Pirallahı rayonunda abadlıq-quruculuq

işləri getdikcə sürətlənir

 

Məqsəd əhalinin maddi rifah halını yüksəltmək, Bakı şəhəri üzrə

qabaqcıl rayonlardan birinə çevrilməkdən ibarətdir

 

Xalqımızın ümummilli lideri Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında misli görünməmiş siyasi və sosial-iqtisadi tərəqqi dövrünü yaşayır. Ölkəmiz artıq neçə illərdir ki, sosial-iqtisadi inkişaf göstəricilərinə görə dünya dövlətləri arasında ilk yerlərdən birini tutur. İldən-ilə öz inkişaf templərini artıran, bir çox nüfuzlu siyasətçilərin təsdiq etdiyi kimi Qafqazın lider dövlətinə çevrilən Azərbaycanda hər bir kəs bu tərəqqiyə öz töhfəsini verməyə çalışır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı 21 dekabr 2012-ci il tarixli Qanunla yaradılmış Pirallahı rayonunun sakinləri də artıq ikinci ildir ki, bu müsbət proseslərə qoşulmuşlar.

 

Rayon iqtisadiyyatında və sosial sahədə baş vermiş müsbət dəyişiklikləri əyani surətdə əks etdirən əsas makroiqtisadi göstəricilər 2014-cü il ərzində əvvəlki illərlə müqayisədə xeyli yüksəlmişdir. Belə ki, sənaye məhsulu istehsalı 499 831,9 min manat təşkil etmiş, tikinti kompleksində bütün maliyyə mənbələri hesabına 625 430,4 min manat investisiyadan istifadə olunmuş, nəqliyyatda 2 942,4 min manatlıq xidmətlər göstərilmiş, orta aylıq əmək haqqı 1248,5 manata çatmışdır.

 

Dövlət Proqramları xalqın xidmətindədir

 

Sevindirici haldır ki, faktiki olaraq cəmi iki il əvvəl yaranmasına baxmayaraq Pirallahı rayonu ölkəmizin inkişafına xidmət edən Dövlət Proqramlarının icrasında, qeyri-neft sektorunun inkişafında, ekoloji problemlərin həllində artıq öncül mövqelərə çıxmağa başlamışdır.

Dövlət Proqramı çərçivəsində əsaslı təmir olunmuş 10 saylı Birləşmiş Şəhər Xəstəxanası keçən ilin yanvarında istifadəyə verilmişdir. 110 çarpayılıq xəstəxananın yenidən qurulması müasir texnologiya və qabaqcıl təcrübə əsasında həyata keçirilmişdir. Avropa standartlarına uyğun zəruri cihaz və avadanlıqlar quraşdırıldıqdan sonra yanvarın 16-da baş tutmuş açılış mərasimində Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev iştirak etmişdir. Ərazidə Patalogiya və Təcili Tibbi Yardım stansiyası üçün yeni binalar da inşa olunmuşdur.

Ötən ilin yanvar ayında Birinci Qarabağ müharibəsi cəbhələrində şəhidlik zirvəsinə ucalmış Vətən oğullarının əziz xatirəsinə Pirallahı qəsəbəsində ucaldılmış “Vətən uğrunda” abidə-kompleksində inşaat işləri başa çatdırılmış, ətraf ərazi abadlaşdırılmışdır. Yanvarın 20-də millət vəkillərinin, ziyalıların və rayon sakinlərinin iştirakı ilə “Vətən uğrunda” abidə-kompleksin açılışı və Anım mərasimi keçirilmişdir.

Dövlət Proqramına əsasən Pirallahıda 186, 235, 231 və 243 N-li tam orta məktəblər əsaslı təmir edilmişdir. 2013-cü ilin oktyabr ayında Dövlət Proqramına əsasən başlanmış 168 ¹-li tam orta məktəbin əsaslı təmiri intensiv surətdə davam etdirilmiş, məktəb üçün 2 ədəd 100 kubmetr tutumu olan yeraltı su anbarı tikilmişdir. Yeni dərs ilinin əvvəli üçün 168 ¹-li tam orta məktəbin əsaslı təmiri tam başa çatdırılmış və sentyabrın 15-də bu təhsil ocağı şagirdləri qəbul etmişdir. Bunun ardınca 168 ¹-li tam orta məktəbdə mövcud binadan əlavə 300 şagird yerlik 15 sinif otağı və idman zalı da daxil olmaqla yeni korpusun tikintisinə başlanılmışdır.

Cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Pirallahı rayonunun sosial-iqtisadi problemlərinin həlli və gələcək inkişaf perspektivləri öz əksini tapmışdır. Proqramda qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirilməsi, rayonun qəsəbədaxili və məhəllədaxili yollarının əsaslı təmiri, yenidən qurulması və işıqlandırılması, abadlıq və yaşıllaşdırma sahəsində tədbirlərin davam etdirilməsi, Pirallahı qəsəbəsində müasir çörək istehsalı kombinatının və kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə logistika mərkəzinin tikintisinin dəstəklənməsi, Pirallahı qəsəbəsində 235 ¹-li tam orta məktəbin cari təmiri, 6 əlavə sinif otağının, akt və idman zalının, kitabxananın, yeməkxananın tikintisi və idman meydançasının yaradılması, “Çobanyastığı” körpələr evi-uşaq bağçasının əsaslı təmiri, “Cırtdan” və “Bulaq” körpələr evi-uşaq bağçalarının sökülərək yerlərində 140 yerlik körpələr evi-uşaq bağçalarının tikintisi, Gürgən qəsəbəsində “Qağayı” uşaq bağçasının sökülərək yerində 60 yerlik bağçanın tikintisi, Pirallahı qəsəbəsində 14 saylı uşaq musiqi məktəbi üçün yeni binanın tikintisi, rayon ərazisində 5 yerdə idman meydançalarının yaradılması, Pirallahı rayonunda Gənclər evinin və yanğından mühafizə bölməsinin tikintisi, Pirallahı qəsəbəsində tutumu 200 kubmetr olan 1 ədəd yanğına qarşı su hovuzunun təmiri kimi bu və digər mühüm məsələlər əks olunmuşdur.

Prezident İlham Əliyev cənablarının imzaladığı Fərmana əsasən “Yüksək Texnologiyalar Parkı” inşa olunacaq 50 hektar ərazidə təmizlik və abadlıq işləri aparılmışdır, buradan keçən bütün kommunikasiya xətlərinin yerinin dəyişdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. Ərazi inşaat hasarına alınaraq tikinti işlərinin başlanmasına hazır vəziyyətə gətirilmişdir.

 

Yol mədəniyyətdir

 

Aqillər deyib ki, mədəniyyət yoldan başlayır. Yollar rahat, hamar və səliqəli olanda insan da həqiqətən özünü rahat, gümrah hiss edir. Təsadüfi deyil ki, son illər Prezident İlham Əliyevin bilavasitə tapşırıq və tövsiyələri, diqqət və qayğısı sayəsində respublikamızda yeni yollar çəkilir və körpülər salınır, mövcud nəqliyyat infrastrukturu təkmilləşdirilir, bərpa edilir. Sevindirici haldır ki, yeni yaranan Pirallahı rayonu da ölkə başçısının diqqət və qayğısından kənarda qalmamışdır. İlk növbədə qeyd edilməlidir ki, tikintisinə 2013-cü ildən başlanmış 22 km-lik Qala-Pirallahı avtomobil yolunun 15 km-lik birinci hissəsində işlər başa çatdırılmışdır.

İnfrastruktur layihələri çərçivəsində çəkilən 4 zolaqlı müasir avtomobil yolunun birinci hissəsində il ərzində asfalt örtüyünün vurulması yekunlaşmış, işıq dirəkləri və ayırıcı çəpərlər qurulmuşdur. Dübəndi bağlar massivindən Gürgən qəsəbəsi istiqamətində magistral yolun ətrafının yenidən qurulması və abadlaşdırılması üçün 50 min kubmetr torpaq işi görülmüş, dekorativ elementlər yüksək dizaynla hazırlanmış, geniş yaşıllıqlar salınmışdır ki, bu da yola xüsusi yaraşıq verir. Rayonun girişinin sağ və sol hissələrində piramida formasında monumental komplekslər inşa edilərək üzərində “Pirallahı” sözü yazılmışdır. Burada həmçinin ulu öndər Heydər Əliyevin möhtəşəm portreti əks olunmuş panno və Pirallahının simvolu ucaldılmışdır.

