir. Çünki Prezident İlham Əliyev ölkəmizdə bütün sahələrin, elmin, mədəniyyətin, iqtisadiyyatın inkişafına kömək edir və bu kömək öz müsbət nəticələrini göstərməkdədir. Ölkəmizdə kitab, kitabxana, kitab mədəniyyəti və s. sahələrin inkişafında xidmətlər olduqca böyükdür. Məhz bu xidmətlərin nəticəsində ölkəmizdə 10 mindən çox kitabxana, 400-ə qədər dövlət, özəl nəşriyyatlar, 1000-ə qədər qəzet və jurnallar öz fəaliyyətlərini daha da genişləndirirlər. Ölkəmizdə yaranan belə bir şərait insanın mənən formalaşmasına, azərbaycançılıq ideologiyasının bərqərar olmasına, ədəbiyyat, incəsənət və mədəniyyətdə böyük nailiyyətlərin əldə edilməsinə imkan verir. Bir sözlə, kitab nəşri, kitab mədəniyyətinin inkişafı ölkə başçısının fəaliyyət sferasında xüsusi yer tutur. Bu mənada “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Prezidentin sərəncamı xüsusi əhəmiyyət kəsb edir. Bu sərəncamla əlaqədar latın qrafikalı nəşrlər hesabına respublikamızda kitabçılıq işi inkişaf edib, kitabxanaların fondu çap edilən yeni müxtəlif ədəbiyyatlarla zənginləşib. Ölkə başçısının sərəncamına əsasən, son illərdə 400 adda 10 milyon nüsxədən çox kitab nəşr edilərək ölkə kitabxanalarına hədiyyə olunub. Kitab nəşrinin də davamlı inkişafının daim diqqət mərkəzində saxlanması, kitab və kitabçılıq işinin bir çox sahələrinin inkişafı ilə bağlı çox dəyərli sərəncamlar kitab nəşri işini, kitab mədəniyyətini, ümumiyyətlə, ədəbiyyat və incəsənətimizi, mədəniyyətimizi dövrün tələbləri səviyyəsində inkişaf etdirməyə əsaslı təsir göstərir. Təkcə belə bir faktı qeyd etmək kifayətdir ki, indi respublikamızda müxtəlif elm və bilik sahələri üzrə, müxtəlif növlərdə və tiplərdə 4 minə yaxın adda kitab və kitabça çapdan buraxılır. Bu da öz növbəsində kitab mədəniyyətinin inkişaf etdiyini göstərməklə bərabər, insan fəaliyyətində xüsusi əhəmiyyət kəsb edən mütaliənin səmərə və keyfiyyətinin yüksəlməsinə müəyyən mənada təsir göstərir. Beləliklə, kitab nəşri, kitab mədəniyyəti, onun inkişafı, bütövlükdə Azərbaycan mədəniyyətinin inkişafına əsaslı təsir göstərir.
Təsadüfi deyil ki, yaxın keçmişimizdə insanların dəyəri onun nə qədər kitab oxuması ilə müəyyən olunurdu və bu sahədə əməlli-başlı yarış gedirdi. Hətta kimsə, hansısa əsəri oxumadığı üçün xəcalət hissi keçirirdi. Görünür, bu yarışda olan oxucular Herbert Spencerin- “Bir insanın dəyəri onun oxuduğu kitablarla ölçülür”-ifadəsindən də xəbərsiz deyildilər. Tanınmışlardan biri isə - “Əgər siz bir insanı öldürsəniz, Tanrının güzgüsünü, ağıl sahibini öldürmüş olursunuz. Əgər ağıl məhsulu olan bir kitabı yox etsəniz ağılın özünü yox etmiş olursunuz. Çünki Tanrı bunu bağışlamır”-deyib. Kitabxanalar yazılmışları bir araya yığan, qoruyan, onlardan insanların faydalanmasını təşkil edən xalqa xidmət göstərən evlərimizdir.
Şəfiqə
Dadaşova
İki sahil.- 2015.- 14 fevral.- S.29.