Azərbaycan regionun əsas güc mərkəzidir

 

İqtisadi şaxələndirmə proqramı və gələcəyə aydın baxış ölkəmizi qlobal aktora çevirir

 

Azərbaycanın son onillikdəki sürətli inkişafı onun beynəlxalq aləmdə nüfuzunu artırmaqla yanaşı, ölkəmizi regionun əsas siyasi aktoruna çevirmişdir. Əlbəttə, bu bir tərəfdən bizim iqtisadi imkanlarımızla, böyük iqtisadi layihələrlə əlaqəlidirsə, digər tərəfdən Azərbaycanın güclü siyasi iradəsi və bu əsasda yürüdülən müstəqil siyasətlə də bağlıdır.

 

Prezident İlham Əliyevin 12 illik hakimiyyəti dövründə tutduğu siyasi kurs Azərbaycanı regionda söz sahibi kimi qəbul edilən dövlətə çevirmişdir. Bir müddət öncə bu barədə Prezident İlham Əliyevin söylədiyi fikirlər ölkəmizin beynəlxalq aləmdəki siyasi statusunu ən yaxşı formada göz önündə canlandırır: “Keçən il beynəlxalq əlaqələrimiz artmışdır. Bizim əməkdaşlıq etdiyimiz ölkələrin, yəni fəal əməkdaşlıq etdiyimiz ölkələrin sayı gündən-günə artmaqdadır. Azərbaycan həm ikitərəfli, həm çoxtərəfli formatda çox uğurlu xarici siyasət aparır. Əlbəttə ki, keçən il ilk növbədə, qonşu ölkələrlə bizim ikitərəfli formatda çox sıx təmaslarımız olmuşdur. Dövlət başçıları səviyyəsində çoxsaylı qarşılıqlı səfərlər təşkil edilmişdir. AvropaAsiya ölkələri ilə ən yüksək səviyyədə ikitərəfli əlaqələrin inkişafı üçün işlər görülmüşdür. Azərbaycan dünyada çox böyük hörmətə malikdir, etibarlı tərəfdaş kimi tanınır və bizim beynəlxalq nüfuzumuz getdikcə artır. Regional məsələlərin həllində, regional əməkdaşlıq məsələlərində Azərbaycanın rolu əvəzolunmazdır. Biz bir çox təşəbbüslərin müəllifiyik. Bu təşəbbüslər sadəcə olaraq niyyət deyil. Bu təşəbbüslər real layihələrə çevrilir. Bu layihələrin icrası, əlbəttə ki, bizim imkanlarımızı artırır və ölkəmizə siyasi, iqtisadi dividentlər gətirir”.

Əlbəttə, bütün bunlar əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan təməl üzərində Prezident İlham Əliyevin böyük siyasi peşəkarlıqla həyata keçirdiyi ardıcıl fəaliyyət nəticəsində mümkün olmuşdur. Müstəqilliyini yeni qazanmış, zəif iqtisadiyyata və cəlb olunduğu münaqişəyə rəğmən Azərbaycan düzgün strateji diplomatiya nəticəsində nəinki regional layihələrin vacib iştirakçısına çevrilib, həm də belə layihələrin təşəbbüskarı və əsas icraçısı kimi güclü tərəfdaş ölkə rolunu oynayır. Bu baxımdan son dövrün ən böyük iqtisadi layihəsi hesab edilən “Cənub” qaz layihəsinin adını çəkmək kifayətdir. Azərbaycan bu layihənin maliyə təminatının da əsas hissəsini öz üzərinə götürməklə hansı gücə malik olduğunu bir daha nümayiş etdirir. Ölkə başçısı bu layihənin dəyərini və əhəmiyyətini düzgün qiymətləndirmişdir: “Keçən il “Cənub” qaz dəhlizinin təməli qoyulmuşdur. Bu, tarixi hadisədir. Bu layihə bizim uzunmüddətli inkişafımızı daha da sürətləndirəcək. Bu layihə “Əsrin müqaviləsi”nə bərabər olan bir layihədir. Artıq bu layihəni XXI əsrin layihəsi adlandırırlar”.