Oktyabr ayının 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Pirallahı rayonunda olmuşdur. Dövlət Başçısı Qala qəsəbəsindən Pirallahıya çəkilən 4 zolaqlı müasir avtomobil yolunun 15 km-lik hissəsinin istismara verildiyini bildirən lenti kəsmişdir. Dövlət Proqramına əsasən inşa edilən Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən körpünün tikintisi ilə tanış olan Prezident İlham Əliyevə tikintidə işlərin 60%-nin yerinə yetirildiyi haqda məlumat verilmişdir. Burada beton dayaqların qurulması prosesi başa çatmış, üst aşırımların qurulmasına başlanmışdır.

Dövlət Proqramına əsasən inşa edilən Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən körpünün uzunluğu 710 metr, aşırım hissəsi 420 metr, su səviyyəsindən hündürlüyü 13 metrdir, gəmilərin keçidi üçün nəzərdə tutulan aşırımlar arası məsafə 83 metr olacaqdır. Xəzərdə, bütövlükdə Qafqaz regionunda dənizin içində tikilən ilk körpünün inşaat işlərinə 2012-ci ilin axırlarından başlanıb və tikintinin 2015-ci ildə başa çatdırılması nəzərdə tutulub. Körpü və eləcə də yaxınlıqda inşa ediləcək Gürgən şəhəri haqqında məlumatlandırılan Prezident İlham Əliyev bundan sonra Pirallahı qəsəbəsinə gəlmiş, 29-cu məhəllədə və Fioletov küçəsində görülən işlərlə tanış olmuş, tövsiyə və tapşırıqlarını vermişdir.

Nəqliyyat infrastrukturuna daxil olan “Pirallahı adası yanalma körpüləri kompleksi”nin tikintisinə də 2013-cü ilin aprelində başlanmışdır və hazırda inşaat işləri daniz akvatoriyasında və sahil boyu davam etdirilir. Yaxınlıqda köhnə Helikopter meydançasının əvəzinə yeni meydançanın tikintisi üçün də 6 ha torpaq sahəsi ayrılmışdır.

 

Ekoloji məsələlərin həlli prioritet təşkil edir

 

Pirallahı rayonunda ekoloji mühiti yaxşılaşdırmaq məqsədilə illərdən bəri baxımsız qalmış sahələr və antisanitar vəziyyət tədricən aradan qaldırılır. Pirallahı qəsəbəsində mərkəzi yol boyu və ətraf ərazilər, qəsəbədəki yaşayış məhəllələri, dəniz sahili boyu qeyri-qanuni çəpərlənmiş ərazilər sökülərək ərazi abad vəziyyətə gətirilir, yaşıllıqlar salınır. Dəniz sahilinə yaxın ətraf ərazilər lüzumsuz, estetik görünüşü pozan taxta və daş hasarlardan təmizlənir, çirkab və tullantı sularının axıdıldığı bataqlıqlar qurudulur. Rayonun sahildən uzaq digər ərazilərində də qrunt sularının yaratdığı göllərin qurudulması prosesi davam edir. Sanitar-gigiyenik şəraitin sabitləşdirilməsi məqsədilə müəyyən olunmuş yerlərdə 350 ədəd müasir tipli zibil konteynerləri quraşdırılmışdır.

Pirallahı qəsəbəsində ağacəkmə kampaniyası ilin əvvəlindən davam etmiş, rayonun bütün ərazisi boyu idarə və müəssisələrin iştirakı ilə iməciliklər keçirilmiş, on minlərlə ağac və mövsümi gül kolları əkilmişdir. Ümumilikdə Pirallahı rayonu yaranandan bəri ərazidə 100 mindən çox müxtəlif növlü ağac əkilmişdir. Eyni zamanda əkilən bitkilərə aqrotexniki qulluq göstərilir. Sentyabrın 27-dən başlayaraq yenidən ağacəkmə kampaniyasına start verilmiş, hər həftə iməciliklər keçirilmiş və məhz gənclərin iştirakı ilə xeyli ağac əkilmişdir. Dekabrın 6-da “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində IDEA İctimai Birliyinin təşəbbüsü və Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qala-Pirallahı magistral yolu ətrafında növbəti ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində 2500 ədəd nar və 2500 ədəd zeytun ağacı əkilib. Magistral yolun ətrafı yenidən qurulmuş və abadlaşdırılmış, geniş yaşıllıqlar salınmışdır. Qeyd edək ki, salınmış yaşıllıq sahəsinin ümumi uzunluğu 3 min metrədəkdir. Magistral yolun kənarındakı zolaqda 30 növdə on minlərlə ağac, ekzotik bitkilər əkilmişdir. Həmin ərazidə salınan qazon örtüyünün sahəsi 30 min kvadrat metr təşkil edir.

Ekoloji durumu daha da yaxşılaşdırmaq məqsədilə ötən illərdə neftlə çirklənmiş ərazilərin təmizlənməsi və abadlaşdırılması işləri aparılmışdır. Magistral yol boyu ağaclar budanaraq səliqəyə salınmış, ətraf mühitin mühafizəsi istiqamətində təsirli tədbirlər görülərək rayon ərazisində qanunsuz ağac kəsilməsi hallarına yol verilməmişdir. S.Bağırov küçəsindəki gölün qurudulması işləri son mərhələyə çatmışdır. Geniş bir torpaq sahəsinin yenidən Pirallahı sakinlərinin istifadəsinə qaytarılması məqsədilə bütövlükdə gölün ərazisinə təxminən 20 min m3 torpaq tökülmüşdür. Ərazidə drenaj işləri görülmüş, kanalizasiya sistemi qurulur. Yeni yaşayış massivinin - 2, 3 və 4 mərtəbəli binalardan ibarət “Abad Məhəllə-1”in salınması üçün bu ərazidə 5 ha torpaq sahəsi ayrılmış və hazırda burada inşa olunan 48 mənzilli ilk binada işlər başa çatmaq üzrədir. İnzibati Mərkəzin arxa hissəsindəki göllərin qurudulması işləri də davam edir ki, burada da “Abad məhəllə-2” layihəsinin icrası nəzərdə tutulub.

 

Abadlıq və tikinti işləri baş

plana uyğun həyata keçirilir

 

Rayonun Baş planının hazırlanması istiqamətində zəruri işlər görülmüş, rayon mərkəzi olan Pirallahı qəsəbəsinin Baş planı hazırlanıb başa çatmışdır. Hazırda proses aidiyyəti qurumlarla razılaşdırılma mərhələsindədir. Baş plana əsasən Pirallahı qəsəbəsində inzibati mərkəz üçün ayrılmış ərazidə Pirallahı RİH-in inzibati binası və Heydər Əliyev Mərkəzinin inşası davam edir. Pirallahı Rayon İcra Hakimiyyətinin 4 mərtəbədən ibarət olacaq, klassik və modern üslubun sintezini özündə əks etdirən inzibati binasında dəmir-beton konstruksiya işləri yekunlaşmış, daş-hörgü işlərinə başlanmışdır. Yaxınlıqda inşa edilən ikimərtəbəli, sahəsi 570 kvadratmetr təşkil edəcək Heydər Əliyev Mərkəzinin binasında da betontökmə işləri davam edir. S.Vurğun küçəsində Yeni Azərbaycan Partiyasının Rayon Təşkilatı üçün ümumi sahəsi 3000 kvadrat metr təşkil edən yeni inzibati binanın inşasına başlanılmışdır. Pirallahı Rayon Polis Şöbəsinin inzibati binasının tikintisi başa çatdırılaraq 2015-ci il yanvarın 14-də rayonun ilk inzibati binasının açılış mərasimi keçirilmişdir.

Baş plana uyğun olaraq inzibati mərkəz üçün ayrılmış ərazidə müxtəlif nazirlik və komitələrin aidiyyatı struktur vahidlərinin yerləşdirilməsinə başlanmış, MTN-nin Pirallahı Rayon Şöbəsinin, Rayon Məhkəməsi və Prokurorluğunun, Dövlət Sosial Müdafiə Fondu Pirallahı Rayon Şöbəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Pirallahı Rayon Dövlət İdarəsinin inzibati binasının tikintisi məqsədilə müvafiq sahələr ayrılmış, tikintiyə başlanılması üçün sənədləşmə prosesi davam edir. Dövlət Sosial Müdafiə Fondu Pirallahı Rayon Şöbəsi müvəqqəti olaraq uyğunlaşdırılmış binada sakinlərə xidmət göstərməyə başlamışdır.