Bütün bunlar dünyada Azərbaycanın müsbət imicinin formalaşmasına, şübhəsiz ki, təsirsiz ötüşə bilməzdi. Bu tipli şərhlərə və fikirlərə son illərdə dünya mətbuatının səhifələrində tez-tez rast gəlinir. Bir sıra ölkələr Azərbaycanın inkişaf modelini nümunə kimi öyrənmək niyyətlərini açıq ifadə edirlər. Məsələn, bir neçə ay bundan öncə ölkəmizdə keçirilən beynəlxalq humanitar konfransın iştirakçısı olan uzaq Amerika dövləti Paraqvaylı nümayəndələr Azərbaycanda şahidi olduqları inkişaf haqqında danışarkən heyrətlərini gizlədə bilməmişlər. Yerli televiziya bu mövzuya bir proqram həsr etmiş və ölkələrinin regional balanslaşdırılmış siyasət yürütməsində Azərbaycandan çox şey öyrənə biləcəyini etiraf etmişlər.

Ölkəmizin siyasi nüfuzunugücünü nümayiş etdirən bir bəyanatında Prezident İlham Əliyev deyir: “Azərbaycan öz işi ilə, görülən işlərlə, aparılan siyasətlə və keçirilən tədbirlərlə ümumbəşəri dəyərlərə öz dəyərli töhfələrini verir... Təbii ki, ikitərəfli formatda heç bir ölkə qarşısında bizim heç bir öhdəliyimiz yoxdurola da bilməz. Bu, beynəlxalq münasibətlərin qanunlarıdır. Əgər kimsə hesab edir ki, Azərbaycana ultimatum dili ilə, yaxud da diktat dili ilə nə isə deyə bilər, səhv edir. Bizim tariximiz, son illər ərzində apardığımız müstəqil, cəsarətli siyasət bunu bir daha göstərir və bütün ölkələr ancaq ikitərəfli formatda bərabərhüquqlu münasibətlər qurmalıdırlar. Bu, beynəlxalq davranışın qaydalarıdır. Heç bir ölkənin istisna ixtiyarları, haqları yoxdur, ola bilməz. Bütün ölkələr bərabərdir və bütün ölkələri birləşdirən təşkilat BMT-dir. O təşkilat ki, 2011-ci ildə Azərbaycanı bu təşkilatın ən üst qurumuna seçmişdir. Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olmuşdur. Bu fakt Azərbaycanın beynəlxalq nüfuzunu əks etdirən ən gözəl göstəricidir”.

Azərbaycanın reallaşdırdığı müstəqil, balanslaşdırılmış xarici siyasət kursu ölkəmizin beynəlxalq nüfuzunun artmasında böyük rol oynayır. Bu siyasi kurs bir çox dövlətlərin kütləvi informasiya vasitələrində siyasi şərhçilərin heyrətlə təqdir etdikləri bir mövzuya çevrilib. Bir müddət bundan öncə bu gün hərbi-siyasi böhran vəziyyətində olan Ukraynada fəaliyyət göstərən saytların birində (obozrevatel.com) Azərbaycanın tutduğu siyasi kurs təqdir edilməklə yanaşı, bu siyasətin ölkəmizə qazandırdığı dividentlər də diqqətə çatdırılırdı. Sözügedən yazıda qeyd edilir ki, postsovet məkanında müstəqillik qazanan dövlətlərin bir çoxu bir-birinə zidd olan ya Qərbyönümlü, ya da Rusiyayönümlü siyasət həyata keçirirlər. Qeyd olunur ki, Litva, LatviyaEstoniya birmənalı şəkildə qərbyönümlü kursu seçiblər. Bəzi postsovet ölkələri hələ də Rusiyanın güclü təsiri altındadır. Məqalədə üçüncü yolun: Azərbaycanın tutduğu siyasi kursun uğurları xüsusi vurğulanır: “Nədənsə bir çox ekspert, o cümlədən, Ukraynadakılar postsovet məkanı ölkələrinin inkişafı üçün üçüncü yolun, Azərbaycanın uğurla getdiyi yolun olduğunu görmək istəmirlər. Bu keçmiş sovet ölkəsi Avropa İttifaqı, ABŞ, Yaxın Şərq və MDB ölkələri ilə uğurla əməkdaşlıq edir. Rusiya prezidenti Vladimir Putinin son Bakı səfəri göstərdi ki, Azərbaycan fərqli tərəfdaşlarla ümumi dil tapa, bərabərhüquqlu dialoq qura bilir. Bu respublikada çoxdandır ki, nəhəng Qərb enerji şirkətləri fəaliyyət göstərir. Bakı bu gün eyni vaxtda bir neçə neft-qaz kəmərinin inşasında iştirak edir... Bu isə öz növbəsində ölkənin xarici siyasi mövqeyini gücləndirib”. Ukraynanın bu günkü durumuna nəzər salarkən müəllifin mülahizələri ilə razılaşmamaq olmur. O cümlədən, Azərbaycanın siyasi hakimiyyətinin yürütdüyü diplomatiyanın uzaqgörənliyini və uğurlarını bir daha qeyd etməmək mümkün deyil.