Prezident İlham Əliyev “Sənaye ili” elan ediyi 2014-cü il ərzində Pirallahı rayonunda da xeyli işlər görülmüşdür. Artıq tam gücü ilə işləyən Beton zavodunda yeni istehsalat sahələri işə salınmış onlarla insan işlə təmin olunmuşdur. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi üçün ayrılmış 2 hektar torpaq sahəsində 2.8 MW gücündə Günəş enerjisinə əsaslanan elektrik stansiyasının tikintisi yekunlaşaraq sazlama işləri aparılır. Rayonda əhalinin çörəyə olan tələbatı nəzərə alınaraq Dövlət Proqramına uyğun olaraq, S.Bağırov küçəsində Çörək Kombinatının tikintisi başa çatdırılmış, istismara hazır vəziyyətə gətirilmişdir. Kombinatda 30 nəfər işlə təmin olunacaqdır.

S.Vurğun küçəsində “Bakıelektrikşəbəkə” ASC-nin Pirallahı Enerji Təchizatı və Satışı İdarəsinin inzibati binasının tikintisi artıq başa çatmışdır və ətraf ərazinin abadlaşdırılması işləri görülür. Adanın şimal hissəsində “Abşeronneft” NQÇİ-nin yeni Rezervuarlar Parkının tikintisinə başlanmışdır. Burada ümumi tutumu 30 min m3 olan 24 ədəd müxtəlif tutumlu rezervuarın tikintisi nəzərdə tutulmuşdur. “Azərsu” ASC tərəfindən Dövlət Proqramına əsasən ümumi uzunluğu 150 km təşkil edən və ölkəmizin ən böyük layihələrindən biri olan Ceyranbatan-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəmərinin inşası uğurla davam etdirilir. Pirallahı və Gürgən qəsəbələrində fasiləsiz və keyfiyyətli su təchizatına nail olmaq üçün Zirə qəsəbəsində yeni, ümumi tutumu 10 min m3 olan 6 anbar inşa olunur. İyul ayından rayon əhalisinin keyfiyyətli içməli su ilə təminatına başlanmışdır. Hal-hazırda qəsəbədəki çoxmənzilli yaşayış binalarının su təchizatı sistemləri yenidən qurulub, sakinlər 24 saat ərzində içməli su ilə təmin olunurlar. Artıq qəsəbənin 28-ci, 29-cu və 40-cı məhəllələrinin, Səməd Vurğun küçəsinin, qismən Əzizbəyov və K.Rzayev küçələrinin sakinləri daimi içməli su ilə təmin olunurlar. 2000-dən çox yeni smartkart tipli su sayğacları quraşdırılmışdır. Ümumilikdə Pirallahı qəsəbəsinin içməli su ilə təchizatının yaxşılaşdırılması və kanalizasiya xətlərinin dəyişdirilməsi işlərinin 2015-ci ildə başa çatdırılması nəzərdə tutulur.

Payız-qış mövsümünə hazırlıqla əlaqədar 4 ədəd qazanxana tamamilə yenidən qurulmuş, inzibati və yaşayış binalarına yeni istilik xətləri çəkilmiş, məktəblərin, uşaq bağçalarının və yaşayış binalarının istilik sistemləri tam bərpa edilmiş və noyabrın 15-dən mənzillərə istilik verilməsinə başlanmışdır. Pirallahı rayonu üzrə 6 yaşadək uşaqların məktəbəqədər tərbiyə müəssisələrinə olan tələbatını ödəmək məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə tikilən 2 ədəd körpələr evi-uşaq bağçasının inşaat işləri yüksək templərlə davam etdirilir.

 

Pirallahıda abad məhəllələr salınır

 

Pirallahıda “Nümunəvi məhəllə” layihəsi ilk olaraq 29-cu məhəllənin əhatə etdiyi ərazidə uğurla icra olunub. Ümumilikdə, 2 hektaradək ərazi tullantılardan və antisanitariyadan təmizlənərək planlaşdırma işləri aparılıb, qanunsuz tikililər sökülüb. Bu ərazidə 3 kölgəlik tikilib, attraksionlar quraşdırılıb, uşaqların əylənməsi üçün hər cür şərait yaradılıb. Yaşayış məhəlləsinə 2300 paqonmetr səki daşları düzülüb, 10277 kvadratmetr sahəyə asfalt örtüyü vurulub, 500 ədəd küknar ağacı əkilib. Ümumi sahəsi 200 kvadratmetr olan müasir tipli 250-300 nəfərlik “Xeyir-şər” evi bütün zəruri ləvazimatlarla təchiz edilərək əsaslı təmirdən sonra sakinlərin istifadəsinə verilmişdir. Hazırda layihə üzrə işlər 28-ci məhəllədə və K.Rzayev küçəsində davam etdirilir. Burada hazırda kommunikasiya xətləri yenilənir, magistral xətlər çəkilir, istilik sisteminin bərpası istiqamətində əsaslı yenidənqurma işləri başa çatdırılmışdır. K.Rzayev küçəsində məhəllədaxili yollar asfaltlanır, köhnə bardürlər yeniləri ilə əvəz edilir. Ümumilikdə qəsəbədə 5 ədəd “Xeyir-şər” evi tam təmir olunmuş, zəruri avadanlıqlarla təmin edilərək sakinlərin istifadəsinə verilmişdir.

Pirallahı qəsəbəsində mərkəzi prospekt boyunca yaşayış binalarının təmirinə başlanılmışdır. İlk mərhələdə 22 binanın təmirinin 2015-ci ilin sonunadək başa çatdırılması nəzərdə tutulmuşdur. 29-cu məhəllədə dördmərtəbəli binaların fasadının yenilənməsi, giriş qapılarının və dam örtüyünün təmiri istiqamətində işlər aparılır. Binalarda müasir işıqlandırma sistemi quraşdırılır. Dekabr ayından 28 və 29-cu məhəllələrdə, K.Rzayev küçəsində beşmərtəbəli binaların fasadının yenilənməsi, giriş qapılarının və dam örtüyünün təmiri istiqamətində işlərə start verilib.

Fioletov küçəsində yerləşən ikimərtəbəli binaların ətrafında qeyri-qanuni zəbt olunmuş, antisanitar vəziyyətdə saxlanılmış torpaq sahələri üzərində olan müxtəlif konstruksiyalı hasarlar, yaşayış olmayan, şəhərsalma və tikinti normalarına zidd olan kiçik və yarımçıq tikililər sökülmüş, ərazi təmizlənərək abadlaşdırılmışdır. Burada dekorativ hasarın inşası başa çatdırılmış, ikimərtəbəli binaların layihə əsasında əsaslı təmiri davam etdirilir.

S.Vurğun küçəsinin magistral yola düşən hissəsinin hər iki kənarında antisanitar vəziyyətdə saxlanılan torpaq sahələri üzərində olan müxtəlif konstruksiyalı hasarlar, tikililər sökülmüş, ərazinin abadlaşdırılmasına başlanmışdır. Yolun hər iki tərəfində dekorativ hasar inşa edilir. Burada ətraf əraziyə estetik yaraşıq verəcək yaşıllıqlar salınacaq, ərazidə magistral yol genişləndiriləcək, müasir gecə işıqlandırılması sistemi qurulacaqdır.

Pirallahı qəsəbəsinin mərkəzi magistral yolunun genişləndirilməsi istiqamətində xeyli iş görülmüş, 10 ədəd köhnə tipli dayanacaq sökülərək yeni, müasir avtobus dayanacaqları quraşdırılmışdır.

Abadlıq işləri çərçivəsində avtobus dayanacaqlarının qarşısında yol genişləndirilmiş, sonuncu dayanacaqda isə dispetçer məntəqəsi inşa olunmuşdur. Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə 150 N-li avtobusun marşrutu S.Vurğun küçəsinin sonundakı 9-mərtəbənin yanınadək uzadılmış, burada yeni dayanacağın və kafenin inşası yekunlaşmışdır.

“Gənclər parkın”da mövcud olan çatışmamazlıqlar aradan qaldırılmış, park tam abad vəziyyətə gətirilmişdir. Uşaqların asudə vaxtının səmərəli təşkili üçün “Uşaq əyləncə parkı”nın tikintisi başa çatdırılmış, müxtəlif attraksionlar, müasir kölgəliklər və idman meydançası qurulmuşdur. Pirallahı rayonunda salınacaq “Gənclər şəhərciyi” və tikiləcək “Turizm mərkəzi” layihələri sənədləşmə mərhələsindədir. Dəniz sahili boyunca 6 km-ə qədər ərazidə bulvar, park və yaşıllıqlar, eləcə də çimərliklər salınması planlaşdırılır və artıq hazırlıq işlərinə başlanılmışdır. Yaxın gələcəkdə rayonda müasir otellərin, digər turizm obyektlərinin yaradılması planlaşdırılır. S.Vurğun küçəsində yerləşən, sahəsi 50 hektar olacaq müasir parkın dənizə baxan hissəsində artıq müvafiq işlərə başlanılıb.