Yazı müəllifi, eləcə də bir çox xarici ekspertlər Azərbaycanın yerləşdiyi mürəkkəb geosiyasi məkana rəğmən, həm yaxın qonşuları olan Rusiyaİranla, həm də bölgədə boyük geosiyasi maraqları olan ABŞ və digər Qərb dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı maraqların təmin edilməsinə dayanan əlaqələr qurmasını böyük uğur kimi dəyərləndirirlər.

Bu baxımdan, ölkəmizdə bir neçə ildir, eləcə də 2014-cü ildə keçirilən böyük beynəlxalq tədbirlər dünya ictimaiyyətində inkişafın Azərbaycan modelinə marağı artırmaqla yanaşı, dövlətimizin regionun mühüm güc mərkəzinə və əsas oyunçusuna çevrilməsi amilixüsusi vurğulanır. Uzun siyahıya gərək duymadan, yalnız ABŞ-da nəşr olunan məşhur “Foreign Affairs” jurnalının yanvar-fevral buraxılışında Azərbaycana həsr olunmuş geniş yazını misal göstərmək fikrimizi əsaslandırmağa yetər. Jurnal Azərbaycana həsr etdiyi xüsusi buraxılışı “Azərbaycan 2020-ci ildə: Davamlılığa çevrilən güc” adlandırıb. Nəşrdə Azərbaycanın siyasi-iqtisadi inkişafı, xarici siyasəti, enerji strategiyası, ölkəmizin təşəbbüsü və iştirakı ilə regionda həyata keçirilən irimiqyaslı layihələr, nəqliyyat infrastrukturu, informasiya-kommunikasiya texnologiyaları və qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər, turizm potensialı, ictimai xidmətlər sahəsində tətbiq olunan innovasiyalar və “ASAN xidmət”, Bakıda keçiriləcək birinci Avropa Oyunları haqqında ətraflı məlumat verilir.

Qeyd edilir ki, son on ildə Azərbaycan iqtisadi baxımdan dünyada ən sürətlə inkişaf edən ölkələrdəndir. İqtisadi şaxələndirmə proqramı və gələcəyə aydın baxış Azərbaycanı qlobal oyunçuya çevirir, ölkədə investisiya yatırımı üçün əlavə imkanlar yaradır. Jurnalda “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası haqqında da məlumat verilir. Qeyd edilir ki, ölkənin inkişaf konsepsiyasının əsasını iqtisadi şaxələndirmə təşkil edir. Konsepsiyada Azərbaycanda qeyri-neft sektorunun inkişafına, biliklərə əsaslanan iqtisadiyyatın yaradılmasına xüsusi diqqət yetirilir.

Yuxarıda göstərilən bəzi nümunələr deməyə əsas verir ki, xarici ekspertlər, bir çox ölkələrin rəsmiləri, o cümlədən, dünya mətbuatı ölkəmizin inkişafını yüksək qiymətləndirir, əldə edilən nailiyyətləri, həmçinin Azərbaycanla əməkdaşlığı təqdirəlayiq hal kimi xarakterizə edirlər. Cənubi Qafqaz regionunun güc mərkəzi və dinamik inkişaf tempinə malik olan Azərbaycan pozitiv beynəlxalq imicə malik olduğunu hər addımında nümayiş etdirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz bölgənin böyük güc mərkəzinə çevrilibheç bir qüvvə onunla diktat dilində danışmaq iqtidarında deyil.

 

Taleh Turqut

 

İki sahil.- 2015.- 14 fevral.- S.25.