Bundan başqa Pirallahı qəsəbəsində bütün əsas və məhəllədaxili su və kanalizasiya xətləri tamamilə dəyişdirilir, ayrı-ayrı məhəllələrə yeni istilik xətləri çəkilir, köhnə qaz xətləri ləğv olunaraq, təzə qaz xətləri çəkilir, istismar müddətini başa vurmuş işıq dirəkləri və kabellər tamamilə yenisi ilə əvəzlənir. Əhalinin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə kabellərin təmiri və yeraltı elektrik xətlərinin çəkilişi prosesi davam edir. İl boyu yerinə yetirilmiş təmir işlərinin rayonun fasiləsiz enerji təchizatına böyük təsiri olmuşdur.

 

Çilovda və əfsanəvi Neft Daşlarında

sosial təyinatlı obyektlər inşa edilmişdir

 

Son illərdə Çilov qəsəbəsində də bir sıra sosial təyinatlı obyektlər istifadəyə verilmişdir. Bunlardan ilk növbədə “28 May” NQÇİ-nin yeni inzibati binasını, yeni yataqxanalar kompleksini və çörək sexini göstərmək olar. Bundan başqa Çilovda gündəlik 800 m3 su istehsal etmə gücünə malik, dəniz suyunu içməli suya çevirən ƏKS-OSMOS su təmizləyici qurğusu quraşdırılmış, müasir mini futbol meydançası tikilib istifadəyə verilmiş, 1500 kVt-enerji istehsalı gücünə malik yeni qazturbin sahəsi yaradılmış, inzibati və köməkçi binalar tikilib, lazımi avadanlıqlarla təhciz edilmişdir. Bioloji təmizləmə qurgusunun inşa edilməsi, məişət tullantılarının utilizasiya sahəsinin yaradılması, Milli qəhrəman Rasim İbrahimovun adını daşıyan 131 N-li orta məktəbin əsaslı təmir olunması, yeni idman zalının və uşaq bağçasının inşa edilərək lazımi avadanlıqlarla təchiz edilməsi son illərin nailiyyətləridir.

İl ərzində Çilov qəsəbəsindəki yollara asfalt döşənmiş, adadakı idman kompleksinin tikintisi davam etdirilmiş, limandan qəsəbənin mərkəzinədək olan ərazidə gölməçələr qurudularaq yaşıllıqlar salınmış, bayraq meydanı qurulmuş, ümumilikdə 50 mindən çox ağac əkilmişdir.

Əfsanəvi Neft Daşlarının 60 illiyi ilə əlaqədar Çvanov adasında salınmış Ulu öndər Heydər Əliyevin adını daşıyan parkda ulu öndər Heydər Əliyevin abidəsi ucaldılmış, Heydər Əliyev myzeyi tikilmişdir. Eyni zamanda Neft Daşlarında Çay evi, bioloji təmizləmə qurgusu, yeni çörək zavodu, təzə qazanxana tikilmişdir. Neftçilərin asudə vaxtının səmərəli təşkili məqsədilə Mədəniyyət evi əsaslı təmir edilmiş, müasir mini futbol meydançası və örtülü idman zalı tikilib istifadəyə verilmişdir. Heydər Əliyev Parkı ərazisində “Neft Daşları” yatağını kəşf etmiş məşhur geoloq Ağa Qurban Əliyevin barelyefi qoyulmuş, Şəhidlər abidəsi ucaldılmış və 1957-ci ildə Neft Daşlarında faciəli şəkildə həlak olmuş dəniz neftçilərinin şərəfinə abidə inşa edilmişdir.

17 dekabr 2014-cü il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin başçısının Çilov adasına növbəti səfəri zamanı İDEA İctimai Birliyinin təşəbbüsü və Pirallahı RİH-in təşkilatçılığı ilə “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində Çilov adasında növbəti ağacəkmə aksiyası keçirilmişdir. Aksiya çərçivəsində 200 ədəd zeytun və şam ağacı əkildi. Çilovda qəsəbə sakinləri ilə növbəti səyyar görüş zamanı bildirilmişdir ki, adada bir çox mühüm və perspektiv layihələrinin həyata keçirilməsi üçün aidiyyəti qurumlar tərəfindən monitorinqlər aparılmaqdadır. Monitorinqlər başa çatdıqdan sonra, adada mühüm layihələrin icrasına start veriləcəkdir, o cümlədən alternativ elektrik enerjisinin alınması üçün Günəş Elektrik Stansiyanın inşası həyata keçiriləcəkdir.

 

Rayon İcra Hakimiyyəti

sakinlərin ümid və inam yeridir

 

2014-cü ili uğurla başa vuran Pirallahı rayonu qarşısında 2015-ci ildə də mühüm vəzifələr durur. Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş Bakı şəhərinin və onun qəsəbələrinin 2014-2016-cı illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında Pirallahı rayonunun sosial-iqtisadi problemlərinin həlli də öz əksini tapması mühüm əhəmiyyətə malik bir məsələdir. Dövlət başçısı “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində nail olunacaq məqsədlər sırasında əhalinin su və kanalizasiya təminatının, elektrik enerjisi, qaz və istilik təchizatının, yol və nəqliyyat infrastrukturunun, eləcə də ekoloji vəziyyətin daha da yaxşılaşdırılmasını, sosial-mədəni infrastruktur obyektlərinin (təhsil, səhiyyə, mədəniyyət, idman və gənclər, turizm və s.) beynəlxalq standartlara uyğun tikinti (inşası, yenidən qurulması) işlərinin davam etdirilməsini, sahibkarlığın inkişafı istiqamətində yeni iş yerlərinin və müəssisələrin açılması siyasətinin davam etdirilməsini, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsini xüsusi vurğulayır.

Pirallahı rayonunda sakinlərin maddi-rifah halının yüksəldilməsi məqsədilə bazar, ticarət mərkəzləri, yanacaq doldurma məntəqəsi inşa etmək nəzərdə tutulub ki, bu işlər eyni zamanda məşğulluq məsələsinin də müsbət həllinə xidmət edəcəkdir. Əhalinin istirahəti və asudə vaxtını keçirməsi üçün “Nümunəvi məhəllələr”in yaradılmasının davam etdirilməsi, qəsəbədaxili və məhəllədaxili yolların əsaslı təmiri, yenidən qurulması və işıqlandırılması, abadlıq və yaşıllaşdırma sahəsində tədbirlər davamlı xarakter daşıyacaqdır. Hündürmərtəbəli binaların əsaslı təmiri, fasadların yenilənməsi istiqamətində müvafiq tədbirlər davam etdiriləcəkdir.

Yaxın gələcəkdə S.Vurğun küçəsindəki mövcud 4,7 hektarlıq parkın abadlaşdırılması, dənizkənarı parkın salınması planlaşdırılır. Pirallahıda idmanın daha da inkişafı məqsədilə mövcud stadionun əsaslı təmir olunaraq genişləndirilməsi və Dövlət Proqramı üzrə idman meydançalarının yaradılması nəzərdə tutulur. Dövlət Proqramına əsasən Pirallahı qəsəbəsində kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə logistika mərkəzinin tikintisi, kiçik sahibkarlığın inkişafının dəstəklənməsi nəzərdə tutulur. Adanın enerji dayanıqlığını təmin etmək məqsədilə alternativ enerji mənbələrindən olan külək və günəş enerjisi avadanlıqlarının qurulması davam etdiriləcəkdir.

Yeni yaradılmış rayonun 2013-2014-cü illərdə fəaliyyəti dövründə görülən işlərin səviyyəsi onu deməyə əsas verir ki, növbəti ildə də qarşıda duran vəzifələr uğurla yerinə yetiriləcək, 2015-ci ilə də yüksək göstəricilərlə yekun vurulacaqdır. Həm rayonumuzda, həm də bütövlükdə respublikamızda davam edən geniş quruculuq işləri onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin vurğuladığı kimi: “Üçüncü 5 illik proqram bütün regionlarda görüləcək işləri əhatə edəcək və 2018-ci ilə qədər bir dənə də olsun nə iqtisadi, nə sosial, nə də infrastruktur problemi qalmayacaqdır!”

 

Vasif İmanov,

Pirallahı Rayon İcra

Hakimiyyətinin Başçısı

 

İki sahil.- 2015.- 19 fevral.- S.12-13;15